SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
DEMOKRATİK MÜBARİZƏ TARlXİ

KEÇMİŞ DİSSİDENTİN MONOLOQU
Cersi Tarqalski

Cersi Tarqalski. 1952-ci ildə anadan olub. Varşava Universitetinin tarix və Qədim Şərq filologiyası fakültələrini bitirib. 1976-cı ildən Fəhlələrin Müdafiə Komitəsi (FMK), sonra isə "Glos ("Səs")" qrupu və "Kruq" ("Dairə") nəşriyyatı ilə əməkdaşlıq edib. 1977-ci ildən gizli ədəbiyyat yayımıyla məşğul olan qrup yaradıb. 1981-ci ildə "Oboz" ("Düşərgə") jurnalı, 1982-ci ildə isə "Niepodleglosc" ("Hürriyyət") aylıq siyasi jurnalı nəşr edib. 1984-1997-ci illərdə Fransada mühacirətdə yaşayıb. "Kultura" jurnalı və "Azad Avropa" radiosu ilə əməkdaşlıq edib (1988). Qərbdə Yozef Darski təxəllüsü ilə tanınıb. Vətənə qayıdandan sonra "Gazeta Polska"da çıxış edir, Varşava Universitetində, Şərgi Avropa İnstitutunda dərs deyir. 1998-2000-ci illərdə "PAİ-Press" və "PAİ-İnternet"ə başçılıq edib.

Müxalifətçiliyə necə başladım?

1976-cı ildən müxalifətdə olmuşam. Düzdür, daha öncə də bu haqda düşünürdüm, lakin müxalifətçiliyə lazımi şərait yox idi. Bunun üçün müəyyən şərait yetişməli, ictimai narazılıq yaranmalı və insanlar mübarizənin perspektivinə əmin olmalıydılar. 1976-cı ilə gədər isə, açıq demək lazımdır ki, cəmiyyət kommunist hakimiyyəti dəstəkləyirdi. Kommunistlərin lideri Qerekin Qərbdən aldığı kreditlərin köməyi ilə 1970-ci ildən sonra ölkənin maddi vəziyyəti düzəlməyə başlamışdı.

İkinci vacib şərt repressiya səviyyəsinin aşağı olmasıdır. Repressiyalar müəyyən həddi aşanda – hər cəmiyyətdə bu hədd fərqli ola bilər - mübarizəni mümkünsüz edir. Bu baxımdan Polşada vəziyyət əlverişli idi. Birincisi, kommunistlər kreditlər əldə etmək ücün Qərbin gözündə rəğbət qazanmalı idilər, buna görə də çox kəskin repressiyalara əl ata bilmirdilər. İkincisi, kommunist milisi artıq onda müxalifətlə ikibaşlı oyun oynayırdı. 1976-cı ildən sonra Kaninin (xüsusi xidmətlərə cavabdeh olan siyasi büro üzvü) sui-qəsdi adlanan bir hadisə ortaya çıxdı. O, Gerekin yerinə keçmək istəyirdi. Buna görə də Kaninin adamları müxalifətə fəaliyyət imkanı verməliydilər. Sözsüz ki, bu imkandan istifadə etdik.

1975-1976-cı illərdə Qerekə rəğbət əridi və fəaliyyət imkanı, dəyişikliklərə inam yarandı. 1976-cı ildə Varşava yaxınlığındakı Ursusda, Ploskda və Radomda milisin repressiyalara məruz qoyduğu fəhlələrə yardım göstərmək məqsədilə Fəhlələri Müdafiə Komitəsi (KOR) yarandı.

