|
MƏHƏLLƏ - ÖZBƏK BƏLƏDİYYƏSİ |
 |
Şöhrət Curayev,
Özbəkistan Əmək və Əhalinin Sosial Müdafiəsi Problemləri Mərkəzinin şöbə müdiri |
Vətəndaş özünüidarəetməsinin unikal forması olan Özbək məhəllələrinin tarixi ta qədimlərə gedib çıxır. Bax, elə özbək məhəllələri haqda yetərli məlumat vermək üçün nümunə kimi seçdiyimiz Şükür Burhanov adına məhəllə öz tarixini 1860-cı ildən götürür. Daşkəndin Mirzə Uluqbəy rayonunda yerləşən bu məhəllə vətəndaş özünüidarəetməsi orqanı kimi 1993-cü ildə yaradılıb.
Məhəllənin 4 minə yaxın sakini var. Ərazidə 23 dövlət müəssisəsi və özəl şirkət, çörək sexi, 2 yığcam bazar, 17 mağaza, bir məktəb və iki uşaq bağçası fəaliyyət göstərir. Onun hətta öz kabel televiziyası da var.
Məhəllənin strukturu
Məhəllənin, belə demək mümkünsə, ali idarəetmə orqanı 18 yaşından yuxarı 2725 sakini əhatə edən Vətəndaş Yığıncağıdır. Evlərin, küçə və həyətlərin təmsilçilərindən ibarət 54 nəfərlik Nümayəndələr Toplantısı da fəaliyyət göstərir. Əsas strukturlardan biri də Vətəndaş Yığıncağı Şurasıdır (Kenqaş). Bu şuraya əsasən komissiyalara sədrlik edən 19 nəfər daxildir. Vətəndaş Yığıncağının sədri qurumun aparatını yaradır. Aparat işçiləri əməkhaqqı alırlar. Əsas fəaliyyət istiqamətləri üzrə komissiyalar Şükür Burhanov adına məhəllənin bütün problemlərini əhatə etməyə imkan verir. Misal kimi aztəminatlı ailələrə müavinət, məhəllənin abadlığı, şənlik və mərasimlər üzrə komissiyaları göstərmək olar. Komissiyalardan əlavə, Veteranlar Şurası, Qadınlar Şurası kimi sahəvi strukturlar da fəaliyyət göstərir. Məhəllə Müdafiəçiləri, Razılaşdırma Komissiyası və s. qurumların fəaliyyəti isə xüsusi əsasnamələrlə tənzimlənir. Məhəllənin 5 hesablaşma hesabı var. Məsələn, tənha və yaşlı qocalara ərzaq alınması üçün hesabla 18 yaşınadək uşaqlı ailələrə müavinətlər üzrə hesab ayrı-ayrıdır. Xeyriyyə köçürmələri və sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər ayrıca hesabda yığılır.
Kim nə iş görür?
Vətəndaş Yığıncağının sədri aparat və Kenqaşla birgə yığıncağı idarə edir, müxtəlif qurumların fəaliyyətini əlaqələndirir və tədbirlər planını işləyib hazırlayır. Tədbirləri reallaşdırmaq üçün Nümayəndələr Toplantısı da işə cəlb olunur.
Hərəsi 40-70 adamı təmsil edən nümayəndələr əhali arasında işin təşkilinə cavabdehdirlər. Onların əsas işi vətəndaşların maddi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazinin abadlığı, ticarət və kommunal xidmətlərin düzgün qurulmasına nəzarətdir.
Kenqaş aparatının fəaliyyətini məsul katib koordinasiya edir. Onun əsas funksiyası sənədləşmə işlərini aparmaq, vətəndaşların ərizə və şikayətlərinin qəbulu, müavinətlərin verilməsi prosedurunu hazırlamaqdır.
