SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№9 (17) ---- 2005
ZƏNCİRLİ DÜŞÜNCƏ

Yozef Matskeviç

 

Yozef Matskeviç tanınmış polyak yazıçı-publisistidir. 1902-ci ildə Peterburqda doğulub. Beş yaşında ailəsi Vilnaya (indiki Vilnüs - o zaman Polşanın tərkibindəydi) köçür. Üç il sonra Yozef burada gimnaziyaya daxil olur. 1915-ci ildə almanlar Vilnanı tutur və gimnaziya Moskvaya köçürülür. 1919-cu ildə hələ 17 yaşı tamam olmamış Matskeviç bolşeviklərlə savaşa yollanır. 1920-ci ildə Varşava Universitetinə girir,
ancaq təhsilini Vilnada başa vurur.

1939-cu ilə qədər qardaşının nəşr etdiyi «Slovo» qəzetində çalışan Yozef sovet işğalı, ardınca alman qəsbi nəticəsində fəal jurnalistikadan bir qədər uzaqlaşır və ağır illər keçirir. 1944-cü ildə təkrar sovet işğalından ehtiyatlanaraq Varşavaya gedir.
Bir il sonra Polşanı da tərk edərək Romaya, 1947-ci ildə isə Londona köçür. Matskeviçin son dayanacağı 1955-ci ildə köçdüyü Münhen olur, burada o, ömrünün sonuna qədər (1985) yaşayır. Uzun illər bolşevizmin və faşizmin qanlı cinayətlərini tədqiq edən yazıları müxtəlif ölkələrdə nəşr olunan mühacir dərgilərində çap olunur. Sovet işğalından sonrakı Litvadan bəhs edən «Heç yana aparmayan yol», müttəfiqlər tərəfindən Sovet İttifaqına qaytarılan kazakların faciəli həyatından danışan «Kontra», kommunizmin dünyaya yayılma səbəblərini analiz edən «Təxribatın qələbəsi», «Vatikan qızıl ulduzun kölgəsi altında» və çox sayda digər romanların müəllifidir.

Bütün həyatı ağır iztirablarda, təqiblər altında ölkələr dəyişməkdə, maddi ehtiyacda keçən Matskeviç yazıçı-publisist kimi hər zaman sözün düzünü deməyi (özü də bütün çılpaqlığıyla) üstün tutub, bəşəri dəyərləri, fundamental azadlıqları təbliğ edib. Həyat onu çox sınaqlara çəksə də, nə polyak millətçiliyi, nə alman faşizmi, nə də rus bolşevizmi onun ruhunu sındıra bilib. Ünlü publisistin nəhəng sovet yazıçısı Mixail Şoloxova ünvanladığı məktub bu əyilməzliyə parlaq nümunədir. Onun bu məktubu yalan və mütiliyə dözməyən vicdanın çığırtısıdır. Bu məktub Londonda çıxan mühacir nəşrlərdən birində - «Vyadomosti» qəzetində çıxıb. Düz əlli il bundan əvvəl. Amma bu gün də bizim kimi cəmiyyətlərdə – haramla halalın, düzlüklə əyriliyin, yalanla doğrunun, mütiliklə ləyaqətin üz-üzə durduğu məmləkətlərdə aktuallığını saxlayır. Məhz buna görə biz «Şoloxova məktub»u çap eləməklə kifayətlənmədik, böyük mənada DÜZLÜK probleminə toxunmağı yazıçı-publisist Fəxri Uğurludan xahiş elədik. Buyurub hər iki yazını oxuyun. Paralellər axtarmaq, nəticə çıxarmaq Sənin öhdəndədir, möhtərəm oxucu…

ŞOLOXOVA MƏKTUB

Çox hörmətli Mixail Aleksandroviç!

«Literaturnaya qazeta»”nın 95-ci sayında (1954-ci il – tərc.) «Sakit Don»”un Sizin «əhəmiyyətli düzəlişə»” məruz qoyduğunuz yeni nəşri barədə məqalə verilib. Görünür, söhbət romanın rəsmi sosrealizmin hamının qəbul etdiyi cari tələblərinə uyğunlaşdırılmasından gedir. Çox təəssüf. Şəxsən mən sovet ədəbiyyatının son illərdəki sonsuz boz yeksənəqliyi fonunda «Sakit Don”»u bəşər mədəniyyəti üçün bir töfhə olan yeganə əsər hesab edirəm. Buna görə də romanın indiki məcburiyyətçi sosrealizm nümunələri və zövqü əsasında yenidən işlənməsini həm də bu mədəniyyətə vurulan böyük zərbə saymaq olar. Əlbəttə, bu, müəyyən mənada həm də sovet quruluşuna vurulan bir zərbədir, onu Qərb dünyasının gözündən salan bir faktdır. Məsələyə bu baxımdan yanaşanda belə bir fakt bu quruluşun qatı düşməni kimi məni hətta sevindirməliydi, amma sevinə bilmirəm. Mən belə hesab edirəm ki, nasizmlə yanaşı heyrətamiz gözəlliyə malik alman şəhərlərini də şiddətli bombardmana tutaraq məhv etmək cinayət idi. Nasizm məhv edilməli, şəhərlər isə saxlanmalıydı. Bu hadisəyə münasibətdə də eyni düşəncədəyəm: mən bolşevizmin mahiyyətini təşkil edən nə varsa, hamısına bütün qəlbimlə ən pis şeyləri arzulayıram, amma Sizin kitabın məhv edilməsi məni gerçəkdən yandırır. Bizdə kommunistlərə müxtəlif səbəblərə görə və ümumiyyətlə müxtəlif cür nifrət edirlər. Şəxsən mən azad söz və həqiqətin car çəkilməsində gerçək gözəllik uğrunda mübarizə naminə (bir qədər pafoslu sözlərə müraciət etdiyim üçün qoy məni bağışlasınlar) kommunistlərə nifrət edirəm.
Bilmirəm bu Sizi təəccübləndirəcək ya yox, amma Sizdə «təcavüzkar” naturalizm» adlandırılan ədəbi cərəyana iddialı bir polyak yazıçısı olmağıma rəğmən həyatımda iki dəfə mənə verilən anketdəki «Son onilliklərin hansı kitabını ən yaxşısı hesab edirsiniz»” sualına «Şoloxovun «Sakit Don»”u»” cavabını vermişəm. Gizlətməyəcəyəm, bu cavab mənim bəzi həmvətənlərimin qəzəbinə tuş gəlib. Bəli, doğrudur, istər partiya, istər də vətənpərvəlik xətti olsun, hər halda hansısa bir xətti sənətə «kosmopolitik”» münasibətdən üstün tutan adamlara hər yerdə rast gəlmək mümkündür. Ancaq bilirsinizmi, fərq ondadır ki, baxış müxtəlifliyi, baxış rəngarəngliyi sizdə nə dərəcədə qanunla təqib olunursa, bizdə də o dərəcədə qanunla mühafizə edilir. Bax elə Sizin yaşadığınız siyasi quruluşla mənim yaşadığım quruluşun xüsusiyyətləri arasındakı yuxarıda qeyd edilən və xeyli əhəmiyyətli olan bu fərqin nəticəsidir ki, Sizi nəhəng bir yazıçı kimi tərifləməkdə mən tam ixtiyar sahibiyəm.

