SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7---- Payız|2004
MƏRUZƏ

MÜSƏLMAN DÜNYASINDA NƏLƏR BAŞ VERİR VƏ AZƏRBAYCANDA DİN AZADLIĞININ GƏLƏCƏYİ
Hikmət Hacizadə
"FAR" mərkəzinin vitse-prezidenti

Məruzə Sülh və Demokratiya İnstitutunun 2003-cü ilin iyulunda Bakıda düzənlədiyi «Postsovet Azərbaycanında islam: vicdan azadlığı və regional təhlükəsizlik problemləri» adlı beynəlxalq konfransda oxunub.

Hörmətli konfrans iştirakçıları!

Hər şeydən əvvəl, icazə verin, bu son dərəcə aktual konfransın təşkilatçılarına öz təşəkkürümü bildirim. Bu məruzəni hazırlayan gecə internetdə «Google News» saytına baxanda qollarım yanıma düşdü. Dünyanın bütün başlıca xəbərləri bu və ya başqa dərəcədə islamla bağlı terror aktları barədə idi. Tuşinoda terror aktı - 14 ölü, İraqda partlayış - 7 polls həlak olub, Pakistanda şiə məscidi dağıdılıb - 47 nəfər ölüb, Fələstində partlayış - dinc adamlar öldürülüb. Bunların hamısı bircə gündə olub. Şükür Allaha ki, hələlik Azərbaycanda terror aktı ilə bağlı heç bir xəbər vermirlər və biz hadisələrin bu istiqamətdə inkişafına heç vəchlə yol verməməliyik.

İslam fundamentalizminin yayılması, 11 sentyabr hadisələri, bunun ardınca Əfqanıstanda, İraqda, Türkiyədə (AKP-nin hakimiyyətə gəlməsini nəzərdə tuturam) və İranda baş verən hadisələr bir şeyi aydın göstərir ki, bütün müsəlman regionunda nəsə vahid bir proses gedir. Mən bu prosesi müsəlman xalqlarının öz müqəddəratını yenidən təyinetmə prosesi adlandırıram.

Savadlılığın artması və islamın ilkin mənbələrinə yol tapmaq imkanlarının daha da genişlənməsi nəticəsində cəmi müsəlmanlar özlərinin bugünkü acınacaqlı vəziyyətlərini yenidən dəyərləndirməyə və bundan çıxış yolu axtarmağa başlayıblar. Təhsilin kütləvi surətdə yeni səviyyəyə yüksəlməsindən sonra yenidən öz müqəddəratını təyinetmə prosesinə dünya tarixində əvvəllər də rast gəlinib - buna bənzər hadisələr dini reformasiya dövründə və onun ardınca 17 və 18-ci əsrlərin demokratik inqilabları zamanı və əlbəttə ki, 20-ci əsrdə marksizm, trotskiçi anarxizm və maoizm kimi solçu ideyaların geniş yayıldığı dövrlərdə də baş verib. Sonuncu iki proses qanlı vətəndaş müharibələri və beynəlxalq münaqişələrdən sonra 20-ci əsrin axırlarında demokratiya, azad bazar və beynəlxalq əməkdaşlıq ideyalarının qələbəsi ilə nəticələnib. Buna görə də bizə yalnız müsəlman regionunu bürüyən indiki həyəcanların nəsə müsbət bir sonluğa gətirəcəyinə ümid etmək qalır.

Bugünkü hadisələrə qədər müsəlman regionu
üzərində hansı dünyagörüşü hakim kəsilmişdi?

Çox təəssüflər ki, özünün bütün tarixi ərzində islam geniş dindarlar kütləsinin günahı üzündən Quranda təsbit edildiyi şəkildə, yəni Allahla insanlar arasında mənəvi-əxlaqi müqavilə kimi qəbul edilməmiş qalıb. Məhəmməd peyğəmbər insanları hər şeyə hakim kəsilən və əxlaqa qarşı laqeyd bütlərə sitayişdən onlardan düzlük, ədalət, şərlə mübarizə və sosial məsuliyyət tələb edən Allaha sitayişə gətirmək üçün nə qədər çalışsa da,dindarların əksəriyyəti müsəlmançılığı yalnız formal şəkildə qavrayaraq gücə sitayişdə davam edirdilər. Bu cür «xalq islamı»nın, «aşağı səviyyə islamı»nın məğzi hər cür üstün gücə - istər ailədə ata və ya ər, istərsə də rəis, hökmdar və yaxud hər şeyə qadir ilahi qüvvə olsun - tabe olmaqdır. Kefi istəyəndə səni incitməsin deyə üstün qüvvəyə dözülməli, ona qurban kəsilməliydi. Bu cür «aşağı səviyyə islamı»na qarşı mübarizə aparmağın işartılarına biz Quranın özündə də rast gəlirik: "Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibadət deyil. Yaxşı əməl sahibi əslində Allaha məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac və ya xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir(2:177).

