|
FAŞİZMDƏN DEMOKRATİYAYA CƏNUBİ AVROPADA BU YOLU NECƏ KEÇDİLƏR |
 |
| Rəfail Həsənov |
Rəfail Həsənov fəlsəfə elmləri namizədidir, Kazan Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsini bitirib, BDU-nun sosiologiya kafedrasının dosentidir.
1970-ci illərdə İspaniya, Portuqaliya və Yunanıstanda demokratik siyasətə keçid alimlərə yeni demokratiya dalğası haqqında danışmağa əsas verdi. Cənubi Avropanın bu ölkələrinin təcrübəsi postsovet məkanında 10 ildən artıq müddətdə gedən transformasiya proseslərini (çevik və əsaslı sosial-iqtisadi dəyişikliklər, gerilik və avtoritarizm ənənələrindən birdəfəlik uzaqlaşma, demokratiyaya uğurlu keçid və konsolidasiya) dərindən başa düşməyə nadir imkan yaradır.
Tranzisiya (keçid) və konsolidasiya dedikdə biz zaman etibarilə ardıcıllıqla, bəzən də eyni vaxtda baş verən demokratikləşmə prosesinin ayrı-ayrı aspektlərini nəzərdə tuturuq. Demokratiyaya keçid köhnə avtoritar rejimin çökməsi ilə başlayıb demokratik rejim çərçivəsində siyasi institutların nisbətən sabit formasının yaradılması ilə sona çatır. Onu bu şərtlər əsasında başa çatmış hesab etmək olar: seçilmiş hökumət yaradılmasının siyasi prosedurları haqqında razılığa gəlinib, hökumət azad ümumxalq səsverməsiylə formalaşıb və yeni siyasəti de-fakto həyata keçirmək iqtidarındadır, hakimiyyət icraedici, qanunverici və məhkəmə qanadları arasında real bölünüb.
Konsolidasiya dedikdə yeni demokratik institutların əhəmiyyətli dəstəyinə nail olma və onlarla razılığa gəlmə nəzərdə tutulur. Bir çox halda konsolidasiya, yəni demokratiyanın institutlaşması keçid prosesindən də çox vaxt aparır. Demokratiyaya keçid problemlərini öyrənən alimlər X.Lintsin və A.Stepanın fikrincə, demokratiya o vaxt konsolidasiya olunmuş sayılır ki, ölkədə heç bir əhəmiyyətli faktor - milli, sosial, iqtisadi, siyasi və institusional - qeyri- demokratik rejimin bərpası üçün əhəmiyyətli resurslardan istifadə etmir; əhalinin əksər hissəsi demokratik prosedur və institutların cəmiyyətin kollektiv həyatını idarə etmək üçün ən əlverişli yol olması qənaətinə gəlir; istər hökumət, istərsə də qeyri-hökumət qüvvələri münaqişələrin qanunlar, prosedur və institutlar çərçivəsində həllinə alışır. Avtoritarizmdən demokratiyaya keçidi başa çatdırmaq və onun konsolidasiyasına nail olmaq şərtlərinə gəlincə, söhbət qanunun aliliyi və vətəndaş cəmiyyətinin mövcudluğundan, siyasi cəmiyyətin muxtariyyətliliyi və onun fəaliyyəti üçün qanuni çərçivənin yaradılmasından, hakimiyyətin demokratik bölüşdürülməsi üçün konstitusion qaydaların təmin edilməsi və s. mətləblərdən gedir.
Bu nəzəri müddəaları diqqətdən keçirdikdən sonra Cənubi Avropa ölkələrində tranzisiya və konsolidasiya proseslərini təhlil edək. İSPANİYA
Almaniyanın federal kansleri Konrad Adenauer və ispan diktatoru Franko.1959-ci il |
1931-ci il İspaniya inqilabı monarxiyanın ləğviylə nəticələndi. Bu isə uzun sürən daxili siyasi mübarizələrə rəvac verdi. Sol partiyalar Xalq Cəbhəsi yaratdılar və 1936-cı ildə kortesə (parlamentə) seçkilərdə qalib gəldilər. Buna cavab olaraq sağçı qüvvələr hərbi çevriliş təşkil edib general Fransisko Frankonu hakimiyyətə gətirdilər. İspaniyada vətəndaş müharibəsi başladı. 1939-cu ildə Frankonun qələbəsindən sonra ölkədə faşist diktaturası bərqərar oldu.
