Qurbanlar siyahısı çox uzundur:
Makedoniyalı İsgəndər, Napoleon Bonapart, İosif Stalin, Hafiz Əsəd, Yasir Ərəfat...
Ukrayna lideri Viktor Yuşşenkonun prezident seçkisi kampaniyası zamanı zəhərləndirilməsi faktı dünya mediasının gündəmindən düşmür. ABŞ-ın "Washington ProFile internet nəşri bu mövzuya toxunaraq böyük siyasətdə analoji faktların tarixinə nəzər salıb və zənnimizcə, oxucuların diqqətini çəkəcək məqamlarla zəngindir.
Bəşəriyyətə tanınmış tarixi personajların zəhərləndirilməsi ilə bağlı yüzlərlə fakt bəllidir. Zəhərləmə xüsusilə Qədim Roma və Çində, XVII əsr Avropasında və Yaxın Şərqdə geniş yayılıbmış. Özü də zəhər yalnız siyasi savaş aləti deyilmiş, məsələn, qadınlara əlindən çərlədikləri ərlərindən qurtulmaq, tacirlərə isə öz rəqibləriylə haqq-hesab çürütməkdə yardımçı olan mütəxəssislər ordusu yetişibmiş.
Görünür, zəhər hələ uzun müddət populyar olaraq qalacaq, çünki zəhərləmə faktını təsdiq və ya təkzib eləmək olduqca çətindir. Əksər hallarda zəhərin təsiri adi xəstəlik effekti verir və təbiblər vaxtında düzgün müalicə üsulu seçməkdə aciz qalırlar. "Zəhər ustaları" çox vaxt həkimlərdən bir addım irəlidə olurlar: tərkibi və təsir mexanizmi yalnız bir neçə şəxsə məlum olan bənzərsiz zəhərləyici maddə hazırlamaq mümkündür. Məsələn, 1995-ci ildə Rusiyada məşhur biznesmen İvan Kivelidini zəhərləyib öldürmüşdülər. Yalnız bir neçə ildən sonra rəsmən təsdiqləndi ki, Kivelidi nadir zəhərin təsirindən keçinib, amma biznesmenin qatilləri tapılmadı ki, tapılmadı.
Bəzən hətta təbabətə bəlli zəhərin tətbiqini dəqiqliklə müəyyənləşdirən test hazırlamaq mümkün olmur. Misal üçün, arsen preparatı (mərgümüş) minillər boyu "zəhərlər şahı" sayılıb (orta əsrlərin əvvəllərində onun əsasında "Akfa Tofan" kimi tanınan rəngsiz, dadsız və qoxusuz ölüm həbi hazırlanmışdı). Ancaq insanın mərgümüşün qurbanı olmasını müəyyənləşdirən ilk test yalnız XIX əsrin ortalarında ərsəyə gətirilib. Taleyin işinə bax ki, bu kəşf 1821-ci ildən, Napoleon Bonapartın ölümündən sonra reallaşıb. Rəsmi versiyaya görə, sərkərdə xərçəngdən ölüb, qeyri-rəsmi versiyaların birində isə zəhərləmənin üstündə dayanılır. Demə, imperatorun otağında divar örtüyünə mərgümüş tərkibi hopdurulubmuş və o, uzun müddət bu zəhəri ciyərlərinə çəkərək ağır xəstəlik tapıbmış. Mərgümüşün məşhuri-cahan olmasına və əməllicə öyrənilməsinə baxmayaraq, o, zəhərləmə arsenalında yerini möhkəm qoruyur. 1999-cu ildə Malayziya müxalifətinin lideri Datuk Səri Ənvər İbrahim, 2004-cü ildə isə İndoneziya siyasətçisi Munir Səid Talib məhz bu yolla aradan götürülüblər.
 |
Müasirləri və sələfləri dünya siyasətinin bəzi əfsanəvi fiqurlarının həyatdan getməsində zəhərləmə izlərini istisna etmirlər. Makedoniyalı İsgəndər, Fransa kralı İkinci Fransisk, İosif Stalin haqda belə mülahizələr var. 1969-cu ildə Uqanda kralı İkinci Edvard Mutes Londonda vəfat etdi. Tərəfdarlarının fikrincə, onu zəhərləmişdilər. İndi isə İsrail xüsusi xidmət orqanlarının Fələstin lideri Yasir Ərəfatı zəhərləməsiylə bağlı şayiələr dolaşır. Ərəb kütləvi informasiya vasitələri həmçinin qeyd edir ki, Fələstin qiyamçısı Vidi Həddad, Əlcəzair prezidenti Həvari Əbu Midden və Suriya lideri Hafiz Əsədi hansısa müasir radioloji silahla öldürüblər. ABŞ-ın yardımıyla. Hətta sonuncunu şəxsən ABŞ dövlət katibi Madlen Olbraytın zəhərlədiyi iddia olunur.
