|
Köhnə(lməmiş) ideya
Parlamentli respublikaya keçid niyə lazımdır, nəyə
lazımdır
|
 |
| «N»AMİQ təqdim edir |
Bildiyiniz kimi, «III Sektor»Azərbaycanda dövlət
idarəçiliyinin demokratikləşdirilməsi problemləri ətrafında
araşdırmalar aparır. Əvvəlki iki sayımızda «N»Analiz, Məsləhət,
İnformasiya Qrupunun ekspertləri inzibati-ərazi quruluşu və yerli
idarəetmə məsələləri, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü
və konstitusiya islahatı problemlərinə toxunmuşdular. Mövzunu
parlamentin səlahiyyətlərinin artırılması zərurəti barədə təkliflər
paketi ilə davam etdiririk.
Siyasi hakimiyyət problemi ətrafında antik dövrdən
bəri davam edən bütün diskussiya və polemikaların məğzində dövlət
idarəçiliyinin «xalqa yaxınlaşdırılması», maksimum
demokratikləşdirilməsi problemi dayanır. Neyləmək lazımdır ki,
dövlət xalqın, cəmiyyətin, onun ayrı-ayrı nümayəndələrinin iradəsi
fövqündə qərar tutan titanik cəbr aparatından ictimai həyatın ən
mühüm tərəflərini sivil, qarşılıqlı könüllülük əsasında və ahəngdar
şəkildə tənzimləyən idarəçilik sisteminə çevrilsin və eyni zamanda
insanın bir bioloji populyasiya olmaq etibarilə təkamül prosesini,
daha doğrusu, bəşərin mənəvi kamilləşmə meylini əngəlləməsin,
əksinə, stimullaşdırsın?
Tarixin meydana çıxardığı zərurət
Dövlət insan beyninin yüzlərlə, minlərlə mücərrəd
yaradıcılıq məhsullarından biri olaraq bəşər övladının təbii-ruhi
inkişaf konsepsiyasına zidd yaşayıb fəaliyyət göstərə bilməz. İnsan
isə təkamül nəzəriyyəsinə uyğun olaraq daim dəyişən, müasirləşən,
dövrün, zamanın, ətraf mühitin çağırış və tələblərinə cavab verməyə
məhkum olan bioloji varlıqdır. Bu mənada biz demokratiyaya hansısa
abstrakt «dünya hökuməti»nin siyasi mənafelərinə uyğun, irreal,
ideal məfhum və doktrina kimi deyil, yaşadığımız dövrün, habelə
insan övladı olaraq hazırda keçirdiyimiz fiziki-mənəvi inkişaf
mərhələsinin təbii təlabatlarından doğan tarixi zərurət kimi
yanaşmağa borcluyuq.
Beləliklə, demokratik dövlət müasir insanın istək və
arzularının gerçəkləşməsi üçün bütün yerdə qalan qurum və təsisat
tiplərindən daha təkmil təminat üsulları təklif edən sistemdir. Bu
sistem xalqın mümkün qədər daha geniş təbəqələrini dövlət
idarəçiliyinə cəlb etməyə imkan verir və bunun üçün zəruri
hüquqi-siyasi vasitələr yaradır. Bəs xalqın dövlət idarəçiliyinə
maksimum cəlb olunması dedikdə nələr nəzərdə tutulmalıdır?
Müxtəsər və sxematik bölgü
Monteskyö zamanından politoloji fikrə hakim kəsilmiş
nəzəriyyəyə əsasən, dövlət hakimiyyəti bir-biri ilə sıx dialektik
asılılıqda olan üç müstəqil budağa bölünür: qanunverici
hakimiyyət, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. İdeal dövlət
tipində bunların biri qanunlar yaradır, ikincisi həmin qanunları
icra edir, üçüncüsü isə qanunların icrasına nəzarət funksiyasını
həyata keçirir. Əlbəttə, ideal dövlət tipində hər üç hakimiyyət
budağını xalq formalaşdırmalıdır. Çünki xalq dövlət hakimiyyətinin
müstəsna mənbəyidir. Müxtəsər və sxematik bölgü belədir.
Lakin həyat heç zaman model və çərçivələrə sığmır.
Hətta ötəri nəzər saldıqda belə görmək çətin deyil ki, dövlət
hakimiyyətinin göstərilən klassik sxemində də boşluqlar mövcuddur.