İspaniyada 36 il sürən avtoritar rejim haqda çox yazılıb. Biz isə 1975-ci ilin noyabrında Frankonun ölümündən sonra başlayan İspaniya tranzisiyasından danışacağıq. Keçidin özülünü başa çatmaqda olan rejimin siyasi liderləri və xüsusən Adolfo Suares qoydu. Yeni dövlət başçısı əvvəl-əvvəl mövcud hakimiyyət siyasətinə heç bir düzəliş etmək istəmirdi. O, aşkar frankoçu K.Arias Navarronu hökumət başçısı vəzifəsində saxladı. 1976-cı ilin mayında Nazirlər Şurası siyasi islahat haqqında qanun layihəsi imzaladı. Burada korteslərin yenidən təşkili və qeyri-müəyyən gələcəkdə ümumi səsvermə hüququnun bərpa olunmasına söz verilirdi. Lakin bu vədlər elə şərt və qeydlərlə müşayiət olunurdu ki, planlaşdırılan islahatlar öz real məzmununu itirmək təhlükəsi altında qalırdı. İspan demokratları hakimiyyətin belə tərəddüdlərinə diktaturanın demontajını gücləndirməklə cavab verdilər. Çaxnaşmalar nəticəsində 1976-cı il iyulun 1-də baş nazir Arias Navarro istefaya göndərildi və əvvəlki kabinetdə milli hərəkatın nazir-baş katibi vəzifəsini tutmuş Adolfo Suares baş nazir vəzifəsinə təyin olundu. O vaxt demokratik prosesin institutlaşması hələ sual altında idi, geniş dəstəyə malik muxtar siyasi institutların yaradılması ümdə vəzifə olaraq qalırdı. Suares konstitusiya islahatı aparılmasına, 1977-ci il iyunun 30-dək ümumi seçkilərin keçirilməsinə, vətəndaş azadlıqlarının bərpasına və s. söz vermişdi.
Əksər demokratik tranzisiyalarda köhnə rejimin konstitusiyası qüvvədə qalır və bununla demokratik yeniliyi ləngidir. İspaniyada ləngidici struktur qismində kortes çıxış edirdi. A.Suaresin qarşısında kortesi siyasi islahat haqqında qanuna səs verməyə inandırmaq kimi cox mühüm bir vəzifə dururdu. O, sələfinin parlamentə təqdim etdiyi siyasi islahat haqqında qanun layihəsini geri çağırdı və özünün daha liberal layihəsini irəli sürdü. Çətinliklə də olsa, qanun qəbul edildi və 1976-cı il dekabrın 15-də referenduma çıxarıldı. Seçicilərin əksəriyyəti hökumət sənədini dəstəklədi. Bundan sonra avtoritar strukturun demontajı və demokratik hakimiyyətin tanınması prosesi gücləndi. 1977-ci il demokratiyaya doğru yeni addımlarla başladı. Yanvarın 1-də Frankonun antifaşistlərə işgəncələr vermək üçün yaratdığı ictimai asayiş tribunalları ləğv olundu. Daha sonra partiyaların leqallaşdırılması, seçki sisteminin dəyişdirilməsi yönündə addımlar atıldı. 1977-ci il iyunun 15-də İspaniyada Xalq Cəbhəsi vaxtından bu yana ilk dəfə ümumxalq parlament seçkisi keçirildi. Səsvermənin nəticələri açıq şəkildə göstərdi ki, ispan xalqı frankoçuluğu istənilən formada qətiyyətlə rədd edir və demokratik islahatların dərinləşməsinə çalışır. İyulun 22-də Madriddə korteslər sessiyasının rəsmi açılışı oldu. Tezliklə parlament gələcək konstitusiya müddəalarının müzakirəsinə başladı.
Konstitusiyanın hazırlanması frankoçu keçmişlə tam üzülüşmək tərəfdarları ilə köhnə rejimin mümkün qədər daha çox hüquqi normalarını saxlamağa can atanlar arasında kəskin mübarizə şəraitində gedirdi. Köhnəlik tərəfdarları konstitusiya komitəsinin üzvlərinə həm korteslərin daxilindən, həm də xaricdən təzyiqlər göstərməyə çalışırdılar. İfrat sağçı elementlərin demokratik təşkilatların qərargahlarına hücumu, müxtəlif şəhər və kəndlərdə qarışıqlıqlar yaradan təhrikçi hərəkətləri bitmək bilmirdi. Ekstremistlərin fəaliyyətini asanlaşdıran məqam mərkəzdə və yerlərdə dövlət-inzibati aparatının Franko dövründən bu yana dəyişilməz qalmasıydı. Bir tərəfdən də kəskinləşən iqtisadi böhran sosial gərginliyin daha da artmasına səbəb olmuşdu. 1976-cı ildə inflyasiya 20, 1977-ci ildə isə 28 faiz təşkil etmiş, işsizlik kəskin surətdə artmış, tətil hərəkatı genişlənmişdi.
Belə bir şəraitdə hökumət müxalifət partiyalarına iqtisadi və siyasi xarakterli problemlərin aradan qaldırılması üçün birgə tədbirlər hazırlanması təklifi ilə müraciət etməli oldu. Müxalifət bu təklifi qəbul etdi və müvafiq danışıqlardan sonra Baş nazirin rezidensiyasında - Monkloada hökumətin və ölkənin bütün əsas partiyaları arasında "Monkloa paktı" adı altında məşhurlaşmış birgə fəaliyyət haqqında sənəd imzalandı.
Paktda köhnə faşist qanunlarını əvəzləyəcək bir sıra qanun layihələrinin işlənilməsi nəzərdə tutulurdu. İqtisadi siyasətin də əsas istiqamətləri haqqında razılığa gəlindi. Söhbət ən əvvəl qiymətlər və maaşlar üzərində nəzarət qoyulması, eləcə də ödəmə balansı ilə dövlət büdcəsinin bərabərləşdirilməsindən gedirdi. Bununla da A.Suaresin kabineti müxalifət partiyaları ilə əməkdaşlığı faktiki olaraq öz üzərinə götürdü, onlar da hökumətin fəaliyyət proqramına yaxın gələcəkdə dəstək verməyə boyun oldular.
Eyni vaxtda yeni konstitusiya layihəsinin hazırlanması işi davam edirdi. Hökumətlə müxalifət mühüm bəndlərə dair çox tez razılığa gələ bildilər: İspaniya parlament monarxiyası elan olunur, ümumi yə gizli səsvermə yolu ilə seçilən korteslər kral hakimiyyətini məhdudlaşdırır, İspaniyaya frankoçuluq dövründən miras qalmış orqan - Kral Şurası buraxılırdı. 1978-ci il dekabrın 6- da keçirilən referendumda seçicilərin 88 faizi yeni konstitusiyaya səs verdi. Bu, faşist diktaturası rəqiblərinin daha bir həlledici qələbəsi idi. Çünki İspaniyanın tarixin yeni mərhələsinə keçidi hüquqi cəhətdən təsdiqlənirdi. Tədqiqatçıların fikrincə, ispan demokratiyası 1982-ci ilin oktyabr seçkisində sosialist müxalifətin hakimiyyətə gəlməsiylə konsolidasiya olunub.
PORTUQALİYA
XX əsrin əvvəllərində Portuqaliya Qərbi Avropanın monarxiya və feodal- mülkədar münasibətlərinin saxlanıldığı ən geridə qalmış ölkələrindən biri idi. 1910-cu ilin oktyabrında monarxiya devrildi və Portuqaliya respublika elan edildi. Burjua respublikası 16 il mövcud oldu. Onun fəaliyyətdə olduğu dövrdə tez-tez hökumət dəyişikliyi, sonralarsa hərbi çevriliş cəhdləri baş verirdi. Siyasi böhran 1924-25-ci illərdəki maliyyə böhranı ilə daha da dərinləşdi. 1926-cı il mayın 26-da şəhərlərdən birinin qarnizon komandanı general Manuel Qomos de Kosta hərbi çevriliş etdi. Portuqaliyada faşist rejimi bərqərar oldu. Bu rejimin başında siyasi iqtisadiyyat professoru, çevrilişdən sonra maliyyə naziri işləmiş Antonio de Oliveyra Salazar durdu. Portuqaliyada hərbi rejim 1986-cı ilədək saxlanılmış və onun mövcud olduğu 60 il ərzində hərbi üsyanlar adi hal almışdı. Salazar rejimi bir çox halda totalitar rejim kimi təsvir edilirdi. Lakin indi alimlərin əksəriyyəti belə qənaətdədir ki, rejim heç vaxt, hətta Salazar hakimiyyətinin ən pis dövründə belə totalitar olmayıb. Niyə? Rejimin mövcud olduğu dövrdə faşist tipli kütləvi təşkilatlar fəaliyyət göstərirdi. Lakin əslində bu strukturlar İspaniyadakından daha az əhəmiyyət daşıyırdı və rəsmi partiya oradakı qədər mütəşəkkil deyildi. İspaniya ilə müqayisədə burada liberal mənşəli institutların sayı daha çox idi. Parlamentə keçirilən dövri seçkilər və hətta seçkilərə qədər icazə verilən qısa siyasi mübarizə fikirlərimizi bir daha təsdiqləyir.
Portuqaliyada müqavilə əsasında keçid mümkün idimi? Tədqiqatçılar S.Meinvearinq və D.Şeer İspaniya və Braziliyanın təcrübəsini ümumiləşdirərək qeyd edirlər ki, belə bir yanaşma aşağıdakı şərtlərin təmin olunduğu şəraitdə müvəffəqiyyətli ola bilər: rejim kifayət qədər nüfuzludursa, onun üçün təhlükə çox azdırsa, onunla əməkdaşlığa hazır müxalifət mövcuddursa, mobilləşmə aşağı səviyyədədirsə, novator lider varsa.
Antonio de Oliveyra Salazar |
1970-ci ildə Portuqaliyanın yuxarıda göstərilən dörd şərt əsasında İspaniya ilə xeyli oxşarlığı vardı. Lakin tranzisiyanı başlamaq üçün əsas rol oynayacaq novator lider çatmırdı. 1968-ci ildə Salazarın vəfatından sonra Baş nazir vəzifəsini tutan Kaetanu ictimai həyatın bütün sahələ-rini liberallaşdırmağa söz versə də, praktikada onun kursu salazarizmin saxlanılmasından ibarət idi. 1960-1970-ci illər ərzində burjuaziyanın Portuqaliyanın Qərbi Avropa iqtisadi inteqrasiyasına daxil olması üçün çıxış edən hissəsinin təsiri artdı. Orduda
müstəmləkə müharibələrinin tam perspektivsizliyinə əmin olan zabitlərin hərəkatı genişləndi. Hərbçilərin çoxlu adam toplayan iclasları keçirilirdi və rejim artıq orduya etibar edə bilmirdi. 1974-cü il aprelin 25-də Portuqaliyada antifaşist inqilabi baş verdi. Kiçik zabitlər Qərbi Avropanın qocaman diktaturasını devirdilər. Status və mənəviyyatları tapdalanmış orta rütbəli zabitlər və Anqola, Mozambik və Qvineyada aparılan müharibələrdən radikallaşmış kiçik zabitlərin əksəriyyəti müharibəyə son qoya bilməyən hökuməti yıxdılar. Hərbi inqilab elə o dəqiqə də vətəndaş cəmiyyətinin daxilindən dəstək aldı. Xalq kütlələri kiçik zabitlərin tərəfini tutaraq küçələrə axışdı. Diktaturadan azad olmaq fəallıq və sosial pro-testlər dövrünü açdı. Fabrik və iri kənd təsərrüfatı birlikləri apropriasiyaya məruz qaldı; köhnə rejimlə əlaqədə şübhəli bilinən partiyalar qanundankənar elan olundu; banklar milliləşdirildi, siyasi məhbuslar azadlığa buraxıldı. Bu, bütün dünyanın diqqətini çəkən inqilabi bir proses idi.
Portuqaliyada keçid dövrü İspaniyadakından köklü şəkildə fərqlənirdi. Keçidi hərbçilər başladığından proses dövlətin ümumi böhranına gətirib çıxardı. İnqilabdan sonra "aralıq hökumətlər" dövrü başlandı ki, burada da tam demokratiyaya keçmək imkanları şübhə altına alınmış olundu: 1974-1976-cı illər arasında ölkə müvəqqəti hökumətlərin hakimiyyətdə olduğu və hətta dövlətin az qala dezinteqrasiya dərəcəsinə gəlib çatdığı narahat bir dövr yaşadı. İnqilabi hadisələr dövründə hərbçilər siyasi fəaliyyətin bütün sahələrinə nüfuz etdilər. 1974-cü ilin aprelindən sonra 7 zabitin başçılıq etdiyi Milli Qurtuluş Xuntası öz aralarından yeni prezident seçib hökuməti formalaşdırdı. Rejimin hərbçilərin təyin etdiyi digər inqilabi orqanı - Dövlət Şurası Müəssislər Məclisinə seçkilərə qədər qanunverici hakimiyyəti həyata keçirdi. Sonuncu beş aralıq hökumətə hərbçilər başçılıq etdi. Hərbçilərin əlində xeyli hakimiyyət qalırdı: onlar həbs edə, polis istintaqı apara bilərdilər. Ölkənin əsas xarici siyasət problemləri üzərində nəzarət də onlarlıq idi.
Portuqaliyada Hərbi Qüvvələr Hərəkatı (HQH) proq-ramında öz üzərinə bir il ərzində Müəssislər Məclisinə seçki keçirmək öhdəliyi götürdü. Burada qarşıdakı il ərzində parlament və prezident seçkilərinin də vaxtının müəyyənləşdirilməsi kimi əlavə öhdəlik vardı. Portuqaliya Konstitusiyasını əhəmiyyətli səlahiyyətlərə malik olmayan və hökumət qarşısında hesabat verməyən Müəssislər Məclisi qəbul etdi.
Müəssislər Məclisinə seçki qrafik üzrə 1975-ci il aprelin 25-də keçirildi. Bu ümummilli seçkidə sol-mərkəzçi və konservativ partiyalar birgə 72 faiz səs topladılar. 1976-cı ildə ilk azad parlament seçkisində bu partiyalar səslərin 75 faizini qazandılar.
1976-cı il ölkə konstitusiyası bir sıra qeyri-demokratik müddəalara malik idi. Məsələn, hərbçilərin üstünlük təşkil etdiyi inqilabi Şura öz qanunlarını tətbiq etmək və Müəssislər Məclisinin qəbul etdiyi bütün qanunların konstitusiyaya uyğunluğu haqqında mühakimə yürütmək hüququ aldı. 75 qanundan 35-nə rədd cavabı verməklə İnqilabi Şura bir çox mülki siyasətçiləri pərişan etdi. Bu dövrün Portuqaliyası tranzisiyanın başa catması meyarlarına cavab vermirdi. Demokratik siyasi partiyalara mübarizə üçün daha altı il, prezident İanesə isə fəal dəstək lazım gəldi ki, 1982-ci ildə konstitusiya təftişi İnqilabi Şuranı ləğv edib hərbçilər üzərində demokratik nəzarətin leqal çərçivəsini qoya bilsin. Yuxarıda qeyd etdiyimiz kimi, demokratik tranzisiya və konsolidasiya vaxt etibarilə adətən ardıcıllıqla əvəz olunan başqa-başqa proseslərdir. Lakin bir sıra hallarda onlar eyni vaxtda da baş verə bilər. Bu hal Portuqaliyada 1982-ci il avqustun 12-də hərbçilər konstitusiya dəyişikliyi etdikdən sonra baş verdi. Bununla da demokratik keçid nəinki başa çatdı, həm də onun konsolidasiyası baş verdi.
YUNANISTAN
1967-ci il aprelin 21-də yunan hərbçiləri kral II Konstantini devirdilər. Çevrilişin hazırlanmasında sonradan "qara polkovniklər" adını almış polkovniklər G.Papadopulos və N.Makarezos fəal iştirak etdilər. Ölkədə demokratiyanın bütün əlamətləri ləğv olundu. Cənubi Avropada nəzərdən keçirdiyimiz bütün qeyri-demokratik rejimlərdən yunan xuntası ən az sosial bazaya malik idi. Bunun təsdiqi kimi parlamentdə sağların hərbçilərlə əməkdaşlıqdan imtina etməsini göstərə bilərik. Vətəndaş cəmiyyətinin mobilləşməsinin güclənməsi digər bir fakt kimi çıxış edir. Bu səfərbərlik tədricən artmağa başladı və 1973-cü ilin noyabrında tələbə çıxışları ilə əlaqədar özünün kulminasiya nöqtəsinə çatdı. Hərbçilərin dövlətdə və siyasi cəmiyyətdə cüzi dayaqlarının olması tələbə çıxışlarının geniş milli və beynəlxalq dəstək almasına səbəb oldu ki, bu da nəticə etibarilə birincilərin təcrid olunmasına və onların arasında çəkişmələrə gətirib çıxardı. 1973-cü ilin noyabrında briqada generalı D.İoannidis tərəfdarlarının köməyi ilə hərbi çevriliş baş verdi. General F.Gizikis Yunanıstanın prezidenti elan olundu. Lakin bu yeni hərbi çevriliş zabit korpusu daxilində daha dərin fikir ayrılıqlarına gətirib çıxardı və rejimin əsaslarını daha da sarsıtdı. 1974-cü il iyulun 23-də general F.Gizikis bu vaxt Fransada olan keçmiş Baş nazir K.Karamanlisi yunan hökumətinə başçılığa dəvət etdi. Elə o gün də 67 yaşlı konservativ siyasətçi ölkəyə qayıdıb mülki hökumət formalaşdırdı. Bu, Yunanıstanda faşist rejiminin süqutu demək idi. 1974-cü il noyabrın 17-də ölkədə 10 illik fasilədən sonra parlament seçkisi keçirildi. K.Karamanlisin sağ burjua partiyası səslərin çoxunu qazandı. Bir neçə gündən sonra o, təkpartiyalı hökumət formalaşdırdı. 1974-cü il dekabrın 8-də Yunanıstanda ölkənin dövlət quruluşuna dair referendum keçirildi. Səslərin əksəriyyəti monarxiyanın ləğvi və respublika quruluşunun bərqərar olunmasına verildi.
Beləliklə, yunan keçidi 1974-cü il iyulun 21-də başlayıb (K.Karamanlisin Baş nazir vəzifəsini tutmağa rəsmi dəvət olunmasına iki gün qalmış) elə həmin il dekabrın 9-da başa çatdı. Bu 142 günlük keçid istər Cənubi Avropa, istərsə də Latin Amerikası ölkələri tarixində ən sürətlisidir. Burada çox şey yunan avtoritar rejiminin institusional bazası ilə izah olunur. Generalların rejimi, Salazar və Frankonun (qismənsə Pinoçetin) diktaturasından fərqli olaraq, əhalinin əksər hissəsinin dəstəyinə malik deyildi. Onun heç ictimai həyatın müxtəlif sahələrində də gözəçarpan nailiyyətləri yox idi. Buna görə də demokratik alternativ mümkün olduqda generallar vətəndaş cəmiyyətinin güclü təzyiqiylə üzləşdilər.
Yunan demokratiyasının nə vaxt konsolidasiya olunması haqqında suala cavab vermək bir qədər çətindir. X.Lints və A.Stepana görə, burada demokratiya PASOK-un sədri A.Papandreunun başçılıq etdiyi sosialist müxalifəti partiyası seçkini udub hakimiyyətə gəldikdən sonra konsolidasiya olunub.
|