Tənqidçilərin çoxu Sizin kitabınızı tendensiyalılıqda ittiham edir. Mübahisəyə ehtiyac yoxdur: o həqiqətən tendensiyalıdır. Açığını deyəcəm: Sizin eposunuz o dərəcədə «qırmızı»dır” ki, tutalım, əgər Sizin istedadınız məndə olsaydı, mənimki də o dərəcədə «ağ»” alınardı. Məlumdur ki, tendensiyalılıq sovet ədəbiyyatının doğuşdan alnına yazılıb (1934-cü ildə Moskvada yazıçıların birinci qurultayında Jdanov məhz belə demişdi: «Bəli, bizim ədəbiyyatımız tendensiyalıdır və biz onun tendensiyalılığı ilə fəxr edirik»”), ancaq yenə də belə bir sual meydana çıxır ki, ümumiyyətlə, tendensiyalılıqdan məhrum ədəbi xarakterli əsər mövcuddurmu? Belə bir əsərin mövcud olması çox şübhəlidir. Hadisələri və onlarda iştirak edən insanları «obyektiv»” təsvir etməyə çalışarkən müəllif nə qədər səy göstərsə də o, heç vaxt öz daxili, subyektiv simpatiya-antipatiyasını, yəni hər bir insana xas olan bir şeyi dəf edə bilməz. Bu da birbaşa həm tarixi, həm də bədii həqiqətin məlum təhrifi ilə nəticələnəcək ki, biz bunu hətta ən böyük yazıçılarda belə müşahidə edirik. Hətta müəllif mənfi qəhrəmanı düşünülmüş şəkildə təsvir edərkən insana xas bütün xüsusiyyətləri ona şamil etdiyi halda belə oxucunu istər-istəməz heç olmasa ümumbəşəri (təəssüf ki, sovet dünyagörüşündə qəbul olunmayan) qaydalar əsasında ona qarşı xeyirxah münasibətə yönləndirir, həmin qaydalara görə isə «hər şeyi başa düşmək hər şeyi bağışlamaq demək»dir”. Məgər bundan ötrü müəllifi tendensiyalılıqda günahlandırmaq olarmı?

Bədii yaradıcılğın əsilliyi onda tendensiyalılığın yoxluğuna deyil, nəsə başqa, daha mürəkkəb bir şeyə əsaslanır. Bəlkə də istedadın təbiətinin özündə elə bir şey var ki, o, müəllifi, onu əhatə edən predmetlərə münasibətdə vicdanlı olmağa, gerçəkliyin ən azı səthi xüsusiyyətlərinə qarşı qərəzsiz, vicdanlı münasibəti, – hətta bu gerçəklikliyə o öz subyektiv meylini qarışdırmaq niyyətində olanda belə, – müəyyən ölçüdə qoruyub saxlamağa məcbur edir. Kifayətdir ki, romandakı surətlər öz insani sifətlərini itirməsinlər, şəxsi emosiya və simpatiyalarını isə oxucu özü bildirəcək. Və o, müəllif yanaşması – müəəllif münasibəti süzgəcindən keçərək seçilmiş qəhrəmanlara, – hətta onların qaçılmaz süqutuna və məhvinə qədər, – yol yoldaşlığı edəcək. Həqiqət də məhz bundadır! Gerçəkliyin ən rəngarəng, ən müxtəlif dərkinin dibsiz uçurumu üzərindən asılı qalan, son nəticədə bizlər, ehtirasların buxovunda çabalayan insanlar – nə müəllif, nə də oxucu – tərəfindən deyil, bəlkə də bütün varlığın əbədi dövranı mənasında, hardasa kainatın ənginlərinlikdə həll edilən Həqiqət! Sizin «Sakit Don»,” bütün tendensiyalılığına baxmayaraq, son nəticədə bu yeganə həqiqəti, əbədi şübhələr və əbədi mübahisələr həqiqətini qoruyub saxlaya bilib.

İndi isə xahiş edirəm icazə verin, sosializm realizmi deyilən şeyin qısma-boğmasının sovet ədəbiyyatını nə hala saldığının ümumiləşdirilmiş nümunəsi kimi Sizin həmkarınız Aleksandr Fadeyevi misal gətirim. Fadeyev haçansa yaxşı bir kitab yazmışdı: «Darmadağın»”. Orada biz, məsələn, bu cür sözlərlə rastlaşırdıq: «Bu ki, lap vəhşidir, – Levinson baxışlarını bir anlığa onun üzərində saxlayıb, adətən düşmənə aid edilən bütün ən iyrənc keyfiyyətləri qeyri-ixtiyari olaraq bu yaraşıqlı zabitə də yaxaraq düşündü».”

Bəli, bu, gerçək bir şeydir. Amma zaman keçdi və Sovdepdə (Sovet İttifaqında – red.) ədəbi yaradıcılıq həqiqətən darmadağın oldu, Fadeyev də özünün «Gənc qvardiya”»sını yazdı. Əlbəttə, kağız parçası üzərində: «Qır yəhudiləri, Rusiyanı xilas et!»” və yaxud «Qır faşistləri, Sovet İttifaqını xilas et”» sözlərini çap etmək olar və bu sözlərin mənfi və ya müsbət qəbul edilməsindən asılı olmayaraq onların nəsə bir mənası olacaq. Amma yalnız və yalnız küçə plakatı səviyyəsində. Əgər biz onun mahiyyətini bədii əsər müstəvisinə köçürsək, o, sadəcə xaltura deyil, heç bir məna kəsb etməyən xaltura olacaq: o bizdə heç bir – nə mənfi, nə müsbət – təəssürat oyatmayacaq, çünki sözlü nida işarələri arasından keçərək nəyinsə mahiyyətinə varmaq mümkün deyil. Heç bir oxucu xəyalən özünü heç bir surətin yerinə qoya bilmir. Ona görə qoya bilmir ki, canlı adamın hərəkəti onun digər insanların hərəkətinə reaksiyasının nəticəsidir. Ancaq canlı insanlar, «Gənc qvardiya»”da olduğu kimi, bir tərəfdən heç bir dəyəri olmayan nümunəvi qəhrəmanlarla, digər tərəfdən isə yarmarka tirinə məxsus karikatur keyfiyyətlərlə əvəz edildiyi andan insan davranışının gercək stimulları sıfıra endirilir. Ümumi mənzərə isə nəinki gerçək xususiyyətlərini itirir, həm də hər cür ədəbi-bədii dəyərdən məhrum olur. Elə bilirəm Siz vicdanınınzın dərin qatlarında mənim bu fikrimlə razılaşarsınız ki, yuxarıda deyilənləri indiki bütün sovet ədəbiyyatına şamil etmək olar. Az və ya çox dərəcədə, amma olar.

