"Gözüm-könlüm xeyriyyəçilik işlərinə doymadığı
üçün öz-özümə "qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan
daha çox iş gör" deyirəm..."
"Birisi mənə sadəcə "zəngin"
deyirsə, hirslənərəm. Mən sosial fəaliyyətlərimlə
və könül zənginliyimlə xoşbəxtəm..."
Bu sözlər Türkiyənin bütün dünyada tanınan ən məşhur
iş adamı, mərhum Sakıp Sabançı haqqında təsəvvür yaratmaq üçün,
zənnimizcə, yetərlidir. Türk millətinə, onun adət-ənənələrinə bağlılığı,
cəsarəti, kapitalist təfəkküründən uzaqlığı, böyük sərvət sahibi
olmasıyla bahəm mənəvi dünyasının zənginliyi, yoxsul, kimsəsiz uşaqlara
hər zaman baba sevgisiylə yanaşıb qayğısını əsirgəməməsi, sosial-ictimai
sahələrdə gördüyü faydalı işlər, geniş xeyriyyəçilik fəaliyyəti,
özünəməxsus şirin kəndli ləhcəsi ilə ümumxalq məhəbbəti qazanmış,
el içində Sakıb ağa çağrılan bu unudulmaz şəxsiyyətin mənalı həyatı
haqqında cild-cild kitablar yazmaq mümkündür.
S.Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər
və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə
aylıq 25 lirə maaşla "Akbank”"da stajor məmur kimi fəaliyyətə başlayarkən
bir vaxt ölkənin ən varlı adamı olacağını yəqin ağlına da gətirməzdi.
Xəstəliyi səbəbiylə heç litseydə təhsilini də tamamlaya bilməyən
Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri
istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor
müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra -
1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə
sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq"”i
quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin
çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil
şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21
müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri
10 milyard dollardan çoxdur.
1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə
ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında
məhz Sabançı imzası vardı. Sonradan ABŞ-ın, Yaponiyanın, Argentinanın,
Braziliyanın, İsveçrənin bir çox məşhur firması ilə ortaqlıqlar
yaradıldı və Sakıp ağanın şöhrəti bütün dünyaya yayıldı. O, prezidentlər,
baş nazirlər, krallar, şahzadələr, digər yüksək mənsəb yiyələri,
dünya kapitalına yön verən biznesmenlər arasında xüsusi ehtiram
sahibiydi. S.Sabançı mərhum ABŞ prezidenti Ronald Reyqanla dost
olub və iki dəfə həyat yoldaşı ilə birlikdə Ağ evi ziyarət edib.
2001-ci ildə isə Bill Klintonun şəxsi dəvətilə Ağ evdə olub. ABŞ-ın
dövlət katibi Corc Şults (vəzifədə olarkən), Yaponiya şahzadəsi
Tomohito Mikasa, Sinqapurun baş naziri Lee Kuan Yev, Fransanın sabiq
baş nazirləri Raymond Barr və de Mervill, Cinin dövlət başçısı (vəzifədə
olarkən) Zhao Xianq, dünyanın ən nəhəng media maqnatlarından Malkolm
Forbs, NATO-nun baş katibi Manfred Vörner (vəzifədə olarkən), ABŞ-ın
keçmiş prezidenti Cimmi Karter və digər nüfuzlu şəxslər, zəngin
iş adamları Sabançını onun İstanbuldakı iqamətgahında ziyarət ediblər.
S.Sabançı Fransa, Belçika, Yaponiya və təbii ki,
Türkiyə hökumətlərinin yüksək mükafatlarına layiq görülüb. Müxtəlif
dövlətlərin qeyri-hökumət qurumları və universitetlərindən aldığı
mükafatların, medalların, fəxri doktorluqların isə sayı-hesabı yoxdur.
13 kitabın müəllifidir. Bunlardan 7-si Türkiyə Təhsil Nazirliyinin
qərarıyla "Müəllimlərə və şagirdlərə yararlı kitablar" kimi bütün
təhsil ocaqlarına tövsiyə edilib. Kitabların satışından əldə edilən
vəsaitin hamısı şikəst uşaqlara sərf olunub.
Sadiqə ananın bütün varidatını bağışlaması və Sabançı
qardaşlarının ianələri hesabına 1974-cü ildə Hacı Ömər Sabançı Vəqfi
- VAKSA qurulub. Ailənin xeyriyyəçilik fəaliyyətləri bu vəqf vasitəsilə
yürüdülür. Başda Sakıp ağa olmaqla Sabançı ailəsinin mənsubları
bir fond yaradaraq öz adlarını verməklə müxtəlif təhsil, səhiyyə
obyektləri inşa etdiriblər. VAKSA Türkiyənin ən böyük ailə vəqfidir,
ölkənin 53 yerində 112 obyekti var. Bunlar arasında bir universitet,
məktəblər, yataqxanalar, səhiyyə ocaqları, idman kompleksləri və
sosial mərkəzlər var. VAKSA ildə 100 tələbənin təhsil xərclərini
öz boynuna götürüb. 1994-cü ildən etibarən təhsil, mədəniyyət, sənətin
müxtəlif sahələrində ölkədə və xaricdə uğur qazanan fərdlərə, qurumlara
mükafatlar, təqaüdlər verir. Hər il Polis Akademiyasını ilk üç dərəcə
ilə bitirən 6 tələbəyə 160 Cümhuriyyət qızılı bağışlanır, təlim-tərbiyə
işlərində uğur qazanmış müəllimlərə pul mükafatları təqdim olunur.
1992-ci ildən bəri Mədəniyyət Nazirliyi ilə birlikdə xalq rəqsləri
yarışması düzənlənir və yüksək yerlər tutan 10 rəqs qrupuna pul
mükafatları verilir. Məqsəd Türkiyədə xalq oyunlarının inkişafına
nail olmaqdır. 1999-cu ildə 170 milyon dollarlıq yatırımla Sabançı
Universiteti qurulub.
Bütün varidatını halal yolla, alın təri ilə qazanan
Sakıp Sabançı hər zaman təmiz biznesə önəm verib, kirli, şübhəli
ilişgilərdən uzaq durub. Ötən illərdə qardaşlarından birini (səhv
etmiriksə, Şövkət bəyi) Azərbaycana göndərmiş və ölkəmizdəki biznes
mühitini araşdırmışdı. Burada rüşvətin, korrupsiyanın baş alıb getdiyini,
hər sahədə qanunsuz əlaqələrin həlledici rol oynadğını görən Sabançılar
Azərbaycana yatırım yapmaqdan çəkindilər...
Ş.Cəfərli
|