SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№6 ---- Yay|2004
TƏQDİMAT

'CƏNUBİ AZƏRBAYCAN: SOYUQ MÜHARİBƏNİN BAŞLANĞICI"
Bakı, "Adiloğlu", 2003
Cəmil Həsənli

"Adiloğlu" nəşriyyatı tarixçi professor Cəmil Həsənlinin "Cənubi Azərbaycan: soyuq müharibənin başlanğıcı" adlı monoqrafiyasını çap edib. Əsər əvvəllər Azərbaycan dilində nəşr olunmuş "Cənubi Azərbaycanda sovet-ingilis-amerikan qarşıdurması" adlı monoqrafiyanın rusca işlənən əlavə versiyasıdır.

Cənubi Azərbaycan Milli Hökumətinin (1945-1946-cı illər) fəaliyyətinə dair arxiv materiallarına, Sovet İttifaqı və Birləşmiş Ştatların Azərbaycan probleminə o vaxtkı münasibətini əks etdirən sənədlərə, həmçinin xarici mətbuat və elmi nəşrlərin yazılarına söykənən müəllif bu qənaətə gəlir ki, böyük dövlətlərin Cənubi Azərbaycan məsələsində toqquşan maraqları soyuq müharibənin əsasını qoyub. "Stalinin Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatından öz imperiya və ekspansionist siyasəti üçün alət kimi istifadə etmək cəhdi XX əsr ərzində öz haqları uğrunda dörd dəfə ayağa qalxmış millətin qanlı faciəsiylə nəticələndi". Bu, müəllifin gəldiyi başlıca nəticələrdən biridir.

Humanitar elmlər mütəxəssisləri, beynəlxalq münasibətlər tarixiylə məşğul olanlar üçün nəzərdə tutulmuş bu monoqrafiya geniş oxucu kütləsinin marağını çəkəcək məqamlara da zəngindir. İllustrasiya materiallarına, ”fotolara və arxiv sənədlərinə geniş yer verilmiş kitabda təkcə bir xalqın qan içində boğulmuş mücadiləsinin mexanizmi açılmır, eyni zamanda o dövrün mürəkkəb beynəlxalq münasibətlər sisteminə, regionda marağı olan ayrı-ayrı dövlətlərin apardığı siyasətin incəliklərinə işıq salınır, siyasi xadimlərin xarakter və davranışlarının mənzərəsi yaradılır.

16 bölümlük monoqrafiyanın ilk hissələrində SSRİ-nin Cənubi Azərbaycana marağının tarixindən söz açılır. Qeyd olunur ki, 1940-cı ilin əvvəllərində Cənubi Azərbaycan Moskvanın hərbi-strateji planlarına daxil edilərkən imperiyanın əsas məqsədi bu İran əyalətini Sovet Azərbaycanıyla birləşdirmək yoluyla Orta Şərq regionun dərinliklərinə soxulmaq idi. Moskva eyni zamanda imperiyanın Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyini təmin etmək, Hitler Almaniyasının İrandan platsdarm kimi yararlanmaq niyyətini önləmək məqsədi güdürdü. Sovetlərin bu kontekstdə apardığı diplomatik manevrlərə, təbliğat-təşviqat fəaliyyətinə, hərbi səfərbərlik işlərinə və nəhayət, sovet qoşunlarının İrana müdaxiləsinə həsr olunan bölümlərdə Azərbaycan Kommunist Partiyasının yürütdüyü siyasət də diqqət mərkəzinə gətirilir. Qeyd olunur ki, Sovet qoşunlarının İrana müdaxiləsi ərəfəsində Azərbaycanda geniş ideoloji-siyasi iş aparılırdı. Hətta partiya-sovet fəallarından, təhlükəsizlik və hüquq-mühafizə xidmətlərinin əməkdaşlarından, dəmiryolçu və neftçi-geoloqlardan ibarət 4 minə yaxın mülki şəxs səfərbərliyə alnmışdı. İrana göndəriləcək Azərbaycan missiyasına Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının katibi Əziz Əliyev başçılıq edirdi. Maraqlı məqamlardan biri məhz Azərbaycan missiyasının sovet qoşunları İrana girəndən sonra üzləşdiyi diskriminasiya ilə bağlıdır. Kitabda Azərbaycan missiyasının milli birlik yönündə, ikiyə bölünmüş vətən problemi ətrafında gördüyü işlərdən danışılır və onun bu fəaliyyətinə qarşı SSRİ rəhbərliyinin törətdəiyi əngəllər tarixi faktlar, sənədlər əsasında oxucunun ixtiyarına buraxılır. Bu bölümlərdə sovet qoşunlarıyla eyni vaxtda İrana hərbi qüvvə göndərmiş Britaniyanın apardığı siyasət, bu siyasətin SSRİ-nin maraqlarıyla uzlaşdırılması, İran hökumətinin ölkənin ərazi bütövlüyünü və bölünməzliyini qorumaq cəhdlərindən də söhbət açılır.