Bu solğun fonda «Sakit Don»,” heç şübhəsiz, fövqəladə bir hadisəydi. Mən onu təkcə peşəkar tənqid baxımından deyil, hər şeydən əvvəl adi oxucu kimi yüksək qiymətləndirirəm. Bunu nəzərə alın ki, başqa cür düşünənlərin tərifi adətən qat-qat üstün tərif hesab edilir. Sizin romanınızı oxuyarkən mən hər bolşevikin ağ qvardiyaçı tərəfindən qılıncla doğranmasına sevinmiş, bolşevik ağ qvardiyaçını doğrayanda isə üzülmüşəm, kazaklar qalib gələndə şad olmuş, Qırmızı Ordu qalib gələndə kədərlənmişəm – mən tərəfdən bu, təbii hal idi. Ancaq əgər Sizin kitabınızda canlı insanlar əvəzinə karton fiqurlar bir-birilə döyüşsəydilər bu şəxsi sevinc və üzüntü anlarını yaşamaq mümkün olmazdı. Hələ Siz, Podtelkov və Bunçuk kimi «müsbət”» qəhrəmanlarınızı necə də gözəl yazmısınız və heç şübhəsiz ki, hamısından çətini də elə bu olub!

Amma budur: indi Siz öz kitabınızı, daha doğrusu, onda ən yaxşı nə varsa, hamısını öz əllərinizlə məhv edirsiniz. Vaxtı ilə Bunçukun portretinə necə heyran qaldığımı xatırlayıram. Onu oxuyanda mənə elə gəlirdi ki, mən bu adamı, artıq otuz ildən çoxdur Oktyabr İnqilabının bədbəxtliyinə sürüklənən Şərqi Avropanın küçələrində hardasa ötəri də olsa görmüşəm. Kiçik şəhərlərin birində, üst-başı müharibə toz-torpağına bulaşmış halda, bəlkə də güllədən deşilmiş əsgər şinelində gəzərkən; o adamı ki, Siz onun haqqında bunları yazmışdınız: «Onda nəsə bir fərqli, dərhal gözə çarpan heç nə yox idi, heç bir cəhəti heç nəylə seçilmirdi, hər cəhətdən adi, boz, yekrəng idi”...»

Və Siz öz sadəliyinə görə bu mükəmməl təsvirin üzərindən, yalnız sonrakı cümləni saxlamaq naminə, xətt çəkirsiniz: «Onda hər şey adiydi, yalnız yorğun çənəsi və bir də qarşı baxışları kəsib keçən gözləri onun sifətini qalan sifətlərdən fərqləndirirdi».”

Mən qəti əminəm və Siz özünüz də yəqin məndən yaxşı anlayırsınız ki, «çənə»” və «qarşı baxışları kəsib keçən gözlər»” məhz əvvəlki qeydlərlə müqayisədə öz bədii ifadəsini tapır. Bu «bozluqdan»”, «yekrənglikdən»” məhrum ediləndə isə Bunçuk obrazı elə həmin andan «sosrealistcəsinə»” boz və adi bir şeyə cevrilir, yəni bolşevik qəhrəmanını təsvir edən oleoqrafiya kimi qeyri-təbii, mücərrəd və darıxdırıcı görünür.

Podelkovun şəxsiyyətinə xas xırda qüsurlardan imtina edilməsi də böyük təəssüf doğurur. Əgər onun xarakteristikası da «sosrealizm” resepti» əsasında «yenidən işlənərsə»” və onun silahsız Çernetsovu qılıncla doğradığı dramatik epizodun, gəzəyən Zinkaya aludə olmasının, partiya xəttini yanlış izah etməsinin və s.-nin üstündən xətt çəkilərsə, onda Sizin öz «səhvləriniz”» üzərində bu cür «düzəlişlər»” aparmanızdan sonra bəs Podtelkovun özü necə olsun? Sadəcə, onu asmaq qalır ki, bu da maraqlı alınmayacaq. Razılaşın ki, canlı bir adamın asılması səhnəsi bir cür, içi bolşevik məziyyətləri ilə doldurulmuş yorğun bir kisənin dar ağacına qaldırılması isə tamam başqa cür təəssürat oyadır! Deyin görək: axı bədii əsəri korlamaq nəyə lazımdır?!

«Sakit Don»”un yeni nəşrinə edilən” əhəmiyyətli dəyişiklər əsasən romandakı «naturalizm”» elementlərinin, «naturalist» həqiqətcillik” detallarının və hətta təbiət hadisələrinin təsvirində elə fraqmentlərin əsərdən silinməsi ilə bağlıdır ki, «Literaturnaya qazeta”»dan yoldaş Yakimenko onları az qala əksinqilabi hadisələr hesab edir. Bununla da əslində kitabı ən yaxı məziyyətlərindən məhrum edirlər.