Müxalifət o zaman düşünürdü ki, hər şeydən öncə repressiyalara qarşı çıxmaq, ictimaiyyəti hərəkata sövq etmək lazımdır. Sonralar müxalifətin fəaliyyəti fəhlələrin formal hüquqlarının pozulması haqqında məlumat yayan kommünikelərin, bülletenlərin, məcmuələrin gizli nəşr edilməsiylə genişləndi. Daha sonra rəsmən qadağan olunmuş siyasi məqalələrin, bədii ədəbiyyatın, kitabların yayılmasına başlanıldı. Müxalifət Qərb medialarına çıxışı əldə etdi. 70-ci illərdə müxalifət sıralarında 10 minə yaxın adamın birləşdiyi təxmin olunur. Ancaq "Solidarnost"un tətil aksiyalarından sonra on minlər yüz minlərə cevrildi və artıq milis bütün hərəkata nəzarət etmək iqtidarında deyildi. "Solidarnost"un sıralarında casusların olmasına baxmayaraq, hərəkat o qədər kütləvi idi ki, hamıya nəzarət etmək imkanı yox idi. Hərbi vəziyyət məhz buna görə lazım idi ki, müxalifətin rəhbər strukturlarını dağıdıb fəaliyyətini nəzarət altına ala bilsinlər. Lakin 1988-ci ildən sonra müxalifəti yox etmək mümkün olmadı. Hamını güllələmək olardı, ancaq beynəlxalq aləm buna imkan verməzdi.

Əvvəl-əvvəl FMK-nın gizli əməkdaşı oldum. Düşünürdüm ki, kommunizmlə gizli mübarizə aparmaq lazımdır. İlkin vəzifəm pul yığmaq və qeyri-leqal ədəbiyyat yaymaqdan ibarət idi. Sonralar öz qrupumu yaratdım. Bu qrup müxalifət hərəkatının bir qolu olan "Glos" aylıq məcmuəsi ilə əməkdaşlıq edirdi. Onun çapına və yayımına köməklik göstərirdik. 1980-ci ilədək gizli ədəbiyyat yayımı ilə məşğul olduq. Şəxsi jurnalımızı nəşr etmək istəyirdik, lakin çap maşınımız yox idi.

Sonra "Solidarnost" dövrü gəldi, hər birimiz bu qurumda aşkar fəaliyyət göstərirdik. Polşada hərbi vəziyyət elan olunanda gizli fəaliyyətə keçdik, çap maşını əldə edəndən sonra isə şəxsi jurnalımızı buraxmağa başladıq. 1982-ci ilin yanvar ayında "Niepodleglosc" adlı siyasi jurnalın nəşri ilə məşğul olan bir təşkilat yaratdıq. Bu, ilk siyasi məcmuə idi. Mən Qərbə gedəndən sonra, 1984-cü ildə həmkarlarım bu təşkilatın nəzdində siyasi partiya yaratdılar.

SSRİ-ni kommunistlər dağıtdı

Sovet İttifaqının dağılmasını nomenklatura daxilindəki ayrı-ayrı klanlar arasında gedən mübarizənin nəticəsi kimi görürəm. Sovet İttifaqında həmin mübarizə Mixail Qorbaçovla Boris Yeltsin arasında gedirdi. Əgər Qorbaçov hakimiyyəti Yeltsinlə bölüşməyə qadir olsaydı, bu dövlət dağılmazdı. Lakin Qorbaçov bunu edə bilmədi və Yeltsinə Sovet İttifaqının və Qorbaçovun tutduğu prezident vəzifəsinin ləğvinə çalışmaqdan başqa bir şey qalmadı.

1989-cu ildən başlayaraq SSRİ-də hakimiyyət özünəməxsus respublika nomenklaturalarının federasiyasına çevrildiyindən (Tito zamanında Yuqoslaviyada oduğu kimi) öz aralarında razılığa gələrək ittifaq anlaşmasını ləğv etmək onlar üçün asan bir şey oldu. Bu, bir tərəfdən bəzi, daha inkişaf etmiş respublikaların beynəlxalq əmək bölgüsündə iştirak etməsinə və gerilikdən çıxmasına imkan yaratdı, digər tərəfdən isə Yeltsini respublika nomenklaturaları ilə razılaşma əldə etməyə və transformasiyanı birlikdə həyata keçirməyə sövq etdi. O zaman müstəqil müxalifət yox idi, olanlar da hər halda real gücə malik deyildi. Eyni zamanda xüsusi orqanlarda Qorbaçov və Yeltsin tərəfdarları arasında parçalanma prosesi getdi. Yeltsinin qələbəsi artıq 1991-ci ilin yanvar ayından, onun Baltikyanı ölkələrin hakimiyyətlərinə qarşı dövlət çevrilişi hazırlayan Qorbaçov əleyhinə çıxmasından bəlli idi. Eyni zamanda Aleksandr Yakovlevin təşəbbüsü, DTK və agenturanın köməyi ilə yaradılan xalq cəbhələri də müstəqillik yönündə inkişaf etdilər və Qorbaçov düşərgəsindən Yeltsinin düşərgəsinə keçdilər. Bunun antikommunizmlə o qədər də əlaqəsi yox idi, sadəcə olaraq yeni elitanın əksəriyyəti ictimaiyyətin dəstəyindən irəli gələn güc hiss etdi və öz gələcəyini Yeltsinlə, onun nomenklatura klanı ilə bağladı.

