YENİ SORĞU KÖHNƏ PROBLEMLƏRİ ÜZƏ
ÇIXARIB
Əhali bələdiyyələrin səlahiyyətsizliyindən daha çox əziyyət çəkir |
Altmış il əvvəl ABŞ-da yaradılan, hazırda dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən CRS (Katolik Yardım Xidmətləri) humanitar təşkilatı 2002-ci ildən Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı naminə müxtəlif layihələr həyata keçirir. Həmin layihələrdən biri bu ilin sonunda ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkisi ilə bağlı olub.
«World Learning» («Dünyanı Öyrən») təşkilatının vasitəçiliyi sayəsində USAİD-in (Amerika Beynəlxalq İnkişaf Agentliyi) maliyyələşdirdiyi layihəni CRS-in Azərbaycan nümayəndəliyi altı ay müddətində (aprel-sentyabr, 2004) reallaşdırıb. «Bələdiyyə seçkiləri sizin üçün nə deməkdir? Seçilmiş və yaxud təyin edilmiş şəxslər icma problemlərini necə ünvanlaya bilərlər?» adlı layihədə əsas məqsəd Azərbaycan vətəndaşlarının qarşıdan gələn bələdiyyə seçkisi haqqında biliyini, siyasi proseslərdə və icma işlərində fəallığını, yerli hakimiyyətin vəzifələrinə dair anlayışlarını artırmaqdan ibarət olub. Bu məqsədlə Göyçay, Ağsu, Cəlilabad, Quba, Xaçmaz, Saatlı, Zaqatala, Tovuz rayonlarında, Lənkəran, Şəki şəhərlərində və Naxçıvan Muxtar Respublikasında vətəndaş forumları təşkil edilib.
Forum iştirakçıları həmin regionların hər birində yerli bələdiyyə üzvləri və sədrlərinin, icra hakimiyyəti təmsilçiləri, yerli siyasi partiya və qeyri-hökumət təşkilatları nümayəndələri, icma üzvləri arasında aparılmış sorğular vasitəsilə müəyyənləşdirilib. Sorğu 15 şəhəri və 110 kəndi əhatə edib.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin əksəriyyəti (99,5 faiz) öz bələdiyyə sədrlərini tanıyır, onların ad və soyadını da bilir. Respondentlərin 49,6 faizi bələdiyyələrin keçirdiyi tədbirlərdə ayda bir dəfə, 14,8 faizi ayda iki-üç dəfə, 7,3 faizi ildə bir, 6,1 faizi isə ildə bir neçə dəfə iştirak etdiyini bildirib. 21,6 faiz respondent bələdiyyənin heç bir tədbirində iştirak etmədiyini vurğulayıb. Onların 0,6 faizi isə bu cür tədbirlərdə iştirak edib-etmədiyini söyləyə bilməyib.
Sorğu nəticəsində Azərbaycanda ən vacib icma problemlərinin içməli su, yol, qaz, elektrik enerjisi, işsizlik, təsərrüfat suyu, kanalizasiya sistemi və məktəblərin təmiri ilə əlaqəli olduğu üzə çıxıb. Bələdiyyələrin inkişafına mane olan amillərdən danışarkən respondentlərin əksəri maliyyə çatışmazlığını qeyd edib. Digər amillər sırasında bələdiyyə üzvlərinin səriştəsizliyi, bələdiyyə haqqında qanunun qüsurlu olması, icra hakimiyyətinin müdaxiləsi, əhalinin öz hüquqlarını bilməməsi, seçkilərin demokratik keçirilməməsi və sairə göstərilib. Bu amillər bələdiyyə fəaliyyətindən narazılığın səbəbləri sırasında da yer tutub. Belə ki, bələdiyyədən narazı olanlar əsasən bunları qeyd ediblər:
- bələdiyyə icra orqanından asılıdır;
- bələdiyyənin fəaliyyətində aşkarlıq yoxdur;
- bələdiyyə üzvləri səriştəsizdir;
- bələdiyyənin səlahiyyətləri azdır
Xatırladaq ki, sorğu suallarını bütövlükdə 585 nəfər cavablandırıb. Onlardan 511 nəfəri vətəndaş forumlarında iştirak edib. Hər bir regionda forumdan əvvəl iştirakçılarla iki günlük təlim və forumlar keçirilib.