Burada «naturalizm”»in nə olması barədə mübahisə açmayacağam. Şəxsən mən heç bir «izm»ə”, guya bu və ya başqa şəkildə hansı epoxa ilə bağlı olan ədəbi cərayana və ya «məktəb»ə” inanmıram. Mənim fikrimcə, hər bir «məktəb»” təsadüfən yaranır və həmin dövrün ən görkəmli istedadlarından birinin öz müasirlərinin dəstəylə təqlidindən başlayır. Adətən bu o zamanadək davam edir ki, hansısa bir şəhərdə, hansısa bir kənddə yeni bir istedadlı şəxsiyyət doğulur və o, tamam başqa cür yazmağa cəhd göstərir. Təbii ki, müxtəlif epoxalarda insanlar müxtəlif cür yazıblar. Digər tərəfdən, heç olmasa təxminən 140 il bundan əvvəl doğulan Turgenevi buna misal gətirmək olar, o özünün «Ovçunun qeydləri»” əsərində elə bir texniki kamilliyə nail olub ki, – hələ digər misilsiz bədii məziyyətlərini demirəm, – bu gün də onu bu tip əsərlərin ən təmiz nümunəsi kimi nəzərdən keçirmək olar. Təhkimçilik hüququ epoxasında yazmasına baxmayaraq, Turgenevin yazı üslubu hələ də köhnəlməyib, halbuki biz indi səsdəniti təyyarələr və öz şəxsi avtomobillərində gəzən amerikan fəhlələri epoxasında yaşayırıq. Bundan o nəticə çıxır ki, epoxanın yazı üslubuna heç bir dəxli yoxdur. Məsələyə başqa tərəfdən də baxa bilərik: hazırda Rusiyada nəinki kəndli təhkimçiliyi, həm də hamılıqla təhkimçilik hüququ epoxası başlayıb, amma kölə quruluşuna qarşı çıxa biləcək yeni Turgenev yoxdur və Siz də, mən də yaxşı bilirik ki, ola da bilməz. Deməli, hər şey, ayrı-ayrı ədəbi cərəyanlara verilən tərifdən və ya adlardan deyil, müstəsna olaraq ayrı-ayrı yazıçıların istedadından, onların daxili səmimiliyindən və eyni zamanda həyat gerçəkliyini vicdanla və olduğu kimi mənimsəməsindən asılıdır. İnqilabaqədərki rus ədəbiyyatı dünyada ən yaxşı ədəbiyyatlardan biri kimi qəbul edilib və bu gün də dünyanın hər yerində oxunur, buna rəğmən sosrealist qrafoman ədəbiyyatını heç kəs oxumaq istəmir. Məncə, bunun səbəbi belədir: rus ədəbiyyatının qəhrəmanı canlı insan idi, sovet ədəbiyyatınınkı isə partiyadır. Fərq çox böyükdür: bir tərəfdə gerçəklik, digər tərəfdə isə saxtalıq dayanıb. Sovet ədəbiyyatını heç kim oxumaq istəmir; ona görə yox ki, bütün bəşəriyyət öz-özlüyündə bolşeviklər partiyasının əleyhinədir, ona görə ki, bu partiya, başlıca olaraq da öz qeyri-təbiiliyi səbəbindən, son dərəcə cansıxıcıdır.

Siz partiya göstərişinə əsasən hətta buludların forma və çalarlarını, torpağın rəngini belə romanın hər yerində yenidən işləmisiniz, çünki o yerləri Sizə göstərərək deyiblər ki, bu «peyzaj» müstəqil estetik dəyərlərdən məhrumdur və eyni zamanda ictimai həyat hadisələrinin dərkinə kifayət qədər təsir edə bilmir”...

 

1943-cü ilin mayında mən Stalinin əmri ilə Minsk DTK əməkdaşlarının 1940-cı ildə gülləbaran etdiyi polyak zabitlərinin cərgəylə düzülmüş meyit sıralarına sayğı duruşunda dayanmışam. Onları Smolensk yaxınlığındakı Xatın meşəsində nəhəng bir toplu məzarlığın yapışqan torpağının altından qazıb çıxarmış, yan-yana düzərək hər birinin üstünə metal, nömrəli nişanlar taxmışdılar. Başından güllənmiş 4500 insan. Bütün Kozelsk düşərgəsi. Onların hərbi əsirmi və ya tərksilah edilərək saxlanılan əsgərlərmi olduqlarını bilmək çox çətindir, çünki 1939-cu ildə Polşa ilə Sovet İttifaqı arasında əsl müharibə olmayıb. Meşənin kənarında arıquşuları civildəşirdi. Çox soyuq idi və hərdən bir günəş küləyin qovub apardığı buludların arasından görsənirdi. Zəif şüa birdən sıradakı meyitlərdən birinin çənəsindən sallanan qızıl dişin üstündən sürüşüb keçdi. Bütün canlılar sevinirdilər ki, soyuqdu, külək əsir, çünki məzar xəndəyindən zəhərli qaz kimi şirintəhər, boğucu üfunət iyi qalxırdı. Bəə-ə-li, bu peyzaj doğrudan da «müstəqil estetik dəyər»dən ”məhrum idi... Tamamilə doğrudur. Ancaq mən bununla heç cür razılaşa bilmərəm ki, bu səbəbdən o, «ictimai həyat hadisələrinin dərkinə kifayət qədər təsir edə bilmirdi”...» Tamamilə əksinə, baş vermiş hadisələrin mahiyyətini biz kifayət qədər ifadəli şəkildə, dərindən anlayırdıq. Burada başından güllənmiş cəmi 4500 adam vardı, bəs qalanları, Ostaşkovo və Starobelsk düşərgələrindəki əsgərlər necə olmuşdu, məlum deyildi; indən belə, Beriya ilə Merkulov güllələndikdən sonra isə heç vaxt məlum olmayacaq. Buna görə də mənim həmvətənlərim belə düşünməyə meyllidirlər ki, Xatın cinayətindən dəhşətli cinayət yoxdur; başqaları buna etiraz edirək Osvensim sobalarını, ücüncülər isə Rusiya və Sibirin uzaq əyalətlərindəki həbs düşərgələrini ən dəhşətli cinayət hesab edirlər.

Mən onların heç birilə razı deyiləm. Hərçənd özüm Xatında olmuşam və onların görmədiklərini öz gözlərimlə görmüşəm. Axı mən də bir vaxtlar «sovet vətəndaşı»” olmuşam, ancaq indi azadlıqdayam və buna görə də hər bir fərdə verilən, hakim baxışlara qarşı çıxmaq hüququndan istifadə edərək israrla təkid edirəm ki, nə kütləvi qətllər, nə də faşist həbs düşərgələri hələ ən dəhşətli cinayəyətlər deyil. Yox, heç sovet proseslərindəki tövbələr də deyil. Məhbusları isə allah özü qorusun. Mənim fikrimcə, ən böyük qəddarlıq, necə deyərlər, «azad sovet adamı»”nın bəzən yuvarlana bildiyi mənəvi süqutdur! Əti ətdən və qanı qandan olan bir insanın. O adamın ki, hələ gicgahına heç kim naqan dirəməyib. O adamın ki, hətta maşını, bağ evi və dövlət bankında hesabı da var! Bəs qəlbi? Qəlbi isə partiya salonunda intizar içərisində tir-tir əsir. Moskva tikiş fabrikində tikilən tünd göy rəngli, zolaqlı kostyumdakı insanı gör nə hala sala, nə dərəcədə miskin vəziyyətə, nə dərəcədə mənəvi düşkünlüyə gətirib çıxara bilərmişlər!

Bəşər tarixində qara səhifələr olub. Qana bulaşmış qırmızı səhifələr də yeni deyil. Polis rejiminin dəhşətli boz səhifələri də olub, hökumət senzorları insan dühasının ən dahiyanə əsərlərini öz qələmləriylə çirkləndiriblər. Ancaq bu gün Sovdepdə törədilənlər... ki, bir sənətkar bəşər övladının malik olduğu ən böyük bir dəyəri, yəni incəsənət əsərini və eyni zamanda hər müəllif üçün öz övladı qədər hər şeydən qiymətli olan öz əsərini düşünülmüş şəkildə, öz əliylə məhv etsin, korlasın – belə bir şey indiyədək heç vaxt heç yerdə görünməyib. O bu əsəri heç də acıq və ya ümidsizliyin basqısı altında, hirsindən cırıb atmayıb, yandırmayıb. Yox, tamamilə ağlı başında, böyük bir işgüzarlıqla, nəzarətçi şəxslərin ilk işarəsinə əsasən nökərcəsinə onu sətirbəsətir qazıya-qazıya məhv edib. Özü də necə böyük bir həvəslə.

