Vətəndaş cəmiyyətinin paradoksları |
 |
| MAYKL U.FOLİ, BOB EDVARDS |
Maykl U.Foli
Vaşinqtondakı Amerika Katolik Universitetinin siyasi elmlər üzrə professor yardımçısıdır. Əvvəllər Meksika və Salvadorda vətəndaş cəmiyyəti, yeni sosial hərəkatların meydana çıxmasına həsr olunmuş tədqiqat əsəri nəşr edilib.
Bob Edvards
Şərqi Karolina Universitetində sosiologiya elmləri üzrə professor yardımçısıdır. Birləşmiş Ştatlardakı sosial hərəkatlar və sosial dəyişikliklər üzərində tədqiqatlar aparır.
"Vətəndaş cəmiyyəti arqumenti" - Maykl Valtzer bu cür də deyir - əslində, bir çox arqumentlərin mürəkkəb qarışığından ibarətdir və onların heç də hamısı bir-biriylə sıx bağlı deyil. Ümumən qəbul olunmuş kor-kobud "vətəndaş assosiasiyalarının sıx şəbəkəsi" ifadəsi isə həm vətəndaşların "könüllülük vərdişləri" əsasında birləşməsinin effektləri, həm də belə birliklərin toplumu ictimai problemlərin həllinə səfərbər eləmək vasitəsilə demokratik cəmiyyətin sabitliyi və effektivliyinin inkişafı üçün işlədilir. Latın Amerikası və Şərqi Avropada meydana çıxan vətəndaş cəmiyyətləri avtoritar rejimlərə qarşı effektiv mübarizə aparan, cəmiyyəti aşağıdan demokratikləşdirən qurumlar kimi nüfuz qazanıblar. Beləliklə, məhəllə komitələrindən tutmuş maraq qruplarına, hər növdən olan filantropiya təsisatlarına qədər özəl könüllü birlikləri mühiti kimi başa düşülən vətəndaş cəmiyyəti həm demokratikləşmə prosesinin, həm də mövcud demokratiyaların sağlamlaşdırılmasının ən vacib tərkib hissələrindən biri kimi düşünülür.
Deyilənləri yekunlaşdırsaq, bu arqumentin bir çox sualları cavabsız buraxdığını görərik. Bu sualların bəziləri vətəndaş cəmiyyətinin tərifini müəyyənləşdirməklə bağlıdır və vətəndaş cəmiyyətlərinin müxtəlif tətbiq yollarından doğur. Məsələn, könüllü təşkilatlar olduğu üçün biznes ("bazar") sahəsi də ona daxildir, yoxsa bazar ayrıca, "özəl" bir sfera təşkil edir? Əgər biz bazarı ona daxil etmiriksə, onda iqtisadi assosiasiyalar - ticarət qrupları, peşə təşkilatları, həmkarlar ittifaqları və buna bənzər digər qurumlar necə olsun? Bəs siyasi təşkilatlar? Antonio Qramşinin təbiri ilə desək, "vətəndaş cəmiyyəti"ni "siyasi cəmiyyəf'dən ayırmağın bir anlamı varmı? Varsa, onda biz həqiqi siyasi birlikləri (partiyaları - red.) maraq qruplarından tutmuş dini qurumlara qədər müəyyən məqamlarda siyasi məqsədlər naminə səfərbər olunan assosiasiyalardan necə fərqləndirməliyik? Yəni "vətəndaş" təyini haçan "siyasi" təyinə çevrilir?
Vətəndaş cəmiyyətinin tərifinin müəyyənləşdirilməsi ilə bağlı bu narahatlıqlardan başqa, "vətəndaş cəmiyyəti" ilə demokratik idarəçilik arasındakı münasibətlərin xarakteri də xeyli sürüşkəndir. Yəni necə olur ki, fərdlərin formalaşdırdığı assosiasiyalar vətəndaş cəmiyyəti arqumenti ilə şərtləndirilən, geniş həcmli siyasi və sosial mənfəətlər gətirir? Bunun yolu insanları tolerantlığa, əməkdaşlığa və vətəndaş iştirakına yönəldən "könüllülük vərdişi"nin təbliğimidir? Əgər belədirsə, onda bu səmərəlilik kiçikmiqyaslı qarşılıqlı fəaliyyətlərin hansı mərhələsində meydana çıxır? Əgər bəzilərinin dediyi kimi, vətəndaş cəmiyyətinin ən başlıca xüsusiyyəti dövlətə münasibətdə pərsəng daşı kimi fəaliyyət qabiliyyətli olmasıdırsa, siyasi partiya və hərəkatlardan dəstək almadan onun bu fəaliyyəti hansı həddə qədər genişlənə bilər? Nəhayət, vətəndaş cəmiyyətini bir-birinə zidd, barışmaz fraksiyalara parçalamaqdan (Hegel dövründən bəri nəzəriyyəçiləri narahat edən ehtimal) və yaxud öz mənfəətini güdən "xüsusi maraq" dəstələrinə çevrilməkdən nə qoruyur? Başqa sözlə, vətəndaş cəmiyyəti arqumentiylə şərtlənən və xeyirxah effektlər yaradan vətəndaş cəmiyyəti haqqında nə demək olar?
