SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№7 ---- Payız|2004
SUAL - CAVAB

SUAL:

Ayrı-ayrı beynəlxalq təşkilatlar, siyasatşünaslar, ictimai- siyasi qurumların ekspertləri belə hesab edir ki, Azərbaycanda yerli özünüidarə mədəniyyətinin dərinləşməsi üçün bələdiyyələrin statusunu artırmaq lazımdır. Sizcə, bu fikir nə qədər əsaslıdır və bələdiyyələrin statusunu artırmaq deyəndə nə başa düşülməlidir?

CAVABLAR:

SƏYYAD ARAN
Millət vəkili

- Bələdiyyələrin Azərbaycan ictimaiyyəti üçün yenilik, dövlət quruculuğu prosesində yeni sahə olduğunu nəzərə alsaq, onların statusu hələlik kifayət qədərdir. Bu qurumlar hələ oturuşmalı, təkmilləşməli, təcrübə qazanmalıdır. Təkcə maddi bazalarını deyil, siyasi və hüquqi dayaqlarını da möhkəmləndirməlidir. Belədə bələdiyyələrə inam güclənəcək və onlar idarəetmədə öz sanballı sözünü deyə biləcəklər.

Beynəlxalq təşkilatlar ənənə üzrə Azərbaycandan çox şey tələb edirlər. Avropada uzun illərə başa gəlmiş təcrübəni dərhal qəbul etmək mümkün deyil. Bu, obrazlı desək, meyvəni vaxtından əvvəl, süni surətdə yetişdirməyə bənzəyir. İnanıram ki, zaman keçdikcə Azərbaycanda özünüidarə mədəniyyəti təkmilləşəcək və bələdiyyələr mühüm idarəetmə orqanı kimi formalaşacaq. Mən bu sahədə təkamülün tərəfdarıyam.

YUSİF NƏRİMANOV
Bərdə Rayon Bələdiyyəsinin sədri

- Hələ beş il yarım əvvəl bələdiyyələrin yaradılması prinsiplərini, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatını müəyyənləşdirən sənəd - «Bələdiyyələrin statusu haqqında» qanun qəbul edilib. Bu qanunun qəbulu bələdiyyənin fəaliyyətində mühüm rol oynasa da, belə statusla normal fəaliyyət göstərmək mümkünsüzdür. Ən acınacaqlısı odur ki, yerli hakimiyyət rolunu yerinə yetirən bələdiyyələr qeyri-dövlət təşkilatı sayılır və dövlət hakimiyyət orqanları sisteminə daxil deyil. Bələdiyyənin dövlət himayəsinin konkretləşdirilməməsi, himayəni həyata keçirən orqanların hüquq və səlahiyyətlərinin müəyyənləşdirilməməsi də problemdir.

Zənnimcə, qanunvericilikdə təkmilləşdirmələr aparılmalıdır. Məsələn, bələdiyyə sədrinin birbaşa seçkidə seçilməsi yaxşı olardı. Bələdiyyə üzvlərinin statusu da xeyli artırılmalıdır. Onlar toxunulmaz olmalı, fəaliyyəti dövründə hərbi xidmətdən azad edilməlidir. Bələdiyyə üzvlərinin pensiya təminatını dövlət qulluqçuları ilə eyniləşdirmək də gərəkdir. Yerli özünüidarə qurumlarının vergi xidməti işçilərinə dövlət vergi xidməti orqanlarında olan səlahiyyətlər verilməlidir.

Bələdiyyələrin gəlir növləri də təcili olaraq artırılmalıdır. Onların mülkiyyəti dəqiq müəyyənləşdirilməlidir.

