|
ANTİAMERİKAN ƏSRİ BAŞLAYIRMI? |
 |
| İvan Krastev |
İvan Krastev Bolqarıstan Liberal Strategiyalar
Mərkəzi İdarə Heyətinin sədri, Budapeştdəki Avropa Universitetinin
və Nyu-York Universiteti Remark İnstitutunun Antiamerikanizm Siyasətləri
Layihəsinin araşdırma direktorudur.
İyirminci əsr "amerikan əsri"ydi. Demokratiya və kapitalizm
sisteminin lideri olan ABŞ "soyuq müharibə"dən qalib çıxmış, təkcə
hərbi cəhətdən deyil, həm də iqtisadi, texnoloji və hətta mədəni
baxımdan dünyanın yeganə qlobal gücünə çevrilmişdi. İngilis dilinin
getdikcə daha geniş yayılması və bütün dünyada hələ də milyonlarla
insanın Birləşmiş Ştatlara mühacirət etmək arzusu onun real üstünlüyünü
sübut edirdi. Deyirdilər ki, sanki, gələcək tək bir ölkəyə bağlıdır
- Amerika Birləşmiş Ştatlarına.
Ancaq 2001-ci il sentyabrın 11-də baş verən terror
aktı sonun başlanğıcına qəfil bir işarə oldu. Həqiqətən də bu epoxa
çox rahatlıqla "antiamerikan əsri" adlandırıla bilər. Antiamerikanizmin
yüksəlişi 11 sentyabrdan sonrakı dünyanın ən xarakterik xüsusiyyətidir.
O, Amerika vətəndaşlarına və Amerika əmlakına qarşı terror aktlarından
tutmuş, Pev Araşdırma Mərkəzinin bu yaxınlarda keçirdiyi qlobal
rəy sorğusunda da qeydə alındığı kimi, Birləşmiş Ştatlara və onun
siyasətinə qarşı dünya ictimaiyyətinin mənfi münasibətinin dramatik
artımına qədər müxtəlif səviyyələrdə zühur edir (1).
Amerika bayraqlarının yandırılması, bu ölkənin məhsullarının boykot
edilməsi, Amerika əleyhinə ağlasığmaz uydurma çıxışlar vasitəsilə
seçicilərin səsinin qazanılması dünyanın bir çox bölgəsində adi
hal alıb. Bu gün antiamerikanizmin iki əsas tipi mövcuddur. Birincisi
Birləşmiş Ştatlara, onun qüdrətinə, dəyərlərinə və yeritdiyi siyasətə
dərindən nifrət edən və ona ziyan vurmaq naminə adamları və hətta
özünü belə öldürməyə hazır olan fanatik terrorçuların, ikincisi
isə küçələrdə və mediada Amerika əleyhinə kampaniya aparan, amma
onun dağılmasını istəməyən insanların antiamerikanizmidir. Birincinin
öhdəsindən yalnız "ağır qüvvə" vasitəsilə gəlinə bilər. İkincisinə
qarşı isə effektli əks-strategiya işləmək lazım gəldiyindən onu
daha yaxşı başa düşməyə çalışmaq lazımdır.
Getdikcə daha aydın görünür ki, antiamerikanizm keçici
bir hiss deyil və sadəcə, Buş administrasiyasının qeyri-populyarlığı
və yaxud amerikalıların başçılığı ilə İraqda aparılan müharibəyə
qarşı geniş yayılmış mənfi münasibətlə izah edilə bilməz. Artmaqda
olan belə bir fikir birliyi mövcuddur ki, antiamerikanizm əhatəli
və "ustalıqla uydurulmuş ittiham"dır və bu fenomenin təhlilinə yönəldilən
istənilən ciddi-cəhd təkcə onun dünyanın müxtəlif guşələrindəki
çoxsaylı mənbələrinin deyil, həm də antiamerikanizmdən siyasi resurs
kimi istifadə olunması məqsədlərinin başa düşülməsini əhatə etməlidir.
Bəzi müşahidəçilər haqlı olaraq antiamerikanizmin
yeni fenomen olmadığını qeyd etsələr də, çox vaxt onun dirçəliş
səbəblərini anlamaqda çətinlik çəkirlər. Razılaşmaq olar ki, Amerika
əleyhinə çıxışlar mahiyyətcə o qədər dəyişməyib, amma dünya özü
yerində saymayıb. Məsələ Amerikanın birdən-birə bu cür gözdən düşməsində
deyil, hətta onun ən yaxın müttəfiqi olan ölkələr arasında belə
Amerikanı ittiham etməyin siyasi dəbə çevrilməsindədir.
Kommunizmdən qaynaqlanan antiamerikanizm (kommunizm ona müəyyən
güc və qüdrət versə belə, onun hüdudlarını da məhdudlaşdırmışdı)
dünya siyasətinin aparıcı tendensiyasına gözlənildiyindən də tez
yol tapa bilib. Müəyyən mənada Frensis Fukuyamanın dediyi "tarixin
sonu" baş verir, yəni demokratiya və kapitalizm güclü ideoloji rəqiblərini
itirir. Ancaq biz "tarixin sonu"na yaxınlaşdıqca antiamerikanizmin
orada bizi gözlədiyini də bilirik. Bu, sanki müxtəlif ideologiya,
rəğbət və siyasi strategiyaların ayrı-ayrı parçalarını özündə birləşdirən
rəngbərəng və yenidən dövr etməyə başlayan sehrbaz papağına bənzəyir.
Antiamerikanizmə yoluxma sağ-sol bölgüləri hüdudlarını aşır və o,
müəyyən narahatlıq keçirən hökumətlərin və narazı kütlələrin işinə
eyni dərəcədə yaxşı yarayır. Ondan hər cür ideoloji məqsədin müəyyənləşdirilməsində
istifadə edilir. Bizi daha çox maraqlandıran antiamerikanizmin tək
deyil, cəm halda yüksəlməsidir. Antiamerikanizm müxtəlif siyasi
kontekstlərdə özünə müxtəlif bəhanələr tapır.