Bu suallara cavab tapmağa çalışarkən "vətəndaş cəmiyyəti arqumenti"nin iki geniş versiyasını bir-birindən açıq fərqləndirmək gərəkdir. Birinci versiya Aleksis de Torkvilin "Amerikada demokratiya" adlı tədqiqatında (Adam Smit, Adam Ferqüson və Frensis Hatçeson da daxil olmaqla XVIII əsr "şotland moralistlərin"in əsərlərindən mühüm iqtibaslar gətirilməklə) dəqiq müəyyən edilmişdir. Bu yanaşma metodu demokratik cəmiyyətdə vətəndaşların fəaliyyətində xeyirxahlıq nümunələrinin intişar tapması üçün ümumən assigional (birlikdə çalışmaq - red.) həyat qabiliyyətinə, xüsusilə də assosiasiya vərdişlərinə xüsusi əhəmiyyət verir. Biz bu arqumentlər ailəsini "Vətəndaş cəmiyyəti-1" adlandıracağıq. 1980-ci illərdə Polşadakı kommunist rejiminə qarşı müqavimət strategiyasını işləyib hazırlayarkən Yaşek Kuron, Adam Mixnik və onların həmkarlarının daha dəqiq və inandırıcı şəkildə ifadə etdiyi ikinci versiya son dövrlərdə Latın Amerikasında "yenidən demokratikləşmə" proseslərinə həsr olunmuş ədəbiyyatda da aydın üzə çıxır. "Vətəndaş cəmiyyəti-2" adlandıracağımız bu versiya dövlətdən asılı olmayan, müstəqil və bu səbəbdən də zülmkar rejimə qarşı müqavimət hərəkatını gücləndirmək qabiliyyətinə malik fəaliyyət sahəsi kimi vətəndaş cəmiyyətinə xüsusi əhəmiyyət verir.
Göründüyü kimi, "Vətəndaş cəmiyyəti-l"lə "Vətəndaş cəmiyyəti-2" arasında müəyyən ziddiyyət elementləri var, çünki birincisi idarəçilik (yəni demokratik idarəçilik) naminə assosiativ fəaliyyətin müsbət effektlərini şərtləndirir, ikincisisə vətəndaş cəmiyyətinin dövlətə münasibətdə pərsəng daşı olmasının vacibliyini vurğulayır. "Pərsəng daşı" xarakterli vətəndaş cəmiyyətinin avtoritar dövlətdə olduğu kimi demokratik dövlət üçün də yükə çevrilə biləcəyinə, prinsipcə, elə bir qorxu yoxdur. Ancaq iqtisadçı Mansur Olsonun dediyi kimi, vətəndaş cəmiyyəti arqumentinin öydüyü "sıx assosiasiya şəbəkələri"ni müasir dövlətlərin, eləcə də bazarların rahat və ədalətli fəaliyyətinə qarşı təhdid kimi qəbul edənlər də var. Bəlkə də "Vətəndaş cəmiyyəti-l"in ən son inandırıcı versiyası Robert D.Putnamın qismən yuxarıdakı narahatlıqlara əsaslı cavab kimi ifadə etdiyi versiyadır. Putnamın arqumenti onun "Journal of Democracy" dərgisinin 1995-ci il yanvar sayındakı "Bowling Alone" ("Təkbaşına boulinq") adlı yazısında ətraflı şərh edilib. Ancaq bu arqument onun müasir İtaliyanın regional hökumətlərinə həsr olunmuş "Making Democracy Work" ("Demokratiyanı işlək hala gətirmək") adlı tədqiqat əsərində daha dərindən işlənib. Bu kitabında Putnam İtaliyanın şimalındakı regional hökumətlərin ən yüksək səviyyədə səmərəli fəaliyyətini bütün növlərdən olan "vətəndaş assosiasiyaları"nın təşviq etdiyi "vətəndaş cəlbi şəbəkələri"nin sıxlığı ilə bağlayır: "İcma daxilində bu cür şəbəkələrin çoxluğu vətəndaşların qarşılıqlı fayda naminə əməkdaşlıq edə biləcəklərinə işarədir". Olsonun arqumentlərinə birbaşa istinad edən Putnam deyir: "Vətəndaş cəlbinin üfüqi şəbəkələrində öz təcəssümünü tapan sosial kapital hökumətin və iqtisadiyyatın icrasını əngəlləməkdən daha çox ona yardımçı olur - möhkəm iqtisadiyyat, möhkəm dövlət, möhkəm cəmiyyət". Putnam son 30 il ərzində ABŞ-dakı təmayülləri təhlil edir və belə bir qənaətə gəlir ki, Birləşmiş Ştatlarda 1960-cı illərdən bəri "vətəndaş icması"nın əsasları zəifləməyə başlayıb. Onun iddiasına görə, biz öz milli sosial kapitalımızı, sosial etibarımızı və ümumən qarşılıqlı mübarizə səriştəmizi tükəndirmiş və qarşılıqlı faydalı olan kollektiv fəaliyyət qabiliyyətimizi xeyli itirmişik. Bu təmayül boyskaut, valideyn-müəllim assosiasiyaları, Qadın Seçicilər Liqası və hətta həftəlik boulinq liqaları kimi "ənənəvi ikinci dərəcəli assosiasiyalar"ın tənəzzülündə özünü daha aydın göstərir.
