 |
| Mehriban Vəzir
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin Sədri |
«Hər hansı sistemdə qadın iştirak etmirsə, bu sistem heç nəyə dəyməz»
Qarşıdan bələdiyyə seçkisi gəlir. Bu taleyüklü prosesdə əhalinin aktivliyi və seçkinin şəffaflığı demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynaya bilər. Ona görə də ölkənin demokratik inkişaf mərhələləri dərindən təhlil olunmalı, bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir.
Belə problemlər içərisində xüsusi diqqət çəkəni qadınların demokratik quruculuq prosesində zəif iştirakıdır. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna tarixi bir fürsət verir. 15 oktyabr seçkisindən sonra cəmiyyətdə yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq, demokratik, azad və ədalətli seçkilər uğrunda mübarizənin alternativsizliyi ideyasını aşılamaq lazımdır. Bunun üçün qadınlar arasında bələdiyyə maarifçiliyi işinin təşkili və seçki qanunvericiliyi ilə bağlı zəruri bilgilərin verilməsi vacib məsələlərdəndir.
Bu fəaliyyət istiqamətində Qeyri-hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzinin (SMM) icmaların yerli özünüidarə orqanlarının son 4 illik fəaliyyətinə münasibətini, vətəndaşların bələdiyyə seçkisinə hazırlığı və onların bu prosesdə iştirakını öyrənmək məqsədilə apardığı araşdırmalar əhəmiyyətlidir. Tədqiqatlar göstərir ki, bələdiyyələrin indiki tərkibinin iş prinsipi və bələdiyyələrlə yerli icra hakimiyyətlərinin münasibətlərində köklü dəyişikliyə ehtiyac var. Hətta bu qurumlardakı təmsilçilik dəyişsə belə, ciddi irəliləyiş az ümidli görünür. Çünki Azərbaycan şəraitində bələdiyyələrin fəaliyyəti bu orqanlarda təmsil olunan kadrların səriştəsi və təşəbbüskarlığından daha çox bələdiyyələrin imkanları ilə bağlıdır. Lakin məsələ tək bələdiyyələrin məhdud səlahiyyətlərində deyil. Seçkinin demokratik keçiriləcəyinə inamın olmaması da seçici fəallığına mənfi təsir göstərən amillər sırasındadır. «Seçici fəallığının artırılması üçün nə edilməlidir» sualına respondentlərin 31,6%-i «maarifləndirmə işi genişləndirilməlidir», 40,8%-i isə «seçkilərin demokratik keçiriləcəyinə inam yaradılmalıdır» cavabını verir. «Növbəti bələdiyyə seçkisinin demokratik keçirilməsi üçün hansı tədbirlər görülməlidir» sualını cavablayan respondentlərin 45%-inin fikrincə, əsas şərt seçkiqabağı demoktarik mühitin yaradılmasıdır. 22,5% isə seçki qanunlarında dəyişiklikləri vacib sayır. Seçkiqabağı rəqabəti proqnozlaşdıranların 37,5%-i əhalinin seçkilərə maraq göstərməyəcəyini düşünür. Rəyi soruşulanların 35%-i siyasi nüfuzluların, 28%-i ictimai nüfuzluların, 34%-i isə biznes sahəsində nüfuzlu olan şəxslərin iştirakı üzərində dayanır.
Tədqiqatlardan məlum olur ki, vətəndaşların böyük hissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə də az məlumatlıdırlar. Bu isə qarşıdakı bələdiyyə seçkisində seçicilərin passivlik göstərəcəyini deməyə əsas verir. Deməli, istər dövlət qurumları, istərsə də qeyri- hökumət təşkilatları, siyasi partiyalar və KİV ölkədə seçici aktivliyinin araşdırılması yönündə fəaliyyəti genişləndirməlidir. Bu isə seçkinin demokratik keçirilməsinə inam yaradılmasından keçir. Bundan ötrüsə qanunvericilikdə islahatlar aparılması və seçki prosesindəki qanun pozuntularına görə hüquqi məsuliyyətin artırılması zəruridir.
 |
Bu araşdırmaları nəzərə alaraq hesab edirik ki, növbəti bələdiyyə seçkisində nisbi uğurlar qazanmaq üçün ölkədə əhalinin böyük faizini əhatə edən qadınların aktivləşdirilməsi yönündə fəaliyyət artırılmalıdır. Belə ki, Azərbaycanda konstitusion baxımdan hüquq bərabərliyi mövcud olsa da, bu, formal xarakter daşıyır. Qadın daha azsavadlı və qeyri-aktiv olduğundan əzilən təbəqəyə mənsubdur. Həm mentalitetdən gələn qüsurlar, həm də ictimai-siyasi mühitin bərbadlığı ucbatından istər qadının cəmiyyətə, istərsə də cəmiyyətin qadına münasibətində çatlar Azərbaycan qadınını layiq olmadığı uçuruma yuvarladıb. Bütün bunları aradan qaldırmaq üçün qadınlar arasında maarifçiliyə, özəlliklə seçki maariçiliyinə böyük ehtiyac var.
Mahiyyətcə açıq cəmiyyətin qurulmasına və yerli idarəetmənin dövlət inhisarından çıxarılıb əhaliyə verilməsinə xidmət edən bu prosesdə qadınların seçmək və seçilmək imkanları artırılmalıdır. Qadınlar arasında birtərəfli təbliğatın aparılmasının qarşısı alınmalı, obyektiv seçki uğrunda mübarizənin əhəmiyyəti aşılanmalı, qadın namizədlərin bələdiyyə seçkisində iştirakına və onların seçki kampaniyasına dəstək verilməsinə şərait yaradılmalıdır. QHT-lərdə, siyasi pariyalarda fəaliyyət göstərən, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş şəkildə seçmək və seçilmək hüququna malik, nisbətən fəal olan və təhsilli qadınların özünüidarəetməyə cəlb edilməsi vətəndaş cəmiyyəti quruculuğunda mühüm şərtdir.
Bələdiyyə seçkisi siyasi təsisatların yarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı mühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu sosial yük bizim cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların çiynindədir. Qadın öz problemini daha yaxşı bilir. Məktəbin, xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturun qaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemləri deyilmi? Bu problemlərin aradan qaldırılması üçün daha çox can yandıranın qadın olacağına şübhə yoxdur.
Bəli, qadınlar fəallaşmalıdır. Qadın özünüidarəetmədə iştirak etməlidir. Nəhayət, Azərbaycan qadını Azərbaycan vətəndaşına çevrilməlidir. Öz taleyində öz rolunun mahiyyətini ortaya qoymalıdır. Belə bir fikir var: «Hər hansı sistemdə cəmiyyət iştirak etmirsə, bu sistem heş nəyə dəyməz» (Komandan Ed Tomson). Biz isə israr edirik: hər hansı sistemdə qadın iştirak etmirsə, bu sistem heç nəyə dəyməz... |