|
QAFQAZ REGİONUNUN BUGÜNKÜ SİYASİ
REALLIQLARINDA İSLAMIN ADAPTASİYA PROBLEMLƏRİ
|
 |
| Nəriman Qasımoğlu |
Məruzə İREX və Vudro Vilson Beynəlxalq Elm Mərkəzinin
düzənlədiyi və 2-7 mart 2004-cü ildə ABŞ-ın Virciniya ştatında keçirilən
"2004-cü il Qafqaz regional siyasətləri" simpoziumunda oxunub.
Müasir siyasi reallıqlar daxilində İslam dininin
adaptasiya problemlərini içərən dini proseslər keçmiş sovet məkanında,
o cümlədən Qafqazda spesifik xüsusiyyətlərə malikdir. Bu proseslər
bir çox cəhətdən müsəlman çoxluqlu digər ölkələrdəkindən (Türkiyə,
İran, Pakistan, ərəb ölkələri və s.) tamamilə fərqlənir. Həmin ölkələrdə
İslam dərin tarixi institutlaşma ənənələrinə malik olduğu halda,
keçmiş sovet respublikalarında, demək olar ki, ateist ideologiyanın
hökm sürdüyü 70 il ərzində yalnız sosial səviyyədə mövcudiyyətini
sürdürə bilmişdir. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra biz dini
faktorun ictimai həyatda müəyyən rol oynamağa can ataraq bir çox
siyasi ideya və modellərin gəlişməsinə təsir göstərməyə, həm də
əhəmiyyətli dərəcədə təsir göstərməyə başladığının şahidi olduq.
Bildiyiniz kimi, biz həmişə keçmiş sovet respublikalarında
demokratiyanın olmadığından şikayətlənir, bu ölkələrdəki hakim rejimləri
vətəndaş cəmiyyəti quruculuğu probleminə münasibətdə totalitar davranışlarına
görə tənqid edirik və əlbəttə ki, bunda haqlıyıq. Ancaq eyni zamanda
mən onu da qeyd etmək istərdim ki, bu cəmiyyətlərin çoxu demokratiya
mədəniyyətinin aşağı olması problemi ilə də üzləşib. Hər şeydən
əvvəl mən cəmiyyətin demokratik dəyişikliklər üçün geniş potensiala
malik olduğu, amma bəzi yerli və beynəlxalq səbəblər ucbatından
bu potensialı gerçəkləşdirmək üçün ağır dövrlər yaşayan Azərbaycandan
fərqli olaraq qanuni siyasi müxalifətin lazımi səviyyədə mövcud
olmadığı Mərkəzi Asiya ölkələrini və yaxud demokratik məzmuna malik
siyasi müxalifətin hələ də formalaşmadığı Şimali Qafqazı nəzərdə
tuturam. Bu ölkələrdəki siyasi situasiyaların detallarına vararaq,
buradakı söhbətimin mövzusundan kənara çıxmaq istəməzdim, amma bununla
mən diqqətinizi bu faktorlardan birinə, demokratiya mədəniyyətinin
əhalinin geniş hissələri tərəfindən mənimsənilməsinin əngəllənməsi
amilinə yönəltmək istəyirəm. Çünki regiondakı durumu mürəkkəbləşdirən
və qəlizləşdirən faktorlardan biri də məhz budur.
Milli müstəqilliyə nail olduqdan dərhal sonra biz
dini məsələlərlə bağlı müəyyən boşluqla üzləşdik, bu da müxtəlif
fundamentalist hərəkatların yayılması və fanatizmin populyarlaşmasına
aparıb çıxarırdı. Bu ağrılı proses erməni hərbi qüvvələri tərəfindən
işğal olunmuş ərazilərdən qovulan 800 minə yaxın qaçqına və əhalinin
daha ciddi iqtisadi çətinliklərlə üzləşən kəsimlərinə böyük təsir
göstərir. Rusiyanın tərkibində olan Şimali Qafqazda İslam bəzi səviyyələrdə
dövlət quruculuğunun dünyəvi təbiətinə qarşı çıxır.
 |
Regionda dini işlərin tənzimlənməsinin mürəkkəbliyi
bir yandan obyektiv olaraq vətəndaşların din məsələlərilə əlaqədar
işlərinə müdaxilənin yolverilməzliyi və dövlətin öz təbiəti etibarı
ilə dünyəviliyindən qaynaqlanırsa, digər yandan dini şüurun tamamilə
aydın və real siyasi perspektivlərə malik olması da məsələni qəlizləşdirir.
