 |
| İVAN LOZOVOY
Ukrayna Dövlət və Demokratiya İnstitutunun/Plüralizm Mərkəzinin direktoru, xüsusi olaraq "III Sektor" üçün |
İnsanları "Həyatı daha da yaxşılaşdırmaq olarmı" sualına istənilən formada yaxınlaşdıran hər bir addım dəyişikliklər yoluna doğru atılmış addım deməkdir
Ukraynada xeyli mənada gözlənilməz adlandırıla biləcək "narıncı inqilab"ı şərtləndirən amillərə nəzər salmazdan əvvəl terminlərin mahiyyətini müəyyənləşdirmək lazımdır. "İnqilab" dedikdə cəmiyyətdə və siyasi quruluşda əksər vətəndaşların iştirakı ilə baş verən radikal dəyişikliklər nəzərdə tutulur.
Lüğətə görə, "inqilab" sözü "siyasi quruluşda qəfil, radikal və tam yeniləşmələr, fundamental dəyişikliklər" anlamı verə bilər. Ancaq həyatın gur anlarını lüğəti məna ilə məhdudlaşdırmaq olmaz. Bir də ki, lüğət keçmiş sovet respublikalarının əksəriyyətinin düşdüyü mürəkkəb situasiyanı təsvir etmək iqtidarında deyil. Yüz il, bəlkə də daha əvvəl baş vermiş hadisələr bugünə də öz təsirini göstərir. Buna görə də "əvvəldən başlayıb sonadək gedək və orada dayanarıq".
Ukrayna nə olan şeydir?
"Naməlum Ukrayna" - 1990-cı illərin əvvəllərində Qərb müşahidəçilərinin əksəriyyəti ölkəni belə xarakterizə edirdi. 1991-ci ildə Ukrayna müstəqillik qazandıqdan sonra təhlilçilərin müəyyən qismi Avropanın göbəyində boyük bir dövlətin meydana gəlməsinə mat qaldı, çünki bu xalq haqda əvvəllər, demək olar, heç kim heç nə bilmirdi. İnsanlar təbiət etibarilə mühafizəkardılar və Ukraynanın müstəqil dövlət kimi meydana çıxması faktı inkişaf etmiş demokratik ölkələrdə hələ uzun müddət qəbul edilmədi. Bu həm siyasi səviyyədə, həm də məişətdə özünü büruzə verirdi. Xaricdə səfərdə olan ukraynalı tez-tez sadə bir yarlıqla üzləşirdi: "Ukrayna? Bu... Raşadır" (yəni Rusiyadır). Ancaq Ukrayna haqda məlumatsızlıq o demək deyildi ki, Ukrayna yox idi.
Sönmək bilməyən milli şüur
Ukraynalıları yad qüvvələrin bir neçə yüz illik işğal tarixi təqib edir. Onların bir çoxu, haradasa üçdə biri kim olduğunu aydın dərk edə bilmir. Bu qarmaqarışıqlığa baxmayaraq, əksəriyyət müstəqillikdən dərhal sonra özünü ukraynalı və ya nəsə buna bənzər bir şey kimi hiss etdi. Bu yöndən ölkədə mürəkkəb vəziyyət var. İnkişaf etmiş Qərb ölkələrinin heç birində (təkcə onlarda yox) vətəndaşların böyük əksəriyyətinin milli mənsubiyyəti şübhə altına alınmadığı halda Ukraynada bu məsələ problematik olaraq qalır. Düzdür, tutalım, Belarusdakı qədər yox.
Bu gün Donbasda və ya Şərqi Ukraynada insanların çoxu özünü "xaxol"la eyniləşdirir, hərçənd, bu təhqiramiz termindən bəzən Rusiya şovinistləri istifadə edir. Yəni bu gün şərqlilərin çoxu "Sən kimsən" sualına "Ukraynalıyam" cavabını verməsə də, onlar özləri ilə başqaları, məsələn, ruslar arasında fərqi çox aydın hiss edirlər. Milli şüur özünü ayırmaq hissindən başlayır. Bu, özünüdərkə doğru ilk addımdır.
Ukrayna ərazisinin əksər hissəsinin təkcə Rusiyanın 250 ildən çox işğalı altında olmasına baxmayaraq, ukraynalılar özlərini peyğəmbər-şair Taras Şevçenko və əsasən Qərbi Ukraynada, eləcə də ölkənin bütün kənd yerlərində qorunub saxlanan folklor ənənələriylə bağlayırlar. Bu duyğular inqilabi dəyişikliklərin xeyrinə işləyən çox güclü amildir. Unutmaq lazım deyil ki, Ukrayna hələ müstəqillik əldə etməmişdən əvvəl də köhnə sistem əleyhinə böyük mübarizədən keçib. Məsələn, 1990-cı ilin payızında Kiyevdə toplaşan 200 min nümayişçi sovet respublikasının baş nazirini istefaya getməyə məcbur etmişdi. Bu nümayişçilərin bir çoxu, bəlkə də əksəriyyəti Qərbi Ukraynadan idi. Ancaq müqavimət hərəkatı heç də 17 mart 1991-ci ildə Novo-Oqaryev prosesinə, SSRİ-nin yeni qiyafədə qurulmasının əleyhinə səs verən Qərbi Ukrayna və yaxud Kiyevlə məhdudlaşmırdı. 1990-cı ilin payızından hələ xeyli əvvəl Şərqdə güclü şaxtaçı hərəkatı - genişmiqyaslı nümayişlər, tətillər baş qaldırmışdı. Luqansk vilayətinin Pervomaysk şəhərciyində hələ 1991-ci ilin əvvəlində yerli şaxtaçılar şəhər icraiyyə komitəsinin bütün üzvlərini kabinetlərindən qovub çıxarmış, şəhəri özləri idarə etməyə başlamışdılar. Bu, kommunist diktaturasının total hökmranlığı, müstəqil kütləvi informasiya vasitələrinin yoxluğu şəraitində baş vermişdi.
Bütün bu olayların kökündə həm də hətta ən dəhşətli repressiya illərində belə sönmək bilməyən milli şüur dayanırdı. Ancaq bu faktor - ukraynalıların Sovet İttifaqı dövründə kortəbii və hətta gizli şəkildə özlərini bir etnos, bir xalq kimi hiss etmələri postsovet Ukraynasında əsas oyunçulardan olan kommunist nomenklaturasının nəzərindən qaçmışdı.
Nomenklatura qartımışdı
Ukraynada köhnə sistemin dəyişdirilməsinə gətirib çıxaran başlıca faktorlardan biri, heç şübhəsiz ki, qartımış kommunist rəhbərliyi olub. Müstəqillikdən sonra Ukraynada Kommunist Partiyasının yüksək elitasının hökmranlığı davam edirdi. Bu şəbəkənin eks-prezident Leonid Kravçuk və onun xələfi Leonid Kuçma kimi xadimləri Sovet İttifaqı dövründə uzun illər boyu bir-birinə qaynayıb-qarışmış partiya nomenklaturası ilə baş-başa verib ölkəni nəzarətdə saxlayırdılar. Nomenklatura nümayəndələri özəlləşdirmə vasitəsilə fabrik və zavodları, müəssisə və təsərrüfatları ələ keçirmişdilər.
Ancaq nomenklatura yarımazadlıq şəraitində effektiv fəaliyyət göstərə bilmədi və tədricən özü də hiss etmədən çıxılmaz küncə dirəndi. Ölkəni "əllə" idarə etməyə öyrəşmiş insanlar öz mahiyyətləri etibarilə cəmiyyətdə hətta nisbi açıqlığı belə qəbul edə bilməzdilər. Prezident idarəsinin rəhbəri, sonralar Ukrayna parlamentinin sədri olmuş Vladimir Litvinin 2002-ci ilin fevralında dərc etdirdiyi məqalə (həmin məqalə "III Sektor"un 2002-ci il, 1-ci sayında dərc olunub - red.) buna klassik nümunədir; amerikalı politoloq Tomas Karotersin bir məqaləsinin, demək olar ki, eynilə təkrarı olan bu yazısında o, açıq, demokratik çəmiyyət prinsiplərini tənqid edirdi.
Digər tərəfdən, köhnə totalitar modelə qayıtmaq heç cür mümkün deyildi və nomenklatura nümayəndələri elə vəziyyətə düşmüşdülər ki, özlərində saxlamaq istədikləri şey əllərindən su kimi axıb gedirdi.
Oliqarxların heç də hamısı hakimiyyətdə qalmaq imkanına malik deyildi. Hakimiyyət ocağının istisinə qızınmaq arzusunda olanlar arasında aparılan yerdəyişmələr müxalifət düşərgəsinə xeyli pul kütləsinin axınına gətirdi. Məsələn, "şokolad şahzadəsi" Pyotr Poroşenko artıq hökumət yanlısı olan bir neçə parlament fraksiyasına girib-çıxmağa imkan tapmışdı. Ancaq hakimiyyət iştahı onu 2001-ci ildə Viktor Yuşşenkonun yanına gətirdi və Poroşenko Nikolay Martınenko ilə birlikdə Viktor Yuşşenkonun başçılıq etdiyi müxalifətin əsas sponsorlarından birinə çevrildi.
Bu adamların cibi çox dərindi. Poroşenkonun yalnız bircə müəssisəsi - "Roşen" 2002-ci ildə 200 milyon dollardan çox dövriyyəyə malik olmuşdu. Martınenko isə 1997-1998-ci illərdə Ukrayna AES-ləri üçün nüvə yanacağı ticarətindən 55 milyon dollar pul qazanmışdı. Keçmiş hakimiyyətin strateji səhvləri və bəzi oliqarxların müxalifət tərəfinə keçməsi nomenklaturanın ciddi taktiki xətaları ilə müşayiət olunurdu. Belə yanlışlıqlardan biri Kuçmanın 1999-cu ilin payızında Ukraynanın baş naziri vəzifəsinə nisbətən az tanınan bankir Viktor Yuşşenkonun namizədliyini irəli sürməsiydi. Bu, nomenklatura üçün çox riskli bir addım idi, çünki Yuşşenko onların çevrəsinə mənsub deyildi, üstəlik, onun müxalifətlə ciddi əlaqələri vardı.
Kuçmanın Yuşşenkonu ciddiyə almadığını onun yanacaq-energetika kompleksi məsələləri üzrə baş nazirin müavini vəzifəsinə Yuliya Timoşenkonun təyin edilməsinə razılıq verməsi də sübut edir. Timoşenko hələ onda Kuçmanın qatı rəqibiydi. Bu səhv həlledici rol oynadı. Timoşenko yeni vəzifə başına keçən kimi neft-qaz sektoruna girişdi. İqtisadiyyatın bu sahəsində milyardlarla dollar pul mənimsənilmişdi və o, təkcə bir il ərzində dövlət büdcəsinə iki milyard dollara yaxın vəsait qaytardı. Bu vəsaitin əksər hissəsi pensiya və əmək haqlarının ödənilməsi şəklində əhaliyə qaytarılanda Yuşşenkonun populyarlığı görünməmiş səviyyəyə qalxdı.
Nomenklaturanın Ukraynanın siyasi strukturlarında iştirakı da uğursuzluqlarla müşayiət olunurdu. Məsələn, Sosial-Demokrat Partiyası (birləşmiş) istisna edilməklə, bütün hakimiyyət partiyaları 2002-ci ildə məğlubiyyətə uğradı, keçmiş prezident Kuçmanın sağ əli olan Vladimir Litvinin başçılıq etdiyi "Vahid Ukrayna uğrunda" partiya parlament seçkilərində cəmi 11 faiz səs toplaya bildi.
Vətəndaş cəmiyyəti amili
Ukraynadakı çoxşaxəli vətəndaş cəmiyyəti institutları Kuçmanın nomenklatura idarəçiliyi üçün ən ciddi təhlükəydi. Ən müxtəlif ictimai qurumların meydana gəlməsi, siyasi partiyaların sayının yüzdən yuxarı çıxması, azad informasiya məkanı, xırda sahibkarların öz-özünə təşkilatlanması, əhalinin müxtəlif təbəqələrinin etiraz təcrübəsi - nomenklatura bütün bu faktorlar üzrə inkişafı cilovlaya bilmirdi. Məsələn, tibb işçiləri, müəllimlər, adi əməkçilərin kiçik qruplar halında öz etirazlarını bildirmək üçün hökumət və ya parlament binasına doğru yürüş etməsi adi normaya çevrilmişdi. Bu kiçik aksiyalara ilk dəfə qatılan hər kəs, əslində, "Maydan"da - 2004-cü ilin noyabrında Azadlıq meydanında yüz minlərlə insanın iştirak etdiyi möhtəşəm nümayişlərə hazırlaşırdı. Nomenklatura nəinki bu proseslərin mahiyyətini dərk etmirdi, əksinə, öz əməlləriylə insanların hakimiyyətə qarşı dinc etiraz vərdişlərinə yiyələnməsinə dolayı yardımçı olurdu.
İlkin nəticələr
Cəmiyyətdə və siyasi quruluşda böyük dəyişikliklər öz-özünə baş vermir. İnsanları "Həyatı daha da yaxşılaşdırmaq olarmı" sualına istənilən formada yaxınlaşdıran hər bir addım dəyişikliklər yoluna doğru atılmış addım deməkdir.
Bu təhlil bizi Ukrayna inqilabının, habelə, ola bilsin ki, keçmiş Sovet İttifaqı məkanında baş verən digər inqilabların ilkin nəticələrinə gətirib çıxarır. Əvvəla, cəmiyyətin dinamik inkişafı uğrunda mübarizənin hər gün baş verən minlərlə kiçik, ilk baxışdan bir-biri ilə əlaqəsiz hadisələrin toplusu olduğu qeyd edilməlidir. İkincisi, geniş miqyasda yeniləşmə prosesi üçün katalizator lazımdır - hər hansı bir xarizmatik lider, hətta hakimiyyətin özünün içindən, iqtisadi dairələrdən çıxan yenilikçi lider də belə bir katalizator rolunu oynaya bilər. Üçüncüsü, mövcud hakimiyyət nə qədər çox səhv buraxırsa, insanların yeniliyə meyli, azadlıq istəyi daha da qüvvətlənir ki, bu da inqilaba gətirib çıxara bilər. Nəhayət, hər bir dövlət, hər bir xalq cəmiyyətin yeniləşməsi, demokratiyanın bərqərar olması üçün öz yolunu axtarıb tapır.
|