Putnamın arqumenti stimullaşdırıcı, onun təcrübi-empirik sübutlarının mənbələri təzə-tərdir. Buna baxmayaraq, onun ABŞ-da vətəndaş cəmiyyətinin sağlamlığı və İtaliya təcrübəsində regional hökumətlə bağlı hesabatı vətəndaş cəmiyyəti arqumentinin hər iki formasında əhəmiyyətli dərəcədə zəiflik olduğunu göstərir. Bu zəiflik bir çox elə vacib sualları ortaya çıxarır ki, demokratik quruluşda və demokratiyaya keçid prosesində vətəndaş cəmiyyətinin rolunu tam şəkildə başa düşə bilməyimiz üçün mütləq təhlil edilməlidir. Bizim arqumentimiz üç şeyə əsaslanır. Birincisi, Putnamın həm Birləşmiş Ştatlarda "vətəndaş icması"nın durumu ilə bağlı dəyərləndirmələri, həm də onun İtaliyanın şimalındakı regional hökumətlə bağlı gəldiyi nəticələr yeni təşkilatların, sosial hərəkatlar və siyasi partiyalar kimi spesifik siyasi assosiasiyaların mahiyyəti baxımından düzgün deyil. İkincisi, "vətəndaş cəlbi şəbəkələri"ndən danışmaq vətəndaş cəmiyyəti daxilindəki qruplar arasında real, bəzən isə həddən artıq kəskin ziddiyyətləri malalamağa aparıb çıxarır. Bu ziddiyyətlər spesifik siyasi tənzimlənmənin olmadığı hallarda vətəndaş qarşıdurmasına və zorakılığa çevrilə bilər. Üçüncüsü və ən vacibi, istənilən cəmiyyət quruluşunu başa düşə bilmək üçün biz ən əvvəl onun söykəndiyi siyasi tənzimləmə sistemlərinə və həmin sistemlərin sosial güclər və vətəndaş cəmiyyəti üzərindəki effektlərinə nəzər salmalıyıq. Hər üç şərt bir yerdə götürüldükdə bizim etirazımız Putnamınn həm vətəndaş cəmiyyətinə verdiyi təriflə, həm də geniş anlamda vətəndaş cəmiyyəti arqumentinin özü ilə bağlıdır.
Vətəndaş cəmiyyəti nəylə məşğul olur?
Geniş vətəndaş cəmiyyəti arqumenti vətəndaş assosiasiyaları üçün çox müxtəlif funksiyaları nəzərdə tutur. Putnam onların dar, amma daha güclü görünən hissəsini müzakirə edir. Onun üçün vətəndaş assosiasiyalarının ən başlıca xüsusiyyəti onların "sosial kapital"ın ən təsirli komponentləri - "ümumi qarşılıqlı fəaliyyət normaları" və "etibar" baxımından sosiallaşdırmaq qabiliyyətidir. Vətəndaş assosiasiyalarının təmin etdiyi "vətəndaş cəlbi şəbəkələri" daxilində qarşılıqlı fəaliyyət mənimsənilir və gücləndirilir, etibar yaranır, kommunikasiya və kollektiv hərəkət nümunələri intişar tapır. Bunlar üfüqi şəbəkələrdir və sahibkar-müştəri sövdələşmələrinə əsaslanan, yaxud ənənəvi təşkilatlardan ibarət vertikal şəbəkələrin əksini təşkil edir. Onların əhatə dairəsi nə qədər genişdirsə, bir o qədər də effektiv olurlar: "Sıx, amma bölünmüş üfüqi şəbəkələr hər qrup daxilində əməkdaşlığı dəstəkləyir, sosial parçalanmanı aradan qaldıran vətəndaş cəlbi şəbəkələri isə daha geniş əməkdaşlığı qidalandırır... Vətəndaş cəlbinin üfüqi şəbəkələri iştirakçılara kollektiv fəaliyyət dilemmasını həll etməkdə yardımçı olursa, onun geniş icma daxilində institusional uğuru da bir o qədər genişlənəcək. Üfüqi qaydada təşkil olunmuş qrupların (idman klubları, kooperativlər, qarşılıqlı yardım cəmiyyətləri, mədəniyyət assosiasiyaları və könüllü ittifaqlar kimi) üzvləri yaxşı hökumətlə müsbət münasibətdə olurlar". Həmin