SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№8 (16) ---- 2005
MONİTORİNQ

Kəmər boyunca Ağdaşdan Ağstafaya
Yaxud, mənim monitorinq "siftə"min tarixçəsi

ZAMİN HACI

2003-cü ilin oktyabrında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) rəhbəri Mirvari Qəhrəmanlı "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinq" adlanan layihəyə qatılmağımı təklif edəndə məmnuniyyətlə razılaşdım.

Əvvəla, bədnam prezident seçkisi təzəcə başa çatmışdı, onun fəlakətli nəticələri məni o qədər məyus etmişdi ki, nəinki Bakıdan, hətta ölkədən də baş götürüb getmək istəyirdim. Paytaxtda ictimai-siyasi mühit xüsusilə dözülməz idi və rayonlara səfər edib müəyyən qədər qulaq, ürək dincliyi tapmaq fürsəti göydən düşmüşdü.

Başqa tərəfdən, mənim ən böyük arzularımdan biri Azərbaycanı kəndbəkənd gəzmək, hər obada, heç olmazsa, 1-2 saat olmaqdı. Bu layihə isə neft kəməri boyunca səfəri nəzərdə tuturdu. Qeyd edim ki, monitorinq zamanı mən arzumun ödənməsində böyük addım atdım: biz 4 ay ərzində BTC-nin keçdiyi Ağdaş, Ucar, Yevlax, Şəmkir, Tovuz, Ağstafa rayonlarında ümumilikdə 60-a yaxın kəndə, obaya, qəsəbə və şəhərə səfərlər etdik.

Buna qədər mən QHT ilə müəyyən əməkdaşlıq etmişdim, lakin ilk dəfə idi birgə monitorinqdə iştirakçı olacaqdım. Mənə məhz qrupun jurnalist üzvü olmaq təklif edilirdi. Əhali ilə söhbətlər (yeri gəlmişkən, biz bütün söhbətləri diktafon kassetlərinə yazdıq və həmin yazılar indi də NHMK-nın arxivində saxlanılır), fotoşəkillərin çəkilməsi mənim boynuma düşürdü.

Bir haşiyə çıxım ki, qrupumuzun NHMK-dan olan üzvləri Asif Bəkirov, Həmid Xəlilov, hüquqşünaslar Mətanət Əsgərova, Ramin Həsənov yetərincə maraqlı yol yoldaşı idilər. Bir çox kəndlərə Mirvari xanım özü də bizimlə getdi və etiraf edim ki, mən bu gözəl insanlarla işləməkdən zövq aldım. Qrupun texniki-təchizat məsələlərini (nəqliyyat, yaşayış, nahar və s.) həll edən Əziz bəy isə duzlu-məzəli söhbətləriylə bizi yorulmağa qoymurdu. Yeri gəlmişkən, bəzi kəndlərdə icra nümayəndələri, polis monitorinq aparmağımıza mane olarkən Əzizin şirin Naxçıvan ləhcəsi köməyimizə çatırdı - neyləməli ki, bu ölkədə hələ də bir çox qapıları yalnız naxçıvanlıların üzünə bağlamağa cürət etmirlər. Ləhcənin hesabına Əzizə az qala hər kənddə... hinduşka bağışlamaq istəyirdilər. Burada qrupumuza qarşı xüsusi qonaqpərvərliyə, mehribanlığa görə tovuzlu Paşa dayıya, Firidun bəyə, ucarlı Oqtay bəyə xüsusi minnətdarlıq bildirmək istəyirəm.

Nəhayət, bu monitorinqdə iştirak mənim kasıb jurnalist büdcəmə də xeyir idi və etiraf edim ki, bu amilin mühüm rolu vardı.

***

Layihəyə maliyyə dəstəyini Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Azərbaycan nümayəndəliyi göstərmişdi. Öncə biz Bakıda, BTC şirkətinin baş ofisində müəyyən görüşlərdə olduq, kəmər, onun keçdiyi rayonlarda əhalidən torpağın icarəyə götürülməsi qaydaları, kəmərətrafı ərazilərdə ictimai sərmayə proqramı haqda məlumatlar aldıq. Necə deyərlər, xəritə artıq əlimizdə idi və qalırdı onu yoxlamaq.

***

Burada oxuculara Azərbaycan – Gürcüstan – Türkiyə boru kəmərləri layihəsi haqda ümumi məlumatlar verək.

Layihə ilk növbədə Bakı-Tbilisi-Ceyhan neft kəmərini nəzərdə tutur. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 km-dir. Layihədə kəmərin neft ötürmə qabiliyyəti ildə 50 milyon ton nəzərdə tutulub. Ümumilikdə kəmərin çəkilişinə 3,9 milyard dollar sərmayə qoyulub.

