| Senzura
bəhanələri
Başqasına quyu qazan özü düşər
(İyen Uokerin xatirəsinə ithaf olunur)
|
 |
| Ursula Ouen |
Senzura problemləri, söz və mətbuat azadlığı məsələlərini
araşdıran “Index” jurnalında (Böyük Britaniya) dərc edilmiş bu material
bir neçə il əvvələ aid olsa da, mətbuat azadlığı kimi fundamental
problemə həsr olunduğundan aktuallığını hər zaman saxlayır. Üstəlik,
Azərbaycan ictimaiyyəti, ilk növbədə media əhli üçün son dərəcə
maraqlı faktlar və şərhlərlə zəngindir.
Keçən il Nyu-Yorkun WABC radiostansiyası tok-şoulardan
birinin aparıcısı Bob Qrantı işdən qovdu. Bob Qrant 25 il ərzində
öz verilişlərində zənciləri, Latın Amerikasından gəlmələri və başqa
azlıqları ardıcıl surətdə söyüb biabır eləməklə məşğul idi. O, Nyu-Yorkun
keçmiş merini «ictimai tualet nəzarətçisi», afro-amerikan kilsəsinin
üzvlərini «həyasız vəhşilər» adlandırır, Haitidən olan qaçqınları
dənizə töküb boğmağı təklif edirdi. Onu Klinton hökumətində ticarət
naziri vəzifəsini tutan Ron Braunun içində olduğu təyyarə qəzaya
uğrayandan sonra işdən uzaqlaşdırdılar. Belə ki, Qrant bu hadisəni
şərh edərkən qəzadan yalnız zənci Braunun sağ çıxa biləcəyini söyləmiş
və bu şərhinə belə bir əlavə etmişdi: «Mən pessimist olduğuma görə
bu cür fikirləşirəm…»
 |
«Hate speech» - amerikalıların bu cür adlandırdığı
problem söz azadlığı uğrunda mübarizə aparanların qarşısında ən
keçilməz səddir. Məsələyə aydınlıq gətirmək üçün «dözümsüzlük ifadəsi»
termininin kimisə təhqir etməyə, qorxutmağa, incitməyə, eləcə də
zorakılığa, nifrət alovlandırmağa, ayrı-seçkilik yaratmağa yönələn
hərəkəti ifadə etdiyini demək lazımdır. Dünyada ən liberal senzuraya
malik ABŞ bu vaxtacan Ümumdünya İnsan Haqları Bəyannaməsinin birinci
düzəlişinə və 19-cu maddəsinə ciddi riayət edib; bu ölkədə dözümsüzlük
ifadəsinin məhdudlaşdırılması cəhdlərinin qarşısı həmişə alınıb.
Amerikanın söz azadlığı müdafiəçilərinin qənaətinə görə, irqi ayrı-seçkilik
yaratmaq məqsədi daşıyan fikirləri «irqçiliyin özüylə mübarizə aparmaqla»
aradan qaldırmaq lazımdır. Onların fikrincə, dözümsüzlük ifadəsinə
qoyulan qadağalar adətən günahsız adamların başında çatlayır. Bu
fikir heç də əsassız deyil və bunun üzərinə bir az sonra qayıdacam.
Amma amerikalıların söz azadlığının insanlara bərabər hüquqların
tanınmasına yardımçı olduğu fikriylə heç də hamı razılaşmır.
Dözümsüzlük ifadəsiylə bağlı beynəlxalq qanunlar daha
ziddiyyətlidir. Bir tərəfdən Vətəndaş və Siyasi Hüquqlara dair Beynəlxalq
Paktın 19-cu maddəsi «hər bir kəsin maneəsiz öz şəxsi fikrini əsas
tutmaq» və «hər bir kəsin azad şəkildə öz şəxsi fikrini bildirmək»
hüququ olduğunu vurğulayır. Düzdür, bu hüquq «başqalarının hüquqlarına
və şəxsiyyətinə hörmətlə yanaşılması»nın, eləcə də «ictimai nizam-intizamın,
ictimai sağlamlığın və mənəviyyatın qorunması»nın vacibliyi qeyd
olunan maddələrlə məhdudlaşdırılır. Digər tərəfdən, elə həmin paktın
20-ci maddəsində deyilir: «Mahiyyətində irqi ayrı-seçkiliyə, düşmənçiliyə
və zorakılığa çağırış olan istənilən milli, irqi, dini təbliğat
qadağan edilməlidir». Bəzi ölkələr söz azadlığının digər hüquqlarla
müqayisədə daha yüksək əhəmiyyətini nəzərə alaraq 20-ci maddəyə
«əl gəzdiriblər». Birləşmiş Ştatlar paktı qəbul etsə də, onun maddələrindən
heç birinin söz azadlığını məhdudlaşdırmayacağını şərt kimi irəli
sürüb.
