SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7---- Payız|2004
EXTRA-TRİBUNE

RUSİYA DEMOKRATİYASININ QÜRUBU GÜC, PUL VƏ PLÜRALİZM
Stiven Sestanoviç

Stiven Sestanoviç Kolumbiya Universitetində beynəlxalq diplomatiya professoru və Xarici Əlaqələr Şurasımn baş mütəxəssisidir. 1997-2001-ci illərdə ABŞ dövlət katibinin keçmiş Sovetlər Birliyi üzrə geniş səlahiyyətli səfiri və xüsusi müşaviri vəzifəsində çalışıb.

Böyük bir inqilabı başa çatdıqdan dərhal sonra başa düşmək qədər çətin iş yoxdur. Təxminən 13 il əvvəl Sovetlər Birliyi süquta uğrayandan bəri yeni rejimin debütantları kommunist sistemini çökdərən enerjinin tükəndiyini göstərən əlamətləri axtarıb tapmaqla məşğuldurlar. Çox geniş yayılmış metaforaların bir neçəsindən yararlansaq, deyə bilərik ki, onlar toz- dumanın yatıb-yatmadığını, gilin bərkiyib-bərkimədiyini və yaxud Termidorun, nəhayət, bizim üstümüzə gəlib-gəlmədiyini bilmək istəyirlər.

Rusiya siyasətinin son dövrlərdəki avtoritar istiqaməti bir xeyli bu növ dəyərləndirmələrlə stimullaşıb. Təhlilçilərin çoxu, deyəsən, belə bir fikirlə razılaşır ki, Yeltsin erasının qarmaqarışıq plüralizmi artıq sona çatıb və qalib "siloviklər - karyeralarını keçmiş sovet aparatında başlamış rəsmilər Rusiya dövlət institutlarının dominant mövqelərini bərpa edirlər. Onların layihəsi də populyardır, liderləri prezident Vladimir Putin də. Nəticədə belə hesab edilir ki, qarşıdan uzun sabitlik - ehtiyatlı idarəçilik və yaxud mərkəzi nəzarətin qaçılmazlığının sübuta yetirilməsi illəri gəlir.

Bu yozum barədə çox danışmaq olar, amma postsovet dövrü siyasi institutlarının öz formalarını bərpa etməyə başlaması haqda çoxdan eşidirik. Bundan bir qədər əvvəl Putin və onun həmkarlarının indi divara dirədikləri «oliqarxiya kapitalizmi» sistemi çox güclü hesab olunurdu və çoxları onu dəyişdirməyin mümkünlüyünə inanmırdı. 1998-ci ilin maliyyə böhranından dərhal sonra isə şərhçilərin çoxu kapitalizmin Rusiyada həmişəlik etibardan düşdüyünü elan etdi; onların fikrincə, ölkənin iqtisadiyyatı və sosial institutları bundan sonra öz kollektivçi keçmişinə daha uyğun formada yenidən bərpa ediləcəkdi.

Digər, necə deyərlər, myəyyənedici məqamların da sonralar qeyri- müəyyən olduğu meydana çıxdı. 1996-cı il prezident seçkisindən sonra Rusiyanın ən bəsirətli siyasi şərhçilərindən biri bəyan etdi ki, elita ölkə başçısının bir daha seçkilər vasitəsilə seçilməsinə imkan verməyəcək. Bir il öncə ABŞ hökumətinin ən məlumatlı təhlilçilərindən biri Rusiyadakı yeni rejimi bir-birinin hökmranlığını əngəlləməklə biri digərini tarazlaşdıran «klanlar» sistemi kimi təsvir etmişdi; bu gün həmin klanların əksəriyyəti hətta mövcud belə deyil (İcazə verin həmin siyahıya öz yanlışlıqlarımdan da birini əlavə edim: 1993-cü ilin sonlarında yazmışdım ki, Rusiya artıq "çevrəni aşıb və demokratiya üçün ən ciddi təhlükələr, demək olar ki, arxada qalıb).

Rusiya siyasətinə dair özlərinin bu cür və buna bənzər digər proqnozlarında müşahidəçilər təkrar-təkrar onun dinamikasını düzgün qiymətləndirə bilmir, unudurdular ki, dəyişən şərtlər status-kvo sarıdan bəxti gətirməyən yeni imkanları aradan qaldıra bilər. Hətta biz bu cür ziddiyyətləri təsəvvürümüzə gətirə bilsək belə, çox vaxt mövcud sistemin onları əvvəlki dövrlərə nisbətən daha təhlükəsiz dəf edəcəyini düşünürdük. Bu dərs indi də keçərlidir. O bizi Putinin yeni idarə üsulunu təhlil edərkən onun davamlılığını həddən artıq şişirtməyə çağırır.

Hadisələr gözlənilməz istiqamətdə inkişaf edərkən biz adətən olay baş verdikdən sonra yeni kursun barəsində hər şeyi çoxdan bildiyimiz situasiyalardan məntiqi şəkildə necə doğduğunu aydın başa düşə bilirik. Putinin son dörd ildə gördüyü işlər buna yaxşı misaldır. Hakimiyyətə gəldiyi ilk gündən aydın idi ki, o özünün başlıca vəzifəsini Yeltsinin qoyub getdiyi qarmaqarışıqlığı təmizləməkdə - aradan qaldırmaqda görür. Bəzi məşahidəçilərin fikrincə, Rusiyanın yeni prezidentinin, sadəcə, öz sələfinin səhvlərini düzəltməkdən daha vacib missiyası vardı və o, məhz həmin missiyanı yerinə yetirməliydi. Lakin Putin belə düşünmürdü, buna onun müəyyən əsası da vardı və onlar heç də göydəndəşmə deyildi. Yeltsinin qoyub getdiyi irsin bir çox elə acınacaqlı elementləri vardı ki, istənilən Rusiya prezidenti onları üzə çıxarmaq istəyirdi və çıxarmalıyıdı. Onlara diqqət yetirmədən Putin çox şeyləri həyata keçirə bilməzdi.

