 |
DEMOKRATİK MÜBARİZƏ TARlXİ |
 |
 |
TARİXİ DƏYİŞƏN ADAM
«Müqavimət bizi səbr eləməkdən azad edəcək» |
Amerikanı demokratiya məbədi kimi vəsf edənlər nədənsə unudurlar ki, ABŞ-da hətta ötən əsrin 70-ci illərində də zənci-hindu etirazları və qiyamları adi hal idi. Detroyt gettosunda 1968-ci ildə baş vermiş qanlı üsyan, yaxud 1970-ci illərin sonunda saxtalaşdırılan «Leonard Peltiyerin işi» sovet illərində böyümüş nəsillərin yaddaşından silinməyib. SSRİ-də az qala idola çevrilən Anjela Devisin başına gələnlər də ABŞ-da insan haqlarına və irqi bərabərliyə olmuş yarıtmaz münasibətə tipik nümunədir.
Onu da deməliyik ki, 1968-ci ildə Çexoslovakiyaya qoşun yeridilməsinə etiraz olaraq Kreml meydanına çıxan 7 yəhudinin misalını Yer kürəsi qədər şişirdən ABŞ-da nədənsə 1983-cü ildə Qrenadaya, 1989-cu ildə isə Panamaya işğalçı qoşunlar yeridilərkən heç bu 7 nəfər də tapılmamışdı.
Tarixi unutmamaqla bərabər, ona hər cür subyektivlikdən uzaq, ehtirassız və emosiyasız münasibəti də qoruyub saxlamaq lazımdır.
Hindu rezervasiyaları, zənci gettoları. 1941-ci ilin dekabrında rezervasiyalara sürülən ABŞ yaponlarının qisməti heç də sürgün olunan Krım tatarlarının taleyindən fərqlənmirdi.
Böyük Depressiya illərinin uşağı
Əgər gözlərinin işığını qeyb etmiş Leonard Peltiyer hinduların - Amerikanın ən qanuni vətəndaşlarının müdafiəsinə qalxdığı üçün 20 ildən çox məhbəs həyatı yaşamışdısa, Martin Lüter Kinqə başqa tale yazılmışdı. O, heç vaxt məhbəsə düşmədi, çünki ardınca milyonlar gedirdi. Odur ki, ən «demokratik ölkədə», sadəcə, «Adam yoxdur - problem yoxdur» prinsipi ilə hərəkət etdilər. Kinqi qətlə yetirdilər.
Əgər Amerika tarixində bu adam olmasaydı, bəlkə də ölkə tamam başqa - o vaxta qədər getdiyi, irqçiliyin dövlət doktrinası olduğu yolla bu günə qədər gedəcəkdi. Martin Lüter Kinqin həyatı növbəti sübutdur ki, tarixi bir şəxsiyyət də dəyişə bilər.
Martin Lüter 15 yanvar 1929-cu ildə Corciya ştatının Atlanta şəhərində baptist pastorunun ailəsində doğulub. Uşaqlığı Böyük Depressiya illərinə düşsə də, onun ailəsini heç də yoxsul saymaq olmazdı.
Orta məktəbdə yaşıdlarını qabaqlayan Martin 1944-cü ildə bu təhsil ocağını bitirmədən imtahan verərək zəncilər üçün Morxaus kollecinə daxil olur. Elə o vaxt da o, Rəngli əhalinin tərəqqisi uğrunda Milli Assosiasiyaya qoşulur.
1947-ci ildə dini rütbə alan Martin kilsədə atasının köməkçisi işləyir. Kolleci sosiologiya bakalavrı dərəcəsi ilə bitirdikdən sonra Çester şəhərindəki Teoloji seminariyaya girir və 22 yaşında ilahiyyat bakalavrı olur. Ona ayrılan təqaüd imkan verir ki, Boston Universitetinin qapısını döysün.
1953-cü ildə tələbə yoldaşı Koretta Skotla ailə qurur, onların 2 oğlu və 2 qızı dünyaya gəlir.