Beləliklə, cari antiamerikan ovqatının qlobal izahının
tapılmasına yönəldilmiş istənilən cəhd uğursuzluğa məhkumdur. Tutalım,
İslama qarşı mənfi münasibətinə görə Amerikaya nifrətin Yaxın Şərqə
münasibətdə müəyyən izah gücü olasa da, İslamın və albanların tərəfində
dayandığı üçün Birləşmiş Ştatlara nifrət yağdırılan Balkanlara münasibətdə
onun heç bir anlamı qalmır. Fundamentalist müsəlman dairələrində
Birləşmiş Ştatlar müasirliyin təcəssümü olduğu üçün cəzalandırılır,
avropalılar isə onu ölüm cəzasını saxladığına və Allaha həddən artıq
inandığı üçün kifayət qədər modern (postmodern) olmamaqda günahlandırırlar.
Birləşmiş Ştatlar həm dünyanı qloballaşdırmaqda, həm də qloballaşmaya
"birtərəfli qaydada" müqavimət göstərməkdə təqsirləndirilir. Antisemitizmin
Avropaya qayıtması və onun antiamerikanizmlə qarşılıqlı əlaqəsi
də müxtəlif cür izah oluna bilər. Kiminsə Amerikaya baxışı adətən
onun İsrailə münasibətini əks etdirir və yaxud əksinə. Buna asanca
inanmaq mümkündür ki, Amerika həddən artıq yəhudipərəst və İsrailpərəst
qəbul edildiyi üçün Avropadakı sağçıların çoxu onun əleyhinə çıxır.
Bu izah bir xeyli problematik olsa da, deyəsən, avropalı solçuları
Amerika əleyhinə antisemitlər yönəltməyib, əksinə, Amerikaya qarşı
dərin ikrah hissi solçuları antisionistlərə və antisemitlərə çevirib
(2).
 |
Müəyyən edilməsi çətin olan şey
Antiamerikanizmin məzmununu dəqiq müəyyənləşdirmək
həmişə çətin olacaq. Onu ABŞ dəyərləri və yaxud siyasətinin hər
hansı tənqidiylə eyniləşdirmək olmaz. ABŞ hökumətinin yürütdüyü
siyasətə qarşı çıxmaq antiamerikanizm kimi təsnif edilə bilməz.
Ancaq hər hansı bir siyasətə, sadəcə, onu ABŞ hökuməti yürütdüyünə
görə qarşı çıxmaq məsələyə konkret bir müəyyənlik gətirməyə yaxındır.
Əsas məsələ də məhz real həyatda və real zaman çərçivəsində bu iki
mövqe arasında incə fərqi ayırd etməkdədir. Antiamerikanizm bir
bütöv halında Amerikaya qarşı sistemli şəkildə çıxmaqdır. Bu, Amerikanın
spesifik siyasət məsələləri və ya hökumət qərarları ilə sadəcə razılaşmamaqdan
kənara çıxan bir tənqiddir.
Antiamerikanizm ən aydın və məntiqi şəkildə amerikanizmin
əksi kimi müəyyənləşdirilə bilər. Problem ondadır ki, "amerikanizm"
sözünün mənasını www.google.com və yaxud www.amazon.com saytlarında
axtararkən ilk üzə çıxan Ceyms Sezarın "Antiamerikanizmin genologiyası"
və Jan-Frensis Revelin "Antiamerikanizm" kitabları olur. Başqa sözlə,
amerikanizm istilahının özünün izahında çox geniş ölçüdə antiamerikan
mülahizələrindən istifadə olunur. Hər hansı bir spesifik siyasi
kontekstin və hər hansı bir siyasi mülahizənin nifrət obyekti kimi
Amerika barədə öz versiyasını doğura bilməsi antiamerikanizmə qarşısıalınmaz
cazibədarlıq verir.
İfadə formalarının çoxluğu antiamerikanizmin tədqiqini
daha da mürəkkəbləşdirir: Amerika vətəndaşlarına qarşı terror aktları,
rəy sorğularında təsbit olunan mənfi rəylər, ticari boykotlar, mitinq
və kampaniyalarda söylənilən düşməncəsinə çıxışlar və mətbuatdakı
hücumlar, şəhərlərdəki divar yazıları - bütün bunların hamısı gündəlik
menyüyə daxildir. Bəs Amerika əleyhinə bu cür çox müxtəlif formalı
çıxışların siyasi nəticələri nədən ibarətdir? Birləşmiş Ştatlar
antiamerikan ovqatının üstünlük təşkil etdiyi ölkələrin, yoxsa əhalisinin
ona dostcasına yaxınlaşdığı, ancaq hökumətinin açıq-aşkar antiamerikan
ruhlu olduğu ölkələrmi barəsində daha ciddi narahatlıq keçirməlidir?
Amerika vətəndaşlarını hədəfə çevirə bilmələri üçün terroristlərə
antiamerikan əhvalının kütləvi hal almasını gözləmək lazım gəlmir
və Amerikaya qarşı ictimai rəydə təsbit olunan mənfi münasibətin
hər hansı bir siyasi nəticə doğuracağını da qəti əminliklə söyləmək
mümkün deyil.
Tarixən antiamerikanizmin mahiyyətinin açılması ilə
sağçılar məşğul olublar və bu da mövzu ilə bağlı bütün müzakirələrə
siyasi rəng qatıb. Bir çox solçuların nəzərincə, antiamerikanizmə
istənilən baxış, sadəcə, ABŞ siyasətinin tənqidinin inkar və yaxud
ifşasına bəraət qazandırmaq cəhdidir. Onlara görə, antiamerikanizm
Amerikanın özünə qarşı deyil, onun açıq-aşkar öz ideallarına uyğun
yaşaya bilməməsinə qarşı etirazdır. Çalmers Consonun sözlərinə görə,
"11 sentyabr 2001-ci ilin intihar qatilləri Amerikaya deyil, …amerikan
xarici siyasətinə hücum etmişdilər" (3). Bu
perspektivdən yanaşdıqda antiamerikanizmin təhlili üçün yeganə yol
ABŞ xarici siyasətinin tənqidinə nəzər salmaqdır.