«Aşağı səviyyə islamı»na öz təbəələrini idarə etmək üçün ən münasib alət kimi baxan cürbəcür hakimlər bütün tarix boyu onu fəal surətdə dəstəkləyiblər. «Xalq» islamına, faktiki olaraq isə bütpərəstliyin bu yeni tipinə bütöv ruhani ordusu səylə xidmət göstərib, Allahın qəzəbinə tuş gəlməmək üçün ibadət vaxtı necə dayanmaq, necə düzgün namaz qılmaq barədə mülahizələrə saysız-hesabsız cildlər həsr ediblər. Bundan əlavə, islam haqqında heç bir təsəvvürü olmayan və əhalinin mövhumatçılığından öz çirkin məqsədləri üçün istifadə edən din libaslı xeyli şarlatan meydana çıxıb.

Əlbəttə, islam dünyasında müəyyən qədər «yüksək islam» tərəfdarı olan, Quranın mənəvi tələblərini düzgün dərk edən və isnanları formal dini mərasimlərə daha az diqqət yetirib, yalan danışmağa son qoyaraq cəmiyyət üçün faydalı işlə məşğul olmağa çağıran intellektuallar da vardı. Ancaq müsəlman cəmiyyətinin geriliyi ucbatından bu intellektualların çağırışları geniş dindar kütlələrdə öz əks-sədasını tapmırdı (Şərq cəmiyyətlərinin Qərb cəmiyyətlərindən geri qalmağa başlamasının səbəbləri məlum deyil. Bunun yeganə inandırıcı izahı Toynbinin haqqında söhbət açdığı coğrafi determinizm ideyası olaraq qalır).

Şərq ölkələrində belə bir dini vəziyyətin nə qədər davam edəcəyi məlum deyil, amma artıq orta əsrlərin son dövrlərindən başlayaraq Şərqin getdikcə Qərbdən daha çox geridə qaldığı müşahidə olunurdu. Şərq elitalarının mütərəqqi nümayəndələri bu geriliyi aradan qaldırmaq üçün hər cür islahatlar aparılmasına çalışırdı. Bu ölkələrdə şəxsiyyət və cəmiyyətin inkişafı yollarındakı əngəllərdən biri «aşağı səviyyə islamı»nın doğurduğu tam mövhumatçılıq və avamlıq hesab edilirdi. Çox təəssüflər olsun ki, savadsız əhalinin düşüncəsində «yuxarıdan» islahatlar aparmaq mümkün olmadı. Bu səbəbdən dini sferanın tam nəzarətdə saxlanılmasına qərar verildi.

Son 150 ildə dinə nəzarətlə bağlı bütün bu cəhdlərə nəzər salarkən onların eyniliyinə məəttəl qalırsan. Bu yaxınlarda 19-cu əsr Azərbaycan ədəbiyyatının klassiki Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" hekayəsini bir daha oxuyarkən ədibin orta əsrdə yaşayan qəhrəmanı Yusif Sərracın adından təklif etdiyi dini islahat layihəsiylə rastlaşdım. Məhz bu layihə, çox təəssüf ki, müəllifin ölümündən çox-çox sonra, indi həm Türkiyədə, həm də Azərbaycanda tətbiq edilir:

"Yusif şah buyurdu ki, vilayətlərdə hər kefi istəyən özbaşına özünü ruhani sinfinə daxil etməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət miqdardan artıq olmasın. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər.

Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir, ruhanilərim əlindən alınıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətindən özlərini ruhanilərə möhtac görüb təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin.

Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın, vilayətin füğərasına dəftər üzü ilə sərf olunsun və hesabi divana gətirilsin, füğarənin bəzisi dini vergilərdən fayda alıb bəzisi məhrum qalmasın. Əmr etdi ki, xüms və imam mal ı verilməsin. Belə ki, millət dilənçilik zillətindən azad olub sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin.