İctimai-siyasi duruma təsir edən bu amillər hakimiyyət rəsmilərini
məcbur edir ki, dünyəvi dövlət prinsiplərinin xələldar olmaması
- əslində isə mən deyərdim ki, avtoritar rejimlərin zorla əllərində
saxlamağa çalışdıqları hakimiyyətin zəifləməməsi - naminə dini situasiyanı
nəzarətdə saxlayan müəyyən tədbirlər görsünlər. Bu tədbirlər adətən
müxtəlif mövqelərdən qiymətləndirilir. Müxtəlif hökumətlər inzibati
metodlara həddən artıq aludə olduqları hallarda, hər bir dünyəvi
dövlətin öz vətəndaşlarına təmin etməli olduğu vicdan azadlığı hüququna
hörmət edilməsi baxımından belə bir siyasətin tənqidi üçün əlverişli
şərait yaranır. Bu cür tənqidlərə adətən ABŞ Dövlət Departamentinin
insan hüquqları haqqında illik hesabatlarında və bəzi beynəlxalq
təşkilatların bəyanatlarında tez-tez rast gəlinir.
Milli müstəqilliyin ilk dövrlərindən danışarkən qeyd
etmək lazımdır ki, həmin dövrdə İran, Türkiyə və ərəb ölkələri Azərbaycanda
çoxlu məscid tikmişdir. Qonşu İranda Kiril əlifbası ilə nəşr olunan
dini ədəbiyyat əhali arasında ilk dövrlər müəyyən populyarlıq qazanırdı.
Dünyəvi Türkiyədəki müəyyən dini dairələr də Azərbaycan ərazisində
İranla dini rəqabətə qoşulmuşdu. İrandan fərqli olaraq, Türkiyənin
Azərbaycanın dini həyatına töhfələri üçün bir çox halda yerli hökumət
strukturları tərəfindən daha münasib şərait yaradılırdı. Ərəb ölkələrindən
olan emissarlar da Azərbaycana tez-tez təşrif buyurmuşlar. Beləliklə,
qısa bir zaman kəsiyində bəzi azərbaycanlıların ənənəvi dindarlığı
xarici təsir sayəsində nurçuluq, vahabilik və siyasiləşmiş şiəlik
istiqamətində inkişaf etmişdir. Azərbaycan reallığına gətirilən
bu yeni dini hərəkatlar leqal, yarım-leqal və bəzən qeyrileqal islam
təhsili şəbəkələri formalaşdırmaq mənasında öz sosial bazalarını
qurmuşlar. Bununla yanaşı, azərbaycanlılar İran, Türkiyə, Səudiyyə
Ərəbistanı, Suriya, İraq, Misir, İordaniya və Pakistandakı İslam
dininə aid təhsil mərkəzlərində oxumaq imkanı da qazanmışlar.
2001-ci ilin iyununda Azərbaycan Respublikası prezidentinin
fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) təsis
edilmişdir. Bu dini komitəyə dini problemlərin həll edilməsilə bağlı
geniş səlahiyyətlər verilmişdir.
Azərbaycanda dini etiqad azadlığı haqqında xüsusi qanun mövcuddur.
