SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
MÖVQE

MİLLİ TƏHLÜKƏSİZLİK
"Ev"də qayda yaratmasan, çöldən qoruna bilməyəcəksən
Eldar Namazov
politoloq

Özünə hörmət edən hər məmləkətin arsenalında dövlət siyasətinin başlıca prioritetlərini müəyyənləşdirən bir sıra mühüm sənədlər olur. Söhbət sosial-iqtisadi inkişafa yönəlik orta və uzaq mənzilli proqramlar, xarici siyasət və milli təhlükəsizlik konsepsiyaları, müdafiə doktrinası kimi anlayışlardan gedir. Dövlətin bel sütununu təşkil edən bu sənədləri həm hakimiyyət orqanları, həm ictimai-siyasi institutlar, həm də müstəqil "beyin mərkəzləri" ərsəyə gətirir. Təhqiqat layihələrindən ictimai müzakirələrə, ordan da konkret direktivlərə (prezident fərmanları, parlament qərarları və s.) doğru vektor boyunca inkişaf yolu keçən bu sənədlər qəbul olunduğu andan istər dövlət siyasətinin, istər də hakimiyyət institutlarının fəaliyyətinin əsas təməlinə çevrilir. Təəssüf ki, bir çox yeni müstəqil dövlətlər kimi Azərbaycanın bu sahədə öyünməyə əsası yoxdur - bizdə bu tip sənədlər nəinki qədul olunmayıb, heç onların təhqiqat layihələri səviyyəsində müzakirəsinə belə girişməmişik.

Sosial-iqtisadi inkişaf proqramı, müdafiə doktrinası, xarici siyasət konsepsiyası kimi anlayışları dövlət siyasətinin qurulmasının baza dəyərləri kimi götürsək, onları şərtləndirən (eyni zamanda onların cəmindən süzülüb gələn) milli təhlükəsizlik konsepsiyasını (MTK) daha vacib saymalıyıq. Məhz MTK "Azərbaycanın milli maraqları nədir və onları hansı təhlükələr təhdid edir?" kimi suallara aydınlıq gətirə bilər. Qalan sənədlər, az əvvəl işarə vurduğumuz kimi, MTK-nın xarakterinə bağlıdır və sadəcə, konkret hədəflərə yönəlib, ayrı-ayrı istiqamətlər üzrə milli təhlükəsizlik problemləriylə məşğul olur.

Azərbaycanın milli təhlükəsizliyi problemiylə bağlı konkret məsələləri cözələməzdən öncə bu sahədəki beynəlxalq təcrübənin ümumi cizgilərinə nəzər yetirmək yerinə düşərdi. Əvvəla, inkişaf etmiş demokratik dövlətlər üçün MTK bir qayda olaraq xarici siyasət xarakterli sənəddir. Əlbəttə, bu ölkələr vətəndaşlarının yüksək həyat tərzinə nail olublar, hüquq və azadlıqları göz bəbəyi kimi qoruyan effektiv demokratik institutlar qurublar, onillər boyu sabit inkişaf və kataklizmlərsiz həyat şəraitində yaşayırlar. Təbii ki, onların əsas diqqəti də məhz xarici təhlükələrə yönəlib, bu ölkələri daha çox beynəlxalq təhlükəsizlik problemləri qayğılandırır. Yeni müstəqil dövlətlərdə, o sıradan Azərbaycanda durum fərqlidir. Bu məkanda milli təhlükəsizliyə daxili təhdidlər heç də az aktual deyil, hətta bəzən miqyasına görə xarici təhlükələri qat-qat geridə qoyur.

İkinci bir məqam. Yeni müstəqil dövlətlərin qəbul etdiyi MTK-lar bir çox hallarda deklaritiv xarakterlidir, gözdən pərdə asmağa hesablanıb. Onlar real və olduqca təhlükəli daxili təhdid faktorlarından yan keçir, dövləti içindən didib-dağıdan təhlükələri "görmür". Əlbəttə, bunun səbəbini anlamaq çətin deyil. Axı bir çox daxili təhlükələr ya məhz bu ölkələrin hakimiyyətlərinin ciddi yanlışları, səhv qərarları nəticəsində yaradılıb, ya da obyektiv amillər dalğasında meydana çıxan təhlükələr mövcud iqtidarların səriştəsizliyi sayəsində həllini tapmayıb, şişib-böyüyüb. Məsələn, müstəqil Azərbaycanın "yol yoldaşı" - iliyə işləmiş korrupsiya milli təhlükəsiliyin başlıca düşmənidir. Və ya olkədə bütün parametrlər üzrə parçalanmalara, davamlı vətəndaş qarşıdurmalarına gətirən seçki saxtakarlığını götürək. Bəs olkə iqtisadiyyatının neft sektorundan güclü asılılığı necə, milli təhlükəsizliyə azmı təhlükə yaradır? Məgər enerji daşıyıcılarının dünya qiymətlərinin kəskin düşməsi ən ciddi sosial-iqtisadi kataklizmlərə gətirməzmi? Yeni müstəqil dövlətlərin hakimiyyətlərinin görmək istəmədiyi, qulaqardına vurduğu başqa daxili təhlükə amillərini də sadalamaq olar. Təbii ki, bu halda MTK heç bir ciddi fəaliyyətə söykənməyən, yalnız quş qoymaq xətrinə qəbul olunmuş deklarativ sənəd, söz oyunudur. Necə deyərlər, "milli dövlətimiz varsa, himnimiz, bayrağımız, gerbimiz kimi milli təhlükəsizlik konsepsiyamız da olmalıdır" məntiqindən çıxış edirlər…

