SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№9 (17) ---- 2005
MÜSAHİB

Bizdə də, Gürcüstanda da sovet insanı tipinə rast gəlirik

Niyazi Mehdi: «Həmin insan qorxmadığı hakimiyyətə qarşı
amansız olur və ondan tezcə möcüzələr tələb edir”»

Bu yaxınlarda Tbilisidə Beynəlxalq İDEA (Demokratiya və Seçkilərə Yardım üzrə Uluslararası İnstitut) ilə Barış, Demokratiya və Gəlişmə üzrə Qafqaz İnstitutu «Gürcüstanda, eləcə də Ermənistanda və Azərbaycanda Konstitusional/Siyasi İslahatlar» mövzusunda konfrans keçirib. Tədbirdə iştirak etmiş professor Niyazi Mehdi konfrans təəəssüratlarını və orada müzakirə olunan məsələlərlə bağlı fikirlərini «III Sektor»un oxucuları ilə bölüşür.

- Niyazi bəy, konfrans, adından göründüyü kimi, region üçün həyati vacib məsələyə həsr olunmuşdu. Oradakı ideyalar bankından nə soraq verə bilərsiniz?

- Konfransda Gürcüstan, Ermənistan və Azərbaycan üzrə verilən incələmələri atüstü xırdalamaq mümkün deyil. Mən yalnız bəzi ilginc məqamları səsləndirəcəm. Məsələn, konfransda Saakaşvili və komandasının işinin dəyərləndirilməsində pessimist notlar da səslənirdi. Ancaq bu pessimizm demokratların hakimiyyətə gəlməsindən doğmurdu, səbəb Gürcüstanın çox ağır iqtisadi və idarəçilik problemlərinin öhdəsindən gəlməyin çətinliyində idi.

Ciddi ittihamlar da vardı. Bəziləri Saakaşvilini onda suçlayırdı ki, öz səlahiyyətlərini genişləndirib. Deyirdilər ki, bunu hətta korrupsiyaya qarşı savaşı gücləndirmək istəyi ilə arqumentləşdirmək də düz deyil. Ancaq bununla bağlı əks fikirlər də oldu. Məsələn, Marina Musxeleşvili Qillermo O’Donelldən qəribə bir sitat gətirdi: «Millət adından danışdığına inanan və millətə qulluq üçün çalışan güclü liderlər heç cür anlaya bilmirlər ki, niyə hakimiyyətlərini ana yasa çərçivəsinə salıb daraltmalıdırlar”».

Saakaşvili hakimiyyətinə qarşı başqa narazılığı biz küçədə eşitdik. Söhbətləşdiyimiz adamlar yeni hakimiyyəti təcrübəsizləri iş başına gətirdiyi üçün suçlayırdılar. Bu sözləri eşidəndə «gədə-güdəni» vəzifəyə gətirdiyinə görə Elçibəy hakimiyyətinin günahlandırılması yadıma düşdü. Küçədə eşitdiklərimizi Rəhmanla (Rəhman Bəvəlov-red.) müzakirə edəndə bir-birimizə dedik ki, bizdə də, Gürcüstanda da sovet insanı tipinə rast gəlirik: həmin insan qorxmadığı hakimiyyətə qarşı amansız olur və ondan tezcə möcüzələr tələb edir. O biri yandan, bu adama məhz administratorlar – məmurlar bacarıqlı, təcrübəli görünürlər. Halbuki çağdaş dövlət işlərinə bir çox hallarda dministratorlar yox, menecerlər gəlməlidir.

- Yəqin konfrans söhbətlərində Azərbaycan gerçəkliklərinə geniş yer verildi…

- Gürcüstanın tanınmış filosofu Qiya Nodiya bizə sual verəndə bir haşiyədən başladı ki, bu ölkədə müxalifət Qərbdə təhsil almış gənclərin sayəsində yenidən qabardı və gücləndi. Dedi, bu gənclər Qərb universitetlərindən qayıdandan sonra partiyalara, QHT-lərə səpələndilər, tez-tez Qərbə gedib Gürcüstanda recimi dəyişmək zərurəti ilə bağlı iş apardılar. Və təbii ki, bizdə də belə nəslin yetişib-yetişmədiyini xəbər aldı.

Söylədik ki, Azərbaycanda Qərb universitetlərindən qayıdan gənclər üçün xarici şirkətlərdə işi yeri olduğundan onlar partiyalara və vətəndaş dərnəklərinə meyl eləmirlər. Bir də Azərbaycan müxalifətinin liderləri hələ yaşlılar kateqoriyasına düşməyiblər. Marina Musexeşvili, görünür, ölkəsində vəzifədə olan gənclərlə bağlı söylənilən «təcrübəsizlər» ittihamının təsiri altında söz atdı ki, bəlkə elə sizdəki kimi daha yaxşıdır: gənclərdən böyük menecerlər kütləsi yaranar və bu kütlə kritik həddə çatanda ölkədə dəyişmələr aparar. Amma bu fikir şübhə ilə qarşılandı…

- Bu il məxməri inqilablar dəb mövzu olub. Yəqin konfransda da ondan danışılıb…

- Əlbəttə. Həm Avropa Şurası, həm də Qafqaz ekspertlərinin dilində məxməri devrimlər, Gürcüstan və Ukrayna inqilabları hamıya örnək kimi dəyərləndirilirdi. Hətta bir nəfər Azərbaycanda demokratikləşmənin perspektvinə inanmadığını söyləyəndə Avropa Şurasının bolqar eksperti Aleksandr Mixaylov qayıtdı ki, Azərbaycan Afrikada yerləşmir ha proseslərdən qıraqda qalsın. Qətiyyətlə dedi ki, Qazaxıstanacan bütün bu məkanda demokratiyanın qalib gəlməsi Avropa Şurasının planındadır.