Prezident kürsüsünə oturanda onun hansı problemlərin daha dəhşətli olduğunu özü üçün təsbit edə biləcəyinə nəzər salaq. Korrupsiyaya bulaşmış dövlət rəsmiləri və cinayətkar qruplar ölkənin məxtəlif ərazilərində ağalıq edir, bəzi hökumət əzvləri başçılıq etdikləri nazirliklərə öz dədə-baba malı kimi baxır və bu cür də idarə edirdilər. Nəhəng dövlət müəssisələri dövlət nəzarəti olmadan işlədilirdi və qeyri-qanuni irihəcmli gəlir mənbəyinə çevrilmişdi. Rusiya dövlətinin ildən-ilə artmaqda olan bədcə kəsiri ölkənin beynəlxalq bazarlardakı mövqeyini getdikcə daha da laxladırdı. Siyasət və biznes sahələrində çoxsaylı qətllərin üstü açılmamış qalmış, həm Moskva, həm də əyalət şəhərlərində şəxsi mülklərin tikintisi geniş intişar tapmışdı və bir regionda təşəkkül tapan silahlı dini fanatik dəstələr digər regionlara yayılırdı. Milli qanunvericilik orqanı (Duma - red.) prezident Yeltsinə qarşı təkrar-təkrar impiçment irəli sürsə də, ən mühüm məsələlərə dair qanun aktlarını qəbul edə blməmişdi. Putin bu siyahıya özünün şəxsən narazı qaldığı məsələləri də əlavə edə bilərdi: konstitusiyanın prezidentə tam səlahiyyətlər verməsinə baxmayaraq, o öz sələfinin təyin etdiyi Prezident Aparatının başçısını dəyişdirmək - prezident səlahiyyətlərinə qoyulan gizli məhdudiyyəti aradan qaldırmaq gücünə malik deyildi.

1990-cı illərin xaos və anarxiya dövrü kimi xarakterizə edilməsinə qulağımız çox öyrəşib. Bu, bir qədər şişirdilmiş görünsə də, anlaşılandır. O vaxt qərblilərin çoxu bu patologiyaların müalicəsi üçün heç bir dərman olmadığını düşünür və bəzən də belə güman edirdi ki, ruslar, sadəcə, bunlara öyrəşməlidir. Onların fikrincə, açıq cəmiyyətlər öz təbiətlərinə görə nəzarət edilməsi mümkün olmayan cəmiyyətlərdir və rusların bunu qəbul edə bilməməsi yalnız köhnə sovet münasibətlərinə son qoyulmasının necə ağır olduğunu göstərir.

Putin özü üçün müəyyənləşdirdiyi ağır problemləri aradan qaldırmağa çalışdıqca aydın olur ki, o, hər bir problemin köhnə qaydada - birc göstərişlə həll edilməsini istəyir. Onun "vertikal səlahiyyət bölgüsü adlandırdığı sistem aşağıların yuxarılara tabeliyi sisteminin bərpası, dövlət bürokratiyasının möhkəmləndirilmsi, 1990-cı illərdə müəyyən müstəqillik əldə edənlərin əl-qolunun buxovlanması və onların yerini prezidentin öz adamlarının tutması deməkdir. Putinin hökumət məmurlarının əmək haqları və pensiyaçılara müavinətlərin vaxtında ödənilməsi kimi bəzi nailiyyətləri hökumətə etibarı artırıb və adi insanların dolanışığını bir qədər dözümlü hala gətirib. Ancaq bütövlükdə götərdəkdə və qismən də öz ətrafına sovet gizli polisinin sabiq əməkdaşlarını yığdığına görə Putinin idarə üsulu xeyli avtokratik xarakter alıb. Gələcəyə yönəlik ritorik çıxışlar nə qədər xoş səslənsə də, bu idarə üsulunun böyük ölçüdə qorxu və məcburiyyətdən ibarət olması faktını heç nə gizlədə bilməz.

Putinin başqa yolu vardımı? Prinsipcə, bəli. O bu problemlərin aradan qaldırılmasında daha plüralist strategiya seçə bilərdi. O, islahatçı siyasi partiyaları müəyyən qədər dirçəldə (öz prestijinin bir qismini onlara verə), müasir qanunvericilik sistemi yaratmaq üçün parlamentlə birgə çalışa, medianı hakimiyyətin bəd əməllərini ifşa etməyə cəsarətləndirə, kütləvi qeyri-hökumət təşkilatlarının formalaşması və fəaliyyət göstərə bilməsini asanlaşdıra bilərdi.

