SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№8 (16) ---- 2005
MODEL

Sivilizasiyaların toqquşması deyilən şey yoxdur

NOAM XOMSKİ

Noam Xomski: "Diqqətlə fikir versək, ABŞ-ın da tez-tez terrorizmə əl atdığının şahidi olarıq"

Noam Xomski (Noam Chomsky - ABŞ-da onun soyadı "Çomski" kimi tələffüz olunur) - Massaçusets Texnoloji İnstitutunun (Massachusetts İnstitute of Technology) professoru, müasir dövrün ən tanınmış dilçilərindən birildir. O həm də rəsmi danışıq dillərinin təsnifatını - "Xomski iyerarxiyası"nı yaratmaqla şöhrət qazanıb. Noam Xomski eləcə də siyasətlə bağlı yazdığı məqalə və kitablarıyla məşhurlaşıb. O özünü "libertarian sosialist" və anarxo-sosializm tərəfdarı adlandırır. Alim "Washington ProFile" saytına müsahibəsində postsovet məkanında yaranmış duruma, Qərb-Şərq münasibətlərinə, dövrümüzün sivilizasiyaların toqquşması adlandırılan problemlərinə, başqa ağrılı məsələlərə toxunur, maraqlı şərhlər verir.

-Rusiyadakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Sovet İttifaqının süqutu, heç şübhəsiz, azadlığın zəfəriydi. SSRİ-də zalım bir sistem mövcud idi. Lenin və Trotski totalitar sistem yaratmış və sosializmi bütünlüklə təhrif etmişdilər. İnqilabdan sonra baş verənlərin
nə sosializmlə, nə də azadlıq və demokratiya ilə əlaqəsi vardı. Buna görə də həmin şərdən yaxa qurtarmağı böyük nailiyyət adlandırmaq olar. Bununla belə, keçmiş SSRİ-də 1990-cı illərdə baş verənlər dəhşətli vəhşilik idi. Həmin illərdə milyonlarla insan qırıldı - onları Stalinin həbs düşərgələri yox, neoliberal iqtisadiyyat məhv etdi. Heç kim dəqiq rəqəmləri bilmir, amma ölüm səviyyəsi Stalin qırğınlarının göstəricilərindən o qədər də fərqli deyildi.

İndi daha azad və demokratik cəmiyyət qurmaq imkanı var, ancaq bunu etmək o qədər də asan deyil. Putin Rusiyanın regiondakı mütləq hakim qüdrətini bərpa etməyə çalışır. Bu siyasətin təzahürlərini biz Ukraynada gördük. Putin hakimiyyəti mərkəzin əlində cəmləməklə Rusiya tarixi üçün ənənəvi olan yanlış siyasət həyata keçirir.

- "Soyuq müharibə"nin başa çatmasından on beş ildən artıq vaxt ötür. Ancaq həm keçmiş SSRİ-də, həm də ABŞ-da indiyə qədər "soyuq müharibə" mentaliteti qalır. Sizcə, vəziyyəti dəyişmək olarmı?

- Məsələ bundadır ki, "soyuq müharibə mentaliteti"nin "soyuq müharibə"nin özünə, demək olar ki, heç bir dəxli yox idi. Bu mentalitet hələ "soyuq müharibə"dən əvvəl - 1917-ci ildə yaranmışdı. Corc Kennan (ən tanınmış Amerika diplomatlarından biri. ABŞ-ın Moskvadakı səfiri olub - "Washington ProFile) kimi ciddi tarixçilərin fikrincə, bolşevik inqilabına qədər Rusiya "üçüncü dünya" dövlətiydi. Əlbəttə ki, Kennanın
dövründə bu termin hələ mövcud deyildi. Amma Rusiyanın Avropa ilə münasibətləri daha çox "üçüncü dünya" ölkələri ilə imperiya dövlətlərinin münasibətlərini xatırladırdı. Rusiya çox kasıb kəndli cəmiyyətiydi və bu cəmiyyətdə əsasən əcnəbilərin formalaşdırdığı var- dövlət və inkişaf adacıqları mövcud idi. Şübhəsiz, Rusiya həm də Avropada ən qabaqcıl intellektual elitaya sahibdi. Buna görə də Qərblə Rusiya arasındakı münasibətlər "soyuq müharibə" həddinə qədər gəlib çatmışdı.