Deyirlər ki, İbrahim peyğəmbər Cənabı Allahın əmriylə öz doğma oğlunu artıq qurban kəsmək istəyərkən son anda dayandırılıb. Amma hətta əgər bu dəhşətli sınaq ləğv edilməsəydi belə, təssəvür etmək olarmı ki, bütün itaətkarlığına baxmayaraq, ağsaçlı patriarx öz əziz balasını öldürərkən bu işi sifətində yaltaq bir təbəssüm, bu cür ciddi-səylə görmüş olsun və hələ üstəlik də desin ki: «Bax bu, lap yaxşı olacaq! Müdrik göstərişə təşəkkür edirəm! Gör nə qədər xöşbəxtəm və aldığım təlimatlara görə çox minnətdaram! Gör necə ədalətli düşünüblər: öz balamı öz əlimlə məhv etməyi mənə etibar ediblər!”»

Bəə-ə-li... Bu çox dəhşətli bir şeydir.

Sizin gözəl kitabınızın halına çox-çox acıdığımı səmimi-qəlbdən bir daha izhar edir və bu izharımı qəbul etməyinizi xahiş edirəm.

Yozef Matskeviç
«Vedemosti», 1955, N 1 (457)

Beyin iflici

Fəxri Uğurlu

Mən Şoloxovun «Sakit Don» epopeyasını lap erkən yaşlarımda, demək olar, uşaqlıqdan yeniyetməliyə adladığım çağlarda oxumağa başlamışdım. Qriqori Melexovun həyatı, xarakteri, psixologiyası, eli-obası, el-obasının adəti, məişəti, kəndi, kəndinin təbiəti mənə o qədər doğma görünmüşdü ki, özlüyümdə «Sakit Don»u dünyanın ən gözəl kitabı, onun müəllifini də yer üzünün ən böyük yazıçısı elan eləmişdim. Di gəl, oz rəyim mənə bəs eləmirdi, mən dünyanın ən gözəl kitabını oxuduğuma tam əmin olmaqdan ötrü bu fikri başqalarının dilindən eşitmək, daha doğrusu, qopartmaq istəyirdim. Yadımdadı, romana təkcə sosialist düşərgəsində yox, dəmir pərdənin o üzündə – kapitalist aləmində də böyük dəyər verilməsini eşidib bilməyim mənim məftunluğumu bir az da artırırdı; bunun üstünə müəllifin Nobel mükafatı laureatı olduğunu da gəlsək (bəllidi ki, bu mükafatı kommunist ideologiyasının məddahına, bolşevizmin kor-koranə təbliğatçısına heç kim verməzdi), mənim sevgimin miqyasını təsəvvür eləmək çətin olmaz. Deyilənlərlə yanaşı, məni Şoloxovun şəxsiyyəti, şöhrətin zirvəsindəykən çəkilib doğma kəndində oturması da heyran qoyurdu, Stalinin bıçağı altından onun necə salamat çıxdığına (şübhəsiz, burda rəhbərin böyük yazıçıya və onun əsərinə şəxsi rəğbəti də az rol oynamamışdı) heyrətlənirdim.

Soljenitsının adını da elə bu vaxtlar eşitdim. Onun sürgünlərdə olduğunu, antisovet mövqeyinə görə ölkədən qovulduğunu, dissident yazıçı kimi Nobel mükafatı aldığını bilməyim məndə bir sətrini belə oxumadığım bu əyilməz yazıçıya istər-istəməz qiyabi rəğbət oyatdı, ancaq Soljenitsının xarici radiostansiyaların efirindən Şoloxovun ünvanına hədyanlar söylədiyini, onu guya «Sakit Don»un əvvəlini hansısa ölmüş zabitin çantasından oğurlamaqda suçladığını eşidəndə özümdən asılı olmadan dissident yazıçının xəyalımdakı obrazına ləkə düşdü, mənim cavan, idealist, maksimalist şüurumda Soljenitsının bir az qısqanc, bir az da xəbis surəti yarandı (necə deyərlər, sovet rejimini, lap Şoloxovun özünü də bəyənmirsən, yaxşı eləyirsən, daha «Sakit Don»u niyə gözdən salmağa çalışırsan…).

Aydın məsələdi, totalitar rejimin qanunları işini görmüşdü: öz yurdunu canından artıq istəyən, öz xalqının yaralı taleyini ürəyinin qanıyla yazan iki böyük yazıçının arasına birini süfrənin başında oturdub o birini qapıdan qovmaqla təfriqə salmışdı, o təfriqənin çatları imperiyanın ucqarında yaşayan bir yeniyetmə ədəbiyyat həvəskarının beynini də bölüb keçmişdi… Əlbəttə, Soljenitsının qaldırdığı məsələ çözələnə bilərdi, çözülməliydi də; ancaq hər hansı normal müzakirə bir ölkədə, bir mühitdə, bir masa qırağında, mütəxəssislərin, mətnşünasların, ədəbiyyat bilicilərinin iştirakıyla keçirilə bilərdi, daha okeanın o tayından bu tayına hədyan göndərməklə yox. Di gəl, okeanın o tayıyla bu tayı, iki dünya arasında bircə qarış neytral torpaq, nifrət ideologiyasıyla zəhərlənməmiş, yaxud o zəhərə qarşı peyvənd olunmamış bircə addım yer qalmamışdı ki, oturub belə məsələləri çözəsən. Rejim istədiyinə çatmışdı: birini rəsmi, o birini rəsmiyyətdən kənar, birini faydalı, o birini ziyanlı, birini arzuolunan, o birini arzuolunmaz elan eləməklə bir millətin faciəsini yazan bir məqsədli, bir məramlı iki böyük yazıçını qarşı-qarşıya qoyub, dünyanın ən parlaq ziyalılarını yetirmiş cəmiyyətlərdən birinə – Rusiya ziyalı mühitinə düşmənçilik toxumu səpmişdi…

