|
AVROPA İTTİFAQI NECƏ GENİŞLƏNİR |
 |
Petruşka Şustrova
'Narodovo Volni" (Çex Respublikası) qəzetinin redaktoru
|
Bu il mayın 1-i "köhnə" qitənin on ölkəsi - Avropa
İttifaqının (Aİ) yeni üzvləri üçün möhtəşəm gün idi. Artıq axşam,
Mərkəzi Avropa vaxtı ilə saat 11-də gecəni daha tez qarşılayan Baltikyanı
ölkələr və Kiprdə təntənələr son həddə çatmışdı. Sanki yeni il bayramıydı:
küçələrdə on minlərlə adam rəqs edir, mahnı oxuyur, şərab içir və
rok musiqisi səslənən konsertə tamaşa edirdi. Əhalisi Aİ-yə yeni
qəbul edilən ölkələrin hamısından az olan Maltada yüz minə yaxın
adam, demək olar, ada sakinlərinin dörddə biri nəhəng atəşfəşanlığa
yığışmışdı. Litvada ev və küçələrdəki bütün işıqları yandırmaq ideyası
yaranmışdı ki, ölkə kosmosdan bütün Aİ dövlətlərindən daha parlaq
görünsün.
Slovakiyanın paytaxtı Bratislavada gecə karnavalı
düzənlənmişdi. Varşava küçələrində və başqa Polşa şəhərlərində bayram
ovqatı vardı - bəzi yerlərdə musiqi altında rəqs edir, bəzi yerlərdə
isə ənənəvi polyak yeməyi olan biqos yeyirdilər.
Budapeştin yüz minlərlə sakini Macarıstan paytaxtının
küçələrinə çıxmışdı. Əqrəblər gecəyarını göstərəndə yeniliyə işarə
olan rəmzi zaman çarxı fırlanmağa başladı və burada da atəşfəşanlıq
hər yanı bürüdü. Berlin sakinləri də yatmamışdı. Aİ-nin genişlənməsi
almanları bir qədər narahat etsə də, bu gecəni onlar da bayram edirdilər
və Berlindəki Paris meydanı məhz Avropa İttifaqının yeni üzvlərinin
musiqiçilərinin ixtiyarına buraxılmışdı.
Biz haradayıq?
"Avropa iqtisadi nəhəng, siyasi cırtdan və hərbi qurddur”"
- ötən əsrin səksəninci illərində Jak Delor belə deyirdi. İndi "köhnə"
qitə xeyli dəyişib, hərçənd Avropa İttifaqı hələ hökmran rolundan
uzaqdır.
1973-cü ildə Henri Kissincer Avropa və Birləşmiş
Ştatların beynəlxalq siyasətdə rolları arasındakı fərqin təbiiliyini
belə formulə etmişdi: Avropanın maraqları yalnız regional xarakter
daşıyırsa, ABŞ-ın maraqları qlobal xarakterə malikdir. Otuz il sonra
biz ilk birgə Avropa təhlükəsizlik strategiyasının giriş hissəsində
oxuya bilərik ki, "Avropa İttifaqı mütləq qlobal oyunçu olmalıdır…
və qlobal təhlükəsizlik sahəsində, həmçinin ən etibarlı sülhün yaradılmasında
məsuliyyəti bölüşməyə hazır olmalıdır". Qəribədir, bu fikirdən belə
çıxır ki, sanki Avropada heç də hamı bu "qaçılmazlığa" inanmır,
bəzilərini hələ buna inandırmaq lazımdır.
Niyə orada belə ehtiyatla danışılır? Axı Aİ dünyəvi
rol oynamaq üçün bütün ilkin şərtlərə malikdir. Genişlənmədən sonra
birliyin 450 milyon əhalisi olacaq, o, dünya ümumi daxili məhsulunun
dörddə birini yaradacaq ki, bu da Birləşmiş Ştatların payına uyğun
gəlir. Onun üzvü olan dövlətlər qlobal hərbi xərclərin dörddə birində
iştirak edirlər. Aİ, demək olar ki, 2 milyon, amerikalılarsa yalnız
1,5 milyon əsgərə malikdir. BMT-nin bütün büdcəsinin 40 faizi Aİ-dən
keçir və birlikdə onlar dünya inkişaf yardımının, demək olar, üçdə
ikisini verirlər.