Məhəllə Müdafiəçilərinin sərdarı (komandiri) aparatın əsas simalarından biridir. O, ərizədə əmin-amanlığın qorunması, hüquqpozmaların önlənməsi üçün hüquq-mühafizə orqanları ilə six təmasda fəaliyyət göstərir. Aparat işçiləri tədbirlər planı hazırlayıb təsdiqlənmək üçün Vətəndaş Yığıncağı Şurasının müzakirəsinə təqdim etməyə cavabdehdir.
Komissiyalara gəlincə, 1999-cu ildə Özbekistan prezidentinin fərmanıyla məhəllədə Yaraştırış Komissiyası (Razılaşdırma Komissiyası) və Məhəllə Posbonları (Məhəllə Müdafiəçiləri) kimi strukturlar yaradılıb. Barışdırma Komissiyası məhəllə, məktəb, daxili işlər orqanları və dini qurumların nümayəndələrindən təşkil olunur. O, vətəndaşların istənilən məsələylə bağlı şikayətlərini dinləyib tövsiyələr verə bilər. Qurum daha çox ailə münaqişələrini yoluna qoymağa və çətin tərbiyə olunan yeniyetmələrin islahına çalışır.
Məhəllə Müdafiəçilərini əhali seçir və onları Kenqaş təsdiqləyir. Komandir-sərdar maaşlı vəzifədir. Yuxarıda qeyd etdiyimiz kimi, əsas funksiyası hüquqpozmalarla mübarizə, əmin-amanlığın və qanunçuluğun qorunması olan sərdara bu işdə hər yaşayış sahəsinə təhkim edilmiş köməkçiləri yardım göstərir.
2001-ci ildən vətəndaşların özünüidarəetmə orqanlarında yeni ştat - tərbiyəçi-pedaqoq ştatı açılıb. Əsasnaməyə görə, tərbiyəçi-pedaqoq bir növ həddi-buluğa çatmamışlarla iş üzrə müfəttişin işini görür. O, məktəb, ailə və məhəllə strukturları arasında körpü rolunu oynayır, çətin tərbiyə olunan yeniyetmələrlə iş aparır.
Başqa komissiyalar da öz iş bölgüsünə uyğun fəaliyyət göstərir: biri məhəllənin abadlığına cavabdehdir, biri şənlik və tədbirlər keçirilməsinə, başqası əlillərlə və veteranlarla işə təhkim olunub və s.
Maliyyə mənbələri
Vətəndaş Yığıncağının maliyyəsi yerli hakimiyyətin (rayon icra hakimiyyətinin) büdcəsindən ayrılan vəsait, hüquqi və fiziki şəxslərin könüllü ianəsi və başqa mənbələrdən qaynaqlanır. Məhəllənin daimi maliyyə qaynaqları sırasında ərazidə yerləşən müəssisə, ticarət köşkləri və ofislərin icarə haqqı, xeyriyyə köçürmələri və qrantlardır. Aztəminatlı ailələrə müavinət dövlət büdcəsindən ödənilir. Kenqaşın qərarıyla kommunal xidmətlərə görə məhəllə büdcəsindən vəsait ayrılır, imkansızlara ərzaq paylanır. Məhəllə strukturlarının sosial təminat sferasında fəaliyyəti yardımlarla bitmir. Onlar əhalinin işlə təmin olunmasına, köşklər, iaşə və məişət xidmətləri obyektləri açılmasına, yığcam müəssisələr yaradılması qayğısına qalırlar.
Yekunda onu qeyd edək ki, Özbekistan məhəllələri vətəndaş özünüidarəetmə institutu kimi yeni olsa da, əhalinin geniş təbəqələrində böyük nüfuz sahibi, söz yiyəsidir. Onun səlahiyyətləri məsələsində müəyyən problemlər olsa da (hazırda cəmiyyətdə məhəllələrin statusunun artırılması çağırışları var), bu unikal idaəetmə institutu vətəndaş cəmiyyətinin formalaşdırılmasında əvəzsiz rol oynayır. |