…Son on-on iki ilin Azərbaycan cəmiyyəti o zamankı dünyanın (miqyası daraltmaq istəsək, keçmiş sosialist düşərgəsinin, sovet cəmiyyətinin də deyə bilərik) bir balaca təhrif olunmuş modelinə bənzəyir. Bizim ölkəmizdə də iki dünyanın, iki düşüncə, iki həyat tərzinin, iki əxlaqın, bir sözlə, xeyirlə şərin davası gedir. Mən heç vaxt o sadəlövh fikirdə olmamışam ki, bir düşərgədə olanlar son nəfərinə kimi xeyiri, o birilər hər nəfəriylə şəri təmsil eləyir; mən xeyirlə şərin fəlsəfi mənasına dalmıram (onda söhbətimiz tamam başqa məzmun alar), fərdi keyfiyyətlərin çözülməsi fikrindən uzağam, mən ictimai-siyasi xeyirdən-şərdən danışıram: yəni cəmiyyətin azad həyatına, millətin qalxınmasına təkan verən Qərb dəyərləri, dövlətçiliyin Avropa modeli, cağdaş demokratik idarəçilik üsulu, bir də buna qarşı çıxanlar. Ayrı-ayrılıqda fərdlərin hər birinin ümidinə qalsaydı, heç bir xalq, heç bir cəmiyyət irəli gedə bilməzdi, hətta sovet imperiyası da dağılmazdı, çünki orda da əhalinin tam əksəriyyəti miskinlik, yaltaqlıq, köləlik girdabında çürüyürdü, satqınlıq, saxtakarlıq dövlət səviyyəsində mıkafatlandırılırdı. Millətin taleyini ən çoxu onun iki-üç faizi həll eləyir, qalan əhali yaranmış şəraitə uyğun yaşamaq yollarını axtarıb tapmaqla məşğul olur. Həmin iki-üç faizin adına ziyalı deyirlər. Ziyalı yaxşı mütəxəssis demək deyil – yaxşı mütəxəssis Hitlerin, Stalinin yanında da nə qədər desən vardı; ziyalı xeyirlə şərin davasında birmənalı şəkildə xeyirin tərəfini tutan adamdı – bu mövqe onun özunün, ailəsinin, qövmünün zərərinə olsa belə. Bu, cəmiyyətin nüvəsi, bəşəriyyətin beyni deməkdi, dünyanın taleyini belə adamlar həll eləyir. Beləsi alim də ola bilər, siyasətçi də, kənd müəllimi də ola bilər, fermer də…

Mən bayaq Azərbaycan cəmiyyətini keçmiş vaxtlarla müqayisə eləyəndə «təhrif olunmuş» kəlməsini işlətdim. Məsələ burasındadı ki, o vaxtlar istər imperiyanın təsiri altında olan torpaqlarda, istərsə də imperiya çəpərindən içəridə, o cümlədən Azərbaycanda güclü ziyalı mühiti, ayıq-sayıq ziyalı düşərgəsi vardı. Soljenitsınları, Brodskiləri sürgün eləyən, bir çoxlarını ölkə içində dissidentə çevirən, istedadları əyyaşlığın, intiharın qapısınacan qovan Kreml rejimi nəticədə özünün başa keçirdiyi Şoloxov kimi, Tvardovski kimi «rəsmi» dahilərin yaratdığı, yönəltdiyi, ən azı təsir göstərdiyi yeni nəsil ziyalıların, həm istedadlı, həm də patriot bir nəslin əlində aciz qaldı.

Şişirtmədən deyə bilərəm ki, SSRİ-ni o nəsil dağıtdı.

O prosesin dalğası Azərbaycanı da vururdu. 80-ci illərin sonuna qədər ölkədə güclü ziyalı institutu vardı. İstər hansısa jurnal ətrafında toplansın, istər çayxanada, istər universitet fakültəsində yaransın, istər akademiya dəhlizlərində – əsas məsələ o institutun harda yaranmağı yox, o institutun yaranmağıdı. Ayrı-ayrı ziyalı adamlar – cəmiyyətin sağlam, işlək hüceyrələri birləşib beyin mərkəzlərini yaradır, o mərkəzlər də özlüyündə cazibə qüvvəsinin, gözəgörünməz sinir tellərinin hesabına bir-birinə yan alıb indiyəcən olmamış bir şeyi – ictimai orqanizmin görən, düşünən və danışan mərkəzini, cəmiyyətin beynini əmələ gətirir. Bəli, bizim də belə bir başlı-beyinli cəmiyyətimiz vardı. O cəmiyyətin nüvəsini hərəkətə gətirən aydınlar 60-70-80-ci illərdə millətin özünüdərki, oyanışı uğrunda çox böyük işlər gördülər, xalqı 88-ci il inqilabına hazırladılar, sonralar inqilabın avanqardı olası on minlərlə adamın beynini mayalandırdılar, bir parası hətta öz yetirmələrinə qoşulub küçələrə çıxdı, xalq hərəkatının önündə getdi…
İmperiyanın dağılması, yeni dövlətlərin yaranması böyük bir ictimai-siyasi prosesə yekun vurduğu kimi o prosesi hərəkətə gətirən, daha çox milli azadlıq, müstəqil dövlət ideyasıyla ortaya çıxan müstəmləkə ziyalılarının missiyasına da son qoydu.

Bundan sonra tamam yeni bir keyfiyyətdə, yeni məzmunda, yeni missiyayla ortaya çıxmaq lazımıydı, ancaq bizim ziyalıların tam və mütləq çoxluğu buna hazır deyildi. Yeni dövrə uyğunlaşmağa, yeni missiyayla ortaya çıxmağa kiminin savadı, dünyagörüşü, kiminin əxlaqı, kiminin də təpəri çatmırdı. Tutaq ki, 70-ci illərdə xan Arazdan, Savalandan, o taylı-bu taylı Vətəndən yazdığı şeirləri əldən-ələ gəzən, on minlərlə oxucunun qəlbini yerindən oynadan, gözünü yaşardan, dilində əzbər olan şair indi heç kimin yadına düşmürdü, daha onun dərdi köhnəlmişdi. İctimai ierarxiya pilləsində öz yerini qəfildən itirib kəlləmayallaq quyunun dibinə düşən şair indi o quyudan başqa yolla çıxmağa, özünü bir özgə üsulla yada salmağa məcburuydu: indi o, əvvəlkindən daha məkrli bir rejimin göstərdiyi yerdə oturmalıydı, oturdu da. Sən bir işə bax ki, on illər boyu çap olunmağın, azad sözün, azad mətbuatın qəhrini çəkən, hansısa bir gönüqalın, boynuyoğun senzorun, bir KQB çuğulunun qabağında əyilib-qalxan şair indi o yasaqlı-qadağalı günlərin həsrətini çəkir, qəzet bolluğundan, söz azadlığından gileylənir, dövləti, hökuməti bu azadlığa, bu bolluğa sədd çəkməyə çağırır; guya bundan sonra mətbuatda zəif yazıların nəşrinə, söyüşlərə, hədyanlara son qoyulacaqmış!.. Bu təfəkkürün yiyəsi yeni dövrdə çiyninə hansısa müqəddəs bir missiya götürə bilərdimi? Götürə bilməzdi, götürə bilmədi də.