Konkret olaraq Monteskyö modeli bəzi suallara tam dəqiqliyi ilə
cavab verə bilmir: məsələn, qanunların icrasına məsul qurumları
hakimiyyət budaqlarından hansı formalaşdırmalıdır, yaxud qanunların
icrası üçün məsul şəxslər hansı budağın suvereninə hesabat
verməlidir, məhkəmələrin demokratizmi necə həyata keçirilməlidir
(çünki məhkəmələrin təsis olunmasında peşəkarlıq amili mütləq nəzərə
alınmalıdır) və s.
Hakimiyyət suverenlərinin hüquq və səlahiyyət
məsələsi və buradan labüd olaraq çıxan hakimiyyətlərarası ziddiyyət
faktoru məhz bu nöqtədən doğur. Həmin kardinal ziddiyyətin həlli
tarix boyunca icmaların fundamental dəyərlərinin, dövlətçilik
ənənələrinin, milli-mental xüsusiyyətlərinin nəzərə alınması şərti
ilə reallaşdırılıb. Hakimiyyətə baxışlar sistemi bütün xalqlar üçün
qanunauyğun şəkildə mütləqiyyətdən (monarxiyadan) özünüidarəçiliyə
doğru ümumi bir təkamül yolu keçib. Dünyanın ən qabaqcıl və
mütərəqqi ölkələri parlamentarizm prinsipini siyasi hakimiyyət
təliminin mərkəzinə gətirə bilmiş ölkələrdir.
Xalq - idarəçiliyin fəal subyekti
Parlamentarizm prinsipini prioritet götürmüş
mütərəqqi Qərb cəmiyyətləri mütləqiyyətin universal təzahür
formalarının, xüsusilə totalitar və avtoritar rejimlərə xas
təkbaşçılıq elementinin mümkün qədər daha çox məhdudlaşdırılmasını
qəsd ediblər. Bu cəmiyyətlərdə icra hakimiyyətinin başında dayanan
prezidentlərin hüquq və səlahiyyət dairələri maksimum ixtisar
olunur, hətta bir çox hallarda prezidentlər parlamentə hesab verən,
ondan mandat alan və de-fakto asılılığa salınan suverenlər kimi
legitimləşdirilir. Məhkəmə instansiyalarına rəhbərlik edən hakimləri
də parlament birbaşa, yaxud dolayısı ilə (millət vəkillərinin
nəzarətində olan peşəkar orqanlar vasitəsi ilə) seçir. Bütün bu
üstünlüklər isə məhz parlamentin kollektiv və kollegial,
siyasi-iqtisadi maraq və məramlarına görə bir-birindən kəskin
şəkildə fərqlənən deputatların formalaşdırdığı və buna görə də
xalqın bütün təbəqələrinin baxışlarını ifadə etməyə qadir bir
hakimiyyət suvereni olmasından irəli gəlir. Parlament özünün bu
əlamətləri ilə cəmiyyətdə hökm sürən sosial münasibətlərdəki
çoxcəhətliliyi, ziddiyyəti inikas etdirir, ictimai spektrin tam da
olmasa, dolğunluğa yaxın mənzərəsini, kaleydoskopunu verə bilir.
Belə dövlət tipində xalq həm seçici, həm də seçilən rolunda
idarəçiliyin daha fəal subyektinə çevrilir.
Lakin qeyd etdiyimiz kimi, bu tip dövlətlər
parlamentarizmi və demokratizmi siyasi həyatın episentrinə gətirən,
cəmiyyətin hərəkətverici qüvvəsi mövqeyinə yüksəldən dövlətlərdir.
Azərbaycanda və müstəqilliyini yeni qazanmış postsovet ölkələrində
isə prezidentli respublika idarə üsulu hökm sürür. Bu ölkələrdə
parlamentarizmə baxış istər hüquqi, istərsə də real- praqmatik
baxımdan tam başqadır. Azərbaycanın timsalında həmin münasibət daha
aydın cizgilərlə təsvirini tapa bilər. Bizdə prezidentlə yanaşı
qanunverici təmsilçilik orqanı kimi parlament də mövcuddur. Milli
Məclis ölkədə parlamentarizm prinsipinin hüquqi daşıyıcısı rolunda
çıxış edir. Lakin tam əsasla söyləməyə haqqımız var ki, bizim
parlament ona ayrılmış bu rolu oynaya bilmək üçün yetərli səlahiyyət
və hüquqi bazaya malik deyil.
