|
"BOLQARISTAN VARLI VƏ XOŞBƏXT QƏRB ÖLKƏLƏRİ AİLƏSİNİN,
HƏLƏ Kİ, ƏN KASIB VƏ BƏDBƏXT NÜMAYƏNDƏLƏRİNDƏNDİR" |
 |
| Filip Dimitrov |
Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla
bu müsahibə fevral ayında Cənubi Afrika Respublikasının Durban şəhərində
keçirilən Demoêratiya óğrunda Ümumdünya Ùərəêatûnûn 3-cü Assambleyasûíäà
götürülüb. Keçmiş sosialist məkanının ən önəmli dövlətlərindən birinin
demokratiya uğrunda mübarizədə əldə etdiyi nailiyyətlərin mexanizmi,
uğursuzluq səbəbləri müasir Azərbaycan cəmiyyətinin durumu fonunda
xeyli aktual səslənir.
Müsahiblə tanışlıq:
"1955-ci il mart ayının 31-də Sofiyada anadan olmuşam. İngilisdilli
məktəbi bitirəndən sonra təhsilimi Sofiya Universitetinin hüquq
fakültəsində davam etdirmişəm. Bir müddət vəkil işləmişəm. O vaxt
vəkillər və sənətkarlar ölkədə ən azad adamlar idi. 1989-cu ildən
ölkədə baş verən dəyişikliklər prosesinə qoşularaq azadlıq hərəkatının
ön sıralarında olmuşam. 1990-cı ilin iyul ayında Demokratik Qüvvələr
İttifaqının sədr müavini seçilmiş, sonrakı illərdə baş nazir kürsüsündə
əyləşmişəm. 1997-1998-ci illərdə ölkəmizin BMT-dəki təmsilçisi,
1998-2002-ci illərdə Bolqarıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli
səfiri olmuşam".
- Demokratik Qüvvələr İttifaqı Bolqarıstanın ictimai-siyasi
həyatında çox önəmli rol oynayıb. Mümkünsə, bir qədər bu ittifaqın
yaranma tarixindən danışardınız.
- Bu qurum 1989-cu ildə yaradılıb. O dövrdə ittifaqın özəyini müxtəlif
antikommunist qüvvələr və kommunistlərə müəyyən qədər müxalif mövqedə
dayanan qruplar təşkil edirdi. 1991-ci ildə bəzi qeyri-kommunist
qruplar ittifaqı tərk elədi. Qatı antikommunist qruplarsa qaldı.
Təşkilatın ilk sədri faşizm və kommunizm arasında paralellər aparan
məşhur "Faşizm" kitabının müəllifi cənab Jelyü Jelev oldu və 1990-cı
ilin avqust ayına qədər ittifaqın sədri vəzifəsində çalışdı. Həmin
ilin iyulunda mən onun müavini seçildim. Jelev ölkə prezidenti keçəndən
az sonra mən DQİ-nin sədri seçildim.
- Bunlar hamısı bir ilin içində baş verdi?
- Bəli, 1990-cı ildə. Həmin il dekabr ayının 11-də DQİ-nin sədri
seçiləndən sonra faktiki olaraq ittifaqı yenidən qurmağa başladıq.
Böyük şəhərlərdə qurumun özəkləri yaransa da, bu təşkilat tam formalaşmamışdı.
Ona görə həftənin 3-4 gününü 6-7 bölgəyə çıxıb yerlərdə ittifaqın
özəklərini yaratdıq və 1991-ci ildə keçirilən seçkilərdə qalib gəlib
Nazirlər Kabinetini formalaşdırmaq səlahiyyətinə yiyələnə bildik.