Monoqrafiyanın İkinci Dünya müharibəsindən sonrakı tarixi durumu əks etdirən bölümlərində Cənubi Azərbaycan problemi (əslində, bütöv Azərbaycan problemi) kəsişən və üst-üstə düşən maraqların bütün spektri baxımından araşdırılır. Bu, elə bir zamanıydı ki, Avropada savaşın başa çatdığını əsas gətirən İran hər vəchlə xarici qoşunların (SSRİ, Britaniya, ABŞ) ölkə ərazisindən çıxarılmasına çalışır, Şərqi Avropaya kommunizm kabusu daşımaqdan ruhlanan Sovet İttifaqı isə Orta və Yaxın Şərqə, ilk növbədə İranla Türkiyəyə iştahlanırdı. Dünənki SSRİ müttəfiqləri ABŞ və Britaniyanın fərqli maraqları da nəzərə alınsa, Cənubi Azərbaycan probleminin necə mürəkkəb siyasi oyunlar, qarmaqarışıq ziddiyyətlər burulğanına düşdüyünü təsəvvür etmək olar.

Müəllif bu unikal tarixi gerçəkliklər kontekstində Azərbaycan məsələsinin maraq toqquşmaları və ziddiyyətlərin başlıca düyün nöqtəsi olduğu qənaətinə gəlir, xalqın faciəli taleyinin səbəblər səbəbini açıb göstərir. Azərbaycan Demokrat Partiyasının yaradılması, Azərbaycan Xalq Konqresinin və Cənubi Azərbaycan Milli Hökumətinin qurulması, bu tarixi hadisələri izləyən beynəlxalq şərait, həmin müddətdə sovet rəhbərliyinin, Şimali Azərbaycan kommunistlərinin, o cümlədən Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun, Cənubi Azərbaycandakı missiyanın başcısı Əziz Əliyevin fəaliyyəti kitabın həmin bölümlərinin əsas dartışma mövzusudur. Monoqrafiyanın ən oxunaqlı hissələri onun son bölümləridir desək, yanılmarıq. Sovet İttifaqının Azərbaycan problemindən yararlanaraq İranda apardığı neft oyunları, bu müstəvidə Qərblə toqquşan maraqlar, sovet qoşunlarının ölkə ərazisindən çıxarılması və nəhayət, Cənubi Azərbaycan Milli Hökumətinin qanlı süqutu bütün xırda detallarına qədər açıqlanır. Müəllif bu qənaətdə möhkəmlənir ki, sovetlər Cənubi Azərbaycan əhalisindən İrana və Qərbə təzyiq aləti kimi istifadə edərək sonda şərəfsizcəsinə onları qurban vermişlər. Bu mənada Cənubi Azərbaycan milli hərəkatının lideri Seyid Cəfər Pişəvərinin faciəli taleyindən bəhs edən sətirlər xüsusi önəm kəsb edir.

Azərbaycan tarix elminin ən görkəmli simalarından olan professor Cəmil Həsənlinin monoqrafiyası müasir tariximizin bəzi dolanbaclarından baş çıxarmaq, bizi əhatə eləyən dünyanın qəlizliyini və mürəkkəbliyini dərk etmək baxımındanda əvəzsiz mənbədir. Necə deyərlər, başına gələn başmaqcı olar. Azərbaycan faciələrindən dərs götürmək məqamı yetişməyibmi? Bu kitab başımıza gələnlər haqda kitabdır. Taleyimizin tarixçəsidir…