Bu hüquqi müddəaların heç biri söz azadlığı və insanlara
bərabər hüquqların tanınması arasında incə xətt çəkilməsi ilə bağlı
kəskin fikir mübadilələrinə son qoymadı. Məncə, bu, senzuraya qarşı
çıxış edən və söz azadlığını bütün insan hüquqlarının əsası kimi
tanıyan bizlər üçün ən çətin məsələdir. Söz azadlığının demokratik
cəmiyyətdə ən dadlı nemət olduğu və digər bütün azadlıqların təməlini
təşkil etdiyi danılmaz həqiqətdir. Amma insanlar arasında nifrət
toxumu səpmək məqsədi daşıyan fikirlərin acı nəticələrinin özünü
açıq-aydın büruzə verdiyi indiki dövrdə bu iki əsas suala cavab
tapmaq lazımdır: söz azadlığı – nəyin bahasına? Və söz azadlığı
– kimin iztirabları hesabına?
Şübhəsiz, senzuranın gücləndirilməsini hətta ehtimal
kimi nəzərdən keçirmək odla oynamaq olardı. Bu xüsusilə mənim, yəni
«İndeks»in redaktoru üçün tamamilə qəbuledilməzdir. Məsələylə bağlı
«dağdan yuvarlanmaq» nəzəriyyəsini irəli sürənlərlə mübahisə etmək
mümkün deyil: əgər nəyisə senzuradan keçirməyə icazə verilirsə,
deməli, hər şeyi senzuradan keçirmək olar. Hazırda 50-dən çox ölkədə
adam öz düşündüklərini açıq şəkildə dilə gətirdiyinə və ya olduğu
kimi göründüyünə görə məhkəməsiz-filansız həbsxanaya düşə bilər.
60-dan artıq ölkədə dindirilmə zamanı işgəncələrdən istifadə olunur.
1995-ci ildə ən azı 51 jurnalist öz dediklərinə və ya yazdıqlarına
görə qətlə yetirilib. Pen-klubun həbsxanalar komitəsindəki nümayəndəliyi
94 ölkədə 700-dən artıq yazıçının taleyilə məşğuldur. Jurnalımızın
hər nömrəsində sıx şriftlərlə dərc etdiyimiz senzura sıxışdırmalarına
dair monitorinq hələ də qətllərdən və həbslərdən tutmuş ənənəvi
qırmızı karandaşa qədər bütün sınaqdan çıxmış üsullardan geninə-boluna
istifadə olunduğundan xəbər verir.
 |
Senzura məhv və şikəst edir. Əgər insanlar öz hərəkətlərinə
məxfilik donu geyindirə bilirlərsə, hətta ən ciddi tənqid də cəzasız
qalır. «İndeks» məhz zor gücünə hökm sürən bu sükutu pozmaq, susmağa
məcbur edilənlərə danışmaq imkanı vermək məqsədiylə yaradılıb.
Mən insan hüquqlarıyla bağlı Vyanada düzənlənmiş toplantıdan sonra,
yəni 1993-cü ilin payızından «İndeks»də işləyirəm. Həmin toplantı
çox hay-küylü keçdi, amma 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan
Haqları Bəyannaməsinin mövqeyini, yəni hər kəsin şəxsi fikrə sahib
olması və bu fikrini açıq şəkildə deməsi hüququnun tanınmasını,
bu hüququn universallığını və bölünməzliyini, onun siyasi və mədəni
mövqeyə uyğunlaşdırılmasının qəbuledilməzliyini sonacan müdafiə
etmək mümkün oldu. Bu hüquqların universallığı ölkələrinə sərbəst
fikir yürütmə azadlığının lazım olmadığını, bunun onların inkişaf
yoluyla düz gəlmədiyini iddia edən avtoritar dövlətlərin həyasızcasına
hücumuna məruz qaldı. Orada fikir azadlığına mədəni cəhətdən əsaslandırılmış
məhdudiyyətlərin tətbiq edilməsi və bununla da bu xoşagəlməz problemi
birdəfəlik aradan qaldırmaq cəhdləri açıq-aydın özünü büruzə verirdi.