Layihəyə görə, xam neft artıq 2004-cü ilin dekabrında Türkiyə sərhədində olmalı, 2005-ci ilin mayında isə Ceyhan limanından ilk tanker çıxmalı idi. Ancaq layihənin reallaşması 1 ilə yaxın gecikdi və kəmərə ilk neft yalnız bu ilin mayında vuruldu. O, Ceyhana nə vaxt çatar - məlum deyil. Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə hələ söz olaraq qalır.

***

Monitorinq zamanı aşkar etdik ki, kəmər keçən ərazilərdə kəndlilərə ödənilən kompensasiya dünya standartlarına cavab verməyib. Məsələn, Gürcüstan kəndliləri BTC kəmərinə düşən torpaqlarını şirkətə satıblar, nəticədə daha çox pul alıblar. Azərbaycanda isə həmin torpaqlar kəndlilərdən 3 illiyə (tikinti müddətində) icarəyə götürülmüşdü. BTC şirkətinin əlində daşdan keçən əsas da vardı: Azərbaycan qanunvericiliyi torpağı xarici şirkətə satmağa yol vermir. Və kəndliləri də aldadıblar ki, guya onlar kəmər üzərində əkin-biçin apara bilərlər. Məlum deyil mühafizə zolağında atlı gözətçilərin elədən-belə gəzdiyi şəraitdə nə əkmək olar. Üstəlik, kəndlilərdən icarəyə götürülən kəmər zonası haqda müqavilələrdə gülməli bəndlər vardı: traktor salmaq olmaz, su buraxmaq, arx qazmaq qadağandır və s. Yəni "ortasına dəymə, qırağından kəsmə, doyunca ye!"

Bundan başqa, kəmər qazılarkən kəndli hansı məhsulu becərirdisə, dəyən zərərə görə kompensasiya yalnız o məhsulun qiymətiylə ödənmişdi. Yəni şirkət gəlib sahəyə baxanda kəndli arpa əkibsə, arpanın pulu verilib. Halbuki Azərbaycan kəndlisinin 3 il ərzində mövsümə uyğun olaraq həmin torpaqda bəlkə əlli cür məhsul əkdiyi nəzərə alınmamışdı.

Sadəcə, ölkədə, xüsusən də rayonlarda yoxsulluq dəhşətli dərəcədə olduğundan kəndlilər verilən 3-5 min dollar kompensasiyanı “göydəndüşmə" sayıb dərhal müqavilə bağlayıblar, kütləvi narazılıqlar üzə çıxmayıb. Bir çoxları isə sonradan peşman olmuşdu. Məsələn, Tovuzun Aşağı Məlkələ kəndində Zakir İsayev 50 sot torpağa görə 4800 dollar kompensasiya almışdı, lakin hesablayıb görmüşdü ki, orada əkdiyi məhsuldan 3 ilə 10 min dollardan çox qazanırmış. Hər yerə şikayət yazırdı, ancaq ona təzyiq edirdilər ki, guya dövlətin əleyhinə çıxır.

Ümumiyyətlə, yerli polis və icra hakimiyyəti orqanlarının kəndlilərə təzyiqləri hər yerdə hiss olunurdu. Bu qurumlar kəndlilərin özəl pay torpaqlarının üzərində istənilən hərəkəti etməkdə sərbəstdir. Kəndlilər də hələ öz torpaqlarında özlərini ağa saymır.

Ağdaşın Əmirarx kəndində yerli icra nümayəndəsi camaatın aldığı kompensasiyadan rüşvət yığmışdı. "Şirinlik" adıyla! Özü də nə az, nə çox - hərədən minimum 1 milyon manat.

Şəmkirin Zəyəm və Morul kəndlərində isə yerli BTC nümayəndəsi Yaşar Həmidov unikal fırıldağa əl atmışdı. Kəmərin kimin torpağından keçəcəyini bildiyindən əvvəlcədən torpaq aktlarını əhalidən yığmış (guya latın qrafikası ilə yenidən çap etmək adıyla!), kompensasiya düşən əraziləri mənimsədikdən sonra kəndlilərə tamam ayrı sahələrin aktlarını paylamışdı. Ümumilikdə bu 2 kənddə 38 nəfəri soymuşdular".

Ucarın, Ağdaşın bəzi kəndlərində bələdiyyə torpaqlarına görə verilən kompensasiyaları yerli icra hakimiyyətləri zorla bələdiyyələrdən almış... "Heydər parkları"nın salınmasına xərcləmişdi". Yeri gəlmişkən, bələdiyyə torpaqlarına BTC-nin verdiyi kompensasiya çox az idi və şirkət burada da Azərbaycan Nazirlər Kabinetinin hansısa axmaq qərarına əsaslanmışdı.