Amerikadakı sağların əksəriyyətinə görə isə, antiamerikanizmin
yüksəlişi Amerika sivilizasiyasının və həyat tərzinin inkar edilməsi
deməkdir: "Onlar bizim siyasətimizə deyil, dəyərlərimizə nifrət
edirlər". Bu baxımdan yanaşdıqda, ABŞ-ın Yaxın Şərqdə daha çox ərəbpərəst
siyasət yeritməsi ərəb dünyasında antiamerikanizmin indiki səviyyəsini
aşağı salmayacaq, çünki ərəb Amerikaya nə etdiyinə görə deyil, nə
olduğuna və nəyə söykəndiyinə görə nifrət edir. Solçular və sağçılar
antiamerikanizmin yüksəlişində Amerika hərbi gücünün təsiri məsələsində
də bir-birinə tamam zidd görüşə malikdirlər. Solçuların fikrincə,
Amerikaya öz hərbi gücünə həddindən artıq arxalandığına görə nifrət
edilir. Sağların fikrincə isə, antiamerikanizmi stimullaşdıran şeylərdən
biri Amerikanın öz hərbi gücündən istifadə etməkdə tərəddüd göstərməsidir
(4).
Bir-birindən radikal şəkildə fərqlənən bu perspektivlərin
paylaşdığı yeganə ümumi cəhət onların antiamerikanizmin məhz Amerika
barədə olduğunu etiraf etmələridir. Ancaq mənim fikrimcə, məhz bu
məqam daha çox şübhə doğurur. Onların hər ikisinə görə, antiamerikanizm
və onunla bağlı yerli reaksiyalar Amerika barədə narahatlığa görə
deyil, postideoloji siyasətin xarakterik ziddiyyətləri sayəsində
bu cür geniş miqyas alıb. Antiamerikanizm seçki defisitindən deyil,
siyasət defisitindən əziyyət çəkən dünyada müəyyənedici siyasət
məsələsinə çevrilir. Bugünkü demokratiyalar gözəgörünməz düşmənlər
və dilə gətirilməyən arzulara malikdir. Onların iqtisadiyyatları
böyüyə bilər, ancaq insanlar hələ də özlərini xoşbəxt saymırlar.
Dünyanın bir çox yerində seçicilər özlərini tələyə düşmüş kimi hiss
edirlər: onlar hökumətləri hakimiyyətdən uzaqlaşdırmaqda sərbəstdirlər,
ancaq özlərini siyasətə təsir edə biləcək gücdə hiss etmirlər. Bunun
da nəticəsi olaraq konspirativ fantaziyalar ictimai ehtiyatkarlığın
bazisi kimi ümumi düşüncəni əvəz edib. Postideoloji və postutopik
siyasətlərin bu mənasızlığı, onun təxribatçı kütlüyü antiamerikanist
mülahizələrin şirnikdirici təsirini artıran başlıca səbəblərdən
biridir. İnsanlar hər şeyin əleyhinə getdikləri üçün və yaxud nəyin
əleyhinə getdiklərini dəqiq bilmədikləri üçün Amerikanın əleyhinə
çıxırlar.
Qərbi Avropada aparılan son müşahidələr antiamerikanizmə
səs verənlərin əhatə konturlarında mühüm dəyişikliklər baş verdiyini
göstərir. Vaxtilə Fransa üçün tipik olan mənzərə indi bütün Qərbi
Avropa üçün ümumi hala çevrilib. Burada da elitalar ABŞ-a qarşı
adi insanlardan daha mənfi münasibət göstərməyə, gənclər isə yaşlılara
nisbətən ABŞ-a daha tənqidi yanaşmağa başlayıblar.
11 sentyabr hadisələrindən sonra Amerika ərəb dünyasında
ona bu qədər nifrət edildiyini kəşf edəndə şok vəziyyətinə düşdü
və ərəb antiamerikanizmi ABŞ xarici siyasətinin xüsusi narahatlığına
çevrildi. Hələ ki, bu pozanı qlobal siyasətdə başlıca faktora çevirən
antiamerikanizmin Qərbi Avropadakı oyanışıdır. Bu səbəbdən də ABŞ-ın
İraq siyasətinə münasibətdə Avropa Birliyində baş vermiş başadüşülən
çatlar antiamerikanizmin siyasi potensialının təhlili üçün xüsusilə
vacib əhəmiyyət kəsb edir. İraq müharibəsi ilə bağlı mübahisələrin
yenidən nəzərdən keçirilməsi həm Qərbi Avropadakı yeni antiamerikanizmin,
həm də Mərkəzi və Şərqi Avropadakı yeni demokratik ölkələrin antiamerikanizminin
bu faktorla, demək olar ki, heç bir əlaqəsi olmadığının, Amerikanın
özü ilə isə çox az dərəcədə bağlı olduğunun üzə çıxarılmasına kömək
edir.
Avropa və antiamerikan cazibəsi
Siyasətlər adətən faydalı klişelərin yaradılmasını
tələb edir. Belə ki, Britaniyanın baş naziri Toni Bleyer 2003-cü
ilin iyulunda ABŞ Konqresində çıxışında Avropa Birliyinin yeni üzvlərinin
Avropanı dəyişdirəcəyini bəyan etmişdi. O haqlıydı: "Çünki onların
qorxuları hələ tamam keçməyib, yaddaşları hələ möhkəmdir, azadlıq
ehtirasları hələ vərdişə çevrilərək korşalmayıb". Ancaq yaxşı siyasət
heç də həmişə sağlam, sanballı izah doğurmur. Bəzi amerikalı mühafizəkarlar
Şərqi Avropa hökumətlərinin İraqa münasibətdə Birləşmiş Ştatların
müttəfiqi kimi çıxış etməyə qərar vermələrini izah edərkən Blerdən
də artıq dərəcədə "dəyər ölçüsü"nü vurğulamağa çalışırdılar. Bu
cür təhlillə bağlı yeganə problem ondadır ki, qərarları həmin ölkələrin
geniş ictimaiyyəti müdafiə etmir. İctimai rəy sorğuları göstərir
ki, bütün postkommunist ölkələrində əhalinin əksər hissəsi (70-dən
75 faizə qədəri) qəti şəkildə bu müharibənin əleyhinə çıxır. Yəni
"könüllülər koalisiyası" əslində "könülsüzlər koalisiyası"dır. Bu
məsələdə Sofiya ilə Berlin arasındakı yeganə fərq müharibə əleyhinə
olan əksəriyyətin Sofiyada küçələrdə deyil, rəy sorğularında "gözə
görünməsindədir". Amerikalı mühafizəkarların bu hadisələrlə bağlı
qənaətləri Şərqi Avropa elitalarının motivasiyalarına əsaslanmaq
qədər yanlış olub. "Azadlığa sədaqət" arqumenti Birləşmiş Ştatların
Vatslav Havel və Adam Mixnik kimi sabiq dissidentlərdən dəstək almasını
izah edə bilər, amma Yeni Avropanın yarısını idarə edən eks-kommunist
hökumətlərin davranışını, çətin ki, izah edə bilsin. "Azadlığa sədaqət"
heç vaxt onların firma nişanı olmayıb.