ikinci dərəcəli assosiasiyaların Putnamın bu qədər önəm verdiyi "sosial kapital" doğurması faktı xeyli şübhəlidir. Bu "sosial kapital"ın cəmiyyətin geniş ölçüdə yararlana bildiyi "ictimai fayda", nəzərdə tutulan nəticələri verə bilmək qabiliyyətində olub-olmaması isə başqa məsələdir. Putnamın xəbərdarlığı çox mühümdür: "Sıx, amma bölünmüş şəbəkələr" effektiv demokratik idarəçiliyə yardımçı ola da bilər, olmaya da; bəzən bu şəbəkələr vətəndaş düşmənçiliyi bazasına çevrilir. Beləliklə, assosiasiyaların yaratdığı şəbəkələr daha geniş əməkdaşlığı qidalandırmaq məqsədilə "sosial parçalanmanı aradan qaldırır". Putnamın narahatlığı tanışdır. "Daha geniş əməkdaşlığ"ın əsil mahiyyətini aşılamaq üçün, Putnamın arqumentinə görə, belə assosiasiyalar "qütblənmiş" və yaxud "siyasiləşmiş" olmamalıdır. Onlar sosial və siyasi bölümlər arasında körpü yaratmalı, siyasi qüvvələrdən məsafə saxlamalıdır. Bu narahatlıq uzun bir "plüralist" analiz ənənəsinin əks-sədasıdır. Yəni bu cür assosiasiyalar spesifik siyasi məsələlərə cəlb olunmadan və həll olunmamış sosial maraqları təmsil etmədən siyasi iştirakı və "vətəndaş cəlbini" necə formalaşdıra bilər? Putnamın formulu Emiliyi-Romana regionunu İtaliyanın "vətəndaş cəlbi" zonasının mərkəzində yerləşdirməsiylə bağlı qənaətləri baxımından son dərəcə qarmaqarışıq və ziddiyyətlidir. O unudur ki, bu regionun əksər idman klubları, xor cəmiyyətləri, kooperativləri və mədəniyyət assosiasiyalarını vaxtilə çox böyük siyasi qurumlar - Kommunist və Xristian Demokrat partiyaları özləri üçün yaradıb. Buna görə də müşahidəçilərdən biri bu fikirdədir ki, "əgər müasir Torkvill "İtaliyada demokratiya" haqqında yazmaq üçün müstəqil qrupları araşdırarsa, onun tədqiqatı həcmcə xeyli kiçik bir şey olacaq... Başqa inkişaf etmiş sənaye ölkələrində bürokratiyanın və yerli kütləvi təşkilatların ixtiyarında olan məkanı burada partiyalar zorla ələ keçiriblər. Onların İtaliyanın siyasi, iqtisadi və sosial həyatının bütün aspektlərini dolğun əks etdirdiklərini söyləmək isə hədsiz şişirtmə olardı".
Əgər Putnamın "vətəndaş icması" açıq-aşkar siyasiləşmiş vətəndaş cəmiyyəti ilə yanaşı yaşaya bilsəydi, onda biz siyasi və sosial parçalanmanı aradan qaldıran "inklyusiv" (cəlb) assosiasiyalarının zəruriliyi məsələsini vacib arqumentə çevirməli deyilikmi? Bu suallar yalnız Putnamın analizi deyil, vətəndaş cəmiyyətinin dövlət repressiyasına qarşı müqavimət göstərmək qabiliyyətində olduğunu və yaxud bizim "Vətəndaş cəmiyyəti-2" adlandırdığımız formulu vurğulayan müəlliflərin tədqiqat işləri üçün də keçərlidir. Arqumentin bu ümumi versiyası ondan ibarətdir ki, vətəndaş assosiasiyaları "avtonom" - müstəqil olmalıdır. Bu arqumentdən təkcə elmi ədəbiyyatda deyil, Latın Amerikası və Şərqi Avropadakı vətəndaş cəmiyyətlərinin xarakteri və trayektoriyası barədə siyasi debatlarda da geniş istifadə olunub. Aleksandr Smoların "Journal of Democracy" məcmuəsindəki məqaləsində deyildiyi kimi, Şərqi Avropa dissidentlərinin "vətəndaş cəmiyyətinə ilkin yanaşma" üsulu "antisiyasi" olub.
