| Uyğunsuz
modellər
Azərbaycana Kosovo ssenarisi sırına bilər |
 |
| Tariyel Cəlallı |
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı illərdən
bəri səslənən təkliflər bir nəticəyə gətirməsə də, münaqişənin çözülməsinə
yönəlik çalışmalar ara vermir. Azərbaycan-Ermənistan danışıqları
haqda son bir neçə ayda verilən bəyanatlardan çıxış etsək, münaqişənin
tənzimlənməsi üçün mərhələli plan ətrafında müzakirələr aparıldığı
qənaətinə gələ bilərik. Planın birinci mərhələsinə əsasən, Dağlıq
Qarabağ ətrafındakı 7 rayon azad edilir, Azərbaycanla Ermənistan
arasında kommunikasiya əlaqələri bərpa olunur, infrastruktur yaradılır,
bölgənin perimetri boyunca sülhməramlı qüvvələr yerləşdirilir. 10-15
il sonra isə referendum vasitəsilə Dağlıq Qarabağın statusu məsələsi
həll olunur. Diplomatların dediklərindən çıxan nəticə budur.
Diqqət çəkən məsələ indiyədək dünya təcrübəsində hansısa
münaqişənin həlli üçün mərhələli plandan istifadə edilməməsidir.
Etnosiyasi gərginliyin azaldılması və münaqişənin həlli üçün indiyə
qədər tətbiq olunan modellər Dağlıq Qarabağ probleminin çözülməsi
üçün irəli sürülən variantla uyğun gəlmir. Konkret faktlara baxaq.
Dünyada etnik münaqişələrin həll edilməsinin bir neçə
yayılmış modeli var. Bunlardan biri Brüssel modelidir. Brüsseldə
yaşayan flamandlılar və fransızdillilər Brüsseli öz əraziləri sayırdılar,
halbuki şəhərin tarixi əhalisi flamandılardır. 19-cu əsrdə keçirilən
fransızlaşdırmadan sonra flamandlılarla fransızdillilər arasında
müəyyən gərginliklər yarandı. Münaqişəni həll etmək üçün Belçika
hökuməti ölkənin ərazisini üç regiona (Flandriya, Valloniya və Brüssel)
böldü. Etnosiyasi qarşıdurma predmeti olan Brüsselə isə özünəməxsus
səlahiyyətlər verildi.
Tətbiq edilmiş tənzimləmə modelinə əsasən, Brüsseli
üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını
təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Bu,
flamanda, alman və fransızdillilər icmalarıdır. İcma hökumətləri
yerli idarəetmə, təhsil, mədəniyyət problemlərinin həllində və ümumən
etnik məsələlərdə geniş səlahiyyətlərə malikdir. Hər bir icma hökuməti
öz səlahiyyətləri çərçivəsində yerli problemləri həll etməklə