1992-ci ilin avqustunda qəbul edilən bu qanun sonralar dini situasiyaya
dövlət nəzarətini gücləndirmək məqsədini güdən bir sıra əlavələrə
məruz qalmışdır. Bu müvafiq dəyişikliklər və əlavələr həmin qanuna
1996-cı ilin iyun, noyabr və dekabr aylarında, 1997-ci ilin oktyabrında
və 2002-ci ilin iyununda daxil edilmişdir. Buna baxmayaraq, müxtəlif
dini dairələr Azərbaycandakı bu qanundan hələ də narazıdırlar. Onların
fikrincə, qanun nəinki dindarların hüquqlarını geniş şəkildə pozur,
həm də ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir. Məsələn, Konstitusiyanın
18-ci maddəsində dinin dövlətdən ayrıldığı bildirilir və 25-ci maddə
irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən,
maliyyə durumundan, məşğuliyyətindən, siyasi əqidəsindən, siyasi
partiya, həmkarlar ittifaqı və digər ictimai təşkilatlara mənsubluğundan
asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarını təmin edirsə də,
heç bir şərhi verilməyən və "dini xadim" adlanan şəxslər siyasi
partiyaların üzvü ola və seçkilərdə iştirak edə bilməzlər. Əgər
bu müddəa öz konstitusiyalarında İslamı dövlət dini elan edən Pakistan
və Misir kimi dinin rəsmi statusa malik olduğu ölkələrə şamil edilsəydi,
bəlkə də bunu başa düşmək olardı, ancaq bunun dünyəviliyi prioritet
istiqamət seçən yeni milli respublikalara aid edilməsi heç cür başadüşülən
deyil.
Azərbaycan hökuməti tez-tez dindən siyasi alət kimi
istifadə edilməsindən danışır. Hökumət rəsmiləri həmişə dindən istifadəyə
münasibətdə belə bir təmayülün əleyhinə olduqlarını söyləsələr də,
aşkarda olan bundan ibarətdir ki, əslində onlar bunu bəyan edilmiş
bir dövlət kursu kimi ardıcıl olaraq yürütməkdən daha çox yalnız
öz cari siyasi maraqlarına qarşı yönəldiyi vaxtlarda dilə gətirirlər.
Misal üçün, Azərbaycandakı hakim rejim bu yaxınlarda müsəlman ruhanilərini
sabiq prezident H.Əliyevin, onun vəfatından sonra isə oğlu İ.Əliyevin
xeyrinə prezident seçkisi kampaniyasına cəlb etmək üçün əlindən
gələni etdi. Ruhanilərin dindar müsəlmanları səfərbər etmək cəhdinin
hər hansı bir nəticə verəcəyinə və əhalini mövcud rejim nümayəndələrinə
səs verməyə sövq edəcəyinə inanmaq çətindir, mövcud rejimə qarşı
loyal münasibətdə olan ruhanilər, əsasən korrupsiyaya bulaşmış dini
elita kimi tanınır və cəmiyyət arasında onlar müsbət imicə malik
deyillər. Ölkə rəsmilərinin bu kontekstdə güddüyü məqsəd əslində
belə bir görüntü yaradan şounu təşkil etmək olmuşdur ki, bir çox
beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən də qeyd olunduğu
üzrə, seçkilərdə çoxsaylı saxtakarlıqlar nəticəsində prezident seçilən
hakimiyyət namizədi geniş kütlələr tərəfindən, baxın, necə dəstəklənir.
Qafqazdakı İslam təmayüllərini üç kateqoriyaya bölə
bilərik: "ənənəvi" İslam, "dövlət tərəfindən maliyyələşdirilən"
İslam və "radikal" İslam. "Ənənəvi" İslam ifadəsi burada müsəlmanların
böyük əksəriyyətinin baxışlarını xarakterizə edən, dinə mühafizəkar,
ümumi, daha doğrusu, passiv münasibəti ifadə etmək üçün işlədilir.