Onun siyasi mübarizəyə aktiv qoşulmasına 1955-ci ildə baş verən «Roza Park insidenti» təkan olur. O vaxt Montqomeri şəhərində zənci dərzini avtobusda yerini ağ adama vermədiyinə görə həbs etmişdilər. Həmin il dekabrın 5-də 26 yaşlı Martin özünün ən həlledici nitqini söyləyir: «Müqavimətin alternativi yoxdur!»
Dinləyicilərinə bəyan edir ki, «müqavimət bizi səbr eləməkdən, azadlıq və ədalətdən daha az hər hansı uğura razı olmaqdan xilas edəcək». Onun rəhbərliyi altında Montqomeri şəhərinin zənci əhalisi şəhər nəqliyyatını boykot edir. Və ilk qələbə qazanılır - 1956-cı ilin noyabrında ABŞ Ali Məhkəməsi Alabamadakı seqreqasiya haqqında qanunu qeyri-konstitusion elan edir, zəncilər və ağlar eyni avtobuslardan istifadə etmək hüququ qazanırlar. Bu hadisədən sonra Martin bütün ABŞ-da məşhurlaşır. 1957-ci ildə onun portreti «Taym» jurnalının üz qabığında dərc olunur.
Nümunə - Mahatma Qandi
Martin özü üçün nümunə kimi Mahatma Qandini seçmişdi. «Qeyri-zorakı üsulla müqavimət taktikası azadlıq uğrunda mübarizənin yeganə özünütəsdiq üsuludur» - Martin deyirdi. Montqomeridəki boykot Martinin evinin partladılması ilə nəticələndi, ancaq əvəzində onu dünyaya tanıtdı.
1957-ci ildə ABŞ-ın cənub ştatlarının zənci liderləri «Cənub xristianlarının rəhbər konfransı»nı yaratdılar və Martini prezident seçdilər. Elə həmin vaxt o, «Azadlığa doğru addım. Montqomeri haqqında söhbət» kitabını yazdı.
1958-ci ilin sentyabrında avtoqraflar paylayarkən Martini bıçaqla yaralayırlar. Sui-qəsdçinin psixi xəstə qadın olduğu bəlli olur. Həmin dövrdə Martin bütün ölkəni gəzir, mühazirələr oxuyur və 15 dəfə qısa müddətə həbsə düşür.
1960-cı ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə 1 ay Dehlidə yaşayır.
1963-cü ilin mart-aprelində Birminhem şəhərində çoxminli mitinqləri idarə edir. Polis nümayişçiləri itlərlə qovur. Kinq 5 günlüyə həbs olunur. Həmin günlərdə o, «Birminhem məhbəsindən məktublar»ı yazaraq şəhərin ağ dini nümayəndələrinə müraciət edir.
1963-cü ildə Martin digər zənci liderlərilə birlikdə ABŞ tarixində ən kütləvi mitinqi təşkil edir. 28 avqustda 250 min nəfərdən çox ağ və zənci Vaşinqtona yürüş edir. Həmin vaxt Konqresdə vətəndaş hüquqlarına aid qanunvericilik müzakirə olunurdu.
Eyni gündə zənci liderlər prezident Con Kennedi ilə görüşürlər. Sonralar Linkoln Memorialının pillələrində Kinq özünün digər tarixi nitqin də bütün insanların qardaş olduğunu söyləyir. Həmin nitq daha çox «Mənim arzum var» adı altında məşhurdur.
Nobel Mükafatçısı və... FTB-nin düşməni
1964-cü ildə prezident Lindon Conson onu Ağ evə dəvət edir və Martinin iştirakı ilə Qadınlar haqqında Bill imzalanır. Bu sənəd vətəndaş hüquqları haqda yeni qanunun bir hissəsinə çevrilir. Qanun ictimai yerlərdə, istehsalatda, əmək haqlarında seqreqasiyanı qadağan edirdi.
1964-cü ilin sonunda Martin Lüter Kinq Nobel sülh mükafatı alır. Giriş nitqində Norveç Nobel Komitəsinin nümayəndəsi Qunnar Yan söyləyir: «Martin Lüter Kinq beynəlxalq işlərdən uzaq olsa da, onun mübarizəsi sülhə xidmət edir... Qərbdə o, ilk adamdır ki, mübarizənin zorakılıq tətbiq etmədən aparılmasının mümkünlüyünü əyani göstərir».
