Amerika Beynəlxalq Təhsil Şurası (ACTR/ACCELS - www.americancouncils.org) müsabiqələrin təşkili, namizədlərin seçilməsi, oriyentasiya proqramının keçirilməsi ilə məşğul olur. Bu humanitar qeyri-hökumət təşkilatının nümayəndəlikləri ABŞ, Şərqi Avropa, Avrasiya və Balkanlarda fəaliyyət göstərir. Yeni müstəqil ölkələrin 37 şəhərində 47 ofisi var. Əsas missiyası pegion ölkələrinin müstəqilliyini möhkəmlətmək və təhsil vasitəsilə demokratiyanın inkişafına nail olmaqdır.
Qurumun baş ofisi Vaşinqtonda yerləşir, prezidenti Den Devidsondur.
Fəaliyyət göstərdiyi 30 il ərzində ACCELS ayrı-ayrı regionlarda işləyən ən güclü təşkilatlardan birinə çevrilib. Bura ABŞ dövlətinin maliyyələşdirdiyi orta məktəb şagirdləri, universitet tələbələri və məzunlar, müəllim və professorlar üçün proqramlar daxildir. Bir çox amerikan QHT-ləri kimi, ACCELS də «Azadlığa Dəstək Aktı» proqramı çərçivəsində işləyir.
«Azadlığa Dəstək Aktı» (ADA) yuxarı sinif şagirdləri üçün ilk uzunmüddətli geniş proqramdır. Bu proqramı 1992-ci ildə ABS Konqresi təsdiqləyib. 1993-cü ildəTəhsil Nazirliyində imzalanmış ilk rəsmi sazişdən sonra Azərbaycanda fəaliyyətə başlayan ACCELS-in nümayəndəliyinə 2000-ci ildən etibarən Ceremi Taş rəhbərlik edir. Ölkəmizdə ACCELS-in dünyada həyata keçirdiyi 30-dan çox proqramdan 5-i tətbiq olunur. 2002-ci ildə qurumun reallaşdırdığı proqramların məzunlarının sayı 700-ə qədər olub.
FSA/FLEX («Gələcək liderlər mübadiləsi») 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan 3 mərhələdən ibarət (flex@americancouncils.az) mübadilə proqramıdır. Birinci mərhələdə iştirakçılara ingilis dilində 15 dəqiqəlik test təqdim olunur. İkinci mərhələdə PRE-TOFEL imtahanı təşkil edilir. Üçüncü mərhələdə isə iştirakçılar müsahibə mərhələsinə dəvət olunurlar. Hər üç mərhələni uğurla bitirən iştirakçılar proqramın qalibi seçilir və 11 ay müddətinə Amerika məktəblərində təhsil alır, amerikan ailələrində yaşayırlar. Qalib və ehtiyat qalibləri ABŞ-ın təhsil və beynəlxalq mübadilələr üzrə yüksək ixtisaslı mütəxəssislərindən ibarət müstəqil komissiya seçir. Onlar lazımi məlumatlar aldıqdan sonra iştirakçı olmaları barədə rəsmi razılıq verməlidirlər. Qəbul imtahanlarını verməyə gecikənlər ABŞ-a getməzdən öncə qəbul olunsalar, akademik məzuniyyət almaya və bu kimi başqa problemlərlə qarşılaşa bilərlər.
Bundan başqa, hər il təxminən 20 fiziki məhdudiyyətli şagird proqram çərçivəsində Amerikada yaşayır lə təhsil alır. Verilən təqaüd yaşayış yerindən ABŞ-a və geriyə pulsuz bilet, aylıq cib xərci, iştirakçının amerikan ailəsində yerləşdirilməsi, amerikan orta məktəblərinə qəbul, ABŞ-da müxtəlif tədbirlərin təşkili və başqa xərclərə hesablanıb. Xarici pasportun alınması, normadan artıq yüklərin keçirilməsi, doğma ölkə ilə telefon danışıqları və internetdən istifadə ilə bağlı xərclər ödənmir. Şagirdlərə ABŞ xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin başqalarını öz ölkələri və mədəniyyəti ilə tanış etmək imkanı yaradılır. Məktəblilər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənir, şəxsi inkişaf imkanı və daha çox müstəqillik əldə edir, bunun da nəticəsində daim dəyişən və qarşılıqlı əlaqəli dünyada yaşamağa hazır olurlar.