Qanunvericilik monopoliyada
Biz o fikri anlayışla qarşılaya bilərik ki,
parlament keçid mərhələsini yaşayan bir ölkədə siyasi hakimiyyət
mərkəzi olmamalıdır (hərçənd, bu, kifayət qədər mübahisəli
məsələdir). Lakin o da anlaşılan deyil ki, indiki halda Azərbaycan
parlamenti özünün istər başlıca, istər də əlavə funksiyalarının
öhdəsindən heç bir şəkildə layiqincə gələ bilmir.
Qanunvericilik funksiyasını əsas götürsək, görərik
ki, bizdə qanunların qəbulu və qüvvəyə minmə sistemi tam avtoritar
səciyyəlidir. İndi Prezident Aparatı qanunların işlənməsi,
reqlamentləşdirilməsi və rəsmiləşdirilməsi işini tam həcmdə idarə
edir. Bu prosesin mahiyyətini pərdələmək üçün onun texnoloji
baxımdan bir neçə mərhələyə bölünməsi də deyilən fikri təkzibləyə
bilmir.
Öncə nəzərə alınmalıdır ki, qəbul olunan qanun
layihələrinin hamısı olmasa da, yarısından çoxu Milli Məclisə
prezident administrasiyasından göndərilir. Əlaqədar nazirliklər
və icra orqanları layihənin ideyasını, konseptual əsasını,
«skelet»ini təqdim edir, Prezident Aparatında məxsusi olaraq bu işə
məsul edilmiş qanunvericilik və hüquq ekspertizası şöbəsi isə həmin
sxem əsasında layihələri hazırlayıb rəhbərliklə razılaşdırır.
Sonrakı mərhələdə
layihələr parlamentin əlaqədar komissiyalarında müzakirəyə
çıxarılır. Heç kimə sirr deyil ki, komissiyaların sədr və müavinləri
hakim partiyanın fəallarından təşkil olunur. Yalnız onlar
komissiyalardakı fəaliyyətləri üçün müəyyən maddi stimul
qazandıqlarından (sıravi komissiya üzvlərini həvəsləndirmək üçünsə
heç bir əlavə maddi maraq mexanizmi nəzərdə tutulmayıb) Prezident
Aparatından göndərilən layihələrin plenar iclaslara olduğu kimi
çıxarılmasını təmin edirlər. Üçüncü mərhələdə əksəriyyəti
YAP-dan təşkil olunmuş parlament çoxluğu prinsipial qanunların icra
hakimiyyətinə sərf eləyən tərzdə təsdiqlənməsi qayğısına qalır, ən
«pis» halda bu aktların kosmetik dəyişikliklərə məruz qalmasına yol
verirlər.
Lakin qanunvericilik prosesi bununla da başa çatmır.
Avtoritar rejim özünü nə vaxtsa yarana biləcək fors-major
situasiyalardan sığortalamaqdan ötrü viza mərhələsini də
inhisarlaşdırıb. Belə ki, parlamentdə artıq formal olaraq qəbul
edilmiş qanunlar rəsmən qüvvəyə yalnız prezidentin imzalama
prosedurunu keçdikdən sonra minir. Prezident bəyənmədiyi, yaxud
hazırlanma və müzakirə mərhələsindən ötən vaxt ərzində dəyişmiş
reallıqlara uyğun gəlməyən qanunlara veto qoymaq, Milli Məclisə öz
tövsiyələrini vermək hüququna malikdir. Hətta praktikada belə
hallara da rast gəlinib ki, prezidentin imzaladığı qanun öz mətninə
görə Milli Məclisdə qəbul olunmuş sənəddən fərqlənir.
Göründüyü kimi, qanunyaratma maşını analoji aktların
«genetik mənsubiyyəti» baxımından fantastik dərəcədə effektiv
fəaliyyət göstərir. Lakin aydın məsələdir ki, bu cür sərt avtoritar
rejimlə işləyən bir konveyerdən çıxan məhsullar ölkədə demokratizmin
inkişafına təkan verməyə qadir deyil. Siyasi opponentlik yoxdursa,
qanun müəllifləri öz mövqelərini ciddi şəkildə əsaslandırmaq
zərurəti də duymur, bu isə son nəticədə qəbul olunan qərarların
keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. İdarə olunan
qanunvericilik prosesi ayrı-ayrı şəxslərin, hakim klanların,
iqtidardaxili qruplaşmaların və bütövlükdə elitanın siyasi riskləri
idarə etmək cəhdini rəmzləşdirir. Deməli, heç nəyin yox, idarə
olunan demokratiyanın klassik təzahürlərindən biridir.