Putinin nə üçün belə etmədiyi, əlbəttə ki, böyük ölçüdə onun peşə keçmişindən və şəxsi görəşlərindən asılı olub: sabiq sovet kəşfiyyat idarəsinin orta rütbəli təbəqəsindən çıxmış bir adam xəyalpərvər ola bilərdimi? Bununla belə, onun bu seçiminin başqa səbəbləri də var. Plüralist strategiyanın tərkib hissəsi olan institutlar Qərbdə çoxlarına göründüyündən xeyli zəif idi; onların çoxu böyük həvəslə yerli hakimiyyət orqanlarının təsiri altına düşmüş və yaxud varlı biznesmenlərin əliylə korrupsiyaya uğradılmışdı. Onlara güvənmək həm gələcəkdə əldə edilə biləcək uğurların çərçivəsini müəyyənləşdirmək üçün uzun vaxt, həm də qısa bir vaxtda uğursuzluğa düçar olmaq riskinə boyun əyməyi tələb edirdi. 2000-ci ilin əvvəllərində Putin Rusiyanın siyasi tablosundakı ən mühüm hakimiyyət mərkəzlərinin (yəni gələcəkdə onun uğurlarını müəyyən edəcək qüvvələrin) praktik dəyərləndirməsini həyata keçirdi və əsas diqqətini onlardan ikisinə - Rusiya dövlətinin zorakılıq aparatının qalıqlarını təmsil edən bürokratlara və Sovetlər Birliyi dağıldıqdan sonra hədsiz dərəcədə varlanmış fərdlərə, biznesmenlərə yönəltdi.

Güc və pul istənilən rejimdə hakimiyyətin əsas elementləridir, ancaq Putinin hesablamalarında onlara verilən xüsusi əhəmiyyət Yeltsin irsindəkindən fərqliydi. Yeltsinin prezidentliyinin əsas keyfiyyətlərindən biri bu iki güc mərkəzinə qarşı qeyri-adi dərəcədə passiv münasibət olub. 1996-cı il seçkilərində onun oliqarxlara niyə arxalandığı, eləcə də onların bunun əvəzində nə aldıqları - dövlət əmlakının, demək olar ki, havayı qiymətə özəlləşdirilməsi - hamıya aydın idi. Oliqarxlar hələ də ən qüdrətli güc olaraq qalırdılar (onlarmı Putini prezident seçdirmişdi?), çünki Yeltsin varlı təbəqənin siyasi gəcənə məhdudlaşdırmaq və tənzimləmək üçün qanuni normalar yarada bilməmişdi. Nəhəng holdinqlərinin legitimliyinin şübhəli olması, dağınıqlıq oliqarxları ikinci prezidentlik müddətinin ilk aylarından başlayaraq heç bir əhəmiyyətli təşəbbüslə çıxış edə bilməyən Yeltsindən başqa istənilən Rusiya liderinin asan hədəfinə çevirmişdi.

Yeltsinin passivliyi eyni dərəcədə Rusiyanın «güc» nazirlərinə də sirayət etmişdi. 1990-cı illərdə onlar artıq sovet sistemində olduğu kimi sistematik repressiya və nəzarət aləti deyildilər: sovet DTK-sı Yeltsin erasının başlanğıcında separat təşkilatlara bölünmüşdü, Daxili İşlər Nazirliyi, prokurorluq və məhkəmə sistemi yeni idarə üsulunun ən korrupsiyalı institutları sırasında ad çıxarmışdı. Yeltsin bu institutların yeniləşdirilməsi üçün heç bir iş görməmişdi, nə onların rəhbər kadrlarını yeniləri ilə əvəz etmiş, nə həmin təşkilatların şəffaflığını (istər media, istərsə də qanunvericilik orqanları vasitəsilə) təmin etmiş, nə də güc nazirlikləriylə yeni biznes elitası arasında qarşılıqlı mənafe əlaqələrinə maneçilik törətmişdi.

Köhnə güclə yeni pul arasındakı bu qəribə əlaqələr Yeltsinin prezidentliyinin sonunda Rusiya sistemini və Putin hakimiyyətə gələndə onun üzləşdiyi siyasi reallığı xarakterizə edirdi. Putinin buna cavabı bu güclərdən birinin digərinə - bürokratik məcburiyyət aparatının varlı təbəqəyə nəzarətindən istifadə etməsi oldu. Bu strategiyaya birbaşa Putinin özünəməxsus avtoritarizmi kimi də baxmaq olar, ancaq onun seçiminin konturlarını və eləcə də alternativ yolun çətinliyini Yeltsin özə formalaşdırmışdı.

Plüralizm dirçəlirmi?

Bu gün Putinin Rusiya siyasətini yenidən qurması, deyəsən, başa çatıb. Prezident administrasiyasının mərkəzində yerləşən və «siloviklər»in idarə etdiyi dövlət bürokratiyası yeni idarə üsulunun ən güclü institutuna çevrilib. Qanunverici orqan asanlıqla idarə olunur, regional rəhbərlər Moskvadan göstəriş almağa məcbur ediliblər, müstəqil televiziya faktiki olaraq aradan qaldırılıb və varlı biznesmenlərin əmlakları məsadirə olunmasa da, onların dövlətə təsir imkanları daim nəzarət altında saxlanılır.

Nəticədə Rusiya, bəlağətlə desək, Avropanın ən birməkanlı və mərkəzləşdirilmiş siyasi sistemə malik ölkələrindən birinə çevrilmişdir. Anomaliya o qədər böyükdər ki, bəzi təhlilçilər hazırkı sistemin ağır nəticələrinin necə yumşaldılması və bəzi elementar plüralizm formalarının necə dirçəldilməsi barədə düşünməyə başlayıblar. Liliya Şevtsova belə güman edir ki, Putin təkcə bir güc bazasına - mərkəzinə güvənə bilməz 4. Bu baxımdan Rusiya plüralizmi öz mövqeyini qoruyub saxlamaq istəyən liderin arzusuna uyğun şəkildə yaşadılacaq. Andrey Şleyfer və Deniel Traysman iqtisadi inkişaf nəticəsində rejimin yenidən formalaşacağına ümid edirlər. Onların fikrincə, Rusiya tipik orta gəlirli, inkişaf etməkdə olan ölkədir; bu kateqoriyadan ölkələrə adətən möhkəm siyasi plüralizm xas deyil. Onlar belə hesab edirlər ki, davamlı iqtisadi böyümə Rusiyanı bir müddətdən sonra Polşa və Macarıstan kimi nisbi inkişaf etmiş ölkələr sırasına çıxaracaq. Bu cür ölkələr adətən plüralist ölkələr olduğundan Rusiya da eyni yolla inkişaf edəcək.