Vaşinqtonun opponentləri Yeni Avropanı "vassallar
cərgəsinə düzülmüş ölkələr" adlandırmaqda gecikmədilər. Onların
fikrincə, bu hökumətlərin Birləşmiş Ştatlar qarşısında nümayiş etdirdiyi
nümayişkaranə loyallıq "soyuq müharibə" dövründə onların Sovet İttifaqına
münasibətdə sərgilədikləri loyallıqdan, demək olar ki, heç nəylə
fərqlənmir. Bunun azadlığa sədaqətlə heç bir əlaqəsi yoxdur və o,
yalnız davranışı yal və ya dəyənək qorxusu ilə motivə edilən vassal
instinktidir. Şərqi Avropa hökumətlərinin tutduğu kurs da bununla
izah edilməlidir. Bu interpretasiyanı da təsdiqləmək çox çətindir.
Çünki böyük dövlət siyasəti baxımından Avropa Komissiyasının arxasında
dayanan Fransa və Almaniyanın əlində ABŞ-ınkından daha iri dəyənək
var və onlar Şərqi Avropa ölkələrinə daha çox şey təklif etməyə
qadirdirlər. Buna görə də əgər peyk mentaliteti həqiqətən işə düşmüş
olsaydı, Yeni Avropa Köhnə Avropanın yanına qaçardı.
Qısası, istər azadlığa sədaqətli olmaq, istərsə də
peyk mentaliteti Şərqi Avropanın Vaşinqtonu dəstəkləməsinin adekvat
izahını verə bilməz. Polşa ilə Fransa arasında real fərq antiamerikan
əhvalına rəvac verilməsinin doğura biləcəyi üstünlük və risklər
barədə onların fərqli baxışlara malik olmalarıdır. Paris antiamerikanizmin
yüksəlişinə baxaraq onda Fransanın dünyada nüfuzunun artmasına imkan
yarandığıını görür. Varşava eyni fenomenə baxaraq onda on il ərzində
ağır siyasi və iqtisadi islahatlardan sonra zorla əldə etdiyi bütün
nailiyyətlər üçün böyük təhlükə görür.
Yeni Avropanın anti-anti-amerikanizmi
İraq müharibəsi zamanı Köhnə və Yeni Avropa arasındakı
bu bölünmənin gerçək səbəbi antiamerikan ritorikasının müəyyən Qərbi
Avropa liderləri üçün şirnikdirici cazibəsi olub. Bunun əksinə olaraq
antiamerikanizmlə oynamaq Yeni Avropa üçün sadəcə zövqsüzlük deyil,
siyasi baxımdan odla oynamaq demək olardı. Postkommunist hökumətlərin
antiamerikanizmin yüksəlişindən narahat olmaları üçün bir çox mühüm
daxili siyasi səbəblər var. Şərqi Avropada son on ildə gerçəkləşdirilən
demokratik islahatlar və bazar iqtisadiyyatı dəyişiklikləri bu ölkələrə
Amerika bayrağına bükülüb gətirilib. Demokratiya Şərqi Avropaya
gələrkən ingiliscə mahnı oxuyurdu, ABŞ Konstitusiyasına vurğun idi
və onu Amerika fondları inkişaf etdirirdi. Postkommunist ölkələrdəki
islahatçı elita üçün Amerika üzərinə hücumlar siyasi cəhətdən təxribat
(özü də simvolik deyil) demək idi.
Avropanın bölünməsində digər başlıca faktor 1968-ci
illə bağlı düşüncə irsləri arasındakı ziddiyyətdir. Qərbi Avropada
1968-ci il etirazları açıq-aşkar antiamerikan xarakteri daşıyırdı
və bir çox cəhətdən antikapitalist hərəkat idi. Qərbli etirazçıların
düşüncəsində Birləşmiş Ştatlar imperializmin və kapitalist istismarının
əsl mücəssəməsi idi. Buna rəğmən Şərqdə 1968-ci il nəslinin təsəvvüründə
Amerika demokratiya və azad dünyanın simvoluydu. Alman tələbə lideri
Rudi Duçke həmrəylik səfərinə çıxaraq 1968-ci ildə Praqaya gəlib
çex tələbələrindən kapitalist demokratiyasına və bazar diktatorluğuna
qarşı mübarizəyə qoşulmalarını xahiş edəndə çex tələbələri ona məhz
bu ideallar uğrunda mübarizə apardıqlarını demişdilər. Qərbi Avropa
üçün "üçüncü yol" kapitalizmdən, polyaklar və çexlər üçün isə sosializmdən
uzaqlaşmağa aparan yol demək idi. İndi Avropada hakimiyyətdə olan
bir çox siyasi və mədəni elitaların sosializasiyasındakı bu fərq
onların İraq böhranı dövründə antiamerikanizmin yüksəlişinə bir-birindən
fərqli reaksiya vermələrinə səbəb olub. Həm Berlin, həm də Varşava
1968-ci il irsinə sadiq qalıb, amma Şərqi və Qərbi bir-birindən
ayıran da məhz elə bu irs olub.