Hökumət olaraq ən ciddi islahatlara başladıq. Kommunizm və Rusiyadan
üz döndərib Qərbə istiqamət götürdük. Təkcə biz yox, Baltik və Şərqi
Avropa ölkələri də bu addımı atdı. Amma biz nə edəcəyimizi, necə
edəcəyimizi hələ yaxşı bilmirdik. Litvalılar 1990-cı ilin martında
nə isə eləməyə cəhd göstərdilər. Yəqin ki, bunun axırının nəylə
qurtardığını bilirsiniz. Rumıniyada da işlər rumınların istədikləri
kimi getmirdi. Yuqoslaviya müharibə ərəfəsində idi. Bolqarıstan
belə bir qeyri-müəyyən vəziyyətdə ilk addımı atıb Qərbə üz tutdu.
Əlbəttə, bu, çox ciddi addım idi və mənim başçılıq etdiyim hökumətin
1992-ci ilin sonunda hakimiyyətdən getməsində az rol oynamadı. Amma
biz özəlləşdirmənin aparılması, torpağın kəndliyə verilməsi, demokratik
institutların yaradılması, insan hüquqlarının qorunmasıyla bağlı
əsas qanunların qəbul olunması və ən vacibi, Bolqarıstanın xarici
siyasət prioritetlərinin müəyyənləşdirilməsi kimi əhəmiyyətli məsələlərdə
irəliləyişə nail ola bildik. Bütün bunlar cəmi 14 ayın içində baş
verdi. Başqa bir önəmli məsələ keçmiş Yuqoslaviya ölkələrinin müstəqilliyinin
tanınmasında Bolqarıstanın region dövlətlərinə örnək olmağa çalışmasıydı.
Bu regionda gedən bütün proseslərin tarixən Bolqarıstana birmənalı
təsiri olub. Ancaq Bolqarıstan hər şeyin üstündən adlayaraq keçmiş
Yuqoslaviya ölkələrinin müstəqilliyini qeyd-şərtsiz tanıyan ilk
ölkədir. Biz bu addımı atanda hələ Qərbi Avropa dövlətlərinin bir
çoxu bu məsələdə qəti qərara gələ bilməmişdi. Nə isə... 1994-cü
ilə qədər ittifaqın sədri vəzifəsində çalışdım. O ərəfədə kommunistlər
parlament seçkisində qalib gəlib yeni hökumət qurdular. Onların
da ömrü çox çəkmədi - cəmi iki il.
-Baş nazir kimi fəaliyyətə nədən başladınız?
- Parlamentin müzakirəsinə göndərdiyim ilk qərar Kommunist Partiyasının
mülkiyyətinin müsadirə edilməsiylə bağlı oldu. İlk dekret isə iqtisadiyyata
- dövlət müəssisələrinin özəlləşdirilməsinə aid idi. Düzdür, biz
özəlləşdirməni apara bilmədik, vaxtımız çatmadı. Amma hər halda
prosesi başlamağa nail olduq. Biz hakimiyyətdən gedəndə 22 dövlət
müəssisəsinin özəlləşdirilməsi ilə bağlı məsələ gündəlikdə dururdu.
Böyük sənaye obyektlərinin yenidənqurulması işinə də girişmişdik.
Bu məsələdə də bəzi problemlər ortaya çıxdı və işimiz yarımçıq qaldı.
- Hakimiyyətdən getməyinizə səbəb nə oldu?
- Başçılıq etdiyim Nazirlər Kabinetində iki əsas islahatçı fiqur
var idi - mən və ədliyyə naziri. O, ölkənin ən tanınmış ziyalılarından
sayılırdı. Ancaq bəzi adamlar gördüyümüz bu işləri, aparılan islahatları
gərəksiz sayırdı. Belələri bizim Nazirlər Kabinetində də var idi.
- Belə çıxır ki, həyata keçirdiyiniz islahatların
qurbanı olmusunuz?
- Mən belə deməzdim. Ancaq hakimiyyətdə olmusansa, həmin vaxt bütün
baş verənlərə görə məhz sən məsuliyyət daşıyırsan. Yəni, biz öz
məqsədimizə axıracan nail ola bilmədik.
- Qəribədir ki, keçmiş kommunist ölkələrinin çoxunda
demokratlar hakimiyyəti əllərində saxlaya bilmədilər. Sizcə, bunun
səbəbi nə idi?