Zəif parlament - zəif hakimiyyət
Azərbaycan parlamenti bugünkü vəziyyətində ciddi
hüquqi məktəb və siyasi mədəniyyət sistemi kimi də özünü doğrultmur.
Parlament dövlət həyatının idarə olunmasına dair siyasi qərarların
hazırlanması və qəbulu prosesində - ya müstəqim, ya da dolayı
şəkildə olsun - iştirak etmir. Bu isə böyük mənada xalqın dövlət
idarəçiliyindən kənar saxlanılması anlamı verir. Nəticə budur ki,
parlamentin formal mövcudluğu heç də ölkənin parlamentarizm
prinsiplərinə sadiqliyinin göstəricisi ola bilmir.
Həqiqi parlamentarist düşüncə yalnız müstəqil, real
səlahiyyətlərlə təmin edilmiş xalq məclisinin mövcudluğu şərti ilə
həyata keçə bilər. Belə parlamentlər isə tarixin heç bir dövründə
ali hakimiyyət suverenlərinin sevimlisi olmayıb. Hər dəfə ağrılı
ictimai məsələlər qaldıranda onu məhdudlaşdırmış, qovmuş, ixtisara
salmış, buraxmış, hətta sürgünə göndərmişlər. Bununla belə,
bəşəriyyət tarixinin ən başlıca ibrət dərslərindən biri də budur ki,
güclü parlament yaranmadan dünyanın heç bir ölkəsində demokratiyadan
danışmaq mümkün deyil.
Hazırkı sistemdə prezident icra hakimiyyətinin
başçısı və deməli, həm də Nazirlər Kabinetinin də rəhbəri sayılır.
Bu isə icra hakimiyyətinin faktiki olaraq tam həcmdə bir şəxsin
əlində cəmləşməsi deməkdir. Bu gün Azərbaycan prezidentini əhatə
edənlər onu inandırmağa çalışırlar ki, parlamentin güclənməsi onun
fərdi hakimiyyətinin parçalanmasına, beləliklə, dövlət başçısının və
dolayısı ilə həm də dövlətin zəifləməsinə gətirib çıxara bilər.
Lakin gəlin görək zəif parlamenti prezidentin gücünün göstəricisi
saymaq olarmı? Qətiyyən. Zəif parlament çoxpartiyalı demokratik
sistemin və deməli, həm də ali konstitusion siyasi hakimiyyətin -
prezident hakimiyyətinin zəifliyinə dəlalət edir. Bu özünü texnoloji
baxımdan da büruzə verir. Yəni prezident ölkədə baş verən hər şey
üçün - bütün səhvlər, yanlışlıqlar üçün təkbaşına məsuliyyət daşıyır
və daim siyasi-psixoloji legitimliyinin tükənməsi təhlükəsi ilə
üzbəüz qalır. Yəni aşkar görünür ki, indiki idarəçilik sistemi nə
Azərbaycan xalqının həqiqi dövlətçilik maraqlarına, nə də
iqtidardakı siyasi elitanın öz hakimiyyət müddətini uzatmaq
istəklərinə cavab verir. İlham Əliyev və onun ətrafındakı bürokratik
nomenklatura başa düşsə də, düşməsə də, məsələnin bu iki aspekti
bir-biri ilə daxili dialektik vəhdətdədir.
…Ən azı üç şərt
Velosipedi, necə deyərlər, yenidən icad etməyə də
lüzum yoxdur. Xalqın siyasi fəaliyyətə cəlb edilməsinin və
həvəsləndirilməsinin, dövlətə etimadın yüksəldilməsinin tarixən
sınaqlardan keçmiş yeganə yolu siyasi partiyalara ölkənin ictimai
həyatında klassik qanunlara uyğun tərzdə yerin ayrılmasından keçir.