Bəli, bizim şair on illərlə arzusunda olduğu, qurmağa can atdığı yeni dünyanın əlində beləcə həlak oldu. Vaxtında qırağa çəkilmək üçün ciddiliyi, öz içində eşələnib lağım atmaq üçün müdrikliyi, yeni dövrün məntiqini tutmaq üçün savadı çatmadığından o, toplumun gözündən düşüb rüsvay oldu. cəmiyyətin on illər boyu formalaşmış nüvəsi, beyni belə dağıldı. cəmiyyət beyin iflici mərəzinə mübtəla oldu.

İndi Azərbaycan cəmiyyəti başsız-beyinsiz bədəni xatırladır. Bu bədən, onun instinktləri adına beynəlxalq ictimaiyyət, dünya birliyi, nə bilim, daha nələr… deyilən o kənar başın komandasıyla vaxtında hərəkətə gətirilib vaxtında tormozlandırılmasa, bu millət hər an ən ağır fəlakətlərə ürcah ola bilər. Mən demək istəmirəm ki, bizim ölkəmizdə daha ziyalı qalmayıb; yox, bu torpaqda indi də çox dəyərli aydınlar, öz vətəndaş məsuliyyətini, vətəndaş qeyrətini heç vaxt qatlayıb qırağa qoymayan alimlər, şairlər, bəstəkarlar, müğənnilər, müəllimlər… var, dünyanın hardan gəlib hara getdiyini dərk eləyən kişilər var. Ancaq hər biri öz orbitində, öz oxu dövrəsində fırlanan bu kişiləri bir araya gətirib bir qalaktikanın sakinləri kimi bir ahənglə fırlanmağa həvəsləndirən cazibə qanunu, o qanunu işə salan mexanizm, bir sözlə, ziyalı institutu yoxdu bu ölkədə. 93-cü ildən bu torpaqda yerini bərkidən köhnə-yeni avtoritar rejim ölkədə sağlam, müstəqil ziyalı toplumunun yaranmaması üçün əlindən gələni əsirgəmədi. Tanınmış ziyalıların əksəri tox yaşayış, dinc həyat, şöhrət ordeni, fəxri xiyabanda abad qəbir (guya qiyamət günü Allah orda yatan ölüləri hamıdan qabaq yuxudan qaldıracaq) uğrunda ruhunu iblisə satdı. Adlı-sanlı aydınların az bir bölüyü də köpüklənə-köpüklənə ölkəni ağzına alıb tüğyan eləyən şər selinin özüylə gətirdiyi dəhşətli epidemiyaların qabağından qaçıb küncə qısnana-qısnana bir də baxdı ki, müxalifətin cazibə dairəsinə düşüb; onların da adını qoydular müxalifət ziyalıları (guya ziyalı iqtidarda da ola bilərmiş…). Rejimə qulluq göstərməyə abır-həyası yol verməyən, rejimə qarşı çıxmağa təpəri çatmayan bir paraları da biganəlik məhlulunda əriyib itdilər. Avtoritar rejim hətta bir-birinə düşmən kəsilən ziyalıları da ayrı-ayrılıqda bəsləyib öz yanına çəkməyə, onları qiyabi surətdə öz ətrafında birləşdirməyə nail oldu. On illərlə dostluq, yoldaşlıq eləmiş, çörək kəsmiş sənət adamları rejimin birbaşa və ya dolayı təhrikləriylə, siyasi mülahizələrlə bir-birilərinə qənim kəsildilər. Belə ölkədə ziyalı mühiti necə yaranaydı, ziyalı institutu nə cür formalaşaydı?

Yeni ziyalı nəslinin ortaya çıxması üçünsə nə bir yol qoyulmuş, nə də toplaşmağa bir ocaq, bir mətə qalmışdı. Yeni mühit, tutalım, hansısa qəzet-jurnal redaksiyasının, yaxud hansısa televiziyanın, özəl universitetin, yaxud ictimai təşkilatın ətrafında yarana bilərdi, ancaq gəlin görək, bu ölkədə tək bircə müstəqil universitet və ya televiziya varmı? Çap məhsullarının mütləq çoxluğu rejimin çirkli, qanlı pullarıyla qidalanır, az bir qismi də müxalifətin hansısa qanadının siyasətini – o siyasət çox qüsurlu, çox zərərli olsa belə – sözsüz müdafiə eləyir; sözün gerçək mənasında müstəqil, ziyalı qəzetsə ən qısa müddətdə təqib və maliyyə burulğanına düşüb qəzaya uğramağa məhkumdu. İctimai təşkilatlar da eləcə – demək olar, hamısı hansısa siyasi qurumun əlavəsi, üçüncü eşelonu kimi yaranır, onun cazibə dairəsində də işini görür. Bir neçə il bundan qabaq nüfuzlu ziyalıların iştirakı və təşəbbüsüylə Aydınlar Birliyi adlı təşkilat da yaranmışdı. Təşkilatın sıralarında həm müxalifətçi, həm heç bir siyasi asılılığı olmayan, həm də dövlət qulluğunda çalışan, necə deyərlər, hökumət çörəyi yeyən dəyərli aydınlar birləşmişdi. Ancaq elə əvvəldən görünürdü ki, quruma gerçəkdən bir nüfuzlu ziyalı mətəsi yaradıb orada təmsil olunmaq, cəmiyyətdə hər kəsə öz yerini göstərmək iddiasıyla yox, qısır siyasi ambisiyalarıyla gələnlər, hansısa siyasətbaz dəstənin tapşırığıyla dal qapıdan dürtülənlər də var. Belələrindən ötrü ziyalılıq onların dediklərini təsdiqləməkdən başqa bir şey deyil, belələrinin ziyalıya münasibəti avtoritar rejimin münasibətindən heç nəylə fərqlənmir. Nəticədə cəmiyyətin hər şeydən çox ehtiyac duyduğu bir ideya özunə düz-əməlli qəlib tapmamış, boyuna biçilən formaya düşməmiş cılız, bisavad siyasətbazların çəkişmə meydanına çevrildi, onların kinli ambisiyalarının badına getdi. Qızınmağa, od götürməyə bir ocaq axtaran gerçək ziyalı yenə də quru yurdda qaldı.

Əlbəttə, milli burjuaziyası, azad sahibkarı, halal pulu olmayan ölkədə nə müstəqil televiziya, nə müstəqil universitet, nə də müstəqil ziyalı institutu formalaşa bilər. Ona görə də avtoritar rejimin öz qanlı əllərini millətin nüvəsinə aparmasıyla barışmayan, biganəliyi özünə rəva bilməyən ziyalının bircə yolu qalır: müxalifətin məskun olduğu «Qan çanağı»na çəkilmək. Hərçənd o, ən ideal müxalifətdə də özünü suda balıq təki duya bilməz. Doğrudu, müxalif partiyalarda, onların rəhbər strukturlarında da çox dəyərli ziyalılar var, ancaq sabah cəmiyyətdə ədalət tərəzisinin qurulması onlardan ötrü bugünkü qədər sərfəli olmayanda onların özlərini necə aparacağı hələ bəlli deyil.