Sonradan Ukrayna, əsasən də Kravçukla əməkdaşlıq sayəsində Yeltsin ittifaq müqaviləsini pozdu. Beləliklə, Sovet İttifaqının dağılması kommunist hakimiyyətinin yuxarı təbəqələrində gedən münaqişə nəticəsində baş verdi.

Xalq cəbhələrinin yaradılmasında DTK agenturasından istifadə olunmuşdu

Xalq cəbhələrinə tarixi perspektivi olmayan bir şey kimi baxmaq olmaz. Onlar Aleksandr Yakovlevin planı ilə yaranmışdı (Bu proses 1988-ci ilin mart ayında başlamışdı). Bu təşkilatlar müəyyən dərəcədə siyasi plüralizmi həyata keçirməli idi, yəni partiya varsa, xalq cəbhəsi də var.

Xalq cəbhələrinin yaradılmasında DTK agenturasından və partiya ziyalılarından istifadə olunmuşdu. Lakin xalq cəbhələri qeyri-kommunistlərə də, hətta antisovet müxalifətə də fəaliyyət göstərmək imkanı yaratmışdı. Buna görə də sovet hakimiyyəti elitasının əliylə idarə olunduqları birinci mərhələ (1988-1989-cu illər) başa çatdıqdan sonra bu cəbhələrin daxilində rəhbərlik üstündə kəskin mübarizə başlandı. Cəbhələr ya partiyaya və xüsusi orqanlara yaxın olan adamların, ya da hansısa dərəcədə antisovet, müstəqil elementlərin əlinə keçdi. Bu səbəbdən respublikadan asılı olaraq xalq cəbhələri ya sistemə qarşı yumşaq müxalifət, yəni Qorbaçov xətti üzrə, ya da antisovet yönündə inkişaf edirdilər. Lakin burada bir halı nəzərə almaq lazımdır. Nə qədər ki, mərkəz Qorbaçov və Yeltsinin qruplarına bölünməmişdi, xalq cəbhələri az-cox Qorbaçova sadiq idilər, mübarizə isə müstəqil qanadla Qorbaçovyönlü, yəni yeni ittifaq müqaviləsi tərəfdarları arasında gedirdi. Mərkəzi hakimiyyət yeni ittifaq müqaviləsinin bağlanılmasına calışan Qorbaçov və respublika nomenklaturalarının müstəqilləşməsinin tərəfdarı olan Yeltsin qruplarına bölünəndə xalq cəbhələri (onların həm antisovet, həm də kommunist yönlü hissəsi) seçim qarşısında qaldılar: ya Qorbaçov, ya da Yeltsin. Və həmin anda cəbhə rəhbərliklərinin əksəriyyəti Yeltsinlə əlbir oldular. Bu da, öz növbəsində, sovet imperiyasının dağılmasına və keçmiş sovet respublikalarının müstəqillik əldə etməsinə səbəb oldu.

Kommunistlərin dönüşü təbii idi

Sovet İttifaqının dağılmasında əsas rolu kommunistlər oynamışdılar və hakimiyyət rıçaqlarını da öz əllərində saxlamağa çalışırdılar. Kommunistlər hakimiyyət səhnəsindən yox olmamışdılar. Sadəcə olaraq siyasi hakimiyyətin bir hissəsindən çıxmışdılar, qeyri-kommunistlərə yer verərək özlərinə ortaq əldə etmişdilər. İqtisadi transformasiya həyata keçirildikdən sonra isə o qədər gücləndilər ki, siyasi səhnəyə döndülər. Köhnə elita öz sıralarına yeni ortaqlar qəbul edib hakimiyyətdə qaldı. İlk anda öz güclərini iqtisadi transformasiya üzərinə yönəltdilər və medialarda, məhkəmə strukturlarında mövqelərini qoruyub saxladılar, buna görə də müəyyən vaxtdan sonra tam siyasi hakimiyyətə qayıtdılar.