Bunlar geniş faktlarla dolu sanballı təhlillərdir, ancaq onlar başlıca olaraq bizim bilmədiyimz və əmin olmadığımız şeylərə əsaslanır. Hakimiyyətin bir mərkəzdə cəmləşməsinin öz xeyrinə daha yaxşı işlədiyinə açıq-aşkar inanan Putin indi bunun onun ziyanına olduğuna qərar verərmi? Əgər o, Rusiyanı plüralist siyasət olmadan inkişaf etmiş ölkəyə çevirməyə cəhd edərsə, buna nail ola bilərmi? Biz bu gün nə müstəqil, nə də siyasi cəhətdən aktiv institutların, maraqların və qrupların sabah, ya da o birisi gün müstəqil və ya aktiv olacaqlarına əmin ola bilmərik. Bunun əksinə, biz plüralizmin bu ölkədə hansı proseslər vasitəsilə bərpa oluna biləcəyi barədə düşünməyə çalışmalıyıq. Hakimiyyətin yenidən bölüşdürülməsinin daşıyıcıları kimlər ola bilər? Maraq qruplarının daha açıq təmsil olunduqları sistem nəyə bənzəməlidir?

Rusiya plüralizminin gələcəyinin müəyyənləşdirilməsində ən vacib amil Putinin seçimlərinin konkretləşməsində mühüm rol oynayan güclə pul arasındakı əlaqələr amili olaraq qalır. Əgər biznes hər hansı bir formada siyasətə yenidən cəlb olunmaq yolunu seçməsə, plüralizmin perspektivləri çox zəif olacaq. İndiki dövrdə iqtisadi marağın yenidən dövlət hakimiyyətinin pərsəng daşına çevriləcəyinə inanmaq üçün elə bir tutarlı səbəb də yoxdur. Biznesmenlər israrla prezidentin və ya onun «silovik»lərinin dəyişdirilməsində maraqlı olmadıqlarını bildirirlər; «Yukos» neft şirkətinə qarşı amansız rəsmi təzyiqlər onları daha diqqətli olmağa və inamsızlığa qapılmağa məcbur edir. Açıq və ya üstüörtülü siyasi gündəmi inkişaf etdirmək üçün biznes elitalarının bu gündən belə daha təxirəsalınmaz mətləblərə və daha əlverişli şəraitə ehtiyacları var.

Onların nə istədikləri aydındır; onlar sabiq iqtisadiyyat naziri Yevgeni Yaşinin «Türkiyə kapitalizmi» adlandırdığı vəziyyətin, yəni sahibkarların strateji istiqamətlərin müəyyənləşdirilməsi və təsdiq edilməsi üçün dövlət bürokratiyasına üz tutmalı olduqları, müntəzəm surətdə siyasi şantaja məruz qaldıqları vəziyyətin aradan qaldırılmasını istəyirlər 6. Ancaq biznesmenləri bu sistemə qarşı səfərbərliyə nə motivə edəcək? Onların bugünkü passivliyi status-kvolarının dəyişilməz qalacağını göstərmirmi?

Təhlilçilərin çoxu təkcə bir ssenarinin - kəskin iqtisadi böhranın və ya iflasın iqtisadi elitanın siyasi fəallığının dirçəlməsinə təkan verə biləcəyinə inanır. Rusiyanın son dövrlərdəki təcrübəsi belə bir fikri tam təsdiqləyir ki, iqtisadi uğursuzluq arxasınca siyasi uğursuzluq doğurur. 1998-ci ildə baş verən maliyyə böhranı Sergey Kiriyenko, Boris Nemtsov və digərlərinin başçılıq etdikləri «gənc islahatçılar» hökumətinin süqutuna səbəb oldu. Eynilə sovet iqtisadiyyatının 1980-ci illərdə çökməyə başlaması Mixail Qorbaçovun seçim imkanlarını daraltdı və onu öz islahatçı eksperimentlərini daha münasib vaxtlara saxlamaq əvəzinə tələm-tələsik həyata keçirməyə məcbur etdi.

İqtisadi böhranın başlaması Putini 1999-cu ildən bəri siyasi hücumlardan qoruyan dişbatmazlıq aurasından məhrum edə bilər. Bu, heç şəbhəsiz ki, siyasi dəyişikliklər uğrunda çağırışlara və biznes maraqlarının çox geniş paya sahib olduqları strategiyaların inkişaf etdirilməsi barədə debatlara aparıb çıxaracaq. Bir çox biznes xadimi buna rejim qaydalarını tənqid etmək, alternativ siyasi himayədarlar və müttəfiqlər axtarıb tapmaq və müxtəlif siyasətləri, hətta müxtəlif partiyaları dəstəkləmək imkanı kimi baxacaq. İqtisadi böhran Putinə cari təsir sistemini olduğu kimi saxlamaqda ciddi əngəllər törədəcək və məhz bu zaman, yığcam da olsa, plüralist siyasət formaları meydana çıxa bilər. Əgər belə bir böhran növbəti prezident seçkisindən əvvəl baş verərsə, biznes elitasının bir çox elementləri Putinin qələbəsi ilə bağlı məsələlərin yoluna qoyulmasında söz sahibi olmaq istəyəcək.