Tarix boyunca "soyuq müharibə"dən "dövlət maraqlarının" müdafiəsi üçün bəhanə kimi istifadə olunub. Bu da hər iki tərəfin dəhşətli hərəkətləriylə nəticələnirdi. Belə şeylər bolşevik inqilabından əvvəl də baş verirdi. Məsələn, inqilabdan iki il qabaq Haiti parlamenti ABŞ-ın sırıdığı konstitusiyanı qəbul etmək istəmədiyi üçün Birləşmiş Ştatlar bu ölkəyə ordu yeritmişdi (bu gün İraqda da oxşar proses gedir) və onu, faktiki olaraq, öz plantasiyasına çevirmişdi. 20 ildən sonra ABŞ-ın dəniz qoşunları ölkəni brutal milli qvardiyanın hakimiyyəti altında qoyub Haitidən çıxdı. Bu təcavüzün "soyuq müharibə"ylə hər hansısa bağlılığı var idimi? Yox! ABŞ Qvatemalanın, İranın, Kubanın və Vyetnamın hakimiyyətlərini devirəndə də eynən bu cür hərəkət etdi. "Soyuq müharibə"dən yalnız bəhanə kimi istifadə olunurdu. SSRİ də Macarıstana, Çexoslovakiyaya və Əfqanıstana soxulanda bu bəhanəni əsas tutmuşdu. Böyük dövlətlər öz hərəkətlərinə bəraət qazandırmaq üçün həmişə bəhanə tapa bilərlər.

- İraqdakı müharibə preventiv müharibələr üçün presedent yaratdı. Siz preventiv müharibəni qlobal təhlükələrə qarşı mübarizədə legitim vasitə hesab edirsinizmi?

- Bu presedenti Birləşmiş Ştatlar yaratmayıb. Preventiv müharibə təcavüzün ifadə olunması üçün, sadəcə, evfemizmdir. Nürnberq prosesində bir dövlətin digərinə qarşı təcavüzü cinayət kimi qiymətləndirilib. Təcavüzkar dövlət həmişə hərəkətlərini özünümüdafiə vacibliyi ilə izah edir. Məsələn, Adolf Hitler Polşaya hücum etməsinə məhz bu cür bəraət qazandırırdı. ABŞ da eynən bu cür edir. İraqdakı müharibə beynəlxalq hüququn ciddi surətdə pozulması və ağır cinayət kimi qiymətləndirilə biləcək açıq-aydın təcavüzdür. Dövlətlər daim bu yolla özlərinə haqq qazandırırlar. Amma indi bu addımı ABŞ - dünyadakı yeganə superdövlət atıb və buna görə də biz presedent yarandığını deyə bilərik.

"Üzüyola" ölkələr təcavüzə əl atanda biz buna göz yumuruq. Təcavüzkar dövlət bizim düşmənlərimizin tərəfində olanda isə etiraz edirik. Məsələn, Tehran rejimi nüvə silahına sahib olan və İranı açıq şəkildə hədələyən İsrailə preventiv hücuma keçsə, biz onun bu addımını qanuni sayacağıqmı? Yox. Çünki İran yürütdüyü siyasətinə haqq qazandırmadığımız dövlətdir. Amma İsrail Irana hücum etsə, biz bunun qanuni addım, zəruri özünümüdafiə tədbiri olduğunu bəyan edəcəyik.

- ABŞ-ın siyasət aləmində "izqoy dövlətlər" termini işlədilir. Bu cür dövlətlərdən gözlənilən təhlükə doğrudanmı böyükdür, yoxsa onları başqa səbəblərə görə düşmən adlandırıblar?

- İzqoy ölkə əmrləri yerinə yetirməyən dövlətdir. Bunun ən bariz nümunəsi Kubadır. Kuba bu gün və ya keçmişdə nə vaxtsa ABŞ üçün təhlükə mənbəyi olubmu? O yalnız bizim ölkə "Kuba təhlükəsi"ni uydurandan sonra ABŞ-ı hədələməyə başladı. Prezident Kennedi Kubaya qarşı geniş terror müharibəsi aparırdı. Xruşşov isə Kubada müdafiə məqsədilə sovet raketlərini yerləşdirmişdi. Bu, bütün dünyanı qlobal nüvə müharibəsinə sürükləyə biləcək tamamilə ağılsız bir addım idi. Bununla belə, Xruşşov və Kastronun hərəkətləri həm də amerikalıların hücumundan qorunmaq cəhdiydi. Bu hadisəni saymasaq, Kuba heç vaxt ABŞ üçün təhlükə mənbəyi olmayıb. Buna baxmayaraq, artıq 40 ildir Birləşmiş Ştatlar Kubanı əzmək və məhv etmək istəyir.