1965-ci ilin martında Kinq yeni marş təşkil edir. Zəncilərin yürüşünü polislər dağıdır, onda Kinq yeni yürüşə çağırır. Kapitoli divarları önündə Kinq yürüşçülərə səslənir. Təzyiqlərə tab gətirməyən prezident Lindon Conson seçki hüquqları barədə qanunu imzalamağa məcbur olur. Daha bir sahədə seqreqasiyaya son qoyulur.
Ziddiyyətli insan olan Kinqin çoxlu düşmənləri vardı. Onun daha güclü tənqidçisi Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Edqar Quver idi. Quver Kinqi kommunist, satqın və mənəviyyatsız adam adlandırırdı. Hətta bir dəfə onu «Amerikanın ən yalançı adamı» da elan etmişdi.
FTB onun telefonlarına qulaq asır, haqqında kompromatlar toplayırdı. O cümlədən FTB-də Kinqin nikahdankənar həyatı barədə bilgilər yığılırdı.
1967-ci ildə Kinq «Biz buradan haraya gedirik?» kitabını dərc etdirdi. Bu kitabda o, açıq-aşkar Vyetnam müharibəsinin əleyhinə çıxdı. Kinq Vaşinqtondakı müharibə əleyhinə böyük mitinqin iştirakçılarına müraciət edərək onları dəstəklədi.
Onun həyatının son illərində toxunduğu problemlər rasizmdən əlavə, işsizlik, aclıq və ABŞ-dakı yoxsulluq idi. Kinq 1967-ci ilin noyabrında «Yoxsul adamların kampaniyası»na başladı. Bu kampaniya 1968-ci ilin aprelində Vaşinqtonda ağ və zənci yoxsulların görüşü ilə tamamlanmalı idi.
«İlahi torpaqlar»a atılan güllə
28 mart 1968-ci ildə Kinq Memfisin (Tennesi ştatı) işgüzar hissəsində tətil edən fəhlələrə dəstək olmaq üçün 6 min adamın iştirak etdiyi növbəti mitinq təşkil etdi.
Bir neçə gün sonra Memfisdə çıxış edərkən Martin Lüter Kinq söylədi: «İrəlidə bizi çətin günlər gözləyir. Ancaq bu məni qorxutmur. Çünki mən artıq zirvədə olmuşam... Mən irəliyə baxıram və ilahi torpaqları görürəm. Ola bilsin, mən orada sizlərlə bərabər ola bilməyəcəyəm, ancaq istəyirəm ki biləsiniz - xalqlar həmin Yeri görəcəklər».
Səhərisi gün Kinq snayper gülləsindən yaralanır. Bu hadisə onun Memfisin «Lorreyn» motelinin eyvanında dayandığı vaxt baş verir.
Kinq aldığı yaradan Sent-Cozef hospitalında keçinir və Atlantada dəfn olunur. 1983-cü ildə ABŞ Konqresi Kinqin ad gününü rəsmən qeyd etmək təklifini rədd edir. Buna baxmayaraq, 16 yanvar 1986-cı ildə onun büstü Vaşinqtonda, Kapitolinin Böyük Rotondasında ucaldılır. Qaradərili amerikalı ilk dəfə idi ki, bu cür şərəfə nail olurdu. 20 yanvar 1986-cı ildə bütün Amerika ilk dəfə olaraq Martin Lüter Kinqin doğum gününü rəsmən qeyd etdi...
Kədər dağından yol açırıq
«Mənim arzum var» nitqindən (Vaşinqton, 1963-cü il)
«Mənim dostlarım, əgər biz bu gün-sabah çətinliklərlə qarşılaşacağıqsa da, sizə deyirəm - mənim arzum var. Bu arzu amerikalının köklü arzusu ilə bağlıdır: gözəl günlərin birində millət ayağa qalxacaq və «Həqiqət ondadır ki, bütün insanlar bərabər yaranıblar» ifadəsinin əsil mənasını anlayacaq.
