SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7---- Payız|2004
MÜSAHİB

KƏNARDAN SİYASİ MÜXALİFƏT YARATMAQ OLMAZ
Marina Ottavey

«Nə qədər ki, hakimiyyətlə gerçək rəqabət qüdrətində olan güc mərkəzləri formalaşmayacaq, dövlət daha avtoritar mövqelərə yuvarlanmaqda davam edəcək».

Marina Ottavey Beynəlxalq Sülh Uğrunda Karnegi Fondunun aparıcı elmi işçisi, demokratiya problemlərilə bağlı bir neçə kitabın müəllifidir. Qərb mətbuatına verdiyi son müsahibələrin birində tədqiqatçı xanım yarımavtoritar rejimlərin (onun axırıncı kitabı məhz bu mövzuya həsr olunub) güclənməsi tendensiyasından danışır.

 

-Yarımavtoritar rejim dedikdə nə başa düşülür?
-
Bu cür rejimlərin əsas özəlliyi onların gerçək demokratiya ilə heç bir əlaqəsi olmayan demokratik libasa bürünməsi, pərdələnməsidir. Məsələn, bu rejim mütəmadi seçkilər keçirir, formal hakimiyyət bölgüsünə, əhalinin seçdiyi parlamentə, nəzəri baxımdan müstəqil məhkəmə sisteminə, qanunvericilər qarşısında formal cavabdehlik daşıyan icra hakimiyyətinə malikdir. Əslində isə icra hakimiyyətinin hüdudsuz iqtidar səlahiyyətləri və cəmiyyət üzərində üstün nəzarət imkanları bərqərardır. Bu gün yarımavtoritar adlandıra biləcəyimiz dövlətlərin bir çoxu 1990-cı illərin ortalarında çox ciddi siyasi dəyişikliklər və islahatlar zolağından keçəndə belə inam vardı ki, onlar gerçək demokratiya qura biləcəklər. Təəssüf ki, belə olmadı. Keçmiş SSRİ-nin və Şərqi Avropanın bir xeyli dövləti yarı yolda dayandı. Yalnız Macarıstan, Polşa və Çexiyanı istisna etmək olar - bu üç ölkə, sözün həqiqi mənasında, demokratik olmağa başlayır.

- Necə olur ki, eyni regionun bir ölkəsi demokratiya yolu seçir, digəri yarımavtoritarizmə yuvarlanır?
- Bu, bir sıra amillərdən, məsələn, ölkədə alternativ siyasi qüvvələrin mövcudluğundan asılıdır. Misal üçün, Polşa və Çexiyada hətta hakimiyyətin yol vermək fikrində olmadığı islahatları yeritmək gücünə malik siyasi müxalifət vardı. Çexiyada müxtəlif ictimai hərəkatlar böyük təsir gücünə malikdi. Yarımavtoritar rejimli, tutalım, Azərbaycan kimi ölkələrdə isə transformasiya məhz Sovet İttifaqı dağıldığına görə baş tutmuşdu. Güclü müxalifətin yoxluğu hökumətə Qərbi qənaətləndirəcək demokratiya şüarları arxasında gizlənib ənənəvi avtoritar idarəçilik metodlarına qayıtmaq imkanı verdi.

- Bəs bu tip rejimlərin demokratiya pərdəsi arxasında gizlənməsinin səbəbi nədir?
- Bu, indiki dünyada demokratiyadan imtinanın mümkünsüzlüyünün dolayısıyla etirafından irəli gəlir, başa düşürlər ki, belə yaramaz. Avtoritar rejimin mövcudluğuna haqq qazandıracaq ideologiya yoxdur və demokratiya nəzəri baxımdan yeganə məqbul siyasi sistemdir. Məhz buna görə də hətta bir misqal hakimiyyəti bölüşmək istəməyən rejimlər belə demokratiyanı alqışlamaq, görüntü yaratmaq zorundadırlar. Belə saxta görüntünün nəticəsidir ki, bu ölkələrdə seçki kampaniyaları büsbütün tamaşadır. Tamaşadır, çünki azad və ədalətli deyil, icra hakimiyyətinin total nəzarəti altında keçir və hakim dairələrlə gerçək yarışdan çox-çox uzaqdır. Gəlin yarımavtoritarizmə doğru ən təhlükəli kurs götürmüş Rusiyaya nəzər salaq. Gözümüzün qarşısında prezident Putinin praktik olaraq rəqabətsiz seçki kampaniyası reallaşdı. Bəli, formal baxımdan onun rəqibləri vardı, ancaq hakimiyyətinə təhlükə doğuracaq ciddi və həqiqi rəqib yox idi. Nə qədər ki, hakimiyyətlə gerçək rəqabət qüdrətində olan güc mərkəzləri formalaşmayacaq, dövlət daha avtoritar mövqelərə yuvarlanmaqda davam edəcək.