Ancaq plüralizmə yol açılması üçün yaradılan böhran çox ciddi xarakter alarsa, onun qarşısını almaq üçün digər güc təzyiqləri də işə salına bilər. Son beş ilin iqtisadi "tərpənişində öz fəaliyyətlərini xeyli genişləndirən yeni biznesmenlərin bir çoxu maliyyə iflası ilə üzləşə və dövlətin onlara sahib çıxmasını istəyə bilərlər. Enerji sektoruna dövlət nəzarəti və daxili iqtisadiyyatda dövlət hökmranlığı, heç şübhəsiz ki, daha da artırılacaq. Bundan əlavə, plüralizm əleyhinə təzyiqlər təkcə iqtisadi sfera ilə məhdudlaşmayacaq. Bu cür qarmaqarışıq siyasi atmosferdə, çox güman ki, biznesmenlərin əksəriyyəti açıq çıxış etməkdən və öz məqsədlərini səmərəli surətdə həyata keçirməkdən çəkinəcəklər. 1998-ci ildə olduğu kimi, onlar biznes əleyhinə kəskin hücuma keçiləcəyindən qorxacaqlar. Biznes icması daha geniş rol almaq əvəzinə, çox güman ki, öz varlığının hiss olunmasını daha da məhdudlaşdırmaq və Putin kimi himayədar axtarıb tapmaq istəyəcək.

Uğur problemləri

Bizim siyasi dəyişmələrin necə baş verməsi ilə bağlı ümumi düşüncə modellərimiz adətən hansısa bir uğursuzluqdan başlayır. Biz belə güman edirik ki, mövcud hakmiyyət uğurlu siyasi nəticələrə nail olmayanda bundan zərər çəkənlər öz maraqlarının daha yaxşı təmsil olunması üçün sistemin dəyişdirilməsinə cəhd göstərirlər. Ancaq kəskin böhran Rusiyanın sahibkar elitasının bir sinif kimi çox zəif olması barədə düşüncələri daha da möhkəmlədə bilər və belə bir situasiyada elita, çətin ki, siyasi rol oynamaq arzusuna düşər.

Tədrici böhranın biznes icmasında doğura biləcəyi əndişələr daha zəif kəskin böhranın doğurduğu əndişələrdən xeyli yüngül olacaq. Əslində məhz belə şəraitlərdə - zəif artım, durğunluq və ya iqtisadi bacarıqsızlığın digər formalarının üzə çıxdığı şəraitlərdə biznesmenlərin siyasi çıxışlar edə biləcəklərini təsəvvürə gətirmək daha asandır. Putinin hakimiyyətdə qalmaq üçün xalqa verdiyi başlıca vəd - Rusiyanın ümumi daxili məhsul istehsalı həcminin bu onillikdə ikiqat artırılması o qədər ambisiyalı, çətin yerinə yetiriləsi bir vəddir ki, faktiki olaraq rejimin tənqid edilməsinə münbit zəmin yaradır. Bu qədər yüksək vəd müəyyənləşdirməklə Putin özünü çətin vəziyyətə salıb, çünki bir ilin miyanə artımı onun bu vədinin yerinə yetirilməyəcəyini sübut edir. Nəticədə kursu dəyişmək arzusunda olanlar üçün yol açılıb.

Məhz bu kontekstdə orta həcmli müəssisələrin - indi yüzlərlə şirkətin illik gəliri 300-400 milyon ABŞ dollarına bərabərdir - sahibkarları və menecerləri həqiqi kapital bazarları yaratmaq üçün səfərbərliyə başlayıblar. Putinin ilk prezidentlik müddəti dövründəki sabit artım belə şirkətlər üçün son dərəcə faydalı olub, lakin indi onlar bu fikirdədirlər ki, artan kapital ehtiyatlarına yol tapa bilmədikləri təqdirdə artım səviyyəsini saxlamaq iqtidarında olmayacaqlar və Putinin artım hədəfi baş tutmayacaq. Siyasi himayədarlardan asılı olmadan öz maraqlarını genişləndirmək istəyən orta həcmli müəssisələrin Putin bürokratiyasının onların qarşısını kəsən maneələri aradan qaldırmasına çalışması üçün müəyyən əsasları var. Xüsusilə də əgər iqtisadiyyat üzüaşağı yuvarlanarsa, onların öz status- kvolarına əminlikləri daha da zəifləyəcək; belə bir sistemdə isə «siloviklər» iqtisadi qalibləri və məğlubları soymaq üçün hər şey edirlər.

Rusiya sahibkarlarının kəskin iqtisadi böhran vəziyyətinə nisbətən iqtisadi durğunluq şəraitində daha geniş siyasi rol almaq istəməsi ehtimalı belə bir maraqlı sual doğurur: Putin uğur qazansa, onlar nə edəcəklər? Geniş qəbul olunmuş fikrə görə, cari iqtisadi yəksəlişin davam etməsi siyasi hakimiyyətin mövcud bölgüsünü möhkəmləndirəcək və «siloviklər»in bundan sonra da həmişəlik idarəçilikdə qalmalarını təmin edəcək. Ümumən qəbul olunmuş düşüncələrin əksəriyyəti kimi bu ssenari də çox məntiqli görünür. Lakin o, məsələnin mahiyyətini heç də tam əks etdirmir. Son beş ilin sabit artım göstəricisinin onilliyin qalan hissəsində davam edəcəyi təqdirdə Rusiyanın necə olacağını təsəvvürümüzə gətirək: ölkə iqtisadiyyatın həcminin iki dəfə artırılmasına dair Putinin müəyyən etdiyi hədəfə çatacaq, ya da ona yaxınlaşacaq; çoxsahəli iqtisadi inkişaf ümumi daxili məhsul istehsalı həcminin artmasını enerji qiymətlərindən daha az asılı edəcək; yoxsulluq içərisində yaşayanların sırası getdikcə daralacaq və dövlət maliyyəsinin gücü 1990-cı illərdə Rusiyanı geriyə sürükləyən (və bu gün də bunu davam etdirən) infrastruktual defisitlər üzərinə gerçəkdən hücuma keçməyə imkan verəcək.