Mən o günü arzulayıram ki, Corciyanın qırmızı təpəliklərində dünənki qulların və dünənki quldarların övladları eyni dostluq masası arxasında əyləşəcək.
Mən o günü arzulayıram ki, hətta ədalətsiz və zülmdən inildəyən Missisipi belə azadlıq və ədalət vahəsinə çevriləcək.
Mən o günü arzulayıram ki, dörd övladım dərilərinin rənginə görə yox, şəxsi keyfiyyətlərinə görə qiymətlərini alacaqları ölkədə yaşayacaq.
Mənim bu gün arzum var! Mən bu gün arzulayıram! Bu gün arzulayıram ki, hətta özünün qəddar irqçiləri və qubernatorları ilə məşhur olan, ətli dodaqlardan müdaxilə və annulyasiya kəlmələri qopan Alabamada da qara dərili balaca qız və oğlanlar ağdərili yaşıdlarıyla əl-ələ tutacaq.
Mən bu gün arzulayıram! O günü arzulayıram ki, yamaclar yüksələcək, dağlar isə enəcək. Kələ-kötür yerlər hamar olacaq, qırışlı yollar düzələcək.
Mənim inamım bunlaradır. Və bu inamla biz özümüzə kədər dağından ümid qayasına yol açırıq. Bu inam bizə millətimizdəki kəskin dissonansı gözəl dostluq simfoniyasına çevirməyə kömək edəcək.
Bu inam bizlərə birgə işləmək, birgə dua eləmək, birgə mübarizə aparmaq, bir gün azad olacağımızı bilərək məhbəsdə birgə oturmaq imkanı verir. Və bu, elə bir gün olacaq ki, Yaradanın bütün övladları məlum sözlərə yeni məna qoşaraq birgə oxuyacaq: «Bu mənim şirin azad torpağımdır, mən onu vəsf edirəm. Atamın öldüyü, səyyahların fəxr elədiyi bu Yerin hər dağının hündürlüyündən azadlığın cingiltisi gəlir».
Və əgər Amerika böyük millət olmaq istəyirsə, bunlar gerçəkləşməlidir...»
Dünyanı sevgi idarə edəcək Nobel sülh mükafatının təqdimat mərasimindəki çıxışından (1964-cü il)
«Mən bu mükafatı bu gün Amerikaya artan inam və bəşəriyyətin gələcəyinə böyük ümidlərlə qəbul edirəm.
Mən o ideya ilə razı deyiləm ki, insan ömrü, sadəcə, həyat çayında bir qırıntıdır, yaxud gəmidən kənara tullanmış bir yükdür.
Mən o ideyanı qəbul etmirəm ki, bəşəriyyət irqçiliyin və müharibələrin ulduzsuz gecəsində qalmağa məhkumdur və sülhün, qardaşlığın parlaq şəfəqi heç vaxt gerçəklik olmayacaq...
Mən inanıram ki, silahlanmamış həqiqət və şərtsiz sevgi sonda bu dünyanı idarə edəcək...»
Başıma nələr gələcəyindən qorxmuram Ölümündən bir gün əvvəlki çıxışından (3 aprel, 1968-ci il)
«...Başqaları kimi, mən də uzun ömür yaşamaq istərdim. Mənim planlarıma uzunömürlük də daxildir. Ancaq hazırda bu barədə narahatlıq keçirmirəm. Sadəcə, Allahın iradəsini yerinə yetirmək istəyirəm. Və istəyirəm ki, O mənə yüksəkliyə qalxmağa icazə versin.
Başıma nələr gələcəyindən qorxmuram, çünki mən artıq zirvədə olmuşam. Mən müqəddəs torpağı görmüşəm və ola bilsin ki, sizlərlə birlikdə bu torpağa enə bilməyəcəyəm, ancaq istərdim biləsiniz: biz bir xalq kimi oralara enəcəyik.
Və bu axşam mən xoşbəxtəm, heç nədən narahat deyiləm. Mən heç bir insandan qorxmuram, çünki mənim gözlərim gələcəyin şöhrətini görüb!»
Məmməd Süleymanov
|