Şərqi avropalılar bəzi Qərb qonşularının böyük Avropa
cəmiyyətinin doğulmasının işartısı kimi bayram etdikləri antiamerikanizmin
indiki dalğasının Şərqin islahatçı elitalarına açıq-aşkar təhlükə
olduğunu çox tezliklə dərk etdilər. Postkommunist Avropa ölkələrində
insanların çoxu "dəyişikliklər dekadası" sayəsində özlərini buxovlanmış
hiss etdikləri bir dövrdə Parisdə və ya Berlində bir dəfə legitim
elan edilən antiamerikan ritorikası populist sağ və sol partiyaların
əl-qolunun açılmasına şərait yaradır. Yan Burumanın sözləriylə desək,
"Avropa populizmi tarixən, demək olar ki, həmişə antiamerikan xarakter
daşıyıb" (5).
2003-cü ilin iyununda Liberal Strategiyalar Mərkəzi
və "BBSS Qallon İnterneşnl" təşkilatının beş Balkan ölkəsində keçirdiyi
ictimai rəy sorğusu araşdırmaları Burumanın bu fikrinin mötəbərliyini
təsdiq edir (6). Həmin rəy sorğusunun nəticələrinə
görə, Birləşmiş Ştatlara qarşı düşmənçilik bazar iqtisadiyyatı və
demokratiya, eləcə də yəhudilərə qarşı düşmənçiliklə düz mütənasiblik
təşkil edir. İctimaiyyətin Birləşmiş Ştatlara xoş münasibət bəsləyən
bu hissəsi həm də ən qatı demokratiya tərəfdarıdır və Avropa Birliyinə
də çox xoş münasibət bəsləyir. Qərbi Avropadan fərqli olaraq Balkanlarda
Birləşmiş Ştatlara qarşı müsbət münasibət bəsləyənlərin çoxunu adətən
gənclər, daha yaxşı təhsil görmüş adamlar və əhalinin daha fəal
hissəsi təşkil edir. Buna görə də Yeni Avropanın siyasi elitaları
ABŞ-AB rəqabətinə öz cəmiyyətlərində islahatlar aparmaq üçün göstərdikləri
səylərin əleyhinə işləyən son dərəcə mənfi bir amil kimi baxırlar.
1990-cı ilin əvvəllərində Şərqi Avropanın böyük bir qismi demokratiyaya
qucaq açmağa hazır idi, çünki o, Amerika arzusu ilə həmahənglik
təşkil edirdi. Bu gün Şərqi Avropa siyasətçiləri və intellektuallarının
bir çoxu ona görə Amerikanın tərəfini saxlayır ki, Amerikanın lənətləndirilməsi
dəbinin lokal kontekstdə demokratiya və bazar iqtisadiyyatı üzərinə
hücumlara yol açacağını çox yaxşı başa düşürlər.
Alternativ gələcək üçün heç bir müsbət baxışı olmayan
və status-kvoyla əlaqədar artmaqda olan ictimai tənqiddən ruhlanan
Şərqdəki antidemokratik qüvvələr antiamerikanizmə öz etiraz siyasətlərini
inkişaf etdirmək üçün ən münasib platforma kimi baxırlar. Antiamerikanizmin
gücü məhz onun boşluğundadır. Serbiyalı Vojislav Şeşelj kimi (hazırda
o, BMT-nin Haaqadakı Müharibə Cinayətləri Tribunalı qarşısında öz
mühakiməsini gözləyir) siyasətçilərə görə serblərin Kosovo uğrunda
ölməyə və yaxud Bosniya uğrunda öldürməyə bir daha hazır olmaq istəmədikləri
bir vaxtda antiamerikanizm millətçiliyin yenidən gündəmə çıxarılmasına
imkan yaradır. Bolqarıstan kimi ölkələrdə köhnə kommunist elitalara
görə isə antiamerikanizmin yeni siyasi haqq qazanması onlara öz
şərtlərini diktə etmək imkanı verir.
Korrupsiyaya qurşanmış bəzi postkommunist hökumətləri
antiamerikanizmə ictimai narazılığı yenidən yönləndirmək aləti kimi
baxır. Yanıldıqlarını düşünən insanlar üçün antiamerikanizm öz elitalarının
onları satmasına etirazın bir ifadə vasitəsidir. "Tarixin sonu"
çatmış bu cür cəmiyyətlərdə sosializmə rəğbət hələ də yaşarıdır.
Yarışda qalib gəlmək xatirinə etirazçıların səslərini udmaq lazım
gələndə, antiamerikanizm ən uğurlu taktikadır.
Yeni Avropanın antiamerikanizmə qarşı çıxması, adətən,
sadəcə amerikapərəstlik kimi qəbul olunur, ancaq bu iki düşüncə
arasındakı fərqi qiymətləndirməmək çox acı nəticələr verə bilər.
Vaşinqtondakı bəzi siyasi dairələr Yeni Avropa ideyasından xarici
siyasət və dövlət təhlükəsizliyi siyasəti baxımından AB-ni parçalamaq
və zəiflətmək üçün istifadə etməyə çalışırlar. Belə bir strategiya
çox təhlükəli və qeyri-real qənaətlərə əsaslanmış olardı. Şərqi
avropalıların İraq böhranı dövründə Birləşmiş Ştatları dəstəkləməsi
tarixin coğrafiya üzərində möhtəşəm qələbəsidir. Ancaq tarixin özü
də bizə öyrədir ki, uzun məsafəli marafon yarışında coğrafiya tarixdən
daha dözümlüdür.
Bütün bunlara baxmayaraq, Yeni Avropanın antiamerikanizmin
birləşmiş Avropanın təməl daşına çevrilməsi tendensiyasına müqavimət
göstərməsinin ciddi siyasi (həm də heç az dərəcədə olmayan sentimental)
səbəbləri var. Neo-deqolçulara və ehkamçı sosial-demokratlara görə,
Avropa köhnə Yeni Dünya 18-ci əsrdə monarxiyaçı Avropaya qarşı necə
çıxmışdısa, bu gün də eyni şəkildə Amerikaya qarşı çıxan yeni dünyanın
mərkəzidir. Onların düşüncəsinə görə, antiamerikanizm Avropanın
ümumi siyasət dili olmalıdır. Avropanın yeni demokratik ölkələri
bu fikri paylaşmırlar.