Təlimlər zamanı müəyənləşdirilmiş icma problemləri sorğuda üzə çıxan problemlərlə, demək olar ki, üst-üstə düşüb. Belə ki, 10 təlimdə elektrik enerjisi və qaz problemini, 9 təlimdə içməli su, 8 təlimdə işsizlik, 8 təlimdə yol, 4 təlimdə məktəblərin təmiri, 4 təlimdə suvarma suyunun çatışmaması, 3 təlimdə kanalizasiya sisteminin, 2 təlimdə isə kənd təsərrüfatı texnikasının olmaması problemini vətəndaş forumunun müzakirəsinə çıxarmaq təklifi irəli sürülüb.
Hər təlimin sonunda təlimin və təlimçilərin işini dəyərəndirmək üçün iştirakçılara xüsusi qiymətləndirmə anketi paylanıb, anonim sorğular keçirilib. Sorğu vərəqələrinin təhlili göstərir ki, iştirakçıların böyük əksəriyyəti (təxminən 90 faiz) treninq üçün seçilmiş mövzuları kifayət qədər aktual hesab edib və təlimçilərin hazırlıq səviyyəsindən, peşəkarlığından razı qalıb.
Layihənin əhatə etdiyi 11 regionun hər birində təlimlərin sabahısı günü vətəndaş forumu başlayıb. Ümumilikdə forumlarda iştirak edən 511 nəfərdən 206-sı bələdiyyələri, 103 nəfəri icmaları, 94 nəfəri icra hakimiyyətini, ölnəfəri siyasi partiyaların yerli təşkilatlarını, 47 nəfəri isə yerli QHT-ləri təmsil edib. Bundan başqa, vətəndaş forumlarına Prezidentin İcra Aparatından, Milli Məclisdən, Ədliyyə Nazirliyindən, Mərkəzi Seçki Komissiyasından nümayəndələr qatılıb.
Vətəndaş forumlarında iştirakçılar həm builki bələdiyyə seçkiləri, həm bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, həm də icma problemlərinin həllində bələdiyyələrin və yerli icra orqanlarının potensialının artırılması istiqamətində çoxlu təkliflər irəli sürüblər.
Vətəndaş forumlarının sonunda tədbirin keçirildiyi bütün bölgələr üçün fəaliyyət planı hazırlanıb. Bu sənədin hazırlanmasında məqsəd iki gün davam etmiş tədbirdə bələdiyyə seçkisinin demokratik keçirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə əlaqədar səslənən bütün təklifləri, eyni zamanda icma problemlərinin həlli ilə bağlı müxtəlif baxışlı insanların ortaq arzularını müvafiq dövlət instansiyalarına çatdırmaqdır.
Bütövlükdə «Bələdiyyə seçkisi sizin üçün nə deməkdir? Seçilmiş və yaxud təyin edilmiş şəxslər icma problemlərini necə ünvanlaya bilərlər?» layihəsinin uğurla başa çatdığını söyləmək olar. Lakin o da qeyd edilməlidir ki, 11 regionda keçirilmiş sorğular, təlimlər və vətəndaş forumları vətəndaşların seçki qanunları, bələdiyyə idarəçiliyi barədə bilgilərinin yetərli olmadığını üzə çıxarıb. Hətta bir çox bələdiyyə üzvlərinin öz hüquq və vəzifələrini bilmədiyi aşkarlanıb.
"III Sektor" jurnalının seçki plakatları.Yevlax şəhəri, 2004 |
Bələdiyyələrlə icma üzvləri arasındakı qarşılıqlı əlaqələrin, həmçinin bələdiyyələrin fəaliyyətində şəffaflığın lazımi səviyyədə olmaması da layihə çərçivəsində keçirilmiş tədbirlər boyu əldə edilən nəticələrdən biridir. Bundan başqa, bələdiyyə üzvlərinin və sədrlərinin müxtəlif məsələlərə münasibət bildirərkən icra hakimiyyəti işçilərindən çəkindikləri də tədbirlər zamanı gözdən yayınmayıb. Eyni zamanda müşahidə edilib ki, iştirakçıların mühüm hissəsi seçkilərin demokratik keçiriləcəyinə inanmır. Onların mövqeyi belədir ki, mövcud Seçki Məcəlləsi ilə (ələlxüsus seçki komissiyalarının hazırkı tərkibi saxlanmaqla) azad və ədalətli bələdiyyə seçkisi keçirmək mümkün deyil.
Hazırladı: Azər Əliyev
|