ZƏRDÜŞT ƏLİZADƏ
Politoloq

- Sualda səslənən fikirlərlə tamamilə tam həmrəyəm. Azərbaycan bələdiyyələri tam hüquqsuz və asılı vəziyyətdədir. Əslində, yerli özünüidarəetmə demokratiyanın təməlidir. Azərbaycanda bu mədəniyyətin təməli qoyulmayıb. Vəziyyəti dəyişməkdən ötrü isə mütləq bələdiyyələrlə bağlı qanunlara yenidən baxılmalıdır. Yerlərdə icra hakimiyyəti nümayəndəlikləri ləğv edilməli və bütün hakimiyyət bələdiyyə strukturlarının ixtiyarına verilməlidir. Zənnimcə, mərkəzi büdcəyə neftdən gələn vəsaitləri nəzərə alaraq yerli vergilərin 75 faizinin bələdiyyələrin ixtiyarında qalması məqsədəuyğun olardı. Yerli özünüidarə ilə bağlı bütün məsələləri mütləq bələdiyyələr həll etməlidir. Yalnız bu halda Azərbaycanda demokratiyanın inkişafından və perspektivindən danışmaq mümkündür. Əks halda o, yalnız görüntü kimi qalacaq,
bələdiyyələrsə məmurların əlində oyuncaq qurumdan uzağa gedə bilməyəcək.

MEHDİ SƏLİMZADƏ
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodiki Yardım Mərkəzinin rəhbəri

- Məncə, yerli özünüidarə mədəniyyətinin dərinləşməsinin əsas şərti heç də bələdiyyələrin statusunu artırmaq deyil. Çünki mədəniyyət xeyli mənada fərdi anlayışdır. Yerli özünüidarəetmə orqanları ölkəmizdə ilkin mərhələni geridə qoymaq üzrədir. Bu birinci beş ili bələdiyyələrçün keçid mərhələsi kimi qiymətləndirmək olar. Yəni bu qurumlar təşkilatlanmaq, formalaşmaq mərhələsini başa vurdular, xeyli iş görməyə imkan da tapdılar. Düzdür, bəzi kiçik bələdiyyələr öz işlərini yaxşı qura və tam formalaşa bilmədilər. Ancaq bu da təbiidir. Çünki bələdiyyələr yeni qurumlardır. Bələdiyyələrin səlahiyyətlərinə gəlincə, dövlət tədricən onlara mülkiyyət və maliyyə məsələlərinin həlli ilə bağlı imkanlar verməlidir. Dövlət qurumları bu istiqamətdə müəyyən işlər görür və məsələ öz həllini tapacaq.

İLQAR HÜSEYNLİ
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin prezidenti

- Rəhbərlik etdiyim təşkilat Azərbaycanda yerli özünüidarənin vəziyyəti ilə bağlı ciddi bir tədqiqat aparıb və bu yöndə tövsiyələr hazırlayıb. Həmin tövsiyələrin bir hissəsi məhz bələdiyyələrin institusional inkişafını özündə əks etdirir. Biz inkişafın ən ciddi elementi kimi bələdiyyələrin statusunda fundamental dəyişikliklərin həyata keçirilməsini təklif etmişik.

Bələdiyyələrin inkişafına ən ciddi maneə kimi onların statusunu tənzimləyən qanunun birinci maddəsini göstərmək olar. Həmin maddə bələdiyyələri qeyri-dövlət sisteminə aid edir. Məhz bu prinsip həm yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının, həm də əksər demokratik ölkələrin təcrübələri ilə ziddiyyət təşkil edir. Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında həm səlahiyyət, həm də maliyyə və mülkiyyət bölgüsündə yaranan problemlər birbaşa bələdiyyələrin statusunun zəifliyi ilə bağlıdır.

A.Torkvillin belə bir fikri var: «Xalqı idarə edən demokratik mərkəzi hakimiyyətin güclü və aktiv olması zəruri və arzuolunandır. Heç bir vəchlə onu zəiflətmək və süstləşdirmək olmaz, lakin onun öz çevikliyindən və gücündən sui-istifadə etməsinə də yol vermək olmaz». Təəssüf ki, Azərbaycan iqtidarı çox zəif statuslu bələdiyyə institutu formalaşdırmaqla öz çevikliyindən və gücündən sui-istifadə edib. Yerli özünüidarəetməyə dövlət hakimiyyətinə alternativ kimi baxmaq olmaz. Əksinə, bələdiyyələrin statusunun artırılması güclü dövlətin əlaməti kimi başa düşülməlidir. Zənnimcə, səlahiyyətlərin dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə qurumları arasında siyasi-hüquqi və idarəetmə baxımından rasional bölgüsünün aparılması Azərbaycanda güclü bələdiyyə institutunun yaranmasına gətirib çıxarar.