Siyasi kompromis və dialoq mədəniyyətinin mövcud olmadığı bir ölkədə
parlament həm də böyük sistemyaradıcı hadisə ola bilər. Bir şərtlə
ki, parlament özünü təsisat və hüquq baxımından tarixi varisliyə
malik olan siyasi institut kimi cəmiyyətə təqdim edə bilsin. Siyasi
debatların küçələrdən yığışması, qarşıdurmanın əməkdaşlığa
çevrilməsi, çoxpartiyalı sivil siyasi sistem ənənəsinin yaranması,
sabitliyin gerçək və dayanıqlı şəkil alması üçün normal və gerçək
parlamentin mövcudluğu vacibdir. Lakin eyni zamanda parlamentin
həqiqi parlamentarizm prinsipləri səviyəsinə gətirilməsi, ölkənin
nəbzini tuta bilməsi üçün də normal partiya quruculuğu prosesi
getməlidir. Bunlar bir-birini tamamlayan, bir-biri üçün
«səbəb-nəticə tərkibi» təşkil edən şərtlərdir.
Bu gün Azərbaycanda normal, klassik tələblərə cavab
verən siyasi partiyalar yox dərəcəsindədir. Çünki bizdə əsl
parlament yoxdur. İcra hakimiyyətinin formalaşdırılması prosesinə,
habelə hökumətin fəaliyyətinə müdaxilə hüququndan məhrum edilmiş
parlament de-fakto onun siyasi əsasını təşkil etməli olan
partiyaların fəaliyyət sferasından çıxarılıb. Siyasətşünaslıq
konsepsiyalarına az-çox bələd olan hər kəs yaxşı bilir ki, siyasi
sistem yalnız siyasi partiyaların siyasi bazarda azad rəqabəti,
onların hakimiyyətdə bir-birini əvəzləməsi şərti ilə inkişaf tapa
bilər. Vəzifə həmin bazarı sivil qayda-qanunlara tabe etdirməkdən
ibarətdir. Bunun üçün azı bu şərtlərə əməl olunmalıdır:
1) prezidentin siyasi və inzibati hakimiyyətin məhdudlaşdırılması;
2) parlament çoxluğuna əsaslanan normal icra hakimiyyətinin
formalaşdırılması; 3) parlamentə daxil olan partiyaların, ilk
növbədə parlament əksəriyyətini təşkil edən partiyanın hökumətin
fəaliyyəti üçün siyasi məsuliyyətinin artırılması.
Həmin prinsiplər konstitusiyaya zəruri
dəyişikliklərin mahiyyətini təşkil etməlidir. Azərbaycanın siyasi
sisteminin başlıca bəlası prezidentin şəxsiyyətində deyil,
superprezident respublika idarə üsulundadır. Məsələyə bu rakursdan
baxdıqda etiraf olunmalıdır ki, 2002-ci il referendumunun Heydər
Əliyev siyasi iradəsi əsasında əldə edilmiş nəticələri yalnız və
yalnız siyasi varislik ənənəsinin həyata keçirilməsinə hesablanıb və
siyasi inkişafın qarşısında əlavə əngələ çevrilib. Başqa sözlə,
parlamentin sırf proporsional əsasla formalaşması təcrübəsinə
yaxınlaşmaqdansa geriyə doğru addım atılıb və Azərbaycan seçicisi
2005-ci il parlament seçkilərini yalnız majoritar hüquqi əsasda
keçirmək faktı qarşısında qalıb.
 |
Opponentlik iddiasına düşənlər ortaya belə bir əks
arqument qoya bilərlər ki, onsuz da müxalifət təmsilçiləri parlament
seçkilərində iştirak edirlər və onların Milli Məclisə düşmə
ehtimalları böyükdür. Lakin belələri bir ciddi məsələni nəzərə
almırlar. Əslində, «müxalifət partiyaları» və bu tipli digər
terminlər prezident idarə üsuluna deyil, parlament respublikasına
xas məfhumlardır. Prezident respublikasında «müxalifət» anlayışı nə
məna verə bilər? Yalnız o mənanı ki, siz seçiciləri prezidentə səs
verməməyə çağıra bilərsiniz, başqa heç nə! Aydın olur ki, bizim
ölkədə demokratizmin yeganə təzahür örnəyi kimi təqdim olunan
çoxpartiyalı siyasi sistem də, seçkilər institutu da mövcud
prezident idarə üsulu çərçivəsində fiksiyadır və olsa-olsa virtual
önəm daşıyır. Çünki parlament və bələdiyyə seçkilərinin nəticələrini
reallığa çevirməyin özü bu sistemdə mümkünsüzdür. Bu və ya digər
partiyanın seçkidə qalib və ya məğlub olmasının yeganə təzahürü də,
siyasi qüvvənin iqtidarda və ya müxalifətdə olmasının göstəricisi də
yalnız parlament idarə üsulu bərqərar edildiyi şəraitdə aşkarlana
bilər.