-Yarımavtoritarizmlə bağlı son kitabınızda bu cür rejimlərin müxtəlif növlərini təsvir edirsiniz:
- Fikrimcə, yarımavtoritar rejimlərin sırası olduqca rəngarəngdir. Məsələn, keçid dövrünü yaşayan ölkələr var. Onlarda yarımavtoritar rejim daha açıq siyasi sistem istiqamətində irəliyə doğru bir addımdır. Bu tendensiyanı Seneqal və Xorvatiya kimi ölkələrin nümunəsində görmək mümkündür. Hələ son zamanlaradək bu ölkələrdə çox qapalı rejimlər hökm sürürdü. Onları indi də demokratik ölkələr adlandırmaq mümkün deyil, çünki icra hakimiyyətləri olduqca güclüdür. Bununla belə, gələcəkdə ölkəni daha demokratik idarəçiliyə vadar edəcək müxalif qüvvələrin nəzərəçarpan boy artımı diqqət çəkir. Məhz bu ölkələrin gerçək demokratiyaya doğru son addımı atmağa yaxşı şansları var.

Belə demək mümkünsə, sistemin öləzimək erasına qədəm qoyduğu yarımavtoritar rejimlər də var. Rusiya bu tip yarımavtoritarizmə bariz nümunədir. Bu cür ölkələr üzdə, guya ki, demokratiyaya doğru gedirlər, hətta onlarda açıq sistem hansısa müddətdə mövcud olub da. Ancaq icra hakimiyyəti öz təsir gücünü bərpa eləməyə nail olub. Bu, pis əlamətdir, həqiqi müxalifətin artıq mövcud olmadığına, siyasi sistemin süqut ərəfəsinə gəlib çıxdığına işarədir. Belədə avtoritarizmə doğru kurs, çox güman ki, davam etdiriləcək.

Nəhayət, institutlaşmış yarımavtoritarizmə malik üçüncü tip ölkələr var. Bu ölkələrdə rejim uzun müddət ərzində demokratiyanı yamsılaya və eyni zamanda siyasi rəqiblərini uğurla aradan götürə bilir. Ərəb dünyasında belə rejimlər nə qədər desəndir. Ən bariz nümunə isə, yəqin ki, Misirdir. 25 ildir bu ölkədə çoxpartiyalı və müəyyən rəqabət mühitli seçkilər keçirilir, amma icra hakimiyyəti bütün nəzarəti öz əlində saxlamağa müvəffəq olub. Bax, bu cür ölkələri dəyişmək çox çətindir.

- Belə rejimlərin yaşarılığının səbəbi nədir?
- Əsas səbəblərdən biri onların müxalifəti əzə bilmək məharətidir. Tutalım, həmin Misirdə hakimiyyət sadə dəlillərlə ən təhlükəli müxalif qüvvəni - islam hərəkatını tam təcrid edə bildi. Hakimiyyət sübut edə bildi ki, islamçılara inanmaq olmaz, çünki onlar zor tətbiq edir, terrora əl atır, Misirdə islam rejimi qurmağa can atırlar. Nəticədə hakimiyyət yalnız əhali arasında geniş dəstəyi olmayan partiyalarla rəqabət aparır.

- Belə rejimləri hansı yolla dəyişmək mümkündür?
- Əsas uğur amilləri daxili amillərdir. Sözün düzü, yalnız vətəndaşlar öz dövlətlərini daha demokratik edə biləcək təşkilatlar yaradıb inkişaf etdirməyə qadirdilər. Kənardan siyasi müxalifət yaratmaq olmaz. Başqa ölkələr yalnız müəyyən məqamda müxalifətçiləri dəstəkləməklə yardım göstərə bilərlər. Məsələn, beynəlxalq ictimaiyyət Yuqoslaviyada Koştunitsanı dəstəkləmək və Miloşeviçə qarşı çıxmaqla böyük rol oynadı. Yəni transformasiyanın başlıca həlqəsi daxili amillərdir, sadəcə, xaricdən müəyyən kömək üsulları mövcuddur. Tutalım, başqa ölkələr demokratiya pərdəsi arxasında gerçək durumu anladıqlarını büruzə verə bilərlər. Əgər ölkə xaricdən çoxlu yardım alırsa, donor dövlətlərin güclü təsir vasitəsi var - onlar qəti tələb qoya bilərlər ki, yardımla bağlı danışıqlar demokratik institutlar yoluyla, məsələn, hökumətin nəzarəti altında yox, parlament vasitəsilə aparılsın. Ancaq çox xarici yardım almayan - məsələn, Rusiya kimi - ölkələrdə bunu gerçəkləşdirmək olduqca çətindir. Elə bu səbəbdən də ABŞ ərəb ölkələrinin əksərinə heç bir təsir göstərə bilmir.

Washington ProFile
18 fevral 2004