Bilirsiniz, postsovet ölkələrində transformasiyanı əsasən kommunist elitaları həyata keçirdilər. Haradasa müxalifət mövcud olsa belə, müstəqil deyildi. Mərkəzi Avropa və Baltikyanı ölkələrdə vəziyyət fərqli idi. Baltikyanı ölkələri bura ona görə aid edirəm ki, onlar kommunizmin təsiri altında az yaşayıblar. İkincisi, bu ölkələrdə sovet dövründə kommunist partiyası ilə yanaşı müəyyən müstəqil müxalif qruplar da fəaliyyət göstərirdi. Mərkəzi Avropa dövlətlərində transformasiyanı qeyri-kommunist ortaqlarla sıralarını genişləndirmiş kommunist elitası həyata kecirmişdi. Yəni transformasiyanın həyata keçirilməsi onların hər ikisinin marağına uyğun gəlirdi. Məhz bu birlik nəticəsində keçmiş hakimiyyət elitası yeni sistemdə nəinki siyasətdə, hətta iqtisadiyyatda, media, məhkəmə strukturlarında və başqa sahələrdə yüksək vəzifələrdə qaldı. Keçmiş sovet ölkələrində isə müxalifət cox zəif idi, elə bir mühüm rol oynamırdı və onun bu və ya digər kommunist klanına qoşulmaqdan başqa çıxış yolu yox idi.

Keçmiş sovet ölkələrində faciəvi vəziyyət yaranıb

Bu ölkələrin cəmiyyətlərinə öncə qanun və demokratiya lazımdır. Ona görə ki, bu məkanda haqsızlıq hökm sürür. Demokratik ölkə modeli qanuna tabe olan siyasi elitanın hakimiyyətidir. Qanun eyni dərəcədə həm idarə edənlərə, həm də idarə olunanlara aid olmalı, hakimiyyət dairələrinin özbaşınalığı və ədalətsizliyini məhdudlaşdırmalıdır. Nə vaxta qədər bu ölkələrdə qanun işləməyəcək, həmin cəmiyyətlər heç nəyə yaramayacaq. Cəmiyyət hakimiyyət elitasını dəyişdirmək üçün seçim imkanına malik olmalıdır. Bu ölkələrdəki mövcud seçki sistemi cəmiyyətə bu cür seçim imkanı vermir. Lakin söhbət yalnız seçki qanunlarından getmir. Məsələ ondadır ki, yeni hakimiyyət elitasının yaranması üçün yeni siyasi liderlərin meydana çıxması mexanizmləri olmalıdır. Bu cür mexanizmlər isə yoxdur, mövcud hakimiyyət elitası elə başa düşür ki, əgər müstəqil, korrupsiyaya meylli olmayan, hansısa alternativ bir qrup meydana çıxsa, o, köhnə elitanı ortadan götürəcək. Buna görə dürüst adamın cəmiyyətdə irəliyə getməsi mümkün deyil. Keçmişi tamamilə təmiz, heç bir korrupsiyaya bulaşmayan və yaxud nüfuzuna xələl gətirə biləcək heç bir şübhəli fəaliyyət göstərməmiş siyasi liderin ortaya çıxması mümkünsüzdür. Hər şeydən öncə bu problem media və ona bərabər çıxış imkanı ilə bağlıdır. Təzələrdən heç kimin mediaya çıxışı yoxdur, çünki mövcud hakimiyyət elitasının bu sahədə inhisarı var. Bütün mübahisələr təsir dairələrinin bölünməsi ətrafında gedir. Köhnə elita bunda maraqlıdır ki, cəmiyyətin dürüst siyasi liderləri olmasın. Düzünü desəm, yaranmış vəziyyətin dəyişməsi üçün heç bir imkan görmürəm, çünki bu o deməkdir ki, bütün elita getməlidir. Bu isə mümkün deyil.

