SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№8 (16) ---- 2005
PSİXOLOJİ

Polisə qara maska taxmaq qadağan olunmalıdır.
Fiziki anonimlik qəddarlığa stimul verir

AZƏR QARAÇƏNLI
"Media forum"

Görəsən, niyə müxtəlif əməliyyatlar zamanı qara maskalı polislər o biri polislərlə müqayisədə özlərini daha kobud, daha amansız aparırlar? Bu, təkcə "qara maskalılar"ın fiziki cəhətdən daha hazırlıqlı olması, ən sərt tədbirlərin onlara tapşırılması ilə bağlıdırmı? Şübhəsiz ki, bu faktorların da rolu var, amma "qara maskalılar"ın öz qəddarlıqları ilə seçilməsinin kökündə başqa səbəblər də dayanır.

Məsələ bundadır ki, başa keçirilən, nəfəs almaq və görmək üçün bir neçə xırda yarığı olan maska üz cizgilərini tamamilə gizlətməklə insanı zahirən tanınmaz hala salır, onu fiziki cəhətdən anonim vəziyyətə gətirir. Fiziki anonimlik isə qəddarlığa stimul verir, instinktlərin daha açıq, daha sərt formada xərclənməsi üçün psixoloji zəmin yaradır. Biz bunu söyləməklə heç də Amerika açmırıq. Bu, elə başda Amerikanın alimləri olmaqla dünyanın bir çox ölkəsində psixoloqların

konkret elmi eksperimentlərlə sübuta yetirdiyi həqiqətdir.

Həmin eksperimentlərin biri tədqiqatçı psixoloq Filip Zimbardonun adı ilə bağlıdır. Nyu-Yorkdakı universitetdə keçirdiyi eksperimentdə Zimbardo qadınların bir qisminə ağ xalat, bir qisminə isə görmək və nəfəs almaq üçün bir neçə xırda dəliyi olan, insanı başdan-ayağa gizlədən, ku-kluks-klançıların (Amerikada vətəndaş müharibəsi dövründə Cənubda yaradılmış gizli irqçi təşkilat üzvlərinin) paltarına oxşayan örtük geyindirib. Bundan sonra onlara bir qadının bədəninə elektrik cərəyanı verməyi tapşıran Zimbardo aydınlaşdırıb ki, üzüörtülü qadınlar əllərini elektrik cərəyanının düyməsindən daha gec çəkirlər, nəinki əyninə ənənəvi ağ xalat geyinmiş, adı iri hərflərlə yaxalığında yazılmış üzüaçıq qadınlar. Zimbardo ku-kluks-klançıların barmaqlarını elektrik cərəyanının düyməsi üzərində "ağxalatlılar"la müqayisədə iki dəfə çox saxladığını sübuta yetirib.

Ed Dinerin rəhbərlik etdiyi tədqiqatçı qrupun keçirdiyi eksperiment də fiziki anonimliyin antisosial xarakterini təsdiqləyib. Tədqiqatçılar ABŞ-dakı Hellouin bayramı ərəfəsində Sietldə 1352 uşaq üzərində müşahidələr aparıblar. Bayram ənənəsinə uyğun olaraq uşaqlar evlərə girib şirinlik alırmışlar. Uşaqlara yalnız bir ədəd şirniyyat götürməyi təklif edən eksperimentatorlar onlara əvvəlcə tək- tək, sonradan isə qrup halında evə girməyə icazə veriblər. Məlum olub ki, evə tək girəndə (yəni o halda ki, hazırda evə kimin girdiyi məlumdur və ondan sonra yoxa çıxan şirniyyatlara göz gəzdirməklə onun nə qədər şirni götürdüyünü bilmək mümkündür) uşaqlar böyüklərin tapşırdığından artıq şirniyyat götürmürlər. Evə qrup halında girəndə isə uşaqların daha çox şirniyyat "qapazlamağa" çalışdıqları müşahidə edilib. Amerikalı psixoloqlar eksperimenti bir az da qəlizləşdirmək qərarına gəliblər. Bu dəfə eksperimentatorlar qrup üzvlərinin sayını çoxaltmaqla bərabər uşaqların anonimliyini təmin etmək məqsədilə onların üzünə maska da taxıblar. Anonimlik təmin olunandan sonra uşaqlarda "konfetə meyillilik" 2-3 dəfə artıb.