***

Yevlaxın Aşağı Qarxun kəndində 6 mülkiyyətçiyə, Şəmkirin Qılıncbəyli kəndində 17 mülkiyyətçiyə, Ucarın Qaracallı kəndində 11 torpaq sahibinə kompensasiya verilməmişdi. Kəmər isə onların torpağından keçəcəkdi. Ucarın Qarabörk kəndində neft kəməri kəndli Mənsurə İbrahimovanın düz evinə dirənmişdi. Çox kasıb, qoca və savadsız olan bu qadını aldadıb kompensasiya verməmişdilər. Demişdilər ki, tunel qazıb 17-22 metr dərinlikdən kəməri keçirəcəklər, qadın da kəmərin üstündə, öz evində rahat (!) yaşaya bilər. Ucarın Alpout kəndində Adil və Nəzər Cəlilov qardaşlarının böyük meyvə bağlarına dəyən zərər düzgün hesablanmamışdı. Məsələn, Adil Cəlilovun 200 nar ağacını qırıb cəmi 48 ağacın pulunu ödəmişdilər. Belə problemləri Şəmkirdə üzüm bağları olan kəndlilər də yaşamışdı.

***

Monitorinq zamanı diqqət yetirdiyimiz sahələrə kəmər çəkilişinə yerli əhalinin cəlb olunması məsələsi də daxil idi. Məlum oldu ki, bu sahədə də vədlər elə vəd olaraq qalıb, işə çox az yerli sakin cəlb edilib. Kəməri çəkən CCIC şirkəti Ərəbistan və Hindistandan fəhlə gətirməkdən çəkinməmişdi.

Kəmərətrafı rayonlara ictimai sərmayə proqramında da Azərbaycana ədalətsiz yanaşılıb. Məsələn, kəmərin Azərbaycan hissəsi Gürcüstandan uzun olsa da, bizim kəndli cəmi 8 milyon dollarlıq sərmayəyə layiq görüldü (Gürcüstana da eyni vəsait ayrılıb). Rayonlarda yol, su, xəstəxana, məktəb problemləri ciddi idi. Buna baxmayaraq, ictimai sərmayə proqramını həyata keçirən beynəlxalq və yerli QHT vəsaitin çox böyük hissəsini öz texniki xərclərinə, mənasız seminar və treninqlərə "silmişdilər".

***

Əvvəldə qeyd etdiyim kimi, səfər ölkənin kəndlərini gəzmək baxımından mənə çox maraqlı idi. Xeyli yenilik öyrəndim. Məsələn, Ağstafada çoxlu süpürgə, Şəmkirdə göy-göyərti əkildiyini. Hətta şəmkirlilər dedilər ki, az qala bütün Moskvanı "petruşka" (cəfəri) ilə biz təmin edirik, Gəncə aeroportundan ayrıca "göyərti reysləri" uçur. Ucarda çox dadlı qoz bitdiyini də bilmirdim. Tovuzun Yanıqpəyə, Yevlaxın Qoyunbinəsi kəndləri isə sivilizasiyadan, tərəqqidən dəhşətli dərəcədə geri qalması ilə heyrətləndirirdi. Yeri gəlmişkən, Qoyunbinəsinin icra nümayəndəliyinin önündə hələ də Karl Marksın möhtəşəm büstü dururdu.

Ağdaşın Orta Ləki kəndində çox çirkin bir aksiyanın üstünə çıxdıq. Yerli icra nümayəndəsi Məmmədbağı Həşimov kənd müsavatçılarını yığıb onları qorxudur, partiyadan çıxmağı tələb edirdi.

***

Ümumilikdə görülən işin həcmi o qədər böyük idi ki, bu yazıda hər şeyi əhatə etmək mümkün deyil. Biz monitorinqin nəticələrini 70 səhifəlik 2 böyük broşurda dərc etdik, geniş mətbuat konfransı keçirdik, cəmiyyətə məlumat verdik. Nəticələr tam şəkildə ingilis dilinə də çevrildi, BTC şirkətinin, bp-nin rəhbərliyinə, kəməri maliyyələşdirən beynəlxalq maliyyə qurumlarının ofislərinə göndərildi. Hansı xeyri oldu? Doğrusu, bu haqda məlumatım yoxdur. İzləmək imkanım olmayıb. Yəqin Mirvari xanım bilər.

Hər halda, çox istərdim ki, bu neft kəmərinin Azərbaycan kəndlisinə xeyri dəysin. Onun buna ehtiyacı hamıdan böyükdür. Xeyri dəyməsə də, heç olmazsa, zərəri dəyməsin...