Amerikanın narahatlığı
Son on beş ildə dünyanın siyasi və təhlükəsizlik mühitində
böyük dəyişikliklər baş verdi, qüvvələr nisbəti yeniləşdi. Başlıca
təkan Sovet İttifaqının dağılması oldu - ABŞ yeganə dünya superdövlətinə
çevrildi. Birləşmiş Avropa ABŞ üçün kommunizmə qarşı müdafiə səddi
kimi öz girovluq dəyərini itirdiyi indiki bir vaxtda, hətta elə
görünür ki, amerikalılar Avropanın dəyişməsindən və rəqabət qüdrətli
dünya oyunçusuna çevrilməsindən qorxurlar. Onların Avropanın inteqrasiyasına
yardımları zəifləyib - yeri gəlmişkən, İraq böhranı müstəvisində
"köhnə" və "yeni" Avropa arasında mübahisə həm də bununla izah olunur.
Təhlükəsizliklə bahəm sərhəd və coğrafi maneə tanımayan hədələr
də azad şəkildə paralel olaraq qloballaşır.
 |
Aİ-nin xarici siyasət emansipasiyası məhz ABŞ-ın
Avropadan geri çəkilməsinin nəticələrindən biridir. Amerikanın "köhnə"
qitəyə marağı artıq ötən əsrin 80-ci illərinin axırlarından zəifləməyə
başladı. Dəmir pərdənin süqutu və Almaniyanın birləşməsi Amerikanın
ötən əsrin ikinci yarısındakı əsas xarici siyasət layihəsinə - Avropanın
müharibədən sonrakı təhlükəsizliyi məsələsinə həlledici nöqtə qoydu.
Avropada Amerika mövcudluğu bu gün strateji mahiyyətdən
çox rəmzi mahiyyət daşıyır. Yuqoslaviya müharibələrində ABŞ-ın müvəqqəti
müdaxiləsi bu sahədə heç nəyi dəyişmədi. ABŞ-ın birinci dərəcəli
geostrateji zonaları bu gün Yaxın Şərq və Asiyanın bəzi regionlarıdır
- Avropa və Amerika beynəlxalq siyasətin artmaqda olan məsələlərində
ayrı-ayrı mövqelər tuturlar. İraq böhranı artıq, az qala, son on
beş il ərzində Köhnə və Yeni Dünya arasındakı fikir ayrılığının
yalnız başa çatmasıdır. Bu fikir ayrılıqları hərbi qüvvənin rolu
və onun istifadəsinin legitimliyi, beynəlxalq hüquq anlayışı və
multirateral təşkilatın əhəmiyyəti ilə bağlıdır. Bundan əlavə, biz,
məsələn, dünya ticarətinin liberallaşdırılması, ətraf mühitin qorunması,
yaxud kənd təsərrüfatı məhsullarının genetik modifikasiyası kimi
müxtəlif məsələlərdə bir-birimizi başa düşmürük.
Avropa beynəlxalq fəaliyyət müstəvisində getdikcə
daha tez-tez Birləşmiş Ştatların rəqibi olur.
İlk baxışdan Avropa dünya siyasətində başlıca rola çıxmağa qabildir.
Bunun üçün bir sıra daxili mülahizələr var və xarici şərait də buna
məcbur edir. Ancaq Avropa öz potensialını axıracan reallaşdırıb
dünya lideri, supergüc mövqeyinə keçməyə müvəffəq olmur.
Problem nədədir?