Daha vicdanlı opponentlər də söz azadlığının qeyd-şərtsiz vacibliyinə
qarşı dəlillər gətirirlər. Onlar Qərb dəyərlərinin digər mədəniyyətlərə,
hər şeydən əvvəl isə ilk baxışdan iqtisadi və sosial problemlərin
öhdəsindən uğurla gələn ölkələrə sırınmasından narahatlıq hissi
keçirirlər. Mən bu cür relyativizmi məqbul saymıram və hansısa dövlətin
insan azadlıqlarını məhdudlaşdırmaqla əldə etdiyi sabitliyin və
iqtisadi inkişafın əsas sayılması ilə bağlı fikirlərin əleyhinəyəm.
Avtoritar hakimiyyətlər də firavanlıq naminə məhz bu azadlıqları
qurban verirlər. Üstəlik, mən bu cür sabitliyin həqiqətən möhkəm
olmasına şübhəylə yanaşıram.
Amma söz azadlığının insanın fundamental hüququ olması
təkcə pis niyyətlə yox, həm də ən xoş niyyətlərlə şübhə altına alınır.
Ronald Dvorkin söz azadlığına qarşı təkcə onun çoxdankı düşmənlərinin,
yəni bu cür azadlıqdan qorxan hakimiyyət tiranlarının və qəsbkarlarının
deyil, həm də tiraniyanın yox, ədalətin tərəfdarları olduqlarını
iddia edən yeni düşmənlərin də mübarizə apardığını yazır: «Onlar
bizim üçün heç də az əhəmiyyətli olmayan digər dəyərlərə, deyək
ki, irqi ayrı-seçkiliyin yolverilməzliyinə, etiqad azadlığına işarə
edib bu dəyərlər naminə söz azadlığının məhdudlaşdırılmasının vacibliyini
söyləyirlər».
Bütün bu problemlərin təməlində dözümsüzlük ifadəsi məsələsi durur.
Mən nəyin bahasına olursa-olsun, lap elə dözümsüzlük ifadəsinə dözüm
bahasına söz azadlığının xeyrinə dəlillər gətirmək istəyirəm. Məsələn,
ABŞ-ın konstitusiya islahatları nəticəsində bu ölkədə dözümsüzlük
ifadəsi qanunların müdafiəsi altına keçdi. Dözümsüzlük ifadəsini
mümkün sayanlar bunu sərbəst şəkildə fikir yürütmək azadlığının
təmin edilməsi üçün cəmiyyətin verməli olduğu qurban kimi dəyərləndirirlər.
Skoki (İllinoys) şəhərində baş verən hadisə dözümsüzlük ifadəsinin
müdafiəsinə bariz nümunədir. 1977-ci ildə bir qrup neonasist Xolokost
hadisələrinin şahidi olmuş yəhudilərin yaşadıqları küçəylə yürüş
etmək istəklərini bildirir. Məhkəmə onların bu cür yürüş keçirməyə
haqları olduğunu təsdiqləyir. Hakimlər bu yürüş zamanı yəhudilərə
dəyəcək mənəvi zərbəni sərbəst şəkildə fikir yürütmək hüququnun
qorunması üçün verilməsi vacib olan qurban kimi dəyərləndirir. Üstəlik,
məhkəmə heyəti bu qərarın yekun nəticədə irqi və digər azlıqların
xeyrinə yönəldiyini və onların azad surətdə öz fikirlərini bildimək
hüqunun müdafiəsi məqsədi daşıdığını iddia edir.
Ariex Neyer məhkəmənin bu qərarı haqda deyir: «Yəhudilər və onların
dostları Skokidə hakimiyyətdə ola bilərlər, amma bütün ölkədə hakimiyyət
onların əlində deyil və heç vaxt da olmayacaq. Skokidə yəhudilər
özlərini müdafiə etmək üçün məhdudiyyətlərin tətbiqini vacib sayırlar.