Milli maraqlara təhlükə anlayışının necə qavranılması da önəmli məsələdir. Bəziləri yanlış olaraq milli maraqlara təhlükə dedikdə yalnız toqquşmalar, kataklizmlər və müharibələr ehtimalını göz altına alırlar. Əslində isə bu sıraya başqa vacib amillər də daxildir - texnoloji, sosial-iqtisadi və mədəni gerilik, dəyərlər sisteminin itirilməsi, cəmiyyətin informasiya məkanının kənar ideoloji təsirlərə məruz qalması və s. Bütün bunlar milli təhlükəsizliyi xarici təcavüzdən heç də az təhdid etmir və dolayısıyla daha ağır nəticələrə gətirib çıxarmaq gücündədir. Məsələn, sovet dövründə Azərbaycan obyektiv səbəblərə görə yüksək inkişaflı Qərb ölkələrindən texnoloji və sosial-iqtisadi tərəqqi baxımından çox geri qalırdı. Başqa SSRİ respublikası kimi. Bəs müstəqillik illərində nə baş verir, gerilik həddi artır, ya azalır? Bəli, Baltik ölkələri bizdən çox irəli gediblər. MDB dövlətləri necə? Bu məkanın bəzi ölkələri (Rusiya, Qazaxıstan) orta əməkhaqqı səviyyəsinə görə Azərbaycanı xeyli qabaqlayırlar. Məsələ tək əməkhaqqında deyil. Dünya həmin Rusiya və Qazaxıstanı azad bazar iqtisadiyyatına malik ölkələr kimi tanıyır, Azərbaycanı yox.

Başqa bir misal gətirək. İraq müharibəsində Azərbaycan ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi antisəddam koalisiyasına qoşuldu. Amma Azərbaycanın beynəlxalq elektron KİV-ə çıxışı məhdud olduğundan bizim teleməkanda iki Rusiya kanalı dominant mövqe qazanmışdı. Yerli telekanalları istər texniki təchizat, istər hadisə yerindən operativ məlumatlar yaymaq imkanlarına görə qabaqlayan bu kanalların yayınladığı verilişlərin xarakterini xatırlasaq, Azərbaycan cəmiyyətinin antisəddam koalisiyası əleyhinə nə cür ideolji əks-təbliğat terroruna məruz qaldığını görərik. Belə çıxır ki, biz öz əleyhimizə əks-təbliğata qulaq verir, yəni öz dövlətimizə qarşı çıxmış oluruq (axı biz antisəddam koalisiyasına qoşulmuşduq!). Bu tip "informasiya qonaqpərvərliyi" olduqca mənfi nəticələrə gətirə bilər.

Nəhayət, milli təhlükəsizlik anlayışını yalnız dövlət təhlükəsizliyi kimi başa düşmək düz deyil. Cəmiyyət və fərd, onların maraqları, bunları təhdid edən amillər də MTK-nın predmetidir. Məsələn, NATO heç də (bəlkə də qətiyyən) ümumi xarici siyasət maraqlarıyla bir araya gələn ölkələr toplusu yox, insan haqları və demokratik prinsiplərə əsaslanan vahid ictimai quruluşa malik dövlətlər birliyidir. Vaxtilə Azərbaycan prezidenti NATO-dakı ABŞ təmsilçiləriylə görüşdə ölkənin bu quruma daxil olmaq niyyətində olduğunu dilə gətirəndə dərhal "Bununçün müəyyən şərtlər, o cümlədən korrupsiyayla mübarizə, insan haqlarının qorunması şərtləri var" cavabıyla üzləşmişdi. NATO ölkələrin köhnə-yeni münaqişələrinə (Türkiyə və Yunanıstan, Fransa və ABŞ) dözə bilər, demokratik prinsiplərə əsaslanan vətəndaş cəmiyyəti isə vacib şərdir.

Və sonda. Yaddan çıxarmayaq ki, insan haqqı və cəmiyyət maraqlarının qorunmasına təminat yoxdursa, hətta nüvə arsenallı qüdrətli ordusu olan ölkələr də dünyanın siyasi xəritəsindən silinə, ilim-ilim itə bilər (SSRİ kimi). Təəssüf ki, milli təhlükəsizlik konsepsiyasının bu əlaməti də Azərbaycan və başqa yeni müstəqil dövlətlər üçün aktualdır.