Həm "Vətəndaş cəmiyyəti-1", həm də "Vətəndaş cəmiyyəti-2" aid olduqları xüsusi kontekstləri ifadə edir. "Vətəndaş cəmiyyəti-2"nin tərəfdarları tiraniyaya qarşı mübarizə aparmaq və dövlətin gücünə dirənmək üçün vətəndaşları səfərbərliyə ala bilən qrupları ona daxil etməyi arzulayırlar. Siyasi və ənənəvi assosiasiyalar çox vaxt rejimlə əməkdaşlıq etdiklərinə görə çürüdükləri üçün onlar yeni assosiasiya formalarına da xüsusi əhəmiyyət verirlər. "Vətəndaş cəmiyyəti-l"in tərəfdarları da vətəndaş cəmiyyətinə onların özünəməxsus tərif verməyi xoşlayırlar. Belə ki, Putnama görə, vətəndaş cəmiyyətlərinə fəaliyyətləri əsasən "sosial kapital"ın mərkəzində arzuolunan "şəbəkələri, normaları və etibarı" doğuran qruplar daxildir. "Vətəndaş cəmiyyəti-2"nin əksinə olaraq o, münaqişəli xarakteri və ya siyasi ağırlığı ilə seçilməyən ənənəvi ikinci dərəcəli assosiasiyalara, təşkilatlara xüsusi önəm verir.
Siyasi assosiasiyaların yenidən dəyərdən düşməsi
Torkvill siyasi assosiasiyaları, açıq rejimlər də daxil olmaqla, hər bir rejim üçün təhlükə hesab edirdi. Bu qeyd-şərtlərə baxmayaraq o, son nəticədə azad siyasi assosiasiyaları bu əsasda dəstəkləyirdi ki, yalnız belə bir azadlıq partiyaların despotizminin və yaxud "prinsin hakim qaydalarının" qarşısını ala bilər və siyasi assosiasiya praktikada vətəndaş assosiasiyasının anası olmaqdan başqa bir şey deyil: "Buna görə də siyasi assosiasiyalara bütün vətəndaşların ümumi assosiasiya nəzəriyyəsini öyrənə biləcəyi böyük azad məktəblər kimi baxmalıyıq". Torkvillə görə, harada siyasi assosiyasialar qadağan edilirsə, orada "vətəndaş assosiasiaları həmişə sayca çox az, zəif formalaşmış, pis idarə edilən olacaq və heç vaxt geniş əhatəli bir tədbir planlaşdıra və yaxud yerinə yetirə bilməyəcək". Putnamın siyasi assosiasiyaların və sosial hərəkatların taleyini tələm-tələsik həll etməsi nəzəri cəhətdən Torkvillin qaldırdıqlarına oxşar və "Vətəndaş cəmiyyəti-2" tərəfdarlarının nadir hallarda müraciət etdikləri narahatlıqlardan qaynaqlanır. Çünki Putnam doğru olaraq belə hesab edir ki, bütün mütəşəkkil qrupların heç də hamısı "səmərəli idarəçiliyə" yardımçı olmur. Bu baxımdan o, təkcə plüralistlərin deyil, Torkvillin də əndişələrinə şərik çıxır. Torkvill də "siyasi assosiasiyaları" müxtəlif növlər kimi nəzərdən keçirir və yazırdı: "Heç kim belə bir fakta göz yummamalıdır ki, siyasi məqsədli assosiasiyanın hədsiz azadlığı, azadlığın bütün formaları kimi, dövlətin tab gətirə biləcəyi son həddir. Bu cür azadlıq ölkəni faktiki olaraq anarxiyaya aparıb çıxarmasa da, onu daim buna yaxın həddə saxlaya bilər".
Torkvillin irəli sürdüyü şübhələr ciddi xarakter daşıyırdı və çox tezliklə, 1861-ci ildə vətəndaş müharibəsinin başlanması ilə daha da möhkəmləndi. Siyasi assosiasiyaların göbələk kimi artdığı bir dövrdə Torkvill ondan qorxurdu ki, dissidentlər "dövlət daxilində separat dövlətə, hökumət daxilində hökumətə" bənzər bir şey formalaşdırmaq üçün birləşə bilərlər. Siyasi ehtirasların bu qədər qızışdığı bir vaxtda güman etmək olardımı ki, "bu uzun marafonda belə bir qurum yalnız danışmaqla kifayətlənəcək, sözdən işə keçməyəcək?" Belə bir şəraitdə bütün növlərdən olan assosiasiyaların təşkil etdiyi "vətəndaş cəlbinin sıx şəbəkələri" opponentlərini darmadağın etməyə meyilli olan döyüşkən dəstələrin sıralarının genişlənməsinə əlverişli zəmin yaradacaq. Belə bir ehtimalın mümkünlüyünü müasir inqilabçı hərəkatların səfərbərlik strateqləri də sənədləşdirib.