Bu tipli eksperimentlərin nəticələri psixoloq Devid Mayersi uniformanın (hərbi geyimin və s.) effektləri ilə maraqlanmağa vadar edib. Mayers bu fikirdədir ki, bəzi qəbilələrdə döyüşqabağı hazırlıqlar - bədənin, üz-gözün rənglənməsi, sifətə xüsusi maskaların taxılması döyüşçülərin depersonalizasiyasıdır, özünü anonimləşdirməkdir.

Psixoloq Robert Uotson da qəbilə mədəniyyətlərinin antropoloji xarakteristikasını öyrənib və belə bir qanunauyğunluğu kəşf edib: savaşa gedəndə sifətinə maska taxan qəbilələrin döyüşçüləri daha qəddar olublar.

Mayersin "Sosial psixologiya" kitabında Los-Ancelesdə baş vermiş bir hadisə misal gətirilir. Polis əməkdaşları Rodin Kinqə dayanmaq əmrini verirlər, lakin o, əmrə tabe olmur. Qəzəblənən polislər ətrafda heç kimin olmadığını düşünərək Kinqi vəhşicəsinə döyürlər. Bu fakt da göstərir ki, anonimlik polisin daha qəddar rəftarına təkan verir.

Psixoloqlar Robert Conson və Lesli Dauninq hesab edirdilər ki, Zimbardonun eksperimenti zamanı iştirakçıların bir qismini zorakılığa sövq edən təkcə anonimlik deyil, həm də onların əynindəki paltar - ku-klus-klançıların geyiminə oxşar örtük olub. Corciya Universitetində keçirdikləri eksperimentdə tədqiqatçılar qadınlara tibb bacısı paltarı geyindirib onlardan bir nəfərin bədəninə elektrik cərəyanı verməyi xahiş ediblər. Tibb bacısı paltarında olan qadınlar anonim vəziyyətdə "xəstə" ilə daha mülayim davranıblar, nəinki aşkarlıq şəraitində. Psixoloqlar buradan belə nəticəyə gəliblər: anonimlik elə bir vəziyyətdir ki, orada neqativ qıcıq (ku-klus-klançı paltarı) neqativ, pozitiv qıcıq (tibb bacısı paltarı) pozitiv davranışı stimullaşdırır və insanlar anonim qalanda bu cür qıcıqlara çox həssas olurlar.

Mayersin fikrincə, bu, tarixən ölüm və şərlə assosiasiya olunan, orta əsr cəlladlarının, nindzaların geyindiyi qara formanın niyə tibb bacısı paltarından fərqli effekt verdiyini başa düşməyə kömək edir.

Qara formanın aqressivliyi artırması psixoloqlar Mark Frank və Tomas Uiloviçin tədqiqatlarında da sübuta yetirilib. 1970-ci ildən 1986-cı ilədək ABŞ- ın milli futbol və xokkey liqasında keçirilən yarışları təhlil edən alimlər üzə çıxarıblar ki, qara formada oynayan komandaların oyunçuları aldıqları cərimələrin sayına görə həmişə birinci yerdə dayanıblar.

Sonradan laborator şəraitdə aparılan eksperimentlər də göstərib ki, insanda aqressiv davranışa meyilliliyi artırmaq üçün ona eləcə qara gödəkcəni keçirmək də kifayət edə bilər.

Beləliklə, misal gətirdiyimiz elmi tədqiqatların nəticələrindən çıxış edərək biz qara maskalı polislərin niyə o birilərindən daha qəddar olmasının iki səbəbini də göstərə bilərik: birincisi ona görə ki, maska onları gizlədir, ikincisi də ona görə ki, həmin maska məhz qara rəngdədir. "Qara maskalılar"ın qəddarlığının kökündə onların fiziki hazırlıqlarının yüksəkliyi və aldıqları tapşırıqların xüsusiyyəti kimi səbəblər də olmamış deyil ki, bu məsələyə də biz artıq toxunmuşuq.

İndi ortaya sual çıxır ki, əgər qara maska aqressivliyi stimullaşdırırsa, onda dövlətin hüquq-mühafizə işçisinə belə bir maskadan istifadə etməyə icazə verməsi nə dərəcədə düzgündür? Dövlətin aqressivliyi stimullaşdırmağa haqqı çatırmı? Dövlət aqressivliyin stimulvericisi rolunda çıxış etməlidirmi? Bizcə, sonuncu iki sualın bir cavabı var: xeyr.

Və buradan çıxan nəticəni də dilə gətirməkdən çəkinmək lazım deyil: polisə qara maska taxmaq qadağan olunmalıdır.