Bu cür uğurlu göstəricilərə nail olan rejimin dəyişdirilməsinə təzyiq göstəriləcəyini güman etmək absurd kimi görünə bilər. Çox güman ki, belə bir rejim heç bir dağılmaq təhlükəsi ilə üzləşməyəcək. Doğrudur, hətta qazanılan uğurlar belə siyasət aləmi üçün yeni tələblər doğurur və bu tələblərin siyasi dəyişikliklərə baş vurmadan idarə olunacağını düşünmək sürətli artım prosesinə xas dinamizmi düzgün qiymətləndirməmək olardı. Artıq beş illik iqtisadi dirçəliş uğurlu biznesmenlər sinfinin sıralarını Yeltsin dövrünün sayca çox az və həddən artıq varlı oliqarxlarının sırasına nisbətən xeyli genişləndirib.

«Forbs» jurnalının lap bu yaxınlarda dərc etdiyi siyahı Rusiya milyarderlərinin sayının son bir neçə ayda 25-dən 36-ya yüksəldiyini göstərir və hətta hamının azaldılmış hesab etdiyi bu saya, var-dövləti bir milyard markdan azacıq aşağı olsa da, heç şübhəsiz ki, durmadan sürətlə artan geniş sahibkarlar qrupu daxil deyil 7. Razılaşmaq olar ki, bu cür sürətli artım güclə pul arasındakı siyasi balansın pulun xeyrinə dəyişməsi təhlükəsini qaçılmaz edir. Heç bir şey olmasa da, iqtisadiyyatda uğur qazanan rusların sayca getdikcə çoxalması biznesin gizli gücə malik olması deməkdir, yəni onun həqiqi və potensial rolu arasındakı disproporsiya durmadan artır.

Bundan əlavə, iqtisadiyyat böyüdüyünə görə biznesin heç bir narazılığı, heç bir siyasi gündəmi, status-kvonu dəyişdirməklə bağlı heç bir arzusu olmadığını düşünmək yanlışlıq olardı. Möhkəm iqtisadi böyümə faktiki olaraq biznesmenlərə öz diqqətlərini xüsusilə bir məqsədə - dövlət bürokratiyasının onları soymaq cəhdlərindən daha yaxşı qorumaq məqsədinə yönəltmək üçün tutarlı əsas verir. Axı istehsalda heç bir iştirakı olmayan «siloviklər» nə üçün əldə olunan mənfəətin böyük bir hissəsinə yiyələnməlidirlər? Artıq Putinin özü də bir biznes xadiminin «açıq-aşkar hökumət reketçiliyi» 8 adlandırdığı əməllərin qarşısını almaq üçün «güc» nazirliklərində islahatlar aparmaq məsələsinə sözdə də olsa, xüsusi fikir verməyə başlayıb.

Biznesin bərpa olunmuş siyasi rolunu təsəvvürə gətirmək üçün biz Yeltsin illərində əfsanəyə çevrilən oliqarxiya modelinin son dövrlərinə nəzər salmalıyıq. Putin 1990-cı illərdə Kremldə hadisələri səhnə arxasından idarə etdikləri düşünülən Boris Berezovski və Vladimir Qusinskinin birbaşa təsirinin legitimliyini aradan qaldırmağa nail olduqdan sonra belə bir şeyin yenidən təkrar oluna biləcəyi inandırıcı görünmür. Ancaq «Yukos» şirkəti məsələsi ilə bağlı qaldırılan hay-küyə baxmayaraq, Putin əslində müxalifət partiyalarının dəstəklədiyi, fəal lobbiçilik və səs satın almaqla məşğul olduğu düşünülən, həll olunmamış siyasi problemlər barədə açıq çıxışlar edən Mixail Xodorkovskinin bu fəaliyyətinin legitimliyinin aradan qaldırılmasında o qədər ciddi uğurlara nail olmayıb.

Məhz bu sahələrdə Kreml və biznes icması biznes maraqlarının Rusiya siyasətində legitim şəkildə təmsil oluna biləcəyi modernləşdirilmiş sistem yaradılması istiqamətində müəyyən qaydalar işləyib hazırlaya (və yaxud ən azı real şəkildə bu məsələni müzakirə edə) bilərlər. Hazırkı halda isə biznes icması onun siyasi fəaliyyətini tamamilə məhdudlaşdıran çox pis çəkilmiş sədlərə qarşı açıq şəkildə çıxış edə bilmir. Ancaq o bu sədləri sakitcə qəbul da edə bilmir və nə üçün də etməlidir? Rusiyanın işi uğurlu gedən sahibkarları zamanın «siloviklər»in deyil, onların xeyrinə işlədiyini, iqtisadi böyümənin tezliklə «siloviklr»in özbaşınalığını getdikcə daha aydın üzə çıxaracağını, reallıqla barışa bilmədikləri üçün onların siyasi rolunu kifayət qədər məhdudlaşdıracağını düzgün hesablayıb bundan lazımi nəticə çıxara bilərlər.