Müxtəlif xüsusi xidmət orqanlarının zəhər hazırlayıb tətbiq eləməsi faktları yetərincədir. 1978-ci ildə bolqar dissident Georgi Markov ritsin (gənəgər-çək) iynəsiylə qətlə yetirilib (iynə çətirin ucluğunda gizlədilibmiş və məhz bu fakt Pyer Rişarın baş rolda oynadığı məşhur "Çətirlə iynə" komediyasına süjet vermişdi). Gənəgərçəyin təsir simptomları qəfil qızdırmanı xatırladır. Ancaq Markovun ölümündən sonra onun bədənində iynənin yeri tapıldı və istintaq bu qənaətə gəldi ki, zəhər SSRİ-də hazırlanaraq Bolqarıstan kəşfiyyatına ötürülüb. 2000-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin 1950-60-cı illərdə Kuba lideri Fidel Kastronu aradan götürmək planı yer alan məxfi sənədi açıqlandı. Bəzi layihələr yetərincə maraqlıymış. Məsələn, Kastronun tez-tez çıxış elədiyi radiostansiyanın studiyasına LSD narkotikinin elementlərini çiləmək imkanları nəzərdən keçirilirmiş. Narkotiklərin təsiri altında Kastronun nitqi anlaşılmaz və dolaşıq olmalı, bu isə Kuba liderini xalqın gözündən salmalıymış. Eyni nəticəni içərisinə müəyyən kimyəvi maddələr doldurulmuş siqarlar doğurmalıymış (Kastro nitqini bitirəndən bir neçə saat sonra ölməliymiş). Liderin məşhur saqqalının tökülməsiylə nəticələnəcək tallium duzu tətbiq eləmək planı da varmış. Sonradan çaya və ya kofeyə əlavə olunacaq adi həblərin üzərində dayanılıb. Ancaq Mərkəzi Kəşfiyyat İdarəsinə bu cür əməllərlə məşğul olmaq yasaqlandığından bu planların heç biri reallaşmayıb. 1997-ci ildə İsrail kəşfiyyatının xəfiyyələri İordaniyanın paytaxtı Əmmanda "Həmas" terrorçu təşkilatının liderlərindən Xalid Meşalı zəhərləmək istəmişdilər (qulağına zəhər tökməklə). Xəfiyyələr ələ keçmişdilər və İsrail onları xilas etmək üçün Meşala zəhəri neytrallaşdıran xüsusi dərman verməyə razılaşmışdı. 2002-ci ildə Rusiya xüsusi xidmət orqanları məktub vasitəsilə məşhur terrorçu Xəttabı aradan götürdülər. Zəhər müasir diktatorların da cəbbəxanasında populyardır. Efiopiya diktatoru Mengiste Hayle Mariam ölkənin sonuncu imperatorunu zəhərləyib. Səddam Hüseyn və Kim Çen İr də müxalifətçilər və qəzəbə gəlmiş yaxınlarıyla bu cür üzülüşmək üsulunu gen-bol tətbiq ediblər.
 |
Terrorçu qruplaşmaların əlinin zəhərə çatdığı da az olmayıb. Ancaq onlar fərdi yox, kütləvi zəhərləmələrə üstünlük verirlər. 1946-cı ildə nasist düşərgələrində əziyyət çəkmiş və qisas eşqiylə yanan bir qrup yəhudi Almaniyanın iri şəhərlərində içməli suyu vəba çöpləriylə zəhərləmək istəmişdi. Xoşbəxtlikdən bu alınmamışdı. Keçmiş esesçilərin saxlandığı düşərgədə isə qisas aktı baş tutmuşdu. 1972-ci ildə ekoloji hərəkatın fəalları olan bir qrup çikaqolu tələbə "çirkli müəssisələr" tikən iri kompaniyaların acığına şəhərin içməli suyunu
zəhərləmək cəhdi göstərib. Almaniyanın Baader-Menhof solçu qruplaşması isə 1970-80-ci illərdə ölkə şəhərlərinə qarşı istifadə eləmək üçün kimyəvi və bioloji silaha giriş əldə etməyi düşünürmüş. 1984-cü ildə Dallasda (Oreqon ştatı) baş verən hadisənin kökündə isə vegetarianlıq dayanıb. Radikal vegetarianlar onlarca restoranda ət salatlarını zəhərləyərək 800-ə yaxın insanın xəstəxanaya düşməsinə nail olublar. Onlar bu yolla ət xörəklərindən imtinanı təbliğ etmək və həmin əsnada yerli hakimiyyət orqanlarına seçkilərin nəticəsinə təsir göstərmək istəyirmişlər. 1991-ci ildə Minnesota Vətənpərvərlər İttifaqı adlanan və ABŞ-ın siyasi-iqtisadi kursunu dəyişməyə çağıran sağçı qrup zəhərli gənəgərçək hazırlayaraq dövlət xadimlərini aradan götürməyə hazırlaşırmış. 2001-ci ildə onlarca ünvan (o cümlədən yüksək vəzifəli dövlət adamları) içinə Sibir xorası tozu tökülmüş məktublar aldı. Nəticədə 5 nəfər həlak oldu, 18 nəfər xəstəliyə yoluxdu, yüzlərlə şəxs isə real və potensial yoluxma təhlükəsindən müalicə aldı. İndiyəcən nə terrorçular tapılıb, nə də Sibir xorası tozunun haradan əldə olunduğu bəlirlənib.
"Washington ProFile-ın bu maraqlı materialı istər-istəməz bizi "bir köynək yaxın olan" faktlara da toxunmağa vadar edir. Şərqdə kimisə taxt-tacdan salmaq üçün çox zaman birbaşa üsullara əl atmaq dəbdə olsa da (məsələn, gözünü çıxarma), zəhərləmələrə də rast gəlinib. Türk imperatoru Atillanın şərabına qatılmış zəhərin qurbanı olması misal göstərilə bilər. İslam tarixinə nəzər salsaq, bir neçə imamın zəhərləndirildiyini görərik. Azərbaycana gəlincə, yaxın tariximizə dair bir epizodla kifayətlənək. 1967-ci ildə nüfuzlu dövlət xadimi Şıxəli Qurbanovun dişini çəkdirərkən şoka düşüb ölməsini ona zəhərli iynə vurulmasıyla bağlayanlar var.
Hazırladı: İlahə Rafaelqızı |