"Tam superdövlət" hökmranlıq alətlərinin bütöv bir
dəstinə sahib olmalı və ondan beynəlxalq sistemin müxtəlif situasiyalarında
istifadə etməyi bacarmalıdır. O, cəzalandırmağı və mükafatlandırmağı,
düşmənlərini qorxutmağı və darmadağın etməyi, müttəfiqlərini müdafiə
etməyi və onlara yardım göstərməyi bacarmalıdır. Bunun da əsas şərti
qısa müddət ərzində dünyanın istənilən nöqtəsinə xeyli hərbi qüvvə
göndərməyə qadir olan güclü hərb maşınının olmasıdır. Belə bir maşın
güclü iqtisadi və elmi-texniki baza üzərində durur ki, həmin bazanı
da böyük xərclərdən istifadə ilə inkişaf etdirmək olar.
 |
Amma əgər dövlət hökmranlıq rolu və özünün böyük
dövlət alətlərindən istifadə etmək qətiyyətinə ehtiyac duyursa,
bütün bunlar bəs etməyəcək. Buna görə də onun daxilində öz təyinatı
və sivil missiyasına yönəlik razılıq olmalıdır. Belə bir hiss hansısa
xalqın istisnalığı, yaxud ictimai kompleksi haqqında mülahizələrdə
qalır. Amma özünü təkcə superdövlət kimi görmək və ondan istifadə
etmək üçün vasitə və iradəyə sahib olmaq bəs eləmir. Başqalarının
belə bir nəhəngi qəbul etmələri və onunla hesablaşmaları da vacibdir.
İqtisadi çəki, siyasi nüfuz və hərbi qüdrət ararsındakı
uyğunsuzluqlar qalır. Demək olar ki, iki milyon Avropa əsgərindən
döyüş əməliyyatlarına ən çoxu 60 000 əsgər göndərmək mümkündür,
onlardan bir azca artığı da bir sıra beynəlxalq missiyalarda iştirak
edə bilər. Bu, ABŞ-ın hərbi qüdrətinin 15 faizinə güclə çatır. Avropa
orduları Amerika ordusundan o biri sahələrdə də, başlıca olaraq
müasir texnologiyanın tətbiqində geri qalır.
Avropanın iqtisadi və müəyyən qədər də elmi-texniki
bazası ABŞ-ın potensialı ilə müqayisə olunur. Amma nikbinlik üçün
əsas o qədər də çox deyil. Fransa Beynəlxalq Əlaqələr İnstitutunun
ötənilki analitik xülasəsinin "Dünya ticarəti 21-ci əsrdə" bölməsində
göstərilir ki, əgər iqtisadi və sosial inkişafın Lissabon strategiyasını
həyata keçirməsə, Avropanı iqtisadi tənəzzül gözləyir. Əgər Avropa
indiki inkişaf sürətində qalsa, onun dünya məhsulları içərisindəki
payı 2050-ci ilə qədər 25-dən 12 faizə qədər azalacaq.
Amma bütün bunlar qeyri-maddi situasiya kimi o qədər
də vacib deyil. Avropanın öz gələcəyi, hara gedib çıxacağı, hansı
dövlət ideyasına söykənəcəyi haqqında vahid təsəvvürü yoxdur. Aİ
hələ suverenlik, legitimlik, hakimiyyətin tətbiqi və qərarların
qəbulunda ağırlıq mərkəzlərinin qovuşduğu nöqtəni tapa bilməyib.
Əksinə, Avropa İttifaqında bu seksiya həm üfüqi (ayrı-ayrı üzv dövlətlərdə),
həm də şaquli (hökumətlərarası və regional qurumlardan tutmuş dövlətüstü
təşkilatlaradək) müxtəlif səviyyələrdə səpələnmişdir. Bu problemin
həllində imzalanması artıq yaxınlaşan Avropa Konstitusional Müqaviləsi
heç nəyi dəyişməyəcək.
Ümid nəyədir?
Avropa İttifaqının üzvü olan 25 ölkənin xarici siyasətə
və gələcək strategiyaya dair baxışları tamamilə eyni deyil. Yalnız
bir nümunə göstərək: Fransaya Avropanı Amerika "hipergüc"ünə müqabil
görmək xoş gəlsə də, britaniyalılar qorxurlar ki, Avropanın həddən
artıq emansipasiyası Transatlantik alyansın ayağının altını qaza
bilər. Almaniya da bu iki münasibət arasında balans siyasəti yürüdür.