Ümumiyyətlə, belə bir dəyişiklik iki halda baş verə bilər. Birincisi, hakimiyyət elitasının bir hissəsi görür ki, fəlakət baş verəcək, bütün sistem dağılacaq və onları da özü ilə birgə batıracaq. Ona görə özünü məhdudlaşdırır, müstəqil fəaliyyət üçün müəyyən cığır açır. Bu zaman yeni siyasi elitanın formalaşmasına imkan yaranır. Ya da ki, tamamilə çöküntü, faciə baş verir, bütün sistem dağılır. Bu halda da yeni qruplar ortaya çıxa bilər. Müəyyən mənada bu da təhlükəlidir: heç bir təminat yoxdur ki, yeni elita köhnə hakimiyyət elitasından nə iləsə fərqlənəcək. Problem bundadır. Təzə elitanın yaranması üçün yeni, dürüst, korrupsiyaya və şübhəli əlaqələrə bulaşmamış insanların siyasi karyerasını mümkün edəcək mexanizmlər yaranmalıdır.

Keçmiş sovet bloku ölkələrinin gələcəyinə bədbin yanaşıram. Rusiyanın postsovet məkanında öz imperialist nüfuzunu geri qaytarmağa calışdığını görürük. Sözsüz ki, Rusiyanın təsiri keçmişdə olduğu kimi, yəni Moskvadan bir zəng və hamının əmrə tabe olması yolu ilə həyata keçməyəcək. Sadəcə, yerli hakimiyyət elitaları öz maraqlarını reallaşdırmaq üşün Rusiya ilə əməkdaşlıq etməyə çalışacaqlar. Bu, açıq-aydın müşahidə olunur. Rusiyanın yanacaq və təbii sərvətlər sektorundakı siyasətini təhlil etsək, kifayətdir. Ümumiyyətlə, Rusiyada təbii sərvətlərdən savayı heç nə istehsal olunmur. Rusiya yerli elitalara təsir etmək üçün məhz bu sektordan istifadə edir. Belə bir vəziyyət yaranır ki, yerli elita öz şəxsi maraqları ilə Rusiya maraqlarına bağlanır. Nəticədə ümumi maraqlar yaranır və yerli elitalar Rusiya ilə əməkdaşlığı inadla davam etdirməyə üstünlük verirlər.

Sözsüz ki, bu kontekstdə Şərq-Qərb enerji koridoru, yəni Xəzər dənizi və Orta Asiya neft və qazının Qərbə nəqli fikri cox qiymətlidir. Ancaq fikir verin ki, Rusiya bu boru kəmərlərinin tikintisinə mane olmur. Bir halda ki, bu boru kəmərlərinə nəzarət eləmək olar, maneçilik törətmək nəyə lazım? Gələcəkdə Qərbi Avropa yanacaqla iki qaynaqdan təmin oluna bilər: Rusiyadan və Xəzər dənizindən. Rusiya bu qaynaqların hər ikisinə nəzarət edə bilər, birinə bilavasitə, o birinə isə yerli elitaların vasitəsilə. Azərbaycanda, Gürcüstanda və Orta Asiyada neft, qaz boru kəmərlərinə nəzarət edən yerli hakimiyyət elitaları öz iqtisadi maraqları ilə "Qazprom"la, "LUKoyl"la və s. ilə bağlı olacaqlar.

Eyni zamanda Mərkəzi Avropanın həm biznes, həm də siyasi elitaları enerji sektoru vasitəsilə Rusiya elitaları ilə bağlı ola bilər. Buna görə də Qərb üçün Rusiyanın enerji mənbələrindən asılı olmamaq çox vacibdir. Bu işdə isə güman yalnız ABŞ-ın Orta Asiyada və Xəzər dənizinin dibindəki neft yataqlarının açılmasına və dünya bazarlarına çıxarılmasına yardım edəcəyinə qalır. Bu, enerji sərvətlərinə malik ölkələrin beynəlxalq əmək bölgüsünə Rusiyadan asılı olmadan qatılmasına imkan yaradacaq.

Hazırladı:
Şəhla Kazımova,
Varşava Universiteti
Şərqi Avropa İnstitutunun magistri