Ancaq nasistlərin Skoki küçələrindən yığışdırılması yəhudilərə ayı
xidməti göstərmək olardı. Çünki bundan Birləşmiş Ştatlarda sərbəst
surətdə fikir yürütmək, çap olunmaq, toplanmaq azadlıqları ziyan
çəkəcək… Razıyam, nasistlərə danışmaq hüququ vermək təhlükəlidir.
Amma yəhudilərin hay-həşir qoparıb bir-birindən və bütün dünyadan
kömək istəmək hüquqlarını məhdudlaşdıran və bununla da onların ağzını
yummağa imkan verən qanunlar qəbul etmək daha təhlükəlidir.
Kim nə deyir desin, ancaq dözümsüzlük ifadəsi və senzura
arasında təhlükəli bir əlaqənin mövcudluğu göz qabağındadır. Ketrin
Makkinonun və Andrea Dvorkinin pornoqrafiya əleyhinə son dövrlər
populyarlıq qazanmış kampaniyasının əsasında mahiyyətcə pornoqrafiyanın
dözümsüzlük ifadəsi olduğu ideyası durur. Belə ki, pornoqrafiya
qadınları alçaldır, onları seksual obyekt kimi təsvir edir və kişilərə
tabe olmaları mədəniyyəti yayır. Bu ideyanı irəli sürənlər söz azadlığına
belə geniş meydan verilməsinin və bunun nəticəsində daha vacib hüquqların
– insan ləyaqətinin tapdanmasının və şəxsin təhqirlərə məruz qalmasının
yolverilməzliyini vurğulayırlar. Onlar Amerika məhkəməsini söz azadlığı
hüququna düzəlişlər edilməsi vacibliyinə inandıra bilməsələr də,
Kanada qanunvericiləri senzura ilə bağlı sərt qanun qəbul etdilər.
Amma yeni Kanada qanununun ilk zərbəsini öz üzərində heç də feministlərin
nəzərdə tutduqları adamlar duymadı. Qanundan zərərçəkənlər tanınmış
homoseksualistlər, ağ dərililərə qarşı irqi ayrı-seçkiliyi qızışdırmaqda
ittiham edilən radikal feministlər və Andrea Dvorkinin özü oldu.
Şübhəsiz, bu, senzuraya qarşı ən güclü arqumentlərdən
biridir. Başqasına quyu qazan özü düşər. Dözümsüzlük ifadəsinin
məhdudlaşdırılması məqsədiylə qəbul edilən qanunlar sonda bundan
zərərçəkənlərin özlərinə qarşı yönəlir. Bu, qaçılması mümkün olmayan
çox sərt bir paradoksdur. Dözümsüzlük ifadəsinə görə insanların
təqib edilməsi dünyanın bir çox yerində adi hala çevrildiyinə görə
bizə bu məsələylə bağlı çoxlu faktlar məlumdur: aparteid dövründə
irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə qəbul olunan
Cənubi Afrika qanunlarından sistemli şəkildə irqçi siyasətin qurbanlarına
qarşı istifadə edilirdi. Şərqi Avropada və keçmiş Sovet İttifaqında
böhtana və şəxsiyyətin təhqir edilməsinə qarşı yönələn qanunlardan
rejimi tənqid atəşinə tutanların təqibində geniş istifadə olunurdu.
Türkiyədə bu qanun kürdlərin hüquqlarının pozulmasından yazan tanınmış
alim İsmail Bezikçiyə qarşı tətbiq edilmişdi; hətta Aleks Heylinin
«Soykök»ü zəncilərdən bəhs etdiyinə görə «irqi nifrəti kəskinləşdirə
biləcəyi» bəhanəsiylə CAR-da qadağan olunmuşdu.