Avropanın Amerikaya meydan oxuması ilə bağlı problem
ondan ibarətdir ki, Avropa bu yarışa, ən azı, özünün mövcud ümumi
rifah kapitalizmi modelinin inkişafı üçün əlverişli fürsət kimi
baxır. Reallıq bundan ibarətdir ki, AB müharibədən sonrakı dövrdə
Qərbi Avropada inkişaf etdirilən ümumi rifah dövləti siyasətini
güdmək baxımından getdikcə "avropalıya" daha az bənzəməkdədir. Öz
hüdudlarından kənarda iqtisadi inkişafın genişləndirilməsinə yönəlik
layihələri dəstəkləyərkən AB-nin öz daxilində pislədiyi eyni neoliberal
ortodoksiya ixrac etməsi çox böyük təəccüb doğurur. Yeni Avropanın
antiamerikanizmlə süslənmiş mənfi xarakterli Avropa kimliyindən
imtina etməsi Avropa barədə debatlara real töhfədir. Birləşmiş Avropanın
müsbət kimliyə ehtiyacı var.
Hazırda Avropa ilə Amerika ümumi dəyərləri və ümumi
maraqları olan parçalanmış müttəfiqlərdir.
Antiamerikanizmin təhlükəli cazibədarlığı
Bu gün qlobal siyasətləri geniş şəkildə formalaşdıran
üç ideya - antiterrorizm, antikorrupsiya və antiamerikanizm ideyaları
arasında qəribə bir funksional oxşarlıq var. Onların hər üçü demokratiya
və bazar iqtisadiyyatına heç bir universal alternativin qalmadığı,
amma demokratiya və bazar iqtisadiyyatının daha da böyüməsinə ümidlərin
puça çıxdığı bir dövrdə intişar tapıb. Bu gün demokratiya tez-tez
yenidən müəyyən edilə və yaxud təhriflərə məruz qala bilər, amma
heç kəs açıq şəkildə ona qarşı çıxmır. Bazar iqtisadiyyatı və kapitalizmin
əleyhinə ovqat yalnız yeraltı zirzəmilərdə intişar tapır, ancaq
onlar Jozef Ştiqlits ilə Beynləxalq Valyuta Fondu arasında mübahisə
şəklində üzə çıxır. Vaxtilə sinfi mübarizə kimi istifadə olunan
fenomen indi universitet auditoriyasında dava-dalaşa qədər kiçilib.
Bu üç dominant ideya qeyri-müəyyən, aydın olmayan narahatlıqlarla
və sönükcəsinə düzənlənən siyasi strategiyalarla asanca doldurula
bilən "boş qutular"dır; onların hər biri seçicilərlə seçilmiş elitalar
arasındakı artmaqda olan boşluğu doldurmaq üçündür. Demokratiya
və bazar iqtisadiyyatına açıq hücumun töhmətini öz üzərinə götürmədən
onların hər üçündən status-kvonu tənqid etmək üçün istifadə edilə
bilər. Total şəkildə hər şeyin əleyhinə olan qruplar onların hər
üçünü öz gündəmləri naminə istismar edə bilərlər.
Korrupsiya əleyhinə ritorika 1990-cı illərin əvvəllərində
qlobal siyasət sahəsinə qədəm qoyanda o, bazar iqtisadiyyatı və
demokratiya islahatlarının dərinləşdirilməsinə yardım səfərbərliyinin
bir yolu kimi konseptuallaşdırılmışdı. Korrupsiya əleyhinə kampaniyalar
milli hökumətləri qanunla idarəçiliyə məcbur etmək naminə vətəndaş
cəmiyyətləri və beynəlxalq icmaların (Dünya Bankı, BVF və Qərb dövlətləri)
əlaqələndirdiyi səy kimi düzənlənmişdi. Vaşinqton və yerli vətəndaş
cəmiyyəti aktyorlarının paylaşdığı korrupsiya əleyhinə mübarizə
ritorikası nəyin yanlış istiqamətdə getdiyinə cavab tapmaq üçün
nəzərdə tutulmuşdu. Kütlələr onun altından imza atmağa hazır idilər.
Lakin nəticə bu oldu ki, demokratik ölkələrin çoxundakı siyasi rəqabət
azalaraq hazırda korrupsiyada günahlandırılan hökumətlə daha az
dərəcədə korrupsiya iddiasında olan müxalifət arasında adi toqquşmaya
çevrilib. Korrupsiya əleyhinə kampaniyalar təmsilçi hökumət, bir-biriylə
toqquşan ideya və proqramlar məsələsi kimi düşünülən siyasətlərin
təməlini dağıdıb. İctimaiyyətlə elita arasındakı uçurumun aradan
qaldırılmasına yardım etməkdən çox uzaq olan antikorrupsiya kursu
bu uçurumun daha da böyüməsinə səbəb oldu.
11 sentyabrdan sonra terrorizm qlobal təsəvvürə hakim
kəsiləndə bu ümumi təhlükəni xüsusilə nəzərə çatdırmaq üçün antiterrorizm
kursu tərtib edildi ki, bu da yeni dünya nizamının sürətlə həyata
keçirilməsinə kömək etməliydi. Ancaq hökumətlərin çoxu faktiki olaraq
antiterrorizm gündəmini oğurlayaraq ondan öz yerli siyasi opponentlərini
darmadağın etmək və vətəndaş cəmiyyəti qruplarına nəzarəti ələ keçirmək
üçün yararlandılar. Antiterrorizm kursundan QHT-lərə və müstəqil
mediaya qarşı şübhə oyatmaq və vətəndaş azadlıqlarını cilovlamaq
üçün məharətlə istifadə edildi. Hökumətlərin əlinə əlverişli fürsət
düşdü və onlar uydurma terrorçular icad etməyə başladılar. Antiterrorizm
və antikorrupsiya ritorikasının mötədil antiamerikanizmlə uğurlu
şəkildə birləşdirilməsi və köhnə üslublu inzibatçılıq siyasəti Vladimir
Putinə Rusiyadakı "məqbul" avtoritar rejimi möhkəmləndirmək imkanı
verdi. Bu modelin digər ölkələrdə təkrarlanmaq potensialı heç də
az deyil. Hökumətlər demokratiyanın və qlobal qarşılıqlı asılılığın
yayılması nəticəsində fəaliyyət azadlıqlarının bir azca zəiflədiyini
görəndə öz nəzarətlərini möhkəmləndirmək üçün antiterrorizmdən istifadə
edirlər.