Bu ehtimalın mümkünlüyünə qarşı Putnam ikili müdafiə üsulundan istifadə edir: birincisi, onun cızdığı "vətəndaş icması" portretində spesifik siyasi assosiasiyaların və hərəkatların rolu heçə endirilir və yaxud inkar edilir. İkincisi, o belə bir plüralist məhdudlaşdırmanı qəbul edir ki, yalnız kəskin sosial parçalanmaları kəsib keçməyə qadir olan üfüqi strukturlu qruplar, vətəndaş cəmiyyəti üçün ümumən daha faydalı effektlərə nail ola bilərlər. Plüralist arqumentə görə, əgər vətəndaşlar "kəskin sosial parçalanmaları" gücləndirən deyil, onları kəsib keçən müxtəlif təşkilatlara üzv olarlarsa, belə assosiasiyalar bu parçalanmaları zəiflədəcək və bununla da cəmiyyəti daha idarəolunan edəcək. Ancaq bu, "zəif vətəndaş cəmiyyəti, möhkəm dövlət" fikriylə razılaşmağa bərabərdir. Halbuki Putnam heç də bu fikirdə deyil. "Vətəndaş cəmiyyəti-2"nin tərəfdarlarının təqdim etdiyi vətəndaş cəmiyyəti utopiyası da heç bunu nəzərdə tutmur, çünki onlara görə, vətəndaş cəmiyyətinin başlıca funksiyası dövlətə münasibətdə pərsəng daşı rolunu oynamaqdır.
Siyasi dəyişkənlik
Vətəndaş cəmiyyəti arqumentinin tərəfdarları ona bu cür ziddiyyətli tərif verilməsini, yəqin ki, qəbul edə bilməzlər. Vətəndaş cəmiyyətinin gücü onun "kəskin sosial parçalanmaların" və yaxud şəxsi zövqün doğurduğu maraqları deyil, vətəndaşların mənafelərini müdafiə etməsindədir. Daha geniş vətəndaş cəmiyyəti arqumenti daxilində vətəndaş cəmiyyətinin dövlətlə münasibətləri və ona təsiri ilə bağlı iki cazibə mərkəzinin mövcud olduğu üzə çıxır. Hər iki halda güclü vətəndaş cəmiyyəti sektoru tərəfdarları onun partiya və seçki siyasətlərindən müstəqil - avtonom olmasına xüsusi önəm verirlər, hərçənd, belə bir avtonomluğun - müstəqilliyin əks səbəblərə görə də həlledici olduğu söylənilə bilər. Bu arqumentin "Vətəndaş cəmiyyəti-2" adlandırdığımız versiyası vətəndaş cəmiyyətinə dövlətin pərsəng daşı kimi diqqət yetirir. Demokratiyaya keçid kontekstlərində, xüsusilə də mövcud siyasi partiyaların təzyiqlərə məruz qaldığı, zəif olduğu və yaxud avtoritar dövlətdə oyuncaq kimi istifadə olunduğu yerlərdə ənənəvi siyasi qurumlardan asılı olmamaq - müstəqil olmaq müxalifətin müdafiəsi üçün ilkin şərt kimi də görünə bilər. Belə kontekstlərdə vətəndaş cəmiyyəti avtonom (müstəqil) sosial güc sferası kimi nəzərdən keçirilir; həmin sfera daxilində vətəndaşlar avtoritarları dəyişməyə məcbur edə, özlərini tiraniyadan qoruya və cəmiyyəti aşağıdan demokratikləşdirə bilərlər.
Əgər vətəndaş cəmiyyəti tiraniya rejimlərinə maneçilik törətmək üçün istifadə oluna biləcək qədər gücə malikdirsə, onda demokratik quruluşları da darmadağın etmək üçün ondan istifadə olunmasının qarşısını nə ala bilər? Vətəndaş assosiasiyaları bu dərəcədə güclü olarlarsa, onlar xüsusi ehtiyacları, tələbləri ödəməkdə və ümumi rifah konsepsiyalarını yerinə yetirməkdə idarəetmə institutlarına meydan oxuyarlar. Kök salmış maraqlar sosial resursların qapısını qıfıllaya və cəmiyyətin imkansız insanların tələbatlarını ödəmək qabiliyyətini əngəlləyə bilər (1960-cı illərdə vətəndaş hüquqları hərəkatı meydana çıxana qədər Birləşmiş Ştatların cənubunda olduğu kimi); dövlətə nəzarət uğrunda bir-biriylə kəskin mübarizə aparan və hər birinin öz əsləhəsi olan assosiasiyalardan ibarət sosial bloklar formalaşa bilər (bugünkü Livanda və yaxud XIX əsrdə siyasi məskunlaşmadan əvvəl Qərbi Avropadakı "plüral dövlətlər"də olduğu kimi); siyasi qüvvələr icma təşkilatları və vətəndaş assosiasiyaları ilə güclü saxta əlaqələr qura, cəmiyyəti qütbləşdirə və bəzən də son dərəcə kövrək olan mövcud "qayda-qanunu" təhlükə altında qoya bilər (İkinci dünya müharibəsindən sonra İtaliyada və indi Salvadorda olduğu kimi). Müasir dünyada vətəndaş cəmiyyətinin rolunu başa düşmək üçün biz cəmiyyətin mütəşəkkil komponentlərinin necə və hansı şərtlər daxilində siyasi sabitliyə və yaxud siyasi böhrana xidmət etdiyini araşdırmalıyıq.