 |
1991-ci ildə Maastrix sammitinə toplaşan Avropa Birliyi
Nazirlər Şurası rasizmi və ksenofobiyanı pisləyən bəyanat qəbul
etdi. Bəyanatda «Avropada faşizmin və ksenofobiyanın özünü büruzə
verməsi hallarına get-gedə daha çox» rast gəlindiyi deyilirdi. Avropada
rasizmin əmələ gəlməsi və günü-gündən güclənməsi səbəblərinin izahı
bir o qədər də inandırıcı görünmür. BMT-nin hesabatında belə bir
nəticəyə gəlinir ki, «rasizmin başlanğıc səbəblərinin tarixi keçmişdə
dərin kökləri var və onlar müxtəlif iqtisadi, siyasi və mədəni amillərlə
əlaqəlidir». Bu nəticə o dərəcədə geniş və əhatəlidir ki, onunla
mübahisə etmək qeyri-mümkündür. Hesabatda iki tarixi paradoks qeyd
olunur: birincisi - rasizm demokratiyanın inkişafı ilə; ikincisi
- rasizm elmin inkişafı ilə bərabər güclənib. Üstəlik, son dövrlər
biz saxta nəzəriyyələr doğuran və bir qrup adamın digərləri üzərində
anadangəlmə üstünlüyünün olduğunu əsaslandırmağa çalışan elmi rasizmin
yeni təzahürləri ilə rastlaşırıq.
Söz azadlığı müdafiəçiləri nifrət toxumu səpən ifadələrin işlənilməsinə
qarşı tətbiq edilən qanunların və etnik, irqi gərginliyin, zorakılığın
azaldılmasının təcrübədə bir-biriylə bağlı olmadığını bəyan edirlər.
Amma azad sözə qoyulan qadağalardan bəhrələnmə faktları kifayət
qədərdir. Görünür, nə qədər zərərli olursa-olsun, istənilən növ
ideyanın ifadə edilməsinin qarşısını almaqla biz çox az şey qazanırıq
və böyük riskə gedirik.
Söz azadlığı müdafiəçilərinin fikrincə, irqi və dini
üstünlüklə bağlı ideyalara diqqəti azaltmaq yox, artırmaq lazımdır:
düşməni başa düşmək üçün ona qulaq asmalısan; nifrətin anatomiyasını
öyrənmək üçün dialoq və demokratiya labüddür. Bu isə azad fikir
ifadəsini, o cümlədən də nifrətin ifadəsi hüququnu vacib edir. Mən
bu cür baxışları qəbul edirəm, amma onları müasir tarix baxımından
az inandırıcı sayıram. Bizdən rasizmlə uzun-uzadı, ləng mübarizənin
uğur qazanması üçün demokratiyanın, düzgünlüyün və ən əsası səmərəliliyin
gücünə kor-koranə inam tələb edirlər. Biz bu ləng, lakin qarşısıalınmaz
prosesə inanmalıyıq. XX əsrin sonunda biz Avropada yenidən irqi,
siyasi və dini müxtəlifliklərin doğurduğu və bütöv bir ölkəni dağıdan
nifrət və zorakılıq partalıyışının şahidi olduq. Bu, Xolokost hadisələrindən
düz yarım əsr sonra baş verdi. Və əgər Xolokost, yəni dözümsüzlük
ifadəsinin bu qorxulu nişanəsi insanların təfəkküründə dəyişikliyə
səbəb olmadısa, liberal vədlərlə onların yaxşılığa doğru dəyişəcəklərindən
söhbət belə gedə bilməz.
1995-ci il noyabr ayının 4-də iyirmi beş yaşlı tələbə-hüquqşünas
İqal Əmir İsrailin baş naziri İshaq Rabini qətlə yetirdi. Faktlar
tam araşdırılandan sonra məlum oldu ki, bu qətl hadisəsinə görə
məhkəmədən yaxa qurtara bilən digər şəxslər də ən azı mənəvi məsuliyyət
daşıyır. Bu hadisədə Likud Partiyasının mitinqlərində «Rabin xəyanətkardır,
Rabin qatildir» qışqıran sağçı İsrail radikalları və ya Rabinin
üzünə nişangah toru çəkilən plakatlar hansı rol oynadılar? Bəlkə
də, Rabinin bioqrafı David Qorovisin yazdığı kimi, qətldən neçə
ay əvvəl onun «ərazilərin əvəzində sülh» siyasətinin «yəhudipərəstliyini»
şübhə altına alan, «halaxa»nın (yəhudilərin dini hüquqları) belə
hərəkətə, yəni Tanrının yəhudilərə bağışladığı Qərb sahillərinin
fələstinlilərin nəzarətinə verilməsinə görə ölüm cəzası nəzərdə
tutub-tutmaması ilə bağlı öz həmkarlarının elmi fikirlərini soruşan
şəxslər bu məsələdə daha ciddi rol oynamışdılar. Öz hərəkətinə bəraət
qazandırmaq üçün Rabinin qatili daim yəhudi dini doktrinalarına
istinad edir və bu məsələdə yeganə köməkçisinin Tanrı olduğunu söyləyirdi.