Professor Qiya Nodiya isə bildirdi: «Gizli deyil ki, bizim ölkələr kimi məmləkətlərdə demokratiyanın qələbəsi üçün ölkəiçi resurslar azdır. Yalnız Qərbin dəstəyi və köməyi olanda inqilab uğurla başa çatır. Bu, Gürcüstanda da belə oldu, Ukraynada da. Eşitdiyimə görə, Azərbaycanda demokratiyasevənlərin Qərbdən ürəkləri sınıb. Məncə, bu, düz deyil. Çünki demokratiya üçün kömək yalnız oradan gələ bilər”.

- Konfransda daha hansı konkret ideyalar səsləndi?

- Orada birinci çıxış Marina Musxelişvili ilə Luiza Arutyunovanınkı idi. Mövzuları belə adlanırdı: «Gürcüstanın Avropa seçimi və konstitusional/siyasi islahatlar». Bu çıxışda «effektiv dövlət», konkret formada isə «effektiv hakimiyyət» anlayışından istifadə olundu. Saakaşvili hakimiyyətinin uğurları və çətinlikləri, uğursuzluqları məhz həmin anlayışın fonunda təhlil olundu.

Diskussiyada çoxlu maraqlı düşüncələr səsləndi. Məsələn, Mais Güləliyev, əgər onun dediklərini düz yadda saxlamışamsa, bildirdi ki, təkcə effektiv hakimiyyət, yəni ölkənin taktiki və strateci problemlərinin öhdəsindən yaxşı gələn hakimiyyət yerində möhkəm qalmır. Effektiv olmasa da, repressiv və maliyyə imkanlarına görə güclü olan qüvvə də hakimiyyətini uzun sürə saxlaya bilir.

Bir çıxışda demokratik islahatlar üçün müstəqil məhkəmələrin rolundan danışılanda mən belə reaksiya verdim: «İndiki Azərbacan gerçəkliyində məhkəmələr bağımsız, müstəqil olsalar, «əsasən yuxarı üçün rüşvət alan» hakimlərin yerini «özü üçün rüşvət alan» hakimlər tutacaq. Sizin gerçəklikdə necədir?” Cavablardan göründü ki, belə bir perspektiv bütün Güney Qafqaz ölkələri üçün realdır. Ancaq Ermənistan tərəfdən bir çıxışçı indiki Qafqaz şəraitində məhkəmələri müstəqilləşdirəndə onların korrupsiyalaşmasının qarşısını almaq üçün bir neçə ilkin təklif səsləndirdi. Dedi ki, birincisi, hakimləri kimin qoyması önəmli deyil, hakimləri kimin çıxarması önəmlidir. Hakimləri icra və ya qanunvericilik hakimiyyəti yox, korrupsiyaya yol veribsə, məhkəmə çıxarmalıdır. İkincisi, ölkənin rəhbərləri seçkilər sonucunda dinc yolla dəyişəndə, hakimlər yuxarıda möhkəm dayaq tapa bilmirlər. Bu da onları korrupsiya həvəsindən salır. Ancaq yenə də, sözsüz, bizim ölkələr kimi məmləkətlərdə müstəqil və korrupsiyasız məhkəmələr xeyli uzanan proseslərin sonucunda alına bilər.

Azərbaycana gəlincə, dedik ki, ölkədə islahatlar qıraqdan yapılan basqılara görə edilir, gerçək problemləri çözmək üçün içəridən gələn çağırışa cavab olaraq həyata keçirilmir. Ona görə də bizdə demokratikləşmə yox, demokratikləşmənin mimikriyası, görüntüsü var. Yəni Avropa ölkələrinə göstərilir ki, bütün demokratik dövlətlər kimi bizdə də Konstitusiya Məhkəməsi var, hakimiyyət budaqlara bölünüb, bələdiyyələr var, nə var, nə var… Ancaq axı hakimiyyət ona görə budaqlara bölünməlidir ki, bir budaq o birisinə göz qoysun və sonucda heç biri vətəndaş üzərində özbaşınalıq etməsin. Konstitusiya Məhkəməsi onun üçündür ki, vətəndaş onun haqlarını pozan qanundan şikayət edəndə bu qanunlarla bağlı qərar çıxarsın. Bizdə isə demokratiyanın bu strukturlarının heç biri deyilən yönümdə işləmir.