Bu xüsusda mötəbər ruhanilər Yusif şaha fiqh kitablarından hökmlər çıxarıb göstərdilər.

Bu parçada dinin dövlətdən ayrılması və dini sfera üzərinə tam nəzarət qoyulması proqramı ilə rastlaşırıq. Həm orta əsrlərin sonlarında, həm də 19-cu əsrdə, Axundovun sağlığında dini praktikanın hansı vəziyyətdə olduğu bu mətndən tam aydın görünür. Kədərli olsa da, bu gün də dini sfera elə həmin vəziyyətdədir. İndiki hökumət, demək olar ki, eynilə Yusif şahın proqramını həyata keçirir. Çox güman ki, demokratlar da hakimiyyətdə olsaydılar, onların hökuməti də bu proqrama riayət edərdi.

Müsəlmanların yeni öz müqəddəratını təyinetmə dalğası

Geniş dindar kütlələrin islamı qavraması ilə bağlı situasiya 20-ci əsrin ikinci yarısından başlayaraq dəyişməyə başladı. Yuxarıda da qeyd etdiyim kimi, bu, müsəlman regionunda ümumi savadlılığın geniş yayılması ilə bağlı idi. İslamın ilkin mənbələriylə, eləcə də digər ədəbiyyatlarla ilk dəfə tanış olmaq imkanı qazanan geniş dindar kütlələr özləri üçün yeni bir aləm kəşf etdilər. İnsanlar oxumağa başladılar, özünüdərk şüuru artdı; insan ləyaqəti anlayışı geniş yayıldı. Bunun ardınca isə insan öz müqəddəratının təyin etməyə başlayır.

Əvvəllər ailədə, cəmiyyətdə, dövlətdə istənilən üstün gücə sorğu-sualsız tabe olan müsəlmanlar birdən anladılar ki, onların dini saxta, görk naminə mənəviyyat deyil, həqiqi mənəviyyat tələb edir, cəmiyyət həyatı üçün daim səy göstərilməsini, həm də şərlə mübarizə aparmağı tələb edir. İlk islam mənbələrində yazılıb ki, heç də hər cür hakimiyyətə tabe olmaq lazım deyil. Hakimiyyət ədalətli olmalıdır. Ədalətli ola bilməsi üçün o, şəriətə əsaslanmalıdır. Başqa, məcazi şəkildə desək, əgər müsəlmanlar hakimiyyət haqqında düşünərkən əvvəllər adətən «Göydə Allah, yerdə padşah» formulunu təkrarlayırdılarsa, indi deyirlər: «Biz istəyirik ki, ədalətli qanunlarla, Allah qanunları ilə idarə olunaq, yəni biz islam dövləti istəyirik». Beləliklə, deyəsən, 20-ci əsrin sonlarında aşağılarda dini islahatlar baş verib. Bu da ondan ibarətdir ki, yuxarıda təsvir edilən və tamamilə bütpərəstlik dini olan «xalq islamı» öz yerini Qurana və peyğəmbərin əməllərinə əsaslanan «yüksək səviyyəli islama» təhvil verib...

Müsəlmanların şüurunda baş verən bu islahat, heç şübhəsiz, ictimai inkişaf yolunda irəliyə bir addımdır, amma bu islahat özüylə bərabər nəhəng problemlər də gətirib. Solçu hərəkat qırmızı terror, stalinizm və Polt Pot rejimi doğurduğu kimi, yeni müsəlmanlar da bizə Iran inqilabının, Taliban hərəkatının dəhşətlərini və «qara sentyabr»dan tutmuş «Əl-Qaidə»yə qədər geniş miqyaslı terror şəbəkələrini bəxş ediblər.

Adətən dini yenicə qəbul etmiş adamlarda olduğu kimi, yeni həqiqətə varan bəzi müsəlmanlara elə gəldi ki, bu, elə son həqiqətdir, digər dünyagörüşlərin hamısı zərərlidir və məhv edilməlidir. Yeni müsəlmanların islam dövlətinin yaradılması haqqında tələbləri üzərində xüsusi dayanmaq istəyirəm. Bugünkü Azərbaycan, formal da olsa, «bütün insanların, kişilərin, qadınların, dinə inananların və inanmayanların öz hüquq və ləyaqətlərinə görə anadan bərabər doğulmaları» prinsipinə əsaslanan liberal konstitusiya qanunları əsasında yaşayır. Ancaq biz indi belə bir şeylə qarşılaşırıq ki, hər bir «yeni» müsəlman dininə uyğun olaraq şəriət dövlətinin, kişilərə qadınlardan, dinə inananlara inanmayanlardan artıq hüquq verilən bir dövlətin yaradılmasını tələb edir.