Ancaq "Vətəndaş cəmiyyəti-2" düşərgəsinin təhlilçiləri kimi, Robert Putnam da vətəndaş cəmiyyəti haqqında bütövlükdə və istənilən şərtlər daxilində ümumiləşdirmələr vermək istəyir. İtaliya və Birləşmiş Ştatlarla bağlı təhlillərində Putnam bu qənaətə gəlir ki, vətəndaş cəmiyyəti dövlətin idarəçilik qabiliyyətini əvəz etməkdən daha çox onu arqumentləşdirir. "Vətəndaş cəmiyyəti-1" arqumenti ilə razılaşan Putnam diqqəti vətəndaşların vətəndaş assosiasiyalarında iştirakının demokratik dövlət üçün gətirdiyi mədəni və təşkilati faydalara yönəldir. Ancaq onun hesablamalarında belə bir sətiraltı qorxu da mövcuddur: əgər belə assosiasiyalar bölücü siyasi həmrəyliklərin yolunu çox yaxından təqib edərlərsə, onlar kəskin sosial parçalanmaya məruz qala və beləliklə də faktiki olaraq səmərəli idarəçilik gücünü heçə endirə bilərlər. Buna görə də o, müəyyən məsələ qaldıran, siyasi dəyişiklikləri əsas məqsədi sayan və yaxud münaqişəyə çağıran hər hansı bir təşkilatı özünün "vətəndaş assosiasiyaları" sırasına çox könülsüz daxil edir.
Beləliklə, ümumən qəbul olunmuş şəkildə təqdim edilən vətəndaş cəmiyyəti arqumenti ən yaxşı halda qismən, ən pis halda isə tamamilə yanlışdır. Bir çox cəhətdən o, konkret növ siyasi sülhü nəzərdə tutur və həmin sülhü məhz vətəndaş cəmiyyətinin gətirdiyini zənn edir. Vətəndaş cəmiyyətinin zülmkar dövlətə qarşı çıxmaq keyfiyyətinə xüsusi önəm verildiyi halda onun demokratik dövlətə qarşı çıxmaq keyfiyyəti ya tamamilə inkar edilir, ya da ona elə xüsusiyyətlər şamil edilir ki, həmin xüsusiyyətlərin özü ümumən qəbul olunmuş vətəndaş cəmiyyəti arqumentinin gücünü heçə endirir. Robert Putnamın arqumentində olduğu kimi, əməkdaşlığı və kollektiv fəaliyyəti təşviq edən "könüllülük vərdişləri"nin formalaşmasına üstünlük verildikdə isə bu cür "mikrososial" effektləri "makrosiyasi" nəticələrə çevirən mexanizmlər ya zəif spesifikləşdirilmiş, ya ziddiyyətli, ya da həm zəif spesifikləşdirilmiş, həm də ziddiyyətli olur. Hər iki halda nəzərdən qaçırılan şey siyasi dəyişiklikdir.
Bu siyasi dəyişiklik ən azı həm istənilən cəmiyyətdə mühüm rol oynayan siyasi assosiasiyaları, həm də bir-biriylə rəqabətdə olan maraqların dinc və qanuni yolla barışdırılması üçün zəruri siyasi kompromis, məhdudlaşdırma və uyğunlaşdırma işini ehtiva etməlidir. Müasir tarixi dövrə aid bir sıra nümunələr bu cür tənzimləmələrin siyasi partiyaların, daha yaxşı maliyyələşdirilmiş və adətən yaxşı silahlanmış vətəndaş cəmiyyəti elementlərinin işi olduğunu göstərir. Bu cür siyasi tənzimləmələr çərçivəsində razılaşmalar heç də asanlıqla başa gəlmir və onlar baş tutanda belə son dövrlərin "demokratikləşmə" proseslərinin nümayiş etdirdiyi təcrübələrin bir çoxunda olduğu kimi, siyasətçilərə və siyasi partiyalara vətəndaş cəmiyyətinin bəslədiyi etibara xəyanət edildiyini, sosial tələblərin və gözləmələrin qəsdən və ya təsadüfən unudulduğunu üzə çıxara bilər. Burada (özü də təkcə yeni demokratik cəmiyyətlərdə deyil) sosial hərəkatlar fikir verilməyən və repressiyalara məruz qalan tələbləri irəli sürməklə, siyasi sistemi unudulmuş və ya marginallaşdırılmış sektorlara və məsələlərə diqqət yetirməyə məcbur etməklə həlledici rol oynaya bilər.