Hərc-mərclik olmayacaq
Parlament tipli respublika modelinin keçid dövrünü
yaşayan Azərbaycanda özünü doğrultmayacağı haqda söylənənlər hakim
elitanın korporativ ambisiyalarından başqa bir şeyə xidmət etmir.
Azərbaycan heç də keçid dövrünü yaşayan birinci ölkə deyil. Keçid
cəmiyyətlərinə xas zəngin təcrübədən məlumdur ki, analoji tarixi
mərhələlərdə siyasi sistemin qarışıq tipi həm parlamentli, həm də
prezidentli respublika tiplərindən daha məqsədəuyğundur. Bu qarışıq
tipi politologiyada baş nazirli-prezidentli hakimiyyət sistemi
adlandırırlar. Burada prezident bir arbitr olaraq cəmiyyətin fövqünə
yüksəlir, sabitlik və konsolidasiya qarantına çevrilir, ölkənin
iqtisadi və sosial inkişafına görə isə baş nazir cavabdehlik
daşıyır. Beləliklə, bu sistemdə baş nazirə irəlicədən siyasi
kamikadze rolu ayrılır, lakin bunun hesabına cəmiyyətdə sabitlik
saxlanılır.
Hazırda parlamentli respublika idarə üsulunun
əleyhdarları öz mövqelərini bu dövlət tipində prezidentin
səlahiyyətlərinin minimal səviyyəyə endiriləcəyi və bunun ölkədə
hərc-mərcliyə gətirib çıxaracağı haqda mülahizələrlə
arqumentləşdirirlər ki, bu da əsassızdır. Belə bir hipotetik
situasiyanı təsəvvür etməyə çalışaq: fərz edək ki, parlamentli
respublika tipinə keçmişik, parlamentə hökuməti formalaşdırmaq və
ayrı-ayrı təyinatlara veto qoymaq hüququ verilib. Bu şəraitdə yüksək
dövlət vəzifələrinə namizədliklərin Milli Məclisdə kütləvi
müzakirəyə çıxarılmasının özü əlahiddə götürüldükdə demokratiya
təzahürünə çevriləcək. Hətta ehtimal etsək ki, Məclis hansısa lobbi
qruplarının təsiri və təzyiqi altında düzgün olmayan, dövlətə ziyan
vura biləcək qərarlar çıxara bilər, onda prezidentin veto hüququnu
yaddan çıxarmış olaraq. Bu idarə üsulu dövlət hakimiyyətinin iki
böyük qanadının - icra və qanunverici hakimiyyət qollarına xas
prezident və parlament hakimiyyətlərinin ən optimal balanslaşdırma
mexanizmi kimi qiymətləndirilə bilər. Məhz bu yolla açıq, aşkar,
kütləvi xalq nəzarətinin yeni, mahiyyətcə fərqli mexanizmi
yaradılır.
Biz parlamentin səlahiyyətlərinin artırılmasına
tərəfdarıq. Belə hesab edirik ki, yalnız bu yolla cəmiyyəti ölkənin
real idarəedilməsi prosesinə cəlb etmək mümkündür. Bunun üçün
tədricən parlament çoxluğu hökumətinə keçməyə ehtiyac var. Nə qədər
ki, bu keçid olmayıb, geniş kütlələr parlament seçkilərinin həqiqi
əhəmiyyətini sonadək başa düşməyəcəklər. Parlament seçkilərinə
kütləvi maraq və ciddi münasibətin kök salması üçün dövlət
idarəçilik sistemində ona layiq olduğu yer ayrılmalıdır. Bu isə
nəzərdə tutur ki, hökuməti seçkilərin nəticələri əsasında parlament
formalaşdırsın. Əlbəttə, mexanizmlər müxtəlif ola bilər. Lakin
fikrimizcə, hazırki situasiyada ən optimal yol parlamentin hökumət
tərkibini prezidentə təqdim etməsi və kabinetin dövlət başçısının
fərmanı ilə təyin olunmasıdır. Həqiqi hakimiyyət xalqa məhz onun
seçdiyi hökumətin vasitəsi ilə qaytarıla bilər…
«N» Analiz, Məsləhət,
İnformasiya Qrupu
|