Nə üçün seçkilər hələ də vacibdir?

Rusiya siyasətinin sabitliyini həddən artıq şişirdənlər - çoxumuz onların sırasına daxilik - status-kvonun dəyişdirilə biləcəyi yolları düzgün qiymətləndirmirlər. Eyni səhvə yol verməmək üçün indi biz yalnız güclə pul arasındakı dəyişkən balans daxilində yeni plüralizm mənbələri axtarmalıyıq. Xüsusilə də çox vaxt lağa qoyulan, amma son onillikdə Rusiya siyasətinin ən davamlı dinamik gücünə çevrilmiş seçki prosesinin rolunu inkar etməməliyik.

Seçki həmişə hakimiyyətdə olanların öz mövqelərini möhkəmləndirmələrinə imkan verməyib, o qədər də siyasətə qoşulmaq həvəsində olmayan seçiciləri səfərbər edib, yeni problemləri ön plana çıxarıb. 1993-cü ilin parlament seçkisi Vladimir Jirinovskini milli səviyyədə siyasi xadimə çevirmişdi. 1996-cı ilin prezident seçkisi az və ya çox dərəcədə birləşmiş güc kimi oliqarxları siyasət aləminə cəlb etmişdi. 1999-cu ilin parlament seçkisində ilk dəfə olaraq vəzifədə olan Baş nazir - məhz Putinin özü - başqa halda iqtidarın əksinə səs verə biləcək seçiciləri öz xeyrinə səfərbər etməklə mövqeyini seçki qutusunda möhkəmlətməyə nail olmuşdu 9. Bu seçkilərin hər biri dözülməsi mümkün olan gözlənilməz nəticələrlə başa çatmışdı.

Bu göstəricilərə rəğmən biznes və dövlət arasındakı cari münasibətlər kimi, seçkilərin indiki statusu da onlara gələcək siyasi plüralizmin mənbəyi kimi baxmağı çətinləşdirir. 1999-cu ildən başlayaraq Rusiyadakı seçkilər hakimiyyətdə olan güclərin öz mövqelərini daha da möhkəmlətmək və bütövlükdə siyasi sistemin plüralizmi tədricən zəiflətmək mexanizminə çevrilib. İqtidar partiyası seçkilərdə təkcə seçicilərə iqtisadi yüksəliş və dumanlı «sabitlik» vəd etməklə deyil, həm də kütləvi narazılığın zəif damarını tutmaqla uğur qazanıb. 1999 və 2000- ci illərdə bu narazılığın hədəfi çeçen separatizmi olub. 2003 və 2004-cü illərdə bu hədəf «znginlərin cinayətkarlığı» kimi müəyyənləşdirilib və deyəsən, bu formul öz əhəmiyyətini hələ uzun müddət itirməyəcək. Əslində Putin rejiminin bu qədər qorxunc görünməsinin yalnız bir səbəbi var, o da bu rejimin özünü seçicilərlə həm uğurlu və səriştəli komanda, həm də populist tribun kadrı kimi təqdim edə bilməsidir.

Rusiyanın hakim elitasının növbəti nəsli də, çox güman ki, bu ikili profili qoruyub saxlamağa çalışacaq. Onlar da təkrar-təkrar ölkəni prinsipsiz sahibkarların caynağından qurtardıqlarını və onu ümumi rifah naminə möhkəm əllə idarə etdiklərini vurğulayacaqlar. Mif olsa da, olmasa da, bu iddialar həm sinfi münasibətləri qızışdırmaqla, həm də ruslarda mövcud hakimiyyətə hörmət oyatmaqla uzunmüddətli platformanın qazanılmasına çox səmərəli şəkildə yardım edə bilər. Güman ki, Xodorkovski də belə düşünür. Həbsxanadan bu yaxınlarda göndərdiyi bir məktubda o, Rusiya oliqarxlarının özlərini gələcək illərin çox asan siyasi hədəfinə çevirdiklərindən ciddi əndişələndiyini bildirirl.

Ancaq rejim özünü kütləyə qəbul etdirməkdə nə qədər məharətli olsa da, seçki prosesi yenə də onun potensial zəif yeri olaraq qalacaq.

Hakimiyyətdə olmağın bütün üstünlükləri ilə birlikdə (Rusiyada isə «inzibati resurslar» bu üstünlükləri hədsiz dərəcədə artırır) seçkilər öz təbiəti etibarilə əhali arasında status-kvodan narazılığı səfərbər etmək alətidir. Bir çox məsələlər bu narazılığı siyasi əhəmiyyətli problem səviyyəsinə qaldıra bilər, lakin dərin böhran olmadığı təqdirdə bu potensiyanın çox hissəsi, çox güman ki, korrupsiyalaşdırılacaq. «Siloviklər»in və Putini dəstəkləyən «Yedinstvo» partiyasının «bayıra atdıqlarını» iddia etdikləri fırıldaqçılardan o qədər də fərqlənmədiklərini - onlar kimi öz şəxsi mənafelərini güdən, satqın, heç bir qanuna məhəl qoymayan kəslər olduğunu görmək seçicilər üçün o qədər çətin olmayacaq. Gələcəkdəki populist seçki qiyamı, çox güman ki, «siloviklər»in oliqarxları heç də bayıra atmadıqlarını, sadəcə, əhalinin hesabına qəsb etdikləri qənimətləri bölüşmək üçün onlarla sövdələşməyə girdiklərini təsdiqləyəcək. Hətta Putinin prezidentliyə başladığı vaxtlarda, deyilənlərə görə, oliqarxlara etdiyi «nə qədər istəyirsinizsə, pul qazanın, amma siyasətdən kənar durun» xəbərdarlığı reketçiliyi himayə etməyin bir növü kimi də şərh edilə bilər.