450-dən artıq azərbaycanlı şagird bu proqram vasitəsilə ABŞ-da təhsil alıb. 2003-04-cü tədris ili üçün isə keçmiş sovet ölkələrindən 1370 şagird təhsilini bu proqram üzrə davam etdirir. ABŞ hökumətinin maliyyələşdirdiyi proqramı ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət proqramları şöbəsi həyata keçirir.
2000-2001-ci il Edmund S. Maski proqramının qalibləri |
Edmund S.Maski (MUSKİE) proqramı (muskie@americancouncils.az) .İngilis dilini bilən, ali təhsilli, 40 yaşınadək Azərbaycan vətəndaşlarına Amerika universitetlərində magistr dərəcəsi almaq şansı verir. 1992-ci ildə ABŞ Konqresi Baltik dövlətləri və yeni müstəqil ölkələrdə demokratik və iqtisadi inkişafı həyata keçirməyə kömək məqsədilə bu proqramı təsis edib. Proqram hər il sentyabr ayından başlayaraq ABŞ universitetlərində 1 və ya 2 illik magistratura təhsili təmin edir. Universitetlərdə keçirilən təhsil kursuna əlavə olaraq iştirakçılar təhsil aldıqları sahələr üzrə təcrübə qazanmaq üçün 12 həftəlik ixtisasartırma imkanı əldə edirlər. Proqramın qalibləri müsabiqə əsasında seçilir. Təqdim olunan ərizələr ACCELS-in baş ofisinə göndərilir və seçki komissiyasının üzvlərinə təqdim olunur. İkinci mərhələyə keçən iştirakçılar TOFEL, GMAT (yalnız biznesin təşkili) və GRE (digər sahələr) testləri üzrə imtahan verirlər. Üçüncü mərhələdə Edmund S.Maski proqramı biznesin təşkilini, iqtisadiyyat, təhsil, ətraf mühitin idarə edilməsi və siyasət, beynəlxalq əlaqələr, jurnalistika və KİV, hüquq, ictimai səhiyyə, ictimai siyasət, ictimai idarəetmə, kitabxanaçılıq və informasiya elmi ixtisas sahələrini əhatə edir. Proqramda hər il 50- dək azərbaycanlı qalib olur. Qaliblər hazırda tanınmış beynəlxalq təşkilat və şirkətlərdə mühüm vəzifələrdə təmsil olunur. ABŞ-da magistratura təhsilinin başa çatması proqramın yalnız başlanğıcıdır. İştirakçı öz vətəninə qayıtdıqdan sonra proqramın məqsədləri başlayır. Baltik və MDB ölkələrindən olan 2 min 500-dən çox proqram məzunu yüksək dərəcəli peşəkar bir qrupu təşkil edir. Beynəlxalq təşkilatlar məzunlara yardım edir və müntəzəm olaraq ölkələr ərazisində məzun fəaliyyəti proqramı yerinə yetirirlər.
CFDP (Ali Məktəb Müəllimləri üçün Təkmilləşmə Proqramı - cfdp@americancouncils.az) ali məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulub. Proqramda ən azı iki ali məktəbdə iş təcrübəsi olan, ingilis dilini bilən pedaqoqlar iştirak edə bilər. Üç mərhələdən ibarət proqramın ilk mərhələsində ərizə formaları təqdim olunur, ikinci mərhələdə TOFEL imtahanı və sonda müsahibə təşkil edilir. Qaliblər ABŞ universitetlərində 1 il müddətində tədris üsullarının və planının təkmilləşməsi və pedaqoji peşəkarlığın inkişafı ilə bağlı ixtisasartırma proqramında iştirak imkanı qazanırlar. Hər bir məzun ABŞ-da 11 ay (9 ay akademik proqram, 2 ay interna üçün) qalır. Bundan əlavə, ABŞ-ın Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu (TMİ) öz ölkələrinə qayıtdıqdan sonra onların fəaliyyətini sponsorlaşdırır.