Əmir Tanrını özünün yeganə köməkçisi adlandırarkən Rabinin Qərb
sahillərindəki hərbi bazaların sökülməsi planlarını pisləmək üçün
mitinqlər keçirən ravvinlər siyasi qətlə qarşı çıxmamış və onu bu
hərəkətinə görə qınamamışdılar.
Sözlər güllələrə çevrilə bilər. Dözümsüzlük ifadəsi
eynən senzura kimi öldürməyə və şikəst etməyə qadirdir. Buna görə
də senzuranın qatı əleyhdarı və söz azadlığının müdafiəçisi kimi
mən cavaba ehtiyacı vacib olan ən vacib sual bunu sayıram: sözlərin
güllələrə çevrildiyi, dözümsüzlük ifadəsinin ağır nəticələrinin
kəmiyyətcə artdığı bir dövrdə bizim bu problemə qarşı siyasətimiz
keyfiyyətcə dəyişməlidirmi? Deyəsən, söz azadlığı müdafiəçiləri
nəyin bahasına olursa-olsun o dəqiqə çox asanlıqla dözümsüzlük ifadəsini
(senzuraya məruz qalmamalı olan) onun nəticələrindən (nəsə eləməli
olduğumuz) ayırmağa can atırlar. Bildiyiniz kimi, Vətəndaş və Siyasi
Hüquqlara dair Beynəlxalq Paktın 20-ci maddəsi bu cür baxışlarla
həmrəydir.
Mənim cavab axtardığım ikinci sual budur: nifrəti
inancının (qoy lap kor-koranə inancın, yolundan azan və ya fikrindən
döndərilən adamın) nəticəsi olanların dedikləriylə geniş dairələrdə
qorxu, nifrət, zorakılıq toxumu səpmək üçün ölçülü-biçili və sistemli
şəkildə yalandan bəhrələnənlərin, bu istiqamətdə təbliğat aparanların
dediklərini ayırmaq mümkündürmü?
Keçmiş Yuqoslaviyanın qəzetlərini vərəqləmək kifayətdir
ki, dözümsüzlük ifadəsinin müasir dövrümüzün ən qanlı müharibələrindən
birini qızışdırmasının şahidi olaq. 1987-ci ildə serb qəzetləri
belqradlı reportyorun çəkdiyi bir fotoşəkil dərc edir. Foto Kosovoda
yerləşən və alban əhalisinin üstünlük təşkil etdiyi serb əyalətindəki
Prekala kəndində çəkilmişdi. Fotoda öz övladlarının əhatəsində zəmidə
işləyən serb qadını – «Prekalalı ana» təsvir olunur. Onun çiynindən
tüfəng asılıb. Qəzetin verdiyi izaha görə, tüfəng ona özünü və övladlarını
serbləri zorakılığa məruz qoyan, öldürən, arvadlarını və qızlarını
zorlayan alban terrorçularından müdafiə üçün lazımdır. Foto böyük
səs-küy doğurur və bütün Serbiyanı dəhşətə gətirir. Bu cür yüzlərlə
foto və qəzet məqaləsi, serblərin Kosovoda təqibə məruz qalmasına
həsr edilən televiziya verilişləri nəticədə Kosovo albanlarına qarşı
ümumserb terror kampaniyasının başlanmasına gətirib çıxardı. Bir
neçə ildən sonra məlum oldu ki, həmin foto həqiqəti əks etdirmirmiş:
sən demə, tüfəngi qadının çiynindən reportyor özü asıbmış. Amma
bu fırıldağın üstünün açılması gecikmiş addım idi. Foto artıq öz
işini görmüşdü. Bu cür təbliğatdan münaqişədə iştirak edən bütün
tərəflər bəhrələnirdilər. Xüsusi ilə xorvatlar və serblər bu işin
virtuozlarına çevrilmişdilər.