ABŞ Maliyyə Nazirliyində "terrorizm əleyhinə müharibə"də mərkəzi struktur olan və şübhəli maliyyə əməliyyatlarını nəzarətdə saxlayan şöbə fəaliyyət göstərir. Bu yaxınlarda məlum oldu ki, bu şöbənin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi ticarət embarqosunun pozulması cəhdlərinin qarşısının alınmasına çalışan əməkdaşlarının sayı "Əl Qaidə" və Səddam Hüseynin maliyyə əməliyyatlarının nəzarətdə saxlanılması vəzifəsini yerinə yetirənlərin sayından beş qat çoxdur. Bu fakt Amerika hökumətinin prioritetlərindən xəbər verir.

Bununla belə, Amerika azad ölkədir. Bizim dövlət sənədlərindən xəbərimiz var və buna görə də ABŞ-ın Kubaya bu cür münasibətinin əsil səbəblərini bilirik. Bu sənədlər göstərir ki, Kastro rejiminin mövcudluğu 1823-cü ildə Monro Doktrinası ilə əsası qoyulan Birləşmiş Ştatlar siyasətinə qarşı təhlükədir (Doktrinanı qitə ərazisinin müstəmləkə obyektinə çevrilməsinin yolverilməzliyini elan edən prezident Ceyms Monro formulə edib. Yeni dünyadakı vəziyyət hakimiyyətin monarxların əlində olduğu Avropadakı vəziyyətdən köklü surətdə fərqlənir. ABŞ istənilən vasitəylə Amerika dövlətlərinə Avropa idarəçilik formasının sırınması cəhdlərinə qarşı çıxacaq. Faktiki olaraq ABŞ özünü Qərb yarımkürəsinin "ağası" elan edib - "Washington ProFile). Məsələ nə ruslarda, nə də potensial təhlükədədir: sadəcə olaraq kubalılar Qərb yarımkürəsinin ağasına meydan oxuyurlar. Buna dözmək mümkün deyil və bu səbəbdən Kubanı "izqoy dövlət" adlandırıblar.

- Siz terrorizmə tərif verə bilərsinizmi?

- Mən artıq 20 ildir, yəni Reyqan administrasiyası hakimiyyətə gələndən və ABŞ-ın xarici siyasətinin əsas istiqamətinin terrorla müharibə olacağını elan edəndən terrorizm haqda yazıram. O zaman terrorizm
müasir barbarlıq, bəşər sivilizasiyasını məhv edən vəba adlandırıldı. Mən terrorizmdən yazanda Reyqanın bu tərifindən istifadə edirəm. ABŞ kodeksinə və ABŞ ordusu arayış kitabçasına salınan və Böyük Britaniya
hökumətinin bugünəcən istifadə etdiyi tərifi əsas götürürəm. Terror qorxutmaq və ya siyasi, dini və digər məqsədlərlə hadisələrin gedişi üzərində nəzarəti ələ almaq məqsədilə adətən vətəndaşlara qarşı yönələn zordan istifadə hədəsidir. Bu, terrorizmin kifayət qədər dolğun tərifidir. Ancaq ondan istifadə etmək olmaz. Əslində, ABŞ hökuməti bu tərifi
dəyişməyə çalışır. Rəsmi təriflə bağlı problem bundan ibarətdir ki, əgər biz ona diqqətlə nəzər salsaq, Birləşmiş Ştatların və digər dövlətlərin rəsmi siyasətini - "kontrterrorizm"i və ya "ləng konfliktlər"i görərik. Ancaq bunun əsil adı, sadəcə, terrorizm, dövlət terrorizmidir.

Əgər diqqətlə fikir versək, ABŞ-ın da tez-tez terrorizmə əl atdığının şahidi olarıq. Üstəlik, Birləşmiş Ştatlar Beynəlxalq Məhkəmənin beynəlxalq terrorizm adlandırıla biləcək bir cinayətdə ittiham etdiyi yeganə ölkədir. BMT-nin Təhlükəsizlik Şurası iki ittiham qətnaməsi hazırlamışdı. Amma ABŞ onların qəbul olunmasının qarşısını almaq üçün öz "veto" hüququndan istifadə etdi. Bax, elə buna görə də terrorizmin rəsmi tərifi istifadəyə yaramır. Bu tərifi dəyişdirmək və "onların" "bizə" qarşı terrorundan danışıb, "bizim" "onlara" qarşı terrorumuzun üstündən sükutla keçmək üçün çoxlu cəhdlər edilir.