- Məncə, bu, demokratların özlərindən asılı olan bir məsələ idi.
Düzdür, Azərbaycanda, hansı mənadasa elə Rusiyanın özündə də hakimiyyətə
yenidən kommunistlərin gəlməsi faktdır. Eləcə də Bolqarıstan və
Macarıstanda. Amma Macarıstan və Bolqarıstanda demokratik dəyişikliklərin
qarşısını almaq mümkün olmadı. Əlbəttə, mən demokratik inkişafın
ən bariz nümunəsi olan Macarıstanla Bolqarıstanı müqayisə etmək
fikrindən çox-çox uzağam. Amma, hər halda, biz eyni ölkələr qrupuna
daxilik. Bolqarıstanda demokratlardan sonra müəyyən ləngimələr oldu,
geriyə dönmək üçün uğursuz cəhd göstərildi. Macarıstanda isə geriyə
dönüş artıq qeyri-mümkün idi. Bir sözlə, harada geriyə dönüş mümkün
olubsa, bu, demokratların zəifliyindən irəli gəlib. Və ya, görünür,
oradakı kommunistlər daha güclü çıxıb. Mən "güclü çıxıb" deyəndə
say çoxluğunu nəzərdə tuturam. Yəqin demokratların uduzduğu ölkələrdə
kommunistlər daha çox olub.
- Bəlkə buna səbəb demokratların təcrübəsiz olmasıydı?
Axı onların çoxu hakimiyyətə güclü xalq dəstəyilə gəlmişdi...
- Bilirsinizmi, bu, haradasa təbii bir proses idi. Sosialist düşərgəsi
dağılandan sonra istər Bolqarıstanda, istər ABŞ-da, istər Avropada,
istərsə də keçmiş Sovet İttifaqında heç kim nə edəcəyini bilmirdi.
Sanki qaranlıq bir otaqdaydıq və bu otağın qapısını axtarırdıq.
Bəziləri qapını tapa bildi, bəziləri isə yox. Amma bir məsələ də
var ki, bu otaqdan çıxa bilənlərdə də, içəridə qalanlarda da keçmişə
qəribə bir nostalji hissi vardı. Əvvəl-əvvəl doğrudan da həyat şəraiti
bir qədər ağır idi. Elə insanların keçmişin xiffətini çəkməsinə
də, görünür, bu, səbəb oldu.
- Geriyə dönüş baxımından Rusiyada bu gün baş verən
prosesləri necə qiymətləndirirsiniz?
- Məncə, bu gün Rusiyada gedən proseslər çox təhlükəli bir tendensiyanın
başlanğıcıdır. Siyasi sistem dəyişməsə də, insanların demokratik
gələcəyə ümidi get-gedə azalır. Bu proses bir qədər kiçik miqyasda
bəzi Avropa ölkələrində, o cümlədən Bolqarıstanda da baş verib.
Düzdür, bizdə vəziyyət bu dərəcədə dramatik deyildi, amma hər halda
geriyə dönmə cəhdi olmuşdu. Əgər geriyə dönüş siyasi və iqtisadi
motivlərlə yanaşı, həm də mənəvi-psixoloji keyfiyyət daşıyırsa,
bu, daha qorxuludur. Kommunist ideologiyasının ustalıqla qurulmuş
öz mənəvi sistemi var idi. 1992-ci ildə mən Amerikada olarkən orada
ən önəmli məsələlər sırasında mənəvi tənəzzülün qarşısının alınmasının
vacibliyini də qeyd etmişdim. Bunun üçün insanların normal yaşayışını
təmin etmək lazımdır. O vaxt mənim dediklərim bir qədər başqa cür
başa düşülmüşdü. Fikirləşirdilər ki, cavan adamdır, filosofluq,
şairlik eləyir və ona görə də belə danışır. Ancaq indi mənim o vaxt
dediklərimin nə qədər vacib məsələlər olduğu hamıya aydındır.
- Sovet İttifaqı dağılandan sonra keçmiş sosialist
ölkələrinin hamısı, demək olar ki, eyni səviyyədəydi. Mən iqtisadi
səviyyəni yox, ictimai-siyasi parametrləri nəzərdə tuturam.
- Elə görünürdü. Amma Yuqoslaviya nümunəsində məlum oldu ki, bu,
heç də belə deyil.
- Düzdür, orada vəziyyət bir qədər ayrı cür idi.
Siz bayaq Macarıstanın adını çəkdiniz. Bu proses sanki marafon qaçışını
xatırladır. İndi Azərbaycandan baxanda Macarıstanın, Polşanın, Çexiyanın
bizi xeyli ötüb keçdiyini görürük. Bəs Bolqarıstanın bu marafondakı
yeri haradadır?
- Bolqarıstan artıq birdəfəlik Qərbə üz tutub. Azərbaycan hələ bu
addımı atmayıb. İnanıram ki, Azərbaycan da, Gürcüstan da, Ermənistan
da Qərbə üz tutacaq. Amma Bolqarıstan bu varlı və xoşbəxt Qərb ölkələri
ailəsinin, hələ ki, ən kasıb və bədbəxt nümayəndələrindəndir. Ancaq
gələcəyə ümidlə baxmağa əsasımız var.
- Bolqarıstanın bugünkü inkişaf səviyyəsi Sizi
qane edirmi?
- Xalqı daim gələcəkdə hər şeyin yaxşı olacağıyla aldatmaq olmaz.
Keçmişi yada salıb bugünə şükür demək də düzgün deyil. Çünki insanlar
adətən pis günləri tez unudur və yaxşı yaşayışa tez öyrəşirlər.
Amerika Universitetində təhsil alan 20 yaşlı tələbələrimə azadlıqdan
danışanda bu onlara qəribə gəlirdi. Azadlıq onlar üçün çox təbii
bir şeydir. Onda mən tələbələrimə misallar çəkirdim. Məsələn, kimsə
sənin harada, hansı şəhərdə yaşayacağını sənin əvəzinə həll edir.
Onlar belə misalları eşidəndə heyrətə gəlirdilər. Amma 15 il bundan
qabaq bizim üçün bu, çox adi bir hal idi. Biz bunu çox təbii qəbul
edirdik. İnsanları daim keçmişin belə reallıqlarını yada salmağa
məcbur etmək mümkün deyil. Əgər yaşayış səviyyələri onları qane
etmirsə, onlar həmişə narazı olacaqlar, hakimiyyətlə mübarizəyə
qalxacaqlar, düşdükləri vəziyyətdən çıxış yolu axtaracaqlar, bəlkə
lap küçələrə də çıxacaqlar. Bu, çox təbiidir. Demokratiya elə belə
də olmalıdır. Biz insanların azadlığı təbii qəbul elədikləri bir
ölkə qurmaq istəyirdik. Elə bir ölkə ki, onun vətəndaşları kimsə
onların azadlığını məhdudlaşdırmağa cəhd edərkən buna qarşı çıxmağa,
iqtisadi vəziyyətləri ağırlaşarkən bunun səbəbləriylə maraqlanmağa,
problemlərin qanuni və ağıllı həlli yollarını axtarmağa özlərində
güc tapa bilsinlər. Və belə bir ölkəni qurmuşuq. Düzdür, hökumət
nahar yeməyini çarpayıya gətirməyə borclu deyil. Amma o, xalqın
yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nələrisə etməlidir.
Demokratiya dövlətin vətəndaşına olan münasibətində özünü göstərir.
Dövlət vətəndaşın istədiyi kimi yaşamaq hüququnun olduğunu qəbul
etməlidir. Belə olan halda qazandığı uğura, düçar olduğu uğursuzluğa
görə vətəndaş yalnız özü məsuliyyət daşıyır. Bu gün Bolqarıstanda
hər şeyin biz istədiyimiz kimi olması üçün hələ çox şey etmək lazımdır.
Amma insanların öz bildikləri kimi yaşamaq imkanı var...
Müsahibəni Vahid Qazi götürüb
|