Nəzərə alsaq ki, Avropa İttifaqında bu problemə dair tamamilə müxtəlif
baxışları, eyni zamanda öz fərdi prioritetləri və maraqları olan
daha 22 dövlət var, onda Aİ gələcəkdə qlobal siyasətin nəinki "klassik"
supernəhəngi, heç "normal" oyunçusu da ola bilməyəcək.
Belə bir yol böyük güclərin tarazlığı kimi ənənəvi
modeldən imtinaya əsaslanan Avropa inteqrasiyası prinsipinin rədd
edilməsi demək olardı. Avropanın birləşdirilməsi nadir eksperiment
- postsuveren toplumun yaradılmasını təklif edir ki, burada əsas
dəyər ayrı-ayrı dövlətlərin müxtəlifliyinə dözümlülükdür.
Avropa dövləti ideyasının olmaması Avropanın dünyadakı
roluna dair təsəvvürlərin yoxluğu demək deyil. İlkin Avropa dəyərləri,
demək olar ki, Amerika dəyərləri ilə oxşardır: sülh, təhlükəsizlik,
sabitlik, dünyanın çiçəklənməsi. Terrorizmə qarşı mübarizədə, kütləvi
qırğın silahlarının yayılmasının qarşısının alınmasında, demokratiya
və azadlığın dəstəklənməsində oxşar maraqlarımız var. Əgər biz birgə
çıxış etməyi bacarsaq, dünyanın gələcəyi üçün müəyyən dərəcədə qərarlı
ola bilərik.
Planlar
Son 18 ay ərzində Avropa İttifaqının qonşularına dair
siyasi strategiyanın tədrici inkişaf mərhələlərini dəqiqləşdirən
bir çox sənəd qəbul olunub. Məsələn, Avropa İttifaqının yeni qonşuları
haqqında təşəbbüslərin nəticələri, Avropa Komissiyasının "Daha geniş
Avropa - qonşuluq: cənub və şərq qonşularımızla əməkdaşlığın yeni
hüdudları" kommünikesi, yaxud "Yeni qonşuluq vasitələrinə yol açılması"
sənədini göstərmək olar.
Bu il mayın 12-də Avropa Komissiyası "Avropa qonşuluq
siyasəti strategiyası" (European Neighborhodd Policy Strategu Paper)
sənədini dərc etdi. Burada genişlənmiş Avropa İttifaqının yaxın
qonşulara yönəlik siyasətinin ümumi təsəvvürləri təqdim edilmişdir.
"Strategiya"nı hələ Avropa Parlamenti təsdiq etməlidir, amma əhəmiyyətli
dəyişikliklər gözləmək olmaz.
Bu sənəd həmin mövzuda olan əvvəlki materialların
davamıdır. Amma yeri gəlmişkən, onun yeni komponentləri arasında
Cənubi Qafqazın "Strategiya"ya daxil edilməsi də var. Bu, sənədin
yalnız Aİ-yə üzvlüyə aparan yol olmadığına sübutdur. Amma həm də
"Strategiya"nın əhatələdiyi bəzi ölkələrin üzvlüyə qəbul olunması
perspektivlərinin üstündən qeyd-şərtsiz xətt çəkməyə bərabər deyil.
Yeni formul inqilabi xarakter daşımır, amma aşağıdakı
sahələrdə Aİ-nin şərq qonşuları ilə daha geniş və daha intensiv
əməkdaşlığı üçün imkanlar açır:
1. Avropa İttifaqının söykəndiyi insan hüquqlarına
hörmət, demokratiya və hüquqi dövlət kimi əsas dəyərlərə əməl edilməsi;
2. Siyasi dialoq, birgə xarici siyasətdə, təhlükəsizlik
siyasətində böhranlar üzrə tədbirlərdə və münaqişələrə qarşı fəaliyyətdə
iştirak imkanları;
3. İqtisadi islahatların həyata keçirilməsi, ölkə
qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması. "Strategiya"
növbədənkənar ticarət münasibətləri və qonşu ölkələrin Aİ bazarına
buraxılış imkanlarının artırılmasını da nəzərdə tutur;
4. Ədliyyə və daxili işlər sahəsi, dövlət institutlarının
təkmilləşdirilməsi, onların səmərəliliyi və şəffaflığı;
5. Energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi,
elm və təhsil.