Sözümdən elə çıxmasın ki, bizim ölkədə mənəvi-əxlaqi atmosfer yaratmaq üçün yetərincə ziyalı var, sadəcə, onları bir araya gətirməyə yer tapılmır. Elə buradaca demək istəyirəm ki, mən Azərbaycanda ziyalı institutunun yaranmamasına görə bütün səbəbi-suçu hakim rejimdə axtarmaq fikrindən uzağam. Əgər son on-on iki ildə bu ölkədə şərin həmləsinə duruş gətirə bilən, iblisin yaydığı mənəviyyat epidemiyasına yoluxmamaq üçün ruhunda ilahi immunitet gəzdirən yetərincə təpərli ziyalı olsaydı, dediyimiz o mühit də, o institut da öz-özünə yaranardı. Bu halda, necə deyərlər, kəmiyyətin keyfiyyətə keçməsi prosesi baş verərdi, onlarla aydının yarada bilmədiyini yüzlərlə, minlərlə ziyalı yaradardı. Uzağa getməyək, yüz il bundan irəliki Azərbaycanı yada salaq. Mən o çağları ölkəmizin intibah dövrü adlandırardım. Bakıdan, Gəncədən, Şuşadan, Şamaxıdan, Naxçıvandan… su içib bir mərkəzə axışan nəhəng bir millətçi-yurdsevər-demokrat ziyalı ordusunun ortaya çıxması özüylə yeni dəyərlər meydana gətirdi: əsərlər yazıldı, qəzetlər, jurnallar dərc olundu, siyasi nəzəriyyələr, partiyalar yarandı, bütün Şərqdə ilk professional musiqi əsərləri bəstələndi, ilk kinofilmlər çəkildi, bugünəcən tayı-bərabəri olmayan uşaq ədəbiyyatı, tərcümə ədəbiyyatı örnəkləri qələmə alındı, dərsliklər çapdan çıxdı, teatr sənəti inkişafın zirvəsinə yaxınlaşdı, nəhayət, Şərqdə ilk demokratik dövlətin ideoloji təməli qoyuldu. Təkcə Şuşa kimi kiçik bir dağ şəhərinin o dövrdə yetirdiyi ziyalıları sayıb qurtarmaq mümkün deyil. O zamanlar kommunikasiya imkanları indikindən müqayisəyə gəlməz dərəcədə zəif olsa da, nəhəng ziyalı ordusunun işığı ölkənin ən ucqar kəndlərinə də düşürdü.

Bəlkə o dövrdə aclıq, türmə, qorxu yoxuydu, bəlkə o kişilər arvad-uşaq yerinə it-pişik saxlayırdılar, bəlkə o zaman haram pul, müftə qazanc indiki qədər şirin deyildi?.. O çağların Azərbaycanıyla indiki Azərbaycanı müqayisə eləyəndə bəşər təfəkkürünün inkişafında, dünya ruhunun gəlişməsində misilsiz rol oynamış, kişi əhalisinin hər üç nəfərindən biri filisof olan qədim yunan xalqıyla indiki Yunanıstan əhalisinin fərqi gözümün qabağına gəlir: indiki yunanlar qədim yunanlara nisbətdə nədilərsə, biz də yüz il bundan qabaqkı Azərbaycan cəmiyyətinə nisbətdə oyuq. Elə bil ölüb getmiş bir xalqın yurdunda yaşayırıq…

…Bu günlərdə məşhür polyak publisisti, dissident Yozef Matskeviçin Mixail Şoloxova 1955-ci ildə yazdığı bir məktubu oxudum. Məktub müəllifi yazıçını «Sakit Don»a sonradan, 1954-cü ildə elədiyi hansısa düzəlişlərə görə qınayır, onu çox təsirli bir tərzdə, inandırıcı dəlillərlə bu gözəl əsərə qıymamağa, romanın əvvəlki variantını bərpa eləməyə çağırır. Sözün düzü, mən orda hansı düzəlişlərdən söhbət getdiyini, oxuduğum variantın redaktədən əvvəlki, yoxsa sonrakı versiya olduğunu da bilmirəm. Məktubdan bircə şey aydın olur ki, yazıçı kommunist-bolşevik rejiminin basqısı altında kitaba əl bulayıb, romanı yaralayıb. Matskeviçin məktubu fikrimi uzaqlara apardı: bəlkə də Şoloxov böyük və həqiqətsevər yazıçılar içində Stalinin bıçağı altından ciddi xəsarət almadan çıxmış yeganə qələm adamıdı (bu məsələdə rəhbərin şəxsi rəğbətiylə yanaşı onun kazak xarakterinin də rolu az olmayıb). O Stalinin ki, Qorkinin oğlunun qətlinə fərman verib özünü axşam gəzintisinə çağırırdı. O Stalinin ki, onun dövründə əsilli-köklü nəsildən olan kübar təbiətli professor oğlu Bulqakov miskin bir otağın küncündə həkimsiz-dərmansız, kimsəyə gərək olmayan dilənçi kimi can verirdi (sonralar, 60-cı illərdə ilk dəfə çap olunan «Master və Marqarita» romanı sürətlə bütün yer üzünə yayılacaq və dünya ədəbiyyatına ən çox təsir eləyən kitablardan sayılacaqdı). O Stalinin ki, onun dövründə, deyilənə görə, Platonov ədəbiyyat institutunun həyətini süpürürmüş və sovet yazıçılarının rəsmi lideri Fadeyev onunla rastlaşanda hərdən «can»ın müəllifinin cibinə xərclik də basırmış (indi hər kəsə bəllidi ki, nəinki Fadeyev, bütövlükdə onun komandanlığı altında olan sovet ədəbiyyatı Platonovun ayağının altını süpürməyə də layiq deyil). Bəli, bu baxımdan Şoloxov yaxşı qurtarıb. Ancaq günün birində onu da sındırıblar – Şoloxov kimi kökü torpağın ən dərin laylarına işləyən əyilməz palıdı!..

…Fikrim uzaqlardan öz yurduna qayıdanda bizim ziyalılara son on-on iki ildə üz verən bədbəxtlik mənə çox gülməli göründü. Baxdım ki, mən onların cılız şəxsi faciələrindən böyük fəlakət düzəltmək istəyirmişəm. Dəyməz. Şoloxov kimi nəhəngi büdrədən dünya bu miskin, zavallı varlıqları gündə neçə yol desən yeyər də, qaytarar da. Şoloxov da büdrəyibsə, onda bu – Məşədi İbad demiş – bisavadlardan, daha doğrusu, bisəbatlardan nə umasan…

8 sentyabr 2005