Dağılmış cəmiyyətlərin yenidən qurulması demokratik islahatlardan asılıdır |
 |
| Leyla Əliyeva
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq |
Avratlantika cəmiyyəti və Qara dəniz regionu arasında qarşılıqlı fəaliyyət həm qısa, həm də uzunmüddətli perspektiv baxımından təhlil edilə bilər. Qısamüddətli perspektiv qeyri-sabitlik, insan alveri və terrorçuluqla ilgili təxirəsalınmaz təhlükəsizlik problemləriylə, uzunmüddətli perspektiv isə daha çox Qara dəniz regionu ölkələrinin Avratlantika strukturlarına mümkün qədər dərin inteqrasiyası ilə bağlıdır. Bu da belə bir qənaəti anlamlı edir ki, Avropa və Avratlantika strukturları ilə Qara dəniz regionu ölkələrinin münasibətlərinin gələcəyi əhəmiyyətli dərəcədə onların demokratik cəmiyyətlər qurmaq qabiliyyətindən asılı olacaq.
Təhlükəsizliklə demokratiyanın bir-biriylə sıx bağlılığının getdikcə daha aydın görünməsi nəticəsində keçid dövrü yaşayan ölkələrlə münasibətin qısa və uzunmüddətli məqsədlərinin də vəhdəti üzə çıxır. Buna görə də həmin məqsədlər Qara dəniz regionu ölkələriylə cari münasibətlərdə - təhlükəsizlik və islahatların təşviqi sahəsində əməkdaşlıqda öz əksini tapmaqdadır. Bununla belə, əməkdaşlığın daha effektiv olması və ümumi təhlükəsizliyə uzun müddətə müsbət təsir göstərməsi üçün bəzi məsələlər dəqiq aydınlaşdırılmalı və mümkün qədər nəzərə alınmalıdır.
Birinci məsələ regionu kimin və necə müəyyən etməsidir. Geniş Qara dəniz regionunun virtual deyil, real məzmununu Sovetlər birliyinin dağılması nəticəsində Qafqaz və Qara dəniz ərazisi boyu "təbii şəkildə aşağıdan" yaranan GUAM kimi alyanslar ehtiva edir. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova bu qurumda ümumi təhlükəsizlik qayğıları və Avratlantika strukturlarındakı ümumi mövqeləri əsasında birləşiblər. Alyans üzvləri inteqrasiya istiqaməti barədə eyni baxışları (qərbyönlü) və hər birinin suverenliyi və ərazi bütövlüyünə söykənən regiondaxili münasibətlər prinsiplərini paylaşırlar. Təhlükəsizlik qayğılarının ümumiliyi və bu ölkələrin inteqrasiyasının təbii xarakteri iqtisadi əlaqələrin inkişafı üçün də zəruri bazis yaradır.
Bununla belə, müzakirə və tətbiq üçün "üç üstəgəl üç", "üç üstəgəl üç, üstəgəl iki" və s. kimi başqa variantlar da təklif olunub. Bu da istər-istəməz belə bir sual doğurur: regionun müəyyənləşdirilməsində təhlükəsizlik, siyasi, iqtisadi və ya sivilizasiya meyarlarından hansı əsas götürülməlidir? Sonuncu arqument daha sanballı və inandırıcı görünsə də, regiondakı ittifaqlar bunun tamam əksini göstərir: xristian Gürcüstan müsəlman Azərbaycan və Türkiyənin strateji müttəfiqidir, islamçı İran isə xristian Ermənistanla və Rusiya ilə yaxınlıq edir. Özü də bu ittifaqlar müvəqqəti olmaya da bilər. Ən azı Rusiya regionda daha konstruktiv rol oynamaq istəmədikcə və bu sarıdan əsas münaqişələr davam etdikcə belə ittifaqların ömrünün uzanmaq şansı qalır. Ancaq üç dövlətin - Ermənistan, Gürcüstan və Azərbaycanın bir araya gətirilməsinə səy göstərərkən regional münasibətlərin spesifikliyi nəzərə alınmalıdır, əks-təqdirdə bu, Rusiyanın yaratdığı Zaqafqaziya kimi qondarma regiona bənzəyəcək. Bu heç də o demək deyil ki, Cənubi Qafqaz dövlətlərinin heç bir ümumi cəhəti yoxdur və onlar haçansa gələcəkdə bir-birinə inteqrasiya ola bilməzlər. Qafqazda və Qara dənizdə dövlətlərin öz təşəbbüsləri ilə yaradılan alyanslar (Gürcüstan - Azərbaycan alyansı kimi) ciddi qarşılanmalıdır. Çünki bu tip alyanslar başqa bölgə dövlətləri üçün stimul ola bilər.
İkinci məsələ. Söhbət regional əməkdaşlıq, başqa sözlə, regionda əməkdaşlığın modelləri məsələsindən, bölgədəki Qərb siyasətlərində geniş müzakirə və tətbiq edilən konsepsiyadan gedir. Bölgədə əməkdaşlıq modellərini kimin və necə müəyyənləşdirməsi məsələsi regiondaxili münasibətlər və təhlükəsizlik üçün vacibdir. Ancaq xarici iştirakçıların bu regional əməkdaşlığa yanaşma üsulunda metodoloji problem var. Əməkdaşlığın, yalnız təhsilli elitalar üçün, demək olar ki, məcburi "regional qrantlar" və yaxud beynəlxalq təşkilatlarda yığcam birgə toplantılar vasitəsilə indiki təşviq üsulu donorlara onların uğurlu işi barədə yanlış mesajlar göndərə bilər. Bu yanaşma, uzağı, NATO-da keçirilən görüşlərdə təmsilçilərin qucaqlaşmasına gətirəcək. Belə münasibətin Rusiyanın çoxdan təcrübədən keçirdiyi asılılıq sindromunun intişar tapmasına gətirəcəyi də istisna olunmur. Rusiya bütün regiondaxili münasibətləri, hər şeydən öncə, iqtisadi münasibətləri Moskvanın vasitəçiliyilə gerçəkləşdirir və bunu heç bir bazar hesablamalarını nəzərə almadan həyata keçirməyə zorlayırdı. Bu da həmin dövlətlərin birbaşa qarşılıqlı asılılıq düşüncəsini buxovlayır və münasibətlərin iqtisadi, siyasi, təhlükəsizlik aspektləri üçbucağında sıx əlaqə olduğunu anlamalarına imkan vermirdi. İndi də ölkələr regionda öz aralarında münasibətləri nizama salmaq və iqtisadi əməkdaşlıqdan faydalanmaq əvəzinə ya rəqibi ticarətə məcbur edəcək, ya da onlara yardım ayıracaq nəsə başqa bir gücə - Moskvaya, Brüsselə və ya Vaşinqtona ümid bağlayırlar. Zənnimcə, zorla əməkdaşlığa məcburetmə metodu öz yerini region ölkələrinin beynəlxalq münasibətlərin müstəqil subyektləri kimi bir-biriylə əməkdaşlığının təşviq edilməsinə, öz təhlükəsizlikləri və rifahları üçün onların məsuliyyət hissinin gücləndirilməsinə verməlidir. Bu alyanslar öz qonşuları ilə münasibətlərdə başlıca prinsipləri və normaları paylaşmağa hazır olan başqa dövlətlərin üzünə açıq olmalıdır. Belə yanaşma metodu həmin dövlətlərin hər hansı bir xarici gücə ümid bağlamaqdansa bu əməkdaşlığın baş tutması üçün əməli iş görməkdə daha maraqlı olmalarını nəzərdə tutur. Avratlantika strukturlarındakı birgə proqramlar da cari status-kvonu hökmən nəzərə almalıdır və münaqişədə olan iki dövlətə münasibətdə ehtiyatlı yanaşma üsulunun inkişaf etdirməlidirlər. İnteqrasiya asılılıq sindromunu təşviq etmək əvəzinə qonşuların bir-biriylə məsuliyyətli davranışına xidmət etməli, münaqişələrin həllinə yardımçı olmalıdır.
Üçüncü məsələ. Bu konfransın hazırlıq sənədlərində Yuxarı Qarabağ münaqişəsinə yer verilməməsi təəssüf doğurur. Aşağıdakı arqumentlər bu münaqişəyə xüsusi diqqət yetirilməsinin nə üçün əhəmiyyətli olduğunu bir daha sübut edir:
- bu, ilk və müharibənin miqyası baxımından ən iri münaqişədir. Ən mühümü isə, bu münaqişə Cənubi Qafqazda bloklara və alyanslara bölünməni şərtləndirib, əslində regionu iki yerə parçalayıb və hər üç dövləti öz müstəqilliklərini möhkəmləndirmək naminə birgə siyasət yürütməkdən məhrum edib;
- münaqişə humanitar vəziyyəti həddən artıq gərginləşdirib: nəticədə nəinki yüz minlərlə insan qaçqın vəziyyətinə düşüb, həm də 600 min nəfərdən çox insan işğal olunmuş Azərbaycan ərazilərindən qovularaq ölkənin başqa ərazilərinə köçmək məcburiyyətində qalıb. Ölkənin müxtəlif yerlərində müvəqqəti məskunlaşan bu insanlar torpaq, su, iş yeri, kommunal xidmət, ətraf mühit sahəsində ciddi gərginliklər yaradıb, potensial və faktiki qeyri-sabitlik mənbəyinə çevriliblər: onlar üçün ayrılan bütün yardım proqramlarına baxmayaraq, öz yurdlarına qayıtmadan onların ehtiyaclarını tam şəkildə ödəmək qeyri-mümkündür;
 |
- münaqişə Rusiyanın regionda öz hərbi varlığını davam etdirməsinə münbit şərait yaradır. Əgər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşarsa, onda Rusiyanın bu ölkədəki hərbi bazaları və onunla hərbi ittifaqı öz əhəmiyyətini itirəcək. Bundan əlavə, münaqişə hər iki ölkəni demokratikləşmə prosesindən kənarda saxladığı üçün həm də mühafizəkar gücləri Rusiyadakı müttəfiqləri ilə ittifaqa girərək daha da möhkəmlənməyə təşviq edəcək;
- Yuxarı Qarabağ münaqişəsi regional əməkdaşlığa, Avropa və Avratlantika strukturlarına inteqrasiyaya mane olur, demokratik islahatlara və iqtisadi inkişafa ciddi əngəl törədir və beləliklə, hər iki ölkənin xarici güclərin manipulyasiya və təzyiq obyektinə çevrilməsinə gətirir;
- əldə edilən məlumatlara görə, digər nəzarətsiz bölgələrdə olduğu kimi, işğal altındakı ərazilərdə də qeyri-qanuni və cinayətkar iqtisadi fəaliyyətlə - narkotik, silah, insan alveriylə məşğul olurlar və bu ərazilər çox asanlıqla terrorçuların yuvasına çevrilir.
Və sonda. Terrorizm məsələlərinə müraciət hərbi və müdafiə sahəsində əməkdaşlıqla yanaşı, onu doğuran köklü siyasi və iqtisadi səbəblərə müraciət etmək və hər şeydən öncə, Qara dəniz regionu ölkələrində islahatları, plüralizmi və legitim özünüifadə üsullarını inkişaf etdirmək, vətəndaş cəmiyyətini və demokratik seçki sistemlərini gücləndirmək deməkdir. Xarici siyasət oriyentasiyalarının istiqaməti, eləcə də dövlətlərin güclənməsi və dağılmış cəmiyyətlərin yenidən qurulması birbaşa demokratik islahatlardan asılıdır.
Xarici təsir mənasında buraya dövlət başçılarına cəmiyyətdə islahatlar aparılması barədə, eləcə də region ölkələrinə qarşı beynəlxalq münasibət prinsiplərinin tətbiqində tərəfsiz yanaşmanın, hər şeydən əvvəl, dövlətlərin sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığının və bunun yerli özünüidarəçiliklə, insan hüquqları və liberal azadlıqlarla müşayiət olunmasının inkişaf etdiriləcəyi barədə aydın mesajlar verilməsi daxildir. |