Rusiyanın hələ kommunizmin dağılmasından əvvəlki dövrdə başlayan son 20 illik tarixi öz vəzifələrini korrupsiyaya qarşı mübarizə aparmaqda gördüyünü bəyan edən liderlərin bir-birini əvəz etməsinə şahid olub. Bu, həmçinin siyasi autsayderlər üçün də gərəkli şüara çevrilmişdi (sonuncuların ən tanınmış nümayəndəsi bəlkə də 1986-cı ildə partiya imtiyazlarının əleyhinə çıxış edən Boris Yeltsin adlı sabiq dövlət funksioneri idi). Son nəticədə isə, əlbəttə ki, hər bir yeni lider qeyri- qanuni praktikalara son qoymaq əvəzinə onlara yeni forma verib və hətta daha da genişləndirib.

İndiki rejim də bu mənada istisna təşkil etmir. Əksinə, o, hətta daha nəhəng və yaxud kiçik miqyaslı, amma silsiləvari korrupsiya qalmaqalı eşiyində qalana bənzəyir. Belə bir şey baş verərsə, o zaman Rusiya siyasətinin bütün səviyyələrdən olan liderləri və hərəkatları adi vətəndaşların adından qəzəbli natiqlər kimi çıxış etmək istəyərkən ciddi mühakimə olunacaqlar. İndiki rejimin memarı kimi qələmə verilməsinə baxmayaraq, yəqin ki, Putin bu an üçün hazır olacaq. Faktiki olaraq dövlətin bürokratiya sistemində islahatlar aparılmasını özünün ikinci prezidentlik müddətinin leytmotivinə çevirmək cəhdi Putinin belə bir məqamın tezliklə gələcəyini düşündüyünü də göstərə bilər. Nə qədər inanılmaz görünsə də, digər siyasətçilər (hətta "Yedinstvo partiyasının rəhbərləri) belə bu qalmaqal ərəfəsində istər-istəməz dərhal korrupsiya əleyhinə mübarizə ritorikasına və siyasətinə keçəcəklər. Müxalifət liderləri arasında isə öz partiyasının Dumadakı təmsilçiləri vasitəsilə ötən payızda bu tip populist platforma uğrunda kampaniya aparan Sergey Qlazev korrupsiya məsələsindən siyasi baxımdan daha səmərəli yararlanmaq mövqeyində olacaq.

Aydın olmayan, amma Rusiyada plüralizmin gələcəyinə son dərəcə vacib təsir göstərə biləcək bir məsələ biznes dairəsinin bu imkanlara necə reaksiya verəcəyi məsələsidir. Çox mümkündür ki, populist siyasətlər pullu elita arasında yenə də qorxu hissi oyatsın. Əgər belə olarsa, biznes xadimlərinin müdafiə olunmaq üçün «siloviklər»ə yenidən müraciət etmələri sürpriz olmayacaq. Korrupsiya məsələsi Rusiyanın biznes dairələrinə indiki qapalı siyasi sistemi açmaq üçün yaxşı imkan təklif edə bilər, amma müvafiq əlverişli şərait olmadan bu açılmadan istifadə çətinləşəcək. Rusiya biznesmenləri indi 1990-cı illərin özəlləşdirmə qalmaqalları zamanı özlərini bu ləkədən təmizləmək üçün göstərdikləri səylərdən daha artıq səy göstərməli, özünü bütövlükdə Rusiya cəmiyyətinin maraqlarını əks etdirən siyasi gündəmlə eyniləşdirməli və siyasi plüralizm məqsədini inkişaf etdirməlidir. Biznes dairələrinin belə bir geniş rol oynamaqdan boyun qaçırmalarının səbəbləri tamamilə aydındır. Ancaq o da aydındır ki, bu onlara lap baha başa gələ bilər. Yəni ölkə həyatında öz rolunu genişləndirmək cürətindən məhrum olan sahibkarlar sinfi həm mövcud rejimlər, həm də onun sonrakı sələflər ilə təhqiramiz münasibətlərin buxovundan ömürlük asılı vəziyyətdə qala bilər.

Görünür, Vladimir Putin siyasi plüralizmi Rusiya əngəlləri və ehtiyacları üçün zərərli hesab edir və ikinci prezidentlik müddətində də öz antiplüralist strategiyasını davam etdirəcək. Ancaq plüralizmi xoşlamamaqla onun yenidən meydana çıxmasının qarşısını almaq arasında müəyyən fərq var. Mülkiyyət hüququ, söz azadlığı və müntəzəm seçkilər plüralizmə xas əlamətlərdir və onların hamısı Putinin başçılıq etdiyi sistemin - hətta ən yumşaq formalarında belə - tərkib hissəsi olaraq qalır. Plüralizmin yenidən canlandırılması üçün onlardan haçan və necə uğurlu istifadə edilməsi Rusiya biznesmenlərinin seçimlərindən asılı olacaq. Rusiyanın siyasət aləmindəki potensial güclərdən yalnız pul ən möhkəm maddi bazaya malikdir və həm də yalnız onun legitimliyi böyük şübhə altındadır. Digər bir çox faktorlar kimi, bu dilemmanın da necə həll ediləcəyi Rusiya siyasi sisteminin özünün postsovet formasını qəbul edib- edə bilməyəcəyini göstərəcək.

"Journal of Democracy", cild 15, № 3, iyul 2004
Tərcümə etdi: Tehran Vəliyev