Yada salaq ki, Mirzə Fətəli Axundov belə bir fenomenlə rastlaşmamışdı, o, yalnız «aşağı səviyyə islamı»na qarşı çıxırdı. Ancaq indiki Azərbaycan siyasi cəmiyyəti iki böyük problem! - «xalq islamı»nın doğurduğu cəhalətlə və bizim hamımıza «fundamentalizm» adıyla tanış olan «yüksək səviyyəli islam»la mübarizə problemini həll etməlidir, çünki onların hər ikisi şəriət qanunvericiliyinin tətbiq olunmasını istəyir.

Əgər «xalq islamı» ölkənin uğurlu inkişafını əngəlləyirsə, «fundamentalizm» fərdi insan azadlığı və onun vətəndaş hüququnun bərabərliyinə əsaslanan demokratik dövlətin özünun mövcudluğuna təhlükə törədir. Azərbaycan İslam Partiyası liderlərindən birinin sözlərini xatırlayıram. O bildirir ki, «əlbəttə, biz demokratiya tərəfdarıyıq, ancaq mən istəyirəm ki, mən danışmağa başlayanda arvadım ağzını yumub öz yerində otursun». Belə bir situasiyada adamın ağlına həm «köhnə», həm də «təzə» müsəlmanlara totalitar şəkildə nəzarət qoyulmasından başqa heç nə gəlmir. İndiki Dini İşlər üzrə Dövlət Komitəsi də məhz bununla məşğul olur. Ancaq bizim demokratlar da hakimiyyətdə olsaydılar, yəqin ki, onlar da bu cür edərdilər. Belə ki, dini sferanın tənzimlənməsi ilə bağlı dərc olunmuş konsepsiyalarda Müsavat və Xalq Cəbhəsi partiyaları, demək olar ki, eynilə (çox güman ki, özləri də bilmədən) Yusif şahın həyata keçirdiyi proqramı təkrar edirlər. Görünür, hələlik bu proqramın alternativi yoxdur.

Liberal islam mümkündürmü?

Elə bilirəm ki, mümkündür. Məsələn, Bibliyada da göstərilir ki, kişi qadına nisbətən daha çox hüquqa malikdir. Xristianların bu müqəddəs kitabında köləliyin qadağan olunması haqqında heç nə yazılmaır və deyilir ki, «Allahınkı Allahdır, padşahınkı padşah». Amma hələ 17-ci əsrdə meydana çıxan xristian demokratlar müqəddəs kitabları ilə «Bütün insanlar anadan bərabər hüquq və ləyaqətlə doğulurlar» prinsipi arasındakı ziddiyyəti aşa biliblər. Xristian demokratların ilk liderlərindən biri - 17-ci əsr Ingiltərə inqilabının fəal iştirakçısı Riçard Overton öz ideyalarını belə ifadə etdib: «Biz bu dünyaya Allahın əli il göndərilmişik və hər birmizə anadangəlmə azadlıq və mülkiyyət hüququ verilib (sanki bu sözlər insanların ürəklərində həkk olunub ki, onlar heç zaman silinməsin) və hər bir insan öz təbiəti etibarilə özünün ağası, çobanı və peyğəmbəridir və onun öz azad istəyi olmadan heç kim onun üzərində belə bir hüquqa yiyələnə bilməz».

Xristian demokratlar qalib gəldilər, parlament kraldan üstün oldu, köləlik qadağan edildi, qadınlar kişilərlə bərabər hüquqlar aldılar və dövlətin dini işlərə qarışmasına son qoyuldu.

Belə bir fədakarlığa malik olan müsəlman demokratlar da mövcuddurmu? 20-ci əsr ərzində bu cür düşüncələr meydana çıxıb və bu gün də var. Onların arasında Əli Əbdürraziq (1888-1966), Fəzlur Rəhman (1919-1986), Əbdül Məcid Şərfi (1946) və iranlı Əbdül Kərim Sürüş kimi cəsarətli düşüncə sahiblərini xüsusilə qeyd etmək lazımdır. Onların islam dini ilə bağlı təklif etdikləri liberal islahatlar belə bir tezisə əsaslanır ki, nə Quranda, nə də Sünnədə siyasi dövlət quruluşunun necə olması barədə heç bir göstəriş yoxdur, ilkin mənbələrdə yalnız mömin müsəlmanların riayət etməli olduqları ümumi mənəvi qaydalar göstərilib. Siyasi və ictimai sistem quruculuğunu isə Quran insanlara həvalə edir, onlar öz ardıcıllarından istifadə edərək həyatlarını özləri qurmalıdırlar. Bu zaman tez-tez Quranın aşağıdakı ayəsinə istinad edirlər:

«Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız» (3:110).