Əlbəttə, bu rol heç bir anlamda ambisiyasız deyil, amma bu ambisiya vətəndaş cəmiyyətinin qalan hissələrindəkindən çox da deyil. Sosial hərəkatlar vətəndaş cəmiyyətinin məsuliyyətinin silahlı və paranoik görüşünü təmsil edə (Birləşmiş Ştatlarda milis hərəkatı buna misaldır) və yaxud bilavasitə qrupdan kənarda sosial məsuliyyətdən geri çəkilə (müəyyən dini hərəkatlarda olduğu kimi) bilər. Qeyri-həssas siyasi sistem və yaxud repressiv dövlət şəraitində ümidsizlik artdıqca onların fəaliyyətinin zorakılığa çevrilməsi də mümkündür. Bununla belə, onlar öz üzvləri arasında bir-birinə etibar, əməkdaşlıq və vətəndaş fəaliyyəti vərdişləri də aşılaya bilərlər. Siyasi sistemlərin hətta minimum həddə həssas olduğu yerlərdə onlar əhalini səfərbər etməklə və debatları stimullaşdırmaqla vətəndaş cəmiyyəti və siyasi cəmiyyət üçün həyati qüvvələri hərəkətə gətirə bilərlər. Qısası, qəti şəkildə qeyd olunmalıdır ki, siyasi assosiasiyalar vətəndaş cəmiyyəti arqumentində vətəndaş assosiasiyalarına aid edilən rolları oynaya və hətta onlardan yaxşı oynaya bilərlər.
Vətəndaş cəmiyyətində mütəşəkkil qrupların hansı rolu oynaması, bizim fikrimizcə, geniş siyasi mühitdən həlledici dərəcədə asılıdır. Maykl Valtzerin ifadə etdiyi kimi, "burada gücdən və zorakılıqdan imtina etmək mümkün deyil, keçmiş anarxistlər kimi, təkcə vətəndaş cəmiyyətini seçmək imkanı yoxdur". Valtzerin "vətəndaş cəmiyyətinin paradoksu" adlandırdığı şey ondan ibarətdir ki, demokratik vətəndaş cəmiyyəti demokratik dövlət, möhkəm vətəndaş cəmiyyəti isə möhkəm və həssas dövlət tələb edir. Demokratik cəmiyyətin gücü və həssaslığı, Putnamın dediyi kimi, həmin dövlətin funksiyasını və qüvvəsini gücləndirən vətəndaş cəmiyyətinin xarakterindən asılı ola bilər. Ancaq bu effektlər həm demokratiyanın, həm də güclü dövlətin bundan əvvəlki uğurlarından asılıdır.
Dövlətin qeyri-həssas, onun institutlarının qeyri-demokratik və yaxud ölkədəki demokratiyanın öz vətəndaşlarının tələbatlarını tanımaq və ya ödəyə bilməyəcək dərəcədə zəif olduğu yerlərdə kollektiv hərəkatın xarakteri möhkəm və demokratik sistemlərdəkindən tamamilə fərqli olacaq. Bu cür ölkələrdə vətəndaşların vətəndaş cəmiyyəti məqsədləri üçün göstərdikləri birgə səylər dövlət siyasətinin dağıdıcı təsirinə məruz qalacaq: bəzi yerlərdə fəal surətdə repressiyaya uğradılacaq, digərlərində isə sadəcə inkar ediləcək. Vətəndaş assosiasiyalarının aqressiv formaları durmadan çoxalacaq, adi vətəndaşlar ya dövlətə qarşı getdikcə daha çox barışmaz, döyüşkən fəaliyyətə keçəcək, ya da özünümüdafiə apatiyasına qapılacaq. 1970 və 1980-ci illərdə Latın Amerikasında demokratiyaların və avtoritar rejimlərin süquta uğraması, bir müşahidəçinin daha yumşaq dillə "islahatçıların hakimiyyətdən uzaqlaşdırılmasının doğurduğu təhlükələr" adlandırdığı təhlükələrin, əslində, çox ciddi mətləblər olduğunu təsdiq edir. Bu cür siyasi mühitlərdə bütün vətəndaş cəmiyyəti həyatı, Samuel L.Hantinqtonun hələ xeyli əvvəl qeyd etdiyi kimi, qütbləşməyə aparıb çıxara və hətta Putnamın xor cəmiyyətləri və boulinq liqaları - hətta rahibələr və rahiblər belə - "dağıdıcı" ola bilər.
Tərcümə etdi: Tehran Vəliyev |