|
"ФОРМИРОВАНИЕ ГРАЖДАНСКОГО ОБЩЕСТВА В УСЛОВИЯХ ТРАНСФОРМАЦИИ" |
 |
| R. Həsənov |
Bakı Slavyan Universitetinin «Kitab aləmi» nəşriyyatı
fəlsəfə elmləri namizədi Rəfail Həsənovun «Formirovanie qrajdanskoqo
obşestva v usloviyax transformatsii» monoqrafiyasını çapdan buraxıb.
Kitab sosial sistemin transformasiyası şəraitində vətəndaş cəmiyyətinin
formalaşması problemlərinə həsr olunub. Vətəndaş cəmiyyəti fenomeninə
və tarixinə müraciət edən müəllif oxuculara onun formalaşması, inkişafı
mərhələlərini çatdırır. Müasir dövrdə islamın və vətəndaş cəmiyyəti
ideyasının nisbəti məsələsinə toxunan alim eyni zamanda iqtisadi,
sosial, siyasi və mənəvi-dini sferalarda transformasiya proseslərini
xırdalayır, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu proseslərinin
özəlliklərini qabartmağa, bu yöndəki problemləri araşdırmağa səy
göstərir.
Üç bölümlük kitabın birinci hissəsi sırf nəzəri mahiyyət
daşıyır və vətəndaş cəmiyyəti probleminə tarixi-fəlsəfi ekskursdan
ibarətdir. Müəllif vətəndaş cəmiyyətinin mahiyyəti, təbiəti və özəlliklərini
nəzərdən keçirməklə bu fenomenin təşəkkül və inkişaf tarixi problemlərini
təhlil edir. O, həmçinin klassik və müasir konsepsiyalara baxışını
ortaya qoyur, dövlət və vətəndaş cəmiyyətinin nisbəti probleminə
yönəlik nəzəri paradiqmaları tutuşdurur. Bu bölümdə müəllif həmçinin
vətəndaş cəmiyyətinin strukturu, tərkib elementləri və institutlarını
müəyyənləşdirir, bu fenomen üçün vacib hüquqi və sosial cəmiyyət
nəzəriyyələrinə nəzər salır.
İkinci bölümdə qərb-xristian, buddist və müsəlman
sivilizasiyalarının qısa müqayisəli təhlili verilir və onların vətəndaş
cəmiyyəti ideyasıyla münasibətlərinə toxunulur. Müəllif bəzi tədqiqatçıların
vətəndaş cəmiyyətinin inkişafını dinlə, o cümlədən islamla bağlamaq
cəhdlərinin yanlış olduğunu göstərərək bu qənaətə gəlir ki, vətəndaş
cəmiyyəti quruculuğunu şərtləndirən əsas məsələlər iqtisadi tərəqqi
və hüquqi dövlət yaradılmasıdır. Filosofun gəldiyi nəticələrə görə,
islam Azərbaycan cəmiyyətinin konsolidasiyasına yardımçıdır və dövlətlə
institusional islamın birgə səyi ilə ölkədə ümumi sabitlik yaratmaq,
vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirmək olar.
Azərbaycan cəmiyyətinin sosial-iqtisadi transformasiyası
özəllikləri və onların formalaşmaqda olan vətəndaş cəmiyyətinə təsiri
monoqrafiyanın üçüncü bölümündə yer alıb. Bu bölümdə son 10-15 ildəki
dinamik dəyişikliklərin xarakteri açılır və bu kontekstdə vətəndaş
cəmiyyəti quruculuğunun üzləşdiyi problemlər, onun ayrı-ayrı mərhələləri
və inkişaf perspektivləri nəzərdən keçirilir.
|