Liberallar qeyd edirlər ki, bu gün yayılmış formasında şəriət, Allahın tələbi deyil, insanların yaratdıqları hüquqi sistemdir və o da humanizm, fərdi azadlıq və hüquq bərabərliyi istiqamətində dəyişdirilə bilər.

Təəssüflər olsun ki, bu liberal alimlərin çağırışları, təzəcə savad görən və «fundamentalizm» tərəfdarlarına çevrilən müsəlman əksəriyyəti arasında o qədər də rəğbətlə qarşılanmır. Ancaq ümidimizi də itirməməliyik, hazırda İranda liberal islahatlara can atılması göstərir ki, müsəlmanların öz müqəddəratlarını təyin etməsinin növbəti dalğası heç də uzaqda deyil.

Azərbaycanda liberal islam

Azərbaycana gəldikdə, burada mövcud situasiya Yaxın və Orta Şərq ölkələrindəkindən xeyli fərqlənir. 200 illik sekulyarizm təcrübəsi və əhalinin təhsil səviyyəsinin yüksək olması buna ümid etməyə əsas verir ki, bizim dindarlarımız liberal dəyərləri daha tez qəbul edəcəklər. Düzdür, ölkədə müstəqil dini icma və təşkilatlar xeyli çox olsa da, biz hələlik onların heç bir nümayəndəsindən «bəli, bütün insanlar hüquq və ləyaqətlərinə görə anadan bərabər doğulurlar» ifadəsini eşitmirik. Bununla belə, din fəallarından bir çoxunun ölkədə demokratik dəyişikliklərə fəal maraq göstərdiklərini, onların bir çoxunun demokratik aksiyalarda iştirak etdiklərini, bəzilərinin isə hətta hüquq-mühafizə təşkilatlarının üzvü olduqlarını görürük.

Biz onlara kömək göstərməli, demokratik ovqatlı din fəallarının ölkədəki və dünyadakı demokratik hərəkatın bir hissəsinə çevrilməsi üçün əlimizdən gələni etməliyik. Bundan başqa, müsəlmanlar demokratik dövlətin müsbət nümunəsini görməlidirlər. Hazırda isə bizim, necə deyərlər, demokratik dövlətdə baş verən korrupsiya və zorakılıqlara baxaraq onlar hökmən buna fundamentalist alternativ axtaracaqlar.

Bizim hökumət və Dini İşlər üzrə Dövlət Komitəsi başa düşməlidir ki, avamlıqla, eləcə də fundamentalizmlə təkcə repressiv metodlarla mübarizə aparmaq mümkün deyil. Əgər bu və ya digər dini təzahür cəmiyyət üçün açıq və birbaşa təhlükə (clear and present danger) törətmirsə, onu sıxışdırmaq lazım deyil. Burada konfrans iştirakçılarının diqqətini bir daha süni şəkildə yaradılan «qadınların baş örtüyü» probleminə cəlb etmək istəyirəm; bu problemin ortaya atılması nəticəsində minlərlə dindar qadın pasport ala bilməyib və bu səbəbdən onlar indiki prezident seçkisində iştirak etməyəcəklər.

Biz hamımız müsəlman fəallarından ölkədə müstəqillik və demokratiya məsələsində aydın mövqe gözləyirik. Ancaq eyni zamanda ölkə və dünya demokratları liberal dəyərləri anlamaq və qəbul etməkdə bu insanlara kömək etməlidirlər. Demokratiyaya meyil göstərən, ölkədə və dünyada nələr baş verdiyini anlamağa can atan din fəallarını müdafiə etmək və dəstəkləmək lazımdır.

Əgər biz bunu etməsək, nağıl qəhrəmanı Yusif şahın proqramını təkrar- təkrar həyata keçirmək məcburiyyətində qalacağıq. Halbuki həmin proqram bütün dünyada olduğu kimi, terror fəaliyyətinin güclənməsi ilə də nəticələnə bilər.