Avropa İttifaqının tarixi inkişafı
1950 - Fransanın xarici işlər naziri Robert Şuman
Fransa və Almaniyanın daş kömür və polad sənayesinin birləşmiş cəmiyyətini
yaratmağı təklif edir.
1951 - Belçika, Fransa, İtaliya, Niderland, Lüksemburq
və Almaniya Şumanın təşəbbüsünə qoşulmaq üçün müraciət edirlər.
Onlar birlikdə Avropa Daş Kömür və Polad Cəmiyyətinin əsasını qoyurlar.
1957 - həmin ölkələr Romada Avropa İqtisadi Birliyi
(AİB) və Avropa Atom Enerjisi Cəmiyyətini yaradırlar.
1959 - Avropa Azad Ticarət Cəmiyyəti yaradılır.
1968 - Avropa Birliyi ölkələri axırıncı gömrük tariflərini
aradan qaldırır və birgə xarici tarif təyin edirlər.
1973 - Avropa Birliyi ilk dəfə genişlənir - İrlandiya,
Danimarka və Böyük Britaniya birliyə daxil olurlar.
1979 - Avropa valyuta sistemi işə düşür - Avropa
birgə valyutası - ekyü yaradılır.
1981 - Yunanıstan Avropa Birliyinin üzvü olur.
1985 - Almaniya, Fransa və Benilüks dövlətləri (Belçika,
Niderland, Lüksemburq) sərhəd nəzarətinin aradan götürülməsi haqqında
(Şengen sazişi) müqavilə imzalayırlar.
1986 - İspaniya və Portuqaliya AB-nin üzvü olurlar.
1990 - Almaniya birləşir.
1991 - Maastrixtdə Avropa Parlamentinin sessiyası.
Üzv ölkələr Avropa İttifaqı barəsində gələcək müqavilə təklifləri
haqqında razılığa gəlirlər.
1992 - Maastrixt müqaviləsi imzalanır.
1993 - yanvarın 1-dən birləşmiş daxili bazar fəaliyyət
göstərməyə başlayır.
1995 - Avstriya, Finlandiya və İsveç birliyə üzv
olur.
1995 - Şengen müqaviləsi Belçika, Fransa, Lüksemburq,
Almaniya, Niderland, Portuqaliya və İspaniyanın iştirakı ilə qüvvəyə
minir.
1995 - Avropa Parlamenti Finlandiyanın nümayəndəsi
Yakob Södermanı insan hüquqları üzrə ilk müvəkkil seçir.
1997 - Avropa Parlamenti Estoniya, Çexiya Respublikası,
Kipr, Macarıstan, Polşa və Sloveniya ilə bu ölkələrin Aİ-yə daxil
olması şərtləri haqqında danışıqlara başlamağa qərar verir.
1998 - avro Belçika, Finlandiya, Fransa, Lüksemburq,
Almaniya, Niderland, İrlandiya, İtaliya, Portuqaliya, Avstriya və
İspaniya üçün rəsmi valyuta olur - hələlik yalnız bank əməliyyatları
üçün.
2002 - yanvarın 1-dən 12 ölkədə avro birgə valyuta
kimi dövr etməyə başlayır.
2003 - Yunanıstanda 10 yeni dövlətin Aİ-yə buraxılması
haqqında müqavilə imzalanır.
2003 - Avropa konventi Avropa konstitusiyası üzrə
təklifləri təqdim edir.
2004 - mayın 1-dən Avropa İttifaqına 10 yeni üzv
qəbul olunur.
Tərcümə etdi:
Nəriman Əbdülrəhmanlı |