Antiamerikan kursu, yəqin ki, eyni dərəcədə demokratiyaya
da ziyankar təsir göstərir. Vaşinqton korrupsiya əleyhinə mübarizə
gündəminin gücləndirilməsində hökumətlərdən yan keçərək vətəndaş
cəmiyyəti aktyorlarına problemin korrupsiyaya bulaşmış hökumətlərdə
olduğunu söyləməklə aktiv fəaliyyət xəttini yürütməyə cəhd göstərib.
Antiterrorizm məsələsində isə Vaşinqton özünü ifşa etmiş hökumətlərə
öz daxili opponentlərinə terrorçu damğası vurmaq icazəsi verərək
bunun əvəzində "terrorizmə qarşı qlobal mübarizədə" onlardan dəstək
almağa çalışıb. Antiamerikanizm məsələsində hökumətlər ümidsizliyə
qapılmış ictimaiyyəti problemin məhz Amerikada olduğuna inandırmağa
can atırlar. Korrupsiya əleyhinə mübarizə kampaniyası kapitalizmin
geniş yayılmasını və demokratiyanın dərinləşdirilməsini sürətləndirmək
məqsədilə düzənlənmişdi. O, uğursuzluğa düçar oldu. Terrorizm əleyhinə
mübarizə kursu dünyanı Amerikanın başına toplamaq üçün düşünülmüşdü.
O da uğursuzluqla nəticələndi. Antiamerikanizm Amerikanın artmaqda
olan nüfuzuna, eləcə də demokratiyanın və qlobal bazarın yayılmasına
qarşı əks-cavab olaraq meydana çıxıb. Çox təəssüflər olsun ki, onun
uğur qazanmaq imkanı var.
Amerikanın antiamerikanizmə cavabları
11 sentyabrdan dərhal sonra Birləşmiş Ştatlar antiamerikanizmin
yüksəlişinə tutarlı cavab kimi xalq diplomatiyasını yenidən nəzərdən
keçirdi. Xarici Əlaqələr Şurasının məlumatında bəyan edildi ki,
xalq diplomatiyası vasitəsilə Birləşmiş Ştatların imicinin yaxşılaşdırılması
ölkənin ən fundamental milli təhlükəsizlik ehtiyacları ilə birbaşa
bağlıdır (7). Beləliklə, strategiya dəyişdirildi.
Demokratiyanın aqressiv şəkildə inkişaf etdirilməsi Amerikanın həm
terrorizmə, həm də antiamerikanizmə indiki cavabıdır. Bu, işləyə
biləcəkmi?
Həqiqətdir ki, Birləşmiş Ştatlar demokratiya və azadlıq
məsələsiylə ittifaqda olanda daha populyar və daha qüdrətli olur.
Bu, Amerikanın öz tarixindən aldığı dərsdir. Amma demokratiyanın
inkişafı bu gün bizim dünyamızı formalaşdıran antikorrupsiya, antiterrorizm
və antiamerikanizm kursları çərçivəsi daxilində aparılan çirkli
mübarizənin yan təsirlərindən zədələnə bilər. Terrorizm təhdidi
vətəndaş azadlıqları və ictimai təhlükəsizlik arasındakı sərhədləri
yenidən danışıqlar yolu ilə dəqiqləşdirməli olan demokratik cəmiyyətləri
artıq seçim qarşısında qoyub. Hər bir cəmiyyət qlobal terrordan
müdafiədə nə qədər azadlığı qurban verməyə hazır olduğunu öz bildiyi
şəkildə müəyyənləşdirəcək. Bununla bağlı başlıca problem cavabları
cəmiyyət deyil, qeyri-demokratik hökumətlər verəndə meydana çıxır.
Amerikanın xarici siyasətindəki yeni təhlükəsizlik
baxışı onun Mərkəzi Asiyadan başlayaraq bəzi regionlarda bir çox
tiraniyalara demokratiya mandatı verilməsiylə nəticələndi. ABŞ hökumətinin
demokratik icraatla təhlükəsizlik sahəsində əməkdaşlıq arasında
kompromis yaratmaq cəhdi bəzi yerlərdə demokratik hərəkatları qəzəbləndirə
və demokratiyanın inkişafına real şübhə doğura bilər. "Soyuq
müharibə" dövründə ABŞ Latın Amerikasındakı bu cür siyasətinin bahasını
ödəməli olub və bu gün də Yaxın Şərqdə yürütdüyü belə siyasətin
bahasını ödəyir. Əlbəttə, terror təhdidinin reallığını inkar etmək
seçim yolu deyil. Hərbi və polis qurumları arasında əməkdaşlıq vasitəsilə
terrorizmə qarşı mübarizənin gerçəkliyi ilə demokratiyanı geniş
yaymaq məqsədi öz gərginliyini hətta bilavasitə münaqişə dövrlərində
də qoruyub saxlayacaq.
Antiamerikanizmin yüksəlişi demokratiyanın dünyaya
yayılmasında başlıca əngələ çevrilə bilər. Birləşmiş Ştatlara və
onun yürütdüyü siyasətlərə qarşı irəli sürülən yeni şübhələr kontekstində
bir çox qeyri-demokratik, yarımdemokratik və ya hətta artıq tam
demokratikləşməkdə olan rejimlər demokratiyanın inkişafına yönəldilən
istənilən daxili təzyiqə "Amerikanın sponsorlaşdırdığı destabilizasiya"
damğası vuraraq onu cinayətkarlıq kimi qələmə verməyə şirnikirlər.
Gürcüstanda baş verən son hadisələr buna klassik əyani nümunədir.
Gürcü xalqı ədalətli seçkilər uğrunda öz hüquqlarını müdafiə etmək
üçün küçələrə tökülüşəndə keçmiş prezident Eduard Şevardnadze bu
xalq hərəkatına dərhal Amerikanın ruhlandırdığı sui-qəsd damğası
vurmağa tələsdi. Avtoritar rejimlərin strategiyası demokratik hərəkatları
Birləşmiş Ştatlardan kənar qaçmağa zorlamaq, bununla da onları təcrid
və beynəlxalq dəstəkdən məhrum etməyə çalışmaqdır. Birləşmiş Ştatlar
üçün demokratiyanın genişləndirilməsi dünyanın hər bir guşəsindəki
insanların qəlblərini və şüurlarını fəth edə bilmək vasitəsidir.