Orta məktəb müəllimləri üçün nəzərdə tutulmuş TEA («Tədris üzrə yüksək mükafat») və PİE («Təhsildə əməkdaşlıq») proqramlarının əsası 1996-cı ildə prezident Klinton ABŞ və MDB ölkələri arasında təhsil sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək təşəbbüsü göstərdikdən sonra qoyuldu. Bir neçə ildən sonra isə ABŞ- in ölkəmizdəki səfirliyinin cəhdləri nəticəsində proqramlar Azərbaycanda da tətbiq olunmağa başladı. Bu proqramların gerçəkləşdirilməsində əsas məqsəd ingilis dili, vətəndaşlıq və Amerika ölkəşünaslıq fənləri üzrə müəllimləri aşkara çıxarmaq, yeni tədris metodları və üsullarını inkişaf etdirmək, ABŞ və Azərbaycan müəllimləri arasında bilavasitə əlaqələr yaratmaqdan ibarətdir. TEA-da (tea@americancouncils.az) iştirak, digər proqramlarda olduğu kimi, üç mərhələdən ibarətdir. Müxtəlif mərhələlərin qalibləri sertifikatla, ədəbiyyatla, məktəblər isə texniki vəsaitlə və ABŞ-a ixtisasartırma məqsədilə 7 həftəlik səfərlə mükafatlandırılırlar. Proqrama Azərbaycan vətəndaşı, ali təhsilli, üç ildən az olmayaraq orta məktəbdə iş təcrübəsi, ABŞ-dan qayıtdıqdan sonra ən azı iki il ərzində orta məktəbdə dərs demək niyyəti olan və son üç ildə ABŞ hökumətinin maliyyələşdirdiyi heç bir proqram üzrə Amerikaya 30 gündən artıq səfər etməyən ingilis dili və Amerika ölkəşünaslıq fənlərini tədris edən müəllimlər müraciət edə bilərlər. Sənədlər adətən payız aylarında qəbul edilir, ABŞ-a səfər isə yay aylarında həyata keçirilir.
PİE proqramı Azərbaycanda demokratiya quruculuğu təşəbbüsünü dəstəkləyərək orta məktəb, litsey, kollec, pedaqoji institut və ixtisasartırma institut müdirləri, tədris-hissə müdirləri və vətəndaşlıq fənləri üzrə tədris edən müəllimlərə ABŞ-da iş təcrübəsini artırmağa imkan verir. Namizədlər Azərbaycan vətəndaşı, ali təhsilli olmalı, ingilis dilini minimal səviyyədə bilməli, hazırda vətəndaşlıq fənlərinin (tarix, coğrafiya, sosiologiya və s.) tədrisi üzrə dərs deməli, üç ildən az olmayaraq əmək stajlı olmalıdır. Sənədlər proqramda iştirak etmək istəyən müəllimlərdən payız aylarında qəbul olunur, ABŞ-a səfər isə gələn ilin payız aylarında reallaşır. Məktəb müdirləri və tədris hissə müdirləri üçün nəzərdə tutulmuş proqramda iki ildən az olmayaraq əmək fəaliyyəti, Amerikadan qayıtdıqdan sonra iki il müdir vəzifəsində işləmək niyyəti olan Azərbaycan vətəndaşları iştirak edə bilər. Proqramda iştirak etmək üçün namizədləri Azərbaycan Respublikası Təhsil Nazirliyi, rayon təhsil şöbəsi, ABŞ hökumətinin sponsorluğuyla ABŞ-da təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən QHT və ABŞ səfirliyi ictimai işlər bölməsinin işçiləri payız aylarında irəli sürməli və ACCELS təşkilatına təqdim etməlidir.
Hazırladı: Günel Səmədova
|