"Qızılgül"lü Gürcüstan
Demokratiyanın çınqıllı yolları |
 |
| İvlian Haindrava
İnkişaf və Əməkdaşlıq Mərkəzi/Plüralizm Mərkəzinin Cənubi Qafqaz üzrə tədqiqatlar proqramının direktoru, Gürcüstan parlamentinin deputatı |
İvlian Haindravanın qısa ixtisarla diqqətinizə çatdırdığımız bu məqaləsi may ayında, ABŞ prezidenti Corc Buşun Gürcüstana səfəri ərəfəsində Müharibə və Sülhün İşıqlandırılması üzrə Qafqaz İnformasiya Xidmətinin bülletenində çap olunub (IWPR Ns 285, 5 may). Gürcüstan inqilabı zamanı Mixail Saakaşvilinin yaxın müttəfiqi olmuş Haindrava (o, bir vaxtlar indiki prezidenti dəstəkləyən Respublikaçılar Partiyasından millət vəkili seçilib) hazırda müxalifət mövqelərindən çıxış edir, baxmayaraq ki, qardaşı Georgi Haindrava hələ də münaqişəli bölgələr üzrə dövlət naziri kimi Saakaşvilinin komandasındadır. Keçmiş inqilabçının Saakaşvili hakimiyyəti ilə bağlı tənqidi qeydləri, zənnimizcə, sizinçün maraqlı olacaq...
Mixail Saakaşvilinin 500 günlük prezidentliyi müddəti ziddiyyətli təzahürlərlə zəngindir. Müşahidəçi Gürcüstandan nə qədər uzaqdadırsa, bu ölkənin uğurları ona bir o qədər əhəmiyyətli görünür. Uğursuzluqları, bəzən hətta iflası isə ölkə vətəndaşları daha aydın hiss edirlər.
Bu günlərdə Gürcüstanda daha bir "lokal" inqilabın ildönümü qeyd olunur. Düz bir il öncə Acarıstan muxtariyyəti on ildən artıq müddətdə özünü Gürcüstandan ayıran və Lukaşenkonun Belarusda yaratdığı rejimə bənzər bir rejim quran Aslan Abaşidzenin amansız idarəçiliyindən azad edilib. İndi Moskvada sığınacaq tapan Abaşidzenin qansız-qadasız devrilməsi haqlı olaraq Saakaşvilinin Gürcüstan prezidenti vəzifəsində əldə etdiyi ən mühüm uğur sayılır. Bu nailiyyət Abaşidzenin qanunsuz əməllərinin qarşısını almağa nəinki cürəti çatmayan, hətta böhranlı vəziyyətlərdə dövlətin və millətin bütövlüyünə zərbə vuran növbəti güzəşt hesabına Acarıstan rəhbərinə minnətçi düşən sələfi Eduard Şevardnadzenin iradəsiz idarəçiliyi fonunda xüsusilə nəzərə çarpır.
Amma hakimiyyət dəyişikliyinin ardınca Acarıstanda baş verən hadisələr Saakaşvili idarəçiliyinin xarakterini bütün çılpaqlığı ilə nümayiş etdirdi: Abaşidze totalitarizminin prezident partiyasının təkbaşına idarəçiliyi ilə əvəz edilməsinə cəhd göstərildi (düzdür, bu cəhd o qədər də uğurlu alınmadı), muxtariyyət parlamentinə 2004-cü ildə keçirilən seçkilər demokratiklik və şəffaflıq baxımından itirilmiş imkana çevrildi. Bunun ardınca Gürcüstan parlamentinin muxtariyyətin statusu ilə bağlı qəbul etdiyi qanun onun statusunu simvolik bir həddə endirdi, yeni siyasi elita isə Acarıstan sakinlərinin ümidlərini zərrə qədər də doğrultmadı.
Bu baxımdan Acarıstanı inqilabdan sonrakı Gürcüstanda baş verən proseslərin, bir növ, bariz nümunəsi də saymaq olar: mahiyyətcə gərəkli və müsbət işlər çox vaxt hakimiyyətin ölçülüb-biçilmiş fəaliyyət proqramının yoxluğu, zəruri dəyişiklikləri həyata keçirərkən şübhəli vasitələrdən istifadə edilməsi, xalqa açıq-aydın saymazyana münasibət bəslənilməsi, konstruktiv tənqidi minnətdarlıqla qəbul edib dözümlülük göstərmək istəyi və bacarığının olmaması üzündən şübhə altına alınır (Bəzən isə hətta ziyanlı hesab edilir).
Gürcüstan prezidenti səlahiyyətlərini icra etməyə başlayandan dərhal sonra Saakaşvili konstitusiyanı dəyişib hakimiyyət strukturunu öz şəxsi istəyinə uyğunlaşdırdı. Nəticədə, beynəlxalq ekspertlərin də vurğuladığı kimi, onsuz da kövrək olan hakimiyyət bölgüsü sistemi pozuldu, parlament zəiflədi, prezident isə üzərinə əlavə heç bir öhdəlik götürmədən öz səlahiyyətlərini genişləndirdi. Belədə Nazirlər Kabinetinin təşkili də lazımi effekti vermədi. Bu, baş nazir Zurab Jvaniyanın vəfatından sonra daha qabarıq şəkildə özünü göstərdi (Onun dəm qazından zəhərlənib dünyasını dəyişməsinin inandırıcı cavabları hələ də verilməyən bir çox sual doğurduğunu bir tərəfə qoyaq). Prezident təkbaşına (baş nazirin iştirakı olmadan) güc nazirlərini tutduqları vəzifələrdən azad etmək hüququ qazandı və bu, hakimiyyət daxilindəki disbalansı ortaya çıxardı. Nazirlər Kabinetində (bunun ardınca isə bütün hakimiyyət vertikalında) tez-tez baş verən struktur və kadr dəyişiklikləri Saakaşvili idarəçiliyinin xarakterik xüsusiyyətinə çevrildi; qısa zaman içində nazirliklərin sayı və adları bir neçə dəfə dəyişdirildi, Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Nazirliyinin bir xeyli şübhəli görünən birləşməsi baş verdi, bir ilin içində üç dəfə müdafiə naziri, elə bir o qədər də ölkənin Moskvadakı səfiri dəyişdirildi (bu, Gürcüstan üçün ağır və ağır olduğuna görə də prinsipial bir mövqedir), prezidentin əyalətlərdəki səlahiyyətli nümayəndələri (qubernatorlar) bir-birini həddən artıq sürətlə əvəzləməyə başladılar. Elə buna görə də bu nümayəndələrin heç biri bugünəcən əyalətlərdə müsbət fəaliyyət izi qoya bilmir.
 |
Tbilisi legislaturasının sədri olarkən (2002-2003-cü illərdə) paytaxtın və digər şəhərlərin merlərinin birbaşa seçkisi uğrunda mübarizə aparan Saakaşvili prezident seçiləndən sonra öz mövqeyini köklü surətdə dəyişdi və indi yalnız ikipilləli seçki sisteminin tərəfdarıdır (Legislaturalar meri seçir). Görünür, 4,5 milyonluq ölkə əhalisinin üçdə birinin yaşadığı, maliyyə vəsaitinin böyük bir hissəsinin cəmləşdiyi paytaxtın legitimlik qazanmağın müstəqil mənbələrinə malik olan güclü rəhbərinin meydana çıxması ehtimalı Şevardnadze kimi, ona da xoş gəlmir. Artıq ikinci dəfədir müxtəlif bəhanələr gətirilərək prezident partiyasının uğur qazanacağı ehtimalı daha da zəifləyən Acarıstandan parlamentə boş qalan yerlərə seçkilərin keçirilməsi təxirə salınır. Tərkibini parlamentdə prezidenti dəstəkləyən çoxluq təsdiqləyən mərkəzi seçki komissiyasının formalaşdırılması prinsipi mahiyyətcə bir vaxtlar Şevardnadzenin müəyyənləşdirdiyi və yekun nəticədə "qızılgül" inqilabına gətirən prinsipdən çox az fərqlənir.
Çoxluq, yəni Gürcüstan parlamentinin Saakaşvilini dəstəkləyən təqribən dörddə üç hissəsi ölkədə siyasi plüralizmin və müzakirə mədəniyyətinin yüksəldilməsinə, qərarların qəbulunda demokratikliyə həvəs göstərmir. Prezidentin (və hökumətin), demək olar ki, istənilən qanunvericilik təşəbbüsü bəh-bəhlə təsdiq edilir. Bu isə islahatçılıq yox, eksperimentatorluq ruhunun təntənəsinə şərait yaradır: gəlin bu gün bu cür edək, alınmasa, sabah başqa cür edərik. Məsələn, 2004-cü ilin payızında il yarımlıq məcburi hərbi xidmət müddətinin 1 ilə endirilməsi ilə bağlı qanun qəbul olundu. Yazda isə bu müddət yenidən il yarıma qədər artırıldı. 2004-cü ilin dekabrında qəbul olunan yeni Vergilər Məcəlləsinə ayrı-ayrı arbitraj məhkəmələrinə dövlət və sahibkarlar arasındakı vergi mübahisələrini həll etmək hüququ verən fəsil salınmışdı. 2005- ci ilin aprelində hökumət məcəllədən bu fəslin çıxarılmasını tələb etdi. Parlamentin nəzarətedici funksiyaları çox vaxt yalnız görüntü olaraq qalır. Belə ki, "hər şeydən yüksəkdə duran" vahid komanda anlayışının (icraedici və qanunverici hakimiyyət) düzgün başa düşülməməsi tənqidə və müxalif fikrə qarşı dözümsüzlük nümayiş etdirilməsinə gətirib çıxarır. Bu səbəbdən sayca azlıqda olmasına baxmayaraq, müxalifətin çoxluqdan daha inamlı göründüyü siyasi müzakirələr qəbul edilən qərarların münasib şəklə salınmasına yardım göstərmir.
Volyuntarizmin apofeozu, məsuliyyət tələb edən qərarların qəbulunda şəffaflığın və düşünülmüş strategiyanın çatışmadığını göstərən addım 1990-cı illərin birinci yarısından mərkəzi hakimiyyətin nəzarətindən çıxmış separatçı Cənubi Osetiya ərazisində aparılan kampaniya oldu. Qaçaqmalçılığa qarşı təşkil edilən silahlı aksiya gərginliyin təhlükəli həddə qədər yüksəlməsinə, hər iki tərəfdən adam itkisinə və osetinlərin gürcülərə get-gedə möhkəmlənən inamının yerli-dibli itirilməsinə gətirib çıxardı. Gürcüstanın yeni hakimiyyətinin hövsələsiz olduğu bəlirləndi. Yaxşı ki, onun baş verəcəyi təqdirdə qonşu Rusiyanın heç də kənar müşahidəçi rolu ilə kifayətlənmək fikrində olmadığı irimiqyaslı silahlı toqquşmalar təhlükəsi qarşısında geri çəkilməyə ağlı çatdı.
 |
Amma Saakaşvilinin Şevardnadze hakimiyyəti dövründə durğunluq və korrupsiya bataqlığına salınan ölkəni bu bataqlıqdan dartıb çıxarmaq məqsədilə göstərdiyi səmimi cəhdləri qeyd etməmək də mümkün deyil. Saakaşvili ölkənin, demək olar ki, yarımçıq dövlət statusu ilə barışmış vətəndaşlarına şəxsi ləyaqət hissini qaytarmağa çalışır. "Qızılgül" inqilabı gürcüləri ümidləndirdi və hərəkətə gətirdi. Tərəqqi əleyhdarlarının ciddi müqaviməti ilə üzləşən təhsil islahatları ölkənin və xalqın gələcəyinə hesablanıb. Ordudakı islahatlar, daha doğrusu, ordunun keçmişin xarabalıqları üzərində yenidən qurulması işi Gürcüstanın tərəfdaşlarının və müttəfiqlərinin hərtərəfli köməyi sayəsində uğurla davam etdirilir. Məhkəmə sistemi islahatını Şevardnadze dövründə ilişib qaldığı dalandan çıxarmaq üçün cəhdlər göstərilir (Hərçənd, yeni hakimiyyətdə hamının müstəqil və tərəfsiz məhkəmə istədiyini demək də olmaz). Korrupsiyaya qarşı mübarizə tədbirləri də öz müsbət təsirini göstərməkdədir.
Ən nəhayət, Gürcüstanın Avropa və Avratlantika məkanına istiqamətlənməsi kursu inqilabdan sonra yeni məzmun qazandı. Şevardnadzeyə illərlə ölkənin inkişafı üçün adekvat addım atmadan Qərbin səxavətli maliyyə dəstəyini almağa imkan yaradan NATO-ya və Avropa Birliyinə inteqrasiya inqilabdan sonrakı Gürcüstan üçün şüar yox, neçə əsrdir Avropaya can atan bir xalqın şüurlu seçimidir. Avropanın üzərində qızıl ulduzları olan göy bayrağı Saakaşvilinin "Şevardnadzesiz Gürcüstan uğrunda" mübarizədə göyə qaldırdığı və inqilabın qələbəsindən sonra milli bayraq statusu verdiyi 5 qırmızı xaçlı ağ bayraqla bərabər Gürcüstanın fərqləndirici nişanına çevrilib. Bu ölkənin vətəndaşları inanırlar ki, Gürcüstanın Qərbdəki tərəfdaşları və müttəfiqləri dövlətin yeni rəhbərliyindən ləngimədən demokratiya sahəsində Avropa standartlarına yaxınlaşmağı, qanunun aliliyinin təmin edilməsini, azad bazar iqtisadiyyatının formalaşdırılmasını tələb edə bilərlər və tələb etməlidirlər.
|