«Əgər danışdığım yalan Serbiyanın və serb xalqının
maraqlarına cavab verirsə, mən yalan danışmaqdan utanmıram» - bunu
Belqrad televiziyasının baş redaktoru deyir. «Əgər Xorvatiyaya lazımdırsa,
mən yalan danışacam» - ən məşhur xorvat qəzeti olan «Axşam vərəqəsi»nin
aparıcı əməkdaşlarından biri belə söyləyir. «Əgər söhbət mənim vətənimin
taleyindən gedirsə, mən yalan danışmağa hazıram» - daha bir xorvat
jurnalisti cəsarətlə bunu bəyan edir. İndi heç kimin müharibənin
qızışdırılmasında və vəhşiliklərə zəmin yaratmaqda KİV-in istifadə
etdiyi və dəlillərdən daha çox yalana əsaslanan dözümsüzlük ifadəsinin
oynadığı nəhəng rolla bağlı şübhəsi yoxdur.
Təbliğat forması alan və qəsdən müharibəni qızışdıran
dözümsüzlük ifadəsi əvvəlcə cəmiyyətdə qorxu və nifrət mədəniyyəti
yaradır. Bunun ardınca o, əhalinin bir hissəsinə öz qorxu və fobiyasının
əvəzini əhalinin digər hissəsindən çıxmağa «icazə verir». Müharibədəki
patalogiya dözümsüzlük ifadəsinin kütləvi tətbiqinə əsaslanır. Digərlərinə
insan sayılmaq hüququnu tanımamaqla (keçmiş Yuqoslaviyadakı kimi
düşmənə çevrilən dostlar və ya Vyetnamda olduğu kimi vəhşi simasında
təsvir edilən xaricilər) və ən nəhayət, vəhşiliyə qarşı yönələn,
qanunlara, müasirliyə söykənən qadağaları ləğv etməklə insanlara
bu əməlləri törətmək üçün bir növ formal icazə, hətta sanksiya verənlər
qorxu və müdafiəsizlik hissini yayırlar.
Nifrətin açıq-aydın özünü büruzə verməsindən, cəmiyyətdə
(və ya onun bir hissəsində) çox uğurla nifrət mədəniyyəti yaratması,
onu qızışdıranların təhrikçilərə və üstəlik, həqiqi hakimiyyətə
çevrilməsi arasında olan bir məsafədə biz işə qarışmalıyıqmı? Əgər
belə bir vəziyyət yaranıbsa, biz nə etməliyik? Mənim bu suala hazır
cavabım yoxdur. Amma jurnalın yarandığı dövrdəki bəşəriyyətə oxşamayan
indiki dünyaya müraciət edərkən «İndeks», mənim fikrimcə, günün
ən vacib məsələlərindən sayılan bu problemin müzakirə edildiyi forum
kimi qalmalıdır.
Sonda yenidən Bob Qrantla bağlı hadisənin üzərinə
qayıdardım. Bu hadisədən sonra məlum olur ki, bizim bugünki postmodernist
cəmiyyətimizdə dözümsüzlükm ifadəsi öldürücü olmaqla yanaşı, həm
də sərfəlidir. Bob Qrantın verilişi böyük uğur qazanmışdı. Onun
yüksək reytinqi reklamçıları özünə cəlb edirdi. Ey-Bi-Si-nin prodüsserindən
soruşulanda ki, sizin fikrinizcə, Bob Qrantın replikaları nədir
– Birinci düzəliş vasitəsilə müdafiə olunması gərəkən söz azadlığı
nümunəsi, yoxsa mənəvi mühütün çirkləndirilməsi, o, belə cavab verib:
«Əgər jurnalist özünün yüksək reytinqini qoruyub saxlayırsa, stansiya
onun ətrafa püskürdüyü mundarlıqlara göz yummalıdır. Əgər şou maddi
cəhətdən sərfəlidirsə, radiostansiya həmişə aparıcıların konstitusion
hüquqları uğrunda mübarizə aparmağa hazırdır. Qrantın reytinqi yüksək
idi, çünki o, azlıqları təhqir edirdi. Əgər auditoriyası kiçik olsaydı,
menecerlər konstitusiyanı unudub onu ağıldankəm kimi qələmə verərdilər.
Bizə reklam verənlər bilirlər ki, onların məhsulları nifrət qutularında
daha yaxşı satılır».
Tərcümə etdi:
Rövşən Ramizoğlu
|