Ancaq əgər antiamerikanizm demokratiyanın "amerikan imperializmi"
ilə eyni şey demək olması fikrini yaymaqda uğur qazanarsa, bu, demokratiyanın
geniş yayılması prespektivlərinə ciddi ziyan vuracaq.
Transatlantik məkanda baş verən çatlar bu riski daha
da artırır. Antiamerikanizmin yüksəlməkdə olan dalğasından qorunmaq
istəklərinə - bu isə başadüşüləndir - uyğun hərəkət edən bir çox
Avropa hökumətləri və fondları Amerika Birləşmiş Ştatlarına antipatiyanın
daha güclü olduğu mühitlərdə özlərini Amerikanın demokratiyanı genişləndirmək
səylərindən uzaqda tutmağa çalışırlar. Bu mövqe dünyanın bir çox
ölkəsində demokratik dəyişikliklərin baş verməsi şansını təhlükəyə
məruz qoya bilər. 1990-cı illərin demokratik sıçrayışı ona görə
mümkün oldu ki, Avropa ilə Amerika demokratikləşmə gündəmini birgə
bölüşürdü; bir çox ərazilərdə onların demokratiyanı genişləndirmə
proqramları birgə əlaqələndirilirdi. Demokratiyanın genişləndirilməsi
sahəsində Transatlantik parçalanma beynəlxalq səviyyədə dəstəklənən
demokratikləşmə səylərinin özünü sual altında qoyacaq.
Amerikanın demokratiyanı genişləndirmək səyləri başqa
bir əngəllə üzləşəcək. Şərqi Avropada demokratikləşmə amerikapərəst
hökumətlərin və cəmiyyətlərin meydana çıxmasına səbəb olub. Yaxın
Şərqdə və dünyanın bəzi digər regionlarında eyni nəticələrə ümid
etmək olmaz. İraq Polşa deyil. Birləşmiş Ştatlar üçün təhlükəsizlik
problemləri doğuran antiamerikan demokratik dövlətlərin meydana
çıxması perspektivi ilə üzləşən Vaşinqton öz demokratikləşmə gündəmini
buna uyğun olaraq daraltmağa məcbur ola bilər. Ancaq belə bir reaksiya
bütövlükdə demokratikləşmə siyasətinə ciddi mənfi təsir göstərəcək.
O, "təhlükəsizliyə həssas" və demokratiyanın - hətta daha çox azadlıq
təmin edə bilməsə də - yerli münaqişələri yenidən yönləndirə və
nəzarət altında saxlaya bilən rejimlər kimi yanlış başa düşüldüyü
demokratikləşmə strategiyalarının qəbul edilməsiylə nəticələnə bilər.
Etnik cəhətdən bölünmüş cəmiyyətlərin azad seçkilərlə tanış edilməsi
bu cəmiyyətlərin demokratikləşməsi demək deyil. Zəif və fəaliyyətsiz
dövlətlər də azadlıq və insan hüquqları üçün yerinə gəldikləri despotik
hökumətlər qədər təhlükəlidir. Yaxın Şərq ABŞ-ın demokratikləşmə
strategiyasının, demokratiyanın həm də açıq cəmiyyət demək olması
prinsipinə sadiq qalıb-qala bilməyəcəyinin sınaqdan keçirilməsi
üçün ən ağır imtahan olacaq.
Amerikanın indiyə qədər etiraf edə bilmədiyi şey
budur ki, antiamerikanizmin dünyanın çox yerində yüksəlişə qalxması
antiamerikan ovqatına qarşı köklənən seçicilərin meydana çıxmasına
səbəb olur. Hətta ABŞ siyasətiylə razılaşmadıqları halda belə bu
seçicilər başa düşürlər ki, Amerikanın nüfuzunun azalması həm də
azadlığın azalması deməkdir və antiamerikanizm antidemokratik və
antibazar qüvvələri üçün çoxdan arzuladıqları cıdır meydanıdır.
Təbii şəkildə meydana çıxan və evin içində böyüməkdə olan bu antiamerikanizm
əleyhinə duyğular Birləşmiş Ştatlara antiamerikanizm siyasətlərini
ən ciddi mənada nəzərə almağı təklif edir. Başqa sözlə, demokratiyanı
ixrac etmək əvəzinə onu dəstəkləmək gərəkdir, - bu, Amerika üçün
ən yaxşı strateji seçim yoludur.
Qeydlər:
Müəllif Liberal Strategiyalar Mərkəzinin antiamerikanizm
haqqında tədqiqat işini dəstəklədiyinə görə ABŞ-ın German Marşall
Fonduna dərin təşəkkürünü bildirir.
1. Bax: "Views of a changinq World 2003: War
with İraq Further Divides Global Publics", people-press.org/reports/display.php3
ReportiD=185.
2. Tarixən solçular antisemitizmin Avropa siyasətində alətə çevrilməsini
pisləyiblər.
3. Chalmers Johnson. Blowback: The Costs and Consequences of American
Empire, 2-nd (New York: Henry Holt, 2002).
4. Barri Rubinin yazdığı kimi, "Amerikanın əleyhinə olanları
öz inanclarına uyğun olaraq hərəkət etməyə cəsarətləndirən Birləşmiş
Ştatların qoçu kimi davranmasından daha çox onun son illərdəki yumşaqlığı
olmuşdur". Barry Rubin, "The Real Roots of Arab Anti-Amerikanism",
Foreign Affers 81 (November-December, 2002)
5. "Financial Times" (London), 9 January 2004.
6. "Balkanlarda antiamerikanizm" adlı rəy sorğusu araşdırmalarını
"BBSS Qalon İnterneşnl" həyata keçirmiş və onu Sofiyadakı
Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirmişdir. Araşdırma Bolqarıstan,
Makedoniya, Kosovo, Rumıniya və Serbiyanı əhatə etmişdir.
7. Xarici Əlaqələr Şurasının məlumatını nəzərdən keçirmək üçün bax:
www.cfr.org/pubs/Task-force_final2-19.pdf.
|