Ləyaqətin inqilabı
"Biz - dövlətik" uğrunda "Biz - xalqıq"dan keçən mübarizə |
 |
| Hicran Əliyeva
Varşava Universitetinin magistri, Polşa Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya Institutunun doktorantı, xüsusi olaraq "III Sektor üçün |
Sovet İttifaqının dağılması, uniformizasiyadan qəfil xilas uzun müddət "müstəqil dövlət idarəçiliyi aclığı" yaşamış 15 respublika üçün bir tərəfdən faciəyə çevrilsə də, sovet imperiyasının siyasi rejim və ideologiyasının süqutu ayrı-ayrı xalqların əsil dövlətçilik ənənələrini davam etdirə bilməsindən ötrü keyfiyyətcə yeni idarəçilik sisteminin axtarışında başlanğıc nöqtə oldu.
Zənnimcə, 1990-92-ci illər XX əsr Rusiya imperializminin süqutunda yekun yox, başlanğıc mərhələdir. Bu illərdə postsovet məkanı ölkələrindəki (Baltik dövlətlərini çıxmaq şərtiylə) siyasi sistem faktiki olaraq Moskvanın nəzarətində qalsa da, onun tənəzzül edəcəyi və dağılacağı göz qabağında idi. Yeni müstəqil dövlətlər arasında get-gedə daha da möhkəmlənən qarşılıqlı kommunikasiyanın mövcudluğu, Qərb ölkələri ilə əlaqələrin qurulması və milli simvolikanın, pul vahidinin, rəsmi dövlət dilinin bərpası istiqamətində aparılan gərgin çalışmalar bu prosesə təkan verirdi.
Bu dövrdə Ukraynada ölkənin iki hissəyə - qərbi "Mən - fərdəm"ə və şərqi "Mən - fərdəm"ə parçalanması baş verdi. Bununla yanaşı, baxışlar ümumiliyi ilə birləşən və bir-birləri ilə eyni dildə sərbəst danışan vətəndaş cəmiyyətləri - "Mən"+ "Mən"lər yaradıldı. Qərbdə Ukrayna milli demokratik hərəkatının mərkəzi təşkilatı olan Xalq Ruxu aktiv fəaliyyətə keçdi. Hələ də sovet ideologiyasının hakim olduğu Şərq əhalisi isə Ukraynanın sosialist inkişafı yoluna qayıtmasını, beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrin kəsilməsini, Rusiya ilə münasibətlərin mümkün qədər yüksək səviyyədə qurulmasını və rus dilinə dövlət dili statusu verilməsini tələb edirdi.
Amma Ukrayna dövlətçiliyinin formalaşdırılmasının sonrakı mərhələsi üstünlüyün tədricən dövlət mülkiyyətçiliyindən şəxsi mülkiyyətçiliyə verilməsi, sovet hakimiyyəti sistemindən prezident-parlament respublikasına keçid oldu. Ukraynalı mütəxəssislərin fikrincə, 1998 və 2002-ci illərdə keçirilən parlament seçkilərinin nəticələri sosioloji tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. 33 partiya və siyasi blokun (onlardan yalnız altısının təmsilçiləri deputat mandatı ala bilmişdi) iştirak etdiyi 2002-ci il seçkisi xalqın siyasi şüurunun real vəziyyətini, eləcə də son dörd il ərzində bu şüurda baş verən dəyişiklikləri ortaya çıxardı. Çox vaxt 2002-ci ildə keçirilən seçkinin nəticələrinin ölkə həyatında həlledici rol oynamadığını söyləyirlər. Belə ki, bu seçkidə xalqın öz iradəsini ortaya qoymasının nəticəsi kimi "iqtidar dəyişikliyi" baş vermədi. Üstəlik, Ukraynanın prezident-parlament respublikası olmasına baxmayaraq, əsas hakimiyyət səlahiyyətləri prezidentin əlində cəmlənmişdi.
Bununla belə, məhz həmin parlament seçkisində siyasi partiyalar birliyi - Viktor Yuşşenkonun "Bizim Ukrayna" bloku böyük uğur qazandı. 2002-ci il seçkilərində 6 milyon ölkə vətəndaşı bu bloka səs verdi. Bununla da 2004-cü ilin prezident seçkisi ərəfəsində hakimiyyətin əsas rəqibi və demokratik qüvvələrinin lideri kimi Yuşşenko önə çıxdı. Şübhəsiz, buna onun Ukrayna Milli Bankının rəhbəri, az sonra isə ölkənin baş naziri vəzifələrindəki uğurlu fəaliyyəti də təsir etdi. Məhz onun Nazirlər Kabinetinə rəhbərliyi dövründə Ukrayna iqtisadiyyatında canlanma hiss olunmağa başlandı və bu canlanma hökumətə təqaüd və əməkhaqqı borclarını azaltmağa imkan yaratdı. Yuşşenko "sadə" elektoratın əhəmiyyətli bir hissəsinin diqqətini özünə çəkə, postkommunist siyasi elita nümayəndələri fonunda öz istedadını sərgiləyə bildi.
Amma aydın görünürdü ki, siyasi inqilabdan əvvəl ideya, informasiya və təşkilati inqilabın baş verməsi labüddür.
Azad söz inqilabın açarı kimi
Ukraynalıların ideya inqilabının vacib məqamlarından biri dövlətin informasiya siyasətinin mərhələ-mərhələ liberallaşdırılması oldu. Bunun nəticəsində ölkədə plüralizmin inkişafına şərait yarandı. Hələ Kuçma hakimiyyəti dövründə 2011- ci ilə qədər Ukrayna cəmiyyətinin informasiya təminatı inkişafını müəyyənləşdirən "Elektron Ukrayna" dövlət proqramına əlavələr edildi. İki parlament seçkisi arasındakı müddətdə təkcə Kiyev vilayətində 40-dan artıq mətbuat orqanı və internet səhifəsi qeydiyyata alındı. Bu nəşrlər əsasən maarifləndirmə və məlumatlandırma funksiyalarını yerinə yetirirdi. Bunun sayəsində ukraynalılar öz tarix və ənənələrinin mənbəyinə qayıda bildilər.
Mətbuat orqanlarının çoxalmasını KİV bazarında Ukrayna klanlarının ayrı-ayrı təmsilçilərinin fəaliyyətinin güclənməsi ilə də izah etmək olar. Amma yaddan çıxarmaq olmaz ki, Ukraynada klanlar Azərbaycandakı kimi qohumluq və yerliçilik əlaqələri yox, iqtisadi maraqlar əsasında yaradılır. İnformasiya məkanı uğrunda mübarizədə üz-üzə gələn siyasi və iqtisadi elita təmsilçiləri kütləvi informasiya vasitələrinə qoyduqları sərmayənin həcmini artırdılar və bu da nəticədə həm nəşrlər arasında rəqabətin güclənməsinə, həm onların inkişaf etməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin və nəşrlərin keyfiyyətinin yüksəlməsinə gətirib çıxardı.
Ancaq KİV azadlığına maneələr yaradan siyasi senzura hələ də mövcud idi. Buna misal kimi 2000-ci ildə prezident Kuçmanı daim tənqid edən "Ukrainskaya pravda" internet qəzetinin müxbiri Georgi Qonqadzenin qətlini göstərmək olar. Bu hadisə media məkanını titrətdi. Jurnalistlərin hiddəti ellik etiraz fəaliyyətinə çevrildi. 2002-ci ildə "Ukraynada siyasi senzura" mövzusuna həsr edilən dəyirmi masada elan olunmuş "Ukraynalı jurnalistlərin siyasi senzuraya dair manifesti"ni jurnalist həmrəyliyinin təşkili prosesində ən uğurlu addımlardan biri saymaq olar.
"Biz - fərdlərik" formulunun birləşdirici əhəmiyyətinin dərk edilməsi öz hüquqları, ədalət və demokratiya uğrunda mübarizə aparan ukraynalıların ideya dönüşünün mühərriki oldu. Üstəlik, vilayətlərinin müxtəlifliyinə baxmayaraq hər biri öz prinsiplərini və öz liderini müdafiə edən bu cür "Biz" cəmiyyətləri bütün Ukrayna ərazisinə yayıldı.
Kiyevdəki Avratlantik Əməkdaşlıq İnstitutunun analitiki Vladimir Qorbaçın fikrincə, Ukraynada inqilab jurnalistlərin və siyasi ekspertlərin öz müstəqil fikirlərini dərc etdirdikləri alternativ KİV sayəsində baş verdi: "Həmin vaxt özünü qərəzsiz xəbər kanalı kimi göstərə bilən və bununla bərabər müxalifətin ruporuna çevrilən "5-ci kanal" (müstəqil telekompaniya) böyük rol oynadı. "5-ci kanal" ukraynalı seçicilərə real zaman çərçivəsində məlumatlar çatdırır və təkcə müxalifət yox, həm də hakimiyyət düşərgəsində baş verənlər haqda xəbərlər yayırdı. Beləliklə, Ukraynada söz azadlığı bu sahədə güclü qanunvericilik hüququ və alternativ KİV sayəsində təmin edildi".
Müxtəliflik, ölkənin informasiya məkanındakı kolorit, cəmiyyətin kifayət qədər məlumatlı olması ukraynalıların özlərinin üstünlük verdikləri namizədi seçmələri ilə nəticələndi. Müxalifətin lideri Yuşşenko öz potensial elektoratını, eləcə də bitərəfləri "Biz - dövlətik" uğrunda "Biz - xalqıq"dan keçib mübarizə aparmaq zərurətinə inandıra bildi. Nəticədə 2004-cü il prezident seçkisi kampaniyası dövründə Yuşşenkonun tərəfdarları başqalarından xeyli fərqlənirdilər. Demokratik ovqatda köklənən bu insanlar vəziyyətin ağasına çevrilməyə, nümayişkaranə tərzdə narıncı rəngli geyimlər geyinməyə, öz fikirlərini sərbəst şəkildə ifadə etməyə başlamışdılar. Bununla bərabər Ukrayna cəmiyyətinin daxilindəki mental fərqlər özünü açıq-aydın büruzə verirdi. Elə buna görə də bir xalqın təmsilçiləri arasında vətəndaş qarşıdurmasına çevrilə biləcək yeni tip qarşılıqlı münasibət meydana gəlmişdi.
"Yeni nitq" - xalq üçün tiryək
Siyasi karyerası boyunca Yuşşenko məqsədyönlü və uğurlu bir şəkildə, Robert Putnamın fikrincə, inam, norma və bağlılıq əsasında yaradılan ictimai kapital toplamaqla məşğul olub. İctimai kapitalın bu xüsusiyyətləri koordinasiyalı fəaliyyəti asanlaşdıraraq "fəaliyyət keyfiyyətini" yüksəldir. İctimai kapital çox səmərəlidir və o bu cür kapital çatışmadığı halda əldə edilməsi qeyri-mümkün olan konkret məqsədlərə yetişməyə imkan yaradır.
Prezidentliyə digər namizəd Viktor Yanukoviç isə daha çox böyük bir hissəsi Ukraynada siyasi dəyişikliklərə inanmayan və vahid ideya ətrafında birləşməyən "zəhmətkeşlər"in dəstəyinə güvənirdi. Moskvanın əsasən rus əsilli əhalinin yaşadığı Şərqi Ukraynada dolanan kabusu isə əhaliyə standart postsovet ideologiyası çərçivəsindən kənara çıxmayan siyasi düşüncə və davranış normaları diktə edirdi.
Yuşşenkonun seçki kampaniyasının uğurlarından biri dövləti xalqla eyniləşdirmək, "xalq" anlayışını gücləndirmək, dövlətin milləti deyil, millətin dövləti formalaşdırdığını vurğulamağa nail olunması idi. O, inadla hamını inandırmağa çalışırdı: "Biz - xalqıq" "Biz - dövlətik"dən ayrı ola bilməz və demokratik Ukraynanı qurmaq Bizim vəzifəmizdir".
Yuşşenkonun seçkiqabağı şüarına da diqqət yetirmək lazımdır: "İnanıram, bilirəm, bacaracağıq". Bu məsələdə siyasi texnoloqlar sözün kütləyə təsirindən və semantikasından yetərincə bəhrələnə biliblər. "İnanıram" - xalq liderinin çıxışlarında kifayət qədər inandırıcı səslənən bu arxayınlıq olmadan insanları ümumi bir ideya ətrafında toplamaq çox çətindir. "Bilirəm" - seçilmiş liderin səriştəsini nəzərə çarpdıran vacib elementlərdəndir. "Bacaracağıq" -cəm halında işlənən bu söz ukraynalılara birbaşa ismarıc idi: "Birlikdə, yalnız bir yerdə demokratik dövlət qurmağa nail olacağıq. Mən - Sizin Lider, bunu necə etməyin yollarını bilirəm". Xalq liderinin çıxışları, şübhəsiz ki, Yanukoviçin standart nitqlərindən fərqlənirdi. O, perspektivi ilə bağlı aydın layihələri olan, öz gələcəyini Avropa ilə bağlayan tamam fərqli Ukrayna qurmaq təklif edirdi.
Viktor Yanukoviçin seçki kampaniyasının ən məşhur şüarı isə "Ona görə ki" idi. Sonradan şüar müəllifləri öz səhvlərinin bu kəlmənin primitivliyində olduğunu düşünüb ona bəzi dəlillər və dəqiqləşdirici sözlər əlavə etdilər: "Ona görə ki, Yanukoviç ardıcıldır! Ona görə ki, Yanukoviç vətənpərvərdir! Ona görə ki, Yanukoviç qalib gələcək!" və s. Bu şüarlar elektron KİV-də dayanmadan yayımlanırdı. Müxalifət dərhal bu şüarı ələ salaraq Yanukoviçin "qaranlıq keçmişi" ilə bağlı parodiya nümayiş etdirməyə başladı: "Ona görə ki, Yanukoviç oğru, bandit və kriminal avtoritetdir". Vladimir Qorbaçın fikrincə, cəmiyyət avtoritar rejimə ona gülməyə başladığı vaxt qalib gəldi. Gülüş üçün bəhanəni isə hakimiyyətin özü verirdi. Gülüş və karnaval "narıncı inqilabın" xarakterik xüsusiyyətlərindəndir.
"Razom nas baqato - nas ne podolatı"
Prezident seçkisinin ilkin nəticələrinin elan olunması ərəfəsində Kiyevdəki Azadlıq meydanı (Maydan) müxtəlif sosial, peşə və biznes qruplarını təmsil edən on minlərlə insanın maraqlarının "döyüş meydanı"na çevrildi. Amma Maydan xarici müşahidəçilərə karnaval tamaşalarının keçirildiyi konsert meydançasını xatırladırdı. Məhz burada bütün Avropanın ən məşhur xiti -"Razom nas baqato - nas ne podolatı" ("Bir yerdə biz çoxuq - bizi üstələyə bilməzlər!") yarandı. Maydanda Avropa Birliyinin bayrağı ilə yanaşı dünyanın digər ölkələrinin bayraqlarını da görmək olardı. Qeyd etmək lazımdır ki, belə "Avropasayağı" Maydanın yaradılmasında vacib rolu müxalifət qərargahlarının təşkilati fəaliyyətindən çox burada həmrəylik, mütəşəkkillik, həyat tapan ukraynalıların təşəbbüsü oynadı. Burada "kütlə psixologiyası"ndan əsər-əlamət yox idi. Hər kəs Maydana, psixoloji konfliktin həllinə aparan yolu özü seçirdi. Polşa prezidenti Aleksandr Kvasnevski öz müsahibələrindən birində Ukraynadıkı hadisələri ləyaqətin inqilabı adlandırır. "Çünki bu inqilabda iştirak edən insanlar üçün öz ləyaqətlərini qorumaq hər şeydən vacib idi. Onlar bunu indən belə heç kimin onları "qoyun" və "eşşək" saymamaları üçün edirdilər".
Avropa amili
 |
Bəziləri Ukraynada milyonçuların milyarderlərə qarşı mübarizə apardıqları burjua inqilabının baş verdiyi qənaətindədir. Digər analitiklərin fikrincə isə "narıncı inqilabın qələbəsində Ukraynanın - Qərbi Avropa dövlətlərinin hesablamalarına görə, Rusiyadan heç bir enerji asılılığı olmayacaq və Qərblə Şərqin birləşdirilməsində tranzit ərazi rolunu oynayacaq bu ölkənin geostrateji yeri böyük əhəmiyyət daşıdı. Avropa Birliyi ikinci turu Ukraynada noyabr ayının 21-də keçirilən prezident seçkisinin nəticələrini tanımadı. Heç şübhəsiz ki, bu amil Ukrayna parlamentinin dekabrın 26-da ikinci turun təkrar keçirilməsi ilə bağlı qərar çıxarmasına da öz təsirini göstərdi. Təkrar səsverməyə qədər olan bir ay ərzində siyasi rəqiblər arasında iqtisadi və ya siyasi qələbədən daha çox strateji qələbə uğrunda psixoloji müharibə aparıldı. Polşa - "Yeni Avropa"nın təmsilçisi kimi müxalifət və ölkə rəhbərliyi arasındakı danışıqlarda fəal iştirak edirdi. Noyabrın 26-da Polşanın ilk postkommunist lideri olmuş Lex Valensa dəvətsiz-filansız Kiyevə gəlib xalqın qarşısında nitq söylədi. Buna paralel olaraq Putin düz iki dəfə vaxtından əvvəl Yanukoviçi qələbə qazanması münasibətilə təbrik etdi ki, bu da Qərbin və ukraynalı demokratların Rusiyaya nifrətini bir qədər də artırdı.
Bütün bu hadisələr fonunda, yəni Ukrayna ərazisində çox kəskin psixoloji və ideoloji mübarizənin getdiyi bir vaxtda ukraynalılar qanlı vətəndaş müharibəsinin qarşısını ala bildilər. Bu fakt göstərir ki, ukraynalılar "Biz - dövlətik" və "Biz - qaliblərik" formulunu anlamaq üçün tam "yetişiblər". İstərdik ki, onlar gələcəkdə elə bu cür uğurla "Biz - vətəndaşlarıq", "Biz - Ukrayna dövlətçiliyinin əsasıyıq" formulunu da qəbul etsinlər və bu sahədə öz köməklərini belarus dostlarından əsirgəməsinlər. Çünki Belarussuz Ukraynanın Avropa Birliyinə üzv olması çətin məsələdir. |