Şimali Qafqazda hələ də islam əsasən inancdan daha çox etnik kimlik
kimi qəbul edilir. Qafqazda "əcdadların ənənələrini qoruyub saxlamaq"
düşüncəsi çox möhkəmdir. Bu, müxtəlif dərəcəli dini mərasimlərin
yerinə yetirilməsində öz əksini tapır. Az bir qism üçün İslam dini
ayinlərə dəqiq riayət deməkdir. Çoxları öz müsəlmanlıqlarını səthi,
simvolik formada təsdiq etməyə meyllidir. "Dövlət tərəfindən maliyyələşdirilən"
İslamdan isə dövlətin siyasi ehtiyacının ödənilməsi naminə istifadə
edilir. Üçüncü, "radikal" adlandırılan İslam tendensiyası isə İslamı
təhriflərdən təmizləmək istəyən və bir çox halda da müəyyən siyasi
məqsədlər güdən fəaliyyət qruplarını əhatə edir. Bütün regiona münasibətdə
onlar çox müxtəlif qrupları təmsil edirlər. Onların bəziləri "vahhabilər"
kimi tanınır. Onlar Azərbaycanda da fəaliyyət göstərirlər, ancaq
Şimali Qafqazdan fərqli olaraq, burada İran yönümlü siyasi şiə qrupları
düşərgəsinin təmsilçiləri ilə rəqabət aparırlar. Dini situasiyaya
İranın təsirindən danışarkən onu da açıq şəkildə qeyd etmək lazımdır
ki, əhalisinin təxminən 60 faizinin özünü ənənəvi şiə hesab edən
Azərbaycandan fərqli olaraq, İranın Şimali Qafqaz dindarlarına heç
bir təsir etmək imkanı yoxdur, çünki buradakı əhalinin dini görüşləri
şiəlikdən tamamilə fərqlənir.
 |
Azərbaycanda vahhabiliyin ölkə üçün nə qədər təhlükəli
ola bilməsini tez-tez müzakirə edirik. Təbii ki, bəzi ərəb xeyriyyə
cəmiyyətləri tərəfindən himayə edilməsəydi, vahhabilik Azərbaycanda
yayıla bilməzdi. Çeçenistan və Dağıstanda baş verən hadisələrin
anatomiyasnı əsas götürən bəzi digər şərhçilər isə bu fikirdədirlər
ki, vahhabiliyin Azərbaycanda yayılmasında daha çox maraqlı olan
qüvvələr sırasında Rusiyanın kəşfiyyat orqanlarını da nəzərdə tutmaq
lazımdır. İkinci çeçen müharibəsindən öncə Şimali Qafqazda vahhabiliyin
yayılmasını əngəlləyən səylər göstərilməmişdi. Məsələ burasındadır
ki, Rusiya Çeçenistana müdaxiləsinə bəraət qazandırmaq üçün təkcə
çeçen qiyamçılarına qarşı deyil, həm də o vaxt Dağıstanda yerləşmiş
olan dini terrorçu qruplara qarşı mübarizə üçün də bu mənada beynəlxalq
ictimaiyyətə yönəlik bəhanə əldə etmişdi. Bu ideyanın məğzi Azərbaycanın
ləzgi azlığının məskunlaşdığı şimal hissəsində separatçı meylləri
qızışdırmaqdan ibarətdir. Faktiki olaraq bu rol Azərbaycanda fəaliyyəti
qanunla qadağan edilən, amma Rusiyada qeydiyyatdan keçən "Sadval"
təşkilatına həvalə edilmişdi. Bu təşkilatın bəzi üzvləri Ermənistan
kəşfiyyat orqanları ilə əməkdaşlıqda, Bakıda metro stansiyasını
partlatmağa cəhd göstərməkdə və bəzi digər əməllərdə ittiham edildikdən
sonra onun populyarlığı xeyli zəifləmişdir. Təhlilçilər bu fikirdədirlər
ki, dini separatizmi cəsarətləndirməkdə məqsəd bundan ibarətdir
ki, o, son nəticədə etnik separatizmin yüksəlişinə rəvac verə bilər.
1992-2001-ci illərdə yerli filialları Azərbaycanın bu regionunda
fəaliyyət göstərən "Əl-İqasa", "İslam Konqresi", "İslam dünyası",
"Vahhabi tövbəsi", "Nicat"”, "Əl-Xeyriyyə" və digərləri kimi vahhabi
təşkilatlarının qərargahları Rusiyada, Dağıstanda yerləşirdi.
Aydındır ki, Çeçenistanda milli müstəqillik uğrunda
mübarizənin islam bayrağı altında aparılması çeçenlərin birləşməsində
müəyyən rol oynasa da, xalqa heç bir fayda gətirməmişdir. Bunu dərk
edən bəzi çeçen liderləri Rusiya ilə problemlərini yeni bir seçim
əsasında çözməyə meyl göstərirlər. Bu seçimə İslam dini də daxildir,
ancaq burada onun elə versiyası götürülür ki, o, çeçenlərin inkişaf
etdirməyə çalışdıqları qədim adət-ənənələrinin nəzəri təsdiqinə
xidmət etsin. Qısası, onlar belə hesab edirlər ki, çeçenlər inzibati,
ərazi və siyasi quruculuq işlərinə biganəlik göstərməlidirlər. Onların
düşüncəsinə görə, çeçenlər üçün vacib olan yeganə şey icma və tayfa
qurumlarına malik olmaqdır; bu qurumların subyekti isə bir-birilə
qan qohumluğu əlaqəsini itirərək, sadəcə, ayrı-ayrı fərdlərdən ibarət
əhali deyil, ailələr, klanlar və tayfalar olmalıdır. Bu baxımdan
onlar Mədinə ümmətini misal gətirirlər. "Ümmət" termini müsəlmanların
son prioriteti kimi nəzərdən keçirilən ümumi müsəlman millətinin
formalaşmasını nəzərdə tutur. Bir çox islam alimləri bu fikirdədir
ki, ümmətin ayrılıqda əhali üçün nəzərdə tutulan ümumi faydası fərdi
hüquq konsepsiyalarına uyğun gəlmir. İslam ənənələrinin ənənəvi
şərhinə tərəfdar olan bir çox qrupların fikrincə, demokratiya ilə
İslam bir araya sığışa bilməz, çünki o, fərdi hüquqları ümmətin
ümumi istəklərindən üstün tutur. Ümmətin yeni çeçen yozumuna gəldikdə
isə, o, Mədinə dövründəki ümmətlə, vaxtilə peyğəmbərin başçılıq
etdiyi, bir-birilə qan qohumluğu olan insanlardan ibarət qurumla
eyni məzmunda olmalıdır. Onların fikrincə, çeçenlərin əcdadları
ta qədim dövrldərdən bu tip münasibətlərə riayət etmişlər və bu,
tarixi Çeçenistanın dağlıq hissəsində yaşayan çeçenlər üçün indi
də əlverişli olaraq qalır. Qısa şəkildə desək, onlar Çeçenistanın
düzənlik hissəsindən imtina etməyə hazırdırlar, yəni buradakı əhali
Rusiya qanunlarına uyğun olaraq yaşaya bilər. Çeçenistanın dağlıq
hissəsi isə Rusiyanın tərkibində qalsa da, öz əcdadlarının ümmət
quruluşunun qanunlarına uyğun olaraq yaşamaq məsələsinə üstünlük
verir ki, bu da mahiyyət etibarilə nə müasir dünyəvi dövlət, nə
də ümumən qəbul olunmuş İslam dövləti tipinə uyğun gəlir.
Bu yaxınlara kimi sosioloji elmlər cəmiyyətin dünyəviləşməsi
məsələsində konsensusa malik idi. Ancaq bu konsensus artıq mövcud
deyil. Ümumi müasirləşmə prosesini cəmiyyətin dünyəviləşməsi proseslərindən
üstün tutan ənənəvi metod tərəfdarları ilə (əsasən avropalılarla)
davamlı, sabit dini ideyalar üçün rəqabətcil və plüralist bazarlar
yaradılmasını təmin edən yeni amerikan metodu tərəfdarları arasında
qızğın mübahisələr gedir. Sonuncu metodun tərəfdarları belə hesab
edirlər ki, Qərbi Avropa xristianlığı ABŞ-dakı dini rəngarəngliyin
sabit fəallığı və post-kolonial dünyadakı həm xristian hərəkatlarının,
həm də qeyri-Qərb dini ənənələrinin çağdaş yüksəlişi ilə müqayisədə
dərin böhran keçirir. Digər sosioloqlar isə belə hesab edirlər ki,
nə ənənəvi sekulyarizasiya yolu, nə də dini bazarlara dair amerikan
yanaşması Avropadakı sekulyarizasiya proseslərinin daxili dinamikasının
və dünyanın qalan hissəsində qeyri-Qərb dini ənənələrinin dirçəlişinin
inandırıcı izahını verir. Onlar bu fakta istinad edirlər ki, İslam
ənənələrinin dirçəlişi ortodoks sekulyarizasiya modelindən və dini
bazar modelindən kənarda baş verən bir şeydir.
 |
İslama gəldikdə isə, razılaşmaq olar ki, müsəlman
ölkələrindəki modernizasiya prosesləri cəmiyyətin sekulyarizasiyasını
sürətləndirmir. Bunu Türkiyədə müşahidə etmək mümkündür: bu ölkədə
ənənəvi İslam köklərinə malik siyasi qüvvələr ara-sıra hakimiyyətə
gəlsələr də, hələ də ölkənin Avropa Birliyinə daxil olması üçün
əllərindən gələni edirlər. Rəsmi İslamın türk versiyası daxili faktordur
və nurçuluqdan fərqli olaraq, o, Azərbaycanda, Özbəkistanda və digər
Mərkəzi Asiya ölkələrində öz şəbəkəsini yaratmaq və beləliklə də
xarici dini bazarlarda rəqabətə girmək iddiasında deyil.
Aydındır ki, postsovet dünyəvi dövləti dini reallıqların
inkişafı baxımından hansı nəzarət tədbirini görürsə - görsün, o,
vətəndaş cəmiyyəti quruculuğu reallıqlarına uyğun olaraq İslamın
yeri və rolunun müəyyən edilməsində öz strateji vəzifəsini təkcə
inzibati-qanuni tədbirlər vasitəsilə yerinə yetirə bilməz. Dövlətin
dini situasiya ilə bağlı vəzifələrinə inzibati-qanun tədbirləri
ilə yanaşı, dini maarifçilik işi də daxil edilməlidir. Mən aydın
başa düşürəm ki, dünyəvi dövlətə əhaliyə dini təhsil verilməsini
tövsiyə etmək ilk baxışdan dinin dövlətdən ayrılması prinsipinin
pozulması kimi görünə bilər.
Müsəlman əksəriyyətə sahib müstəqil ölkədə demokratik
dünyəvi dövlət qurmaq istəyən bizlər bu şərtlər daxilində cəmiyyətin
sekulyarlaşdırılmasında hansı yanaşmanı seçməliyik? Biz dinin dövlətdən
ayrılmasına dair ənənəvi prinsipi və cəmiyyətin modernləşdirilməsini
diqqətlə təhlil etməklə sekulyarizasiyanın Avropa şərhinin ruhuna
və qaydalarına uyğunmu hərəkət etməliyik, yoxsa dini ənənələrin
yüksəlişinin çağdaş reallıqlarına əsaslanan və dini bazarlarda plüralizmə
və rəqabətə rəvac verən, hələ də inkişafda olan yeni amerikan yanaşmasına
əsaslanmalıyıq?
Bu suallara cavab verməyə çalışmazdan əvvəl onu da
qeyd etməliyəm ki, xristianlıqdan fərqli olaraq, İslam öz nəzəri
versiyasında monoteizmi mütləq ideya kimi götürür, hətta peyğəmbərin
belə vasitəçilik hüququnu tanımamaqla insanlarla Allah arasında
vasitəçiliyi istisna edir, hər cür vasitəçilik institutunu inkar
edir. Başqa sözlə, İslam nəzəri cəhətdən mömin müsəlmanların dindarlığının
mərkəzləşdirilmiş qaydada qayğısına qalan kilsə institutlarına malik
deyil. Təcrübədə isə bu məsələ bir qədər fərqlidir. Buna görə də
mən bütövlükdə İslam deyil, daha çox onun şəriət versiyası kontekstində
danışacağam, çünki dini norma və ayinləri icra edən müsəlmanlar
üçün çox ümumi olan şəriət versiyası bir din kimi İslamın Quran
versiyasına tamamilə zidd görünür. Dini bazarlarda rəqabət apara
bilmək üçün strukturlaşmaya, institutlaşmaya və mütəşəkkilliyə can
atan da məhz şəriət İslamıdır. Onu da qeyd etmək lazımdır ki, şəriət
İslamı dini bazarda fəaliyyət göstərmək hüququ baxımından rəqibsiz
inhisarçı kimi aparmağa meylidir və hər cür dini fərqli düşüncəyə
ağrılı reaksiya nümayiş etdirir. Bununla yanaşı, ənənəvi İslama
aid ayrı-ayrı hərəkatlar və cərəyanlar arasında dini bazarlar uğrunda
mübarizə plüralistik fikir mübarizəsi deyil, bu, biri digərini inkar
məzmunundadır və dini durumda sabitliyi poza biləcək potensiala
malikdir. Belə bir şəraitdə, cəmiyyətdə dini işlərin yalnız inzibati
qanunlarla tənzim edildiyi dünyəvi dövlətdə müsəlmanlar arasında
dini plüralizmi təşviq etməyin faydasından danışmaq də çətindir.
Dövlət İslamın dini bazarına öz töfhəsini verməkdə maraqlı olmalıdır.
Dövlət, hər şeydən əvvəl, İslam dini bazarının inhisardan çıxarılmasını
məqsəd kimi müəyyən etməli, dünyəvi dövlətin məqsəd və vəzifələri
naminə dini postulatların yeni şərhlərinin verilməsinin təbliğini
təşviq etməlidir.
Təxminən on ildən artıqdır ki, ümumiyyətlə İslam
dininə, xüsusilə isə azərbaycanlıların həyatında dinin rolunun müəyyənləşdirilməsinə
modernist münasibəti təbliğ etməyə çalışırıq. Ardıcıl surətdə aparılan
təbliğat işləri nəticəsində bu münasibət öz əksini "Azərbaycan cəmiyyətində
İslam dininin rolu və yerinin müəyyənləşdirilməsi" adlı konsepsiyamızda
tapmışdır. Bu sənədin başlıca teoloji yeniliyi Azərbaycan müsəlmanlarına
Quran mətninə xüsusi üstünlük vermələrinin və öz dini inanclarını
yalnız Quran məntiqi işığında inkişaf etdirərək tədricən sünnə ehkamlarından
uzaqlaşmalarının təklif olunmasıdır. Bu münasibət belə bir fakta
əsaslanır ki, Azərbaycan müsəlmanlarının əksəriyyətinin dini şüuru
məlum səbəblərə görə orta əsr sünnə ədəbiyyatının buyurduğu ənənəvi
ehkamların təsirindən uzaq düşmüşdür. Bu konsepsiya həm əhalinin
dini ehtiyaclarına cavab verir, həm də İslamı mənəvi və mədəni sferalarla
məhdudlaşdıran dini təlimatların əhali tərəfindən qəbulunu təmin
edir və dini şüurda dini dəyərlərlə dünyəvi dəyərlər arasındakı
fərqlərin aradan qalxmasına şərait yaradır. Strateji baxımdan bizim
təklif etdiyimiz teoloji vasitələr onu təmin edir ki, ümumən qəbul
olunmuş demokratik dəyərlər, insan azadlıqları, şəriət normalarının
tənqidi surətdə yenidən nəzərdən keçirilməsi və s. məsələ dini baxımdan
öz təsdiqini tapsın. Belə bir mexanizmin yaradılması tədbirləri
arasında ümumtəhsil məktəbləri proqramına xüsusi Quran kurslarının
və ali təhsil məktəblərində humanitar fənlərlə bağlı proqramlara
Quran məntiqinin daxil edilməsinin zəruriliyi mühüm yer tutur.
2000-ci ilin fevral və mart aylarında "Azadlıq" qəzeti öz səhifələrində
mənim "Cümə söhbətləri" silsiləsindən olan yazılarımı dərc etmişdi.
Həmin silsilədən olan bir neçə yazıda müsəlman dindarlara İslam
dininin Quran məntiqinə əsasən öyrənilməsi və təbliğ olunması, eləcə
də müsəlman ibadət və ayinlərinin icrası zamanı doğma dildən istifadənin
vacibliyi vurğulanırdı. Bu məqalələr Azərbaycanın bütün dini və
qeyri-dini dairələrində qızğın mübahisələrə səbəb oldu. Bununla
bağlı hay-küy o dərəcəyə çatdı ki, İslam Partiyasının bəzi üzvləri
qəzet vasitəsilə müəlliflə "haqq-hesab" çəkmək lazım gəldiyini bidirmişdilər.
Bəziləri müəllifi açıq şəkildə sionizm tərəfdarı olmaqda, "yalançı
peyğəmbərlikdə" və s.-də günahlandırdılar. Ən qəribəsi, hökm şəklində
təqdim edilməyən bir ideyanın ənənəvi dini düşüncə ilə toqquşmasının
birdən-birə günün mövzusuna çevrilməsi idi. Bu ideya tezliklə cəmiyyətdə
özünə populyarlıq qazanan kimi radikal islamçılar cəbhəsindən olan
ən qatı opponentlər belə, namaz istisna edilməklə, digər ibadət
və ayinlərin icrasında da Azərbaycan dilinin hüququnu vurğulamağa
başladılar. Dövlət rəsmiləri də ümumən xarici dini təsirlərin ölkəyə
nüfuzunu zəiflətmək üçün nəzərdə tutulan tədbirlərin hazırlanmasında
və həyata keçirilməsində, xüsusi qaydada isə İslam dininin tədrisi
sahəsində bu ideyadan ideoloji alət kimi istifadə etdilər.
Demokratik dəyərlərə xidmət edən bu cür təşəbbüslərin
strateji istiqamətinin məqsədi onunla müəyyən edilir ki, sıravi
dindarlar dini liderlərin qadağalarına rəğmən müxtəlif dini postulatlar
barədə öz fikirlərini daha açıq şəkildə ifadə etmək imkanı qazanırlar
və beləliklə, dini mövzuların müzakirəsi dini strukturların inhisarından
çıxmağa başlayır.
Digər müsəlman xalqları ilə müqayisədə azərbaycanlıların
tarixən gəlişmiş dini şüurunda dini dözümlülük göstəricisi daha
yüksək həddədir. Buna baxmayaraq, əvvəl də qeyd etdiyim kimi, bir
sıra səbəblər üzündən hazırda bu tarixi və ənənəvi dözümlülüyü təhdid
edən proseslər baş verməkdədir. Əlbəttə ki, bu proseslər arzuolunan
deyil. Hazırda biz onlara qarşı müqavimət mexanizmini işləyib hazırlayırıq.
Artıq bu istiqamətdə müəyyən işlər görmüşük və görməkdə davam edirik.
Tarixi-ənənəvi dini fundamentalizmdən qurtulmaq, azadlıq və demokratiya
fundamentalizminin nəzəri və xeyirxah təcrübələrini həyata keçirmək
üçün, elə bilirəm, birgə çalışmağımıza da böyük ehtiyac var.
İngiliscədən tərcümə etdi:
Tehran Vəliyev
|