- Hazırda dəbdə olan bir nəzəriyyəyə görə, bu gün dünya "sivilizasiyaların toqquşması" dövrünü yaşayır.

- Sivilizasiyaları toqquşdurmağa çalışan qruplaşmalar mövcuddur. Mən əminəm ki, əgər belə bir şey baş versəydi, ben Laden buna çox sevinərdi. Corc Buş administrasiyasının strateqləri də dayanmadan bu istiqamətdə iş aparırlar. Əslində, bu qrupların ritorikası, demək olar ki, oxşardır - xeyirlə şər mübarizə aparır.

1980-ci ildə Amerika administrasiyası terrorla müharibə aparanda müsəlmanlara deyil, katoliklərə, icazə veriləndən daha artıq müstəqillik əldə etmiş Mərkəzi Amerika dövlətlərinə qarşı fəaliyyət göstərirdi. O dövrdə katolik kilsəsi Latın Amerikasında güclü təsir imkanları qazanmışdı. Varlıların maraqlarına xidmət etmək əvəzinə keşiş və rahiblər insanların öz maraqları uğrunda təşkilatlanmasına dəstək verməyə başlamışdılar. Buna görə də ABŞ kilsəyə qarşı terror hücumuna keçdi. Salvadorlu baş yepiskop Oskar Romero ABŞ terrorunun qurbanı oldu. Onillik 1989-cu ildə altı ziyalının, yezuit ordeni üzvlərinin qətlə yetirilməsi ilə tamamlandı. Onları amerikalıların rəhbərlik etdiyi seçmə batalyonun əsgərləri qətlə yetirmişdi. Həmin bu batalyon əsasən kəndli olan minlərlə dinc sakinin qətlə yetirilməsinə görə də günahkar idi. İndi təsəvvür edin ki, 1989-cu ildə sovet təlimatçılarının təlimatlandırdığı və rəhbərlik etdiyi əsgərlər Çexoslovakiyada Vatslav Haveli və onunla birlikdə on minlərlə çexi qətlə yetirəydilər. Biz bundan xəbər tutacaqdıqmı? Əlbəttə! Hətta bunun nəticəsi olaraq nüvə müharibəsi təhlükəsi də reallaşa bilərdi. Amma Birləşmiş Ştatların barmağı olduğu üçün Latın Amerikasıyla bağlı məsələlərin üstündən sükutla keçildi. Məgər bu, islama qarşı aparılan müharibəydi? Əlbəttə ki, yox.

1958-ci il çox vacib il idi. Həmin il prezident Eyzenhauerin administrasiyası dünyada üç nəhəng böhran törətdi - İndoneziyada, Şimali Afrikada və Yaxın Şərqdə. Hər üç halda böyük həcmdə neft istehsal edən və həmçinin müsəlman olan ölkələrdən söhbət gedirdi. Bununla belə, bu ölkələrdəki hakim rejimlər kifayət qədər dünyəvi rejimlər idi. ABŞ ərəb dünyasında dünyəvi və milli hərəkatların lideri olan Misirlə mübarizədə ən fundamental islam dövlətini - Səudiyyə Ərəbistanını dəstəklədi. Bu, sivilizasiyaların toqquşmasının təzahürüdür? Yox. Eyni hadisələr 1980-ci illərdə Mərkəzi Amerikada, eləcə də ABŞ üçün strateji cəhətdən əhəmiyyətli olan və nəzarətdən çıxmış bir çox başqa ölkələrdə də baş yerdi.

İndoneziyada bu problem müasir tarixdə miqyasına görə bəlkə də ən böyük qırğınlardan birinin təşkil olunması ilə həll edildi. Hərbi çevrilişi ABŞ, eləcə də Böyük Britaniya, Avstraliya, Fransa alqışladı. General Suxartonun təşkil etdiyi çevriliş nəticəsində bir milyondan artıq fəhlə qətlə yetirildi, ölkədə mövcud olan yeganə siyasi partiya ləğv edildi və çapıb-talamaları üçün İndoneziyanın qapıları Qərb dövlətlərinin üzünə taybatay açıldı. Suxartonun hakimiyyəti dövründə İndoneziyada insan hüquqları daim tapdanır, korrupsiya çiçəklənirdi. Buna baxmayaraq Qərb onu əlləri üstə gəzdirirdi.

İsrail Nasiri və onun dünyəvi ərəb millətçiliyini Qərbin gurultulu alqış sədaları altında məhv etdi. Şimali Afrikada problem Əlcəzairin müstəqillik əldə etməsi ilə həll olundu. Bununla belə, son on il ərzində baş verən dəhşətli qırğın hadisələrinin ən azı yarısına görə məsuliyyət daşıyan fransız kəşfiyyatı Əlcəzairdə qaldı. Demək istədiyim odur ki, sivilizasiyaların toqquşması deyilən bir şey yoxdur. Sadəcə, öz maraqlarını güdən qüdrətli dövlətlərin yürütdükləri siyasət mövcuddur.

- Siz gələcəyi necə görürsünüz?

- Dünyada ən sayılıb-seçilən elmi jurnallardan biri olan "Journal of the American Academy of Arts and Sciences ötən yay hərbi qüvvələrin transformasiyası ilə bağlı iki strateji tədqiqatın nəticəsini dərc etdi. Əsas nəticə beləydi: Klinton və Buş administrasiyası bütün dünyaya qəfil sarsıdıcı zərbələr endirmək imkanı qazanmaq üçün ABŞ-ın hərbi qüdrətinin artırılmasına xüsusi diqqət ayırır. ABŞ-ın digər bir əsas strategiyası kosmosun hərbiləşdirilməsidir. Buş administrasiyası Klintonun kosmosun nəzarətə götürülməsi doktrinasını onu bütünlüklə ələ keçirmək doktrinasına çevirdi. Təəccüblü deyil ki, Rusiya və Çin buna son dərəcə neqativ münasibət bildirdilər.

Jurnalın elə həmin sayında şərhçilər Buş adminstrasiyası siyasətinin bu cür davam edəcəyi təqdirdə onun bütün bəşəriyyəti məhvə sürükləməyə qadir olduğunu yazırlar. Bu, hay-küyçülərin deyil, ayıq başlı ciddi şərhçilərin fikridir. Onlar başda Çin olmaqla dünyanın sülhpərvər dövlətlərinin Birləşmiş Ştatların militarizminə və təcavüzünə qarşı birləşəcəkləri ilə bağlı ümidlərini ifadə edirlər. Ölmədik, bu günü də gördük: amerikalı şərhçilər Çinin hansısa yolla dünyanı ABŞ təcavüzündən xilas edəcəyinə ümid bəsləyirlər. Amma mən onlarla razı deyiləm. Məncə, Amerika xalqı özü vəziyyəti dəyişə biləcək.

- Amerikalılar vəziyyəti necə dəyişə bilər?

- Birləşmiş Ştatlar çox azad ölkədir. Əgər biz bu gün mövcud olmayan real işlək demokratik mədəniyyət formalaşdıra, həqiqi seçkilər keçirə bilsək, hər şey dəyişə bilər... Sonuncu prezident seçkilərinə nəzər salın.
Seçkilərdən əvvəl ABŞ-ın ən nüfuzlu analitik institutları ictimai rəy sorğularının nəticələrini dərc etdilər. Həmin sorğulara nəzər salsaq görərik ki, ABŞ əhalisi Beynəlxalq Cinayət Məhkəməsini və Kiot protokolunu dəstəkləyir (ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin işində iştirak etməkdən və Kiot protokoluna qoşulmaqdan boyun qaçırır -"Washington ProFile). Amerikalılar beynəlxalq böhranların həllində ABŞ-ın yox, BMT-nin hakim olmasının, Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında öz "veto" hüququndan imtina etməsinin, hökumətimizin hərbi proqramlara deyil, ölkənin ehtiyaclarının ödənilməsinə böyük vəsait xərcləməsinin tərəfdarıdırlar. Əhali həm də preventiv müharibə doktrinasının əleyhinədir. Amma bu baxışların seçkiöncəsi mühitə daxil olmasına imkan verilmədi və mətbuat onları, demək olar ki, diqqətdən qıraqda qoydu. Bununla belə, bizim ölkəmiz kimi azad bir ölkədə hər şey dəyişə bilər.

- Sizin baxışlarınız onillər ərzində bütün dünyada tanınıb. Onların ABŞ siyasətinə təsiri olubmu?

- Mənim auditoriyam Amerika hökuməti yox, bu gün kifayət qədər əhəmiyyətli qüvvəyə çevrilən ictimai hərəkatlardır. Əlbəttə, bu inkişafa mənim sayəmdə nail olunmayıb. Tarix boyu ictimai hərəkatların inkişafı hakimiyyətdə olan insanların qəbul etdikləri qərarlara təsir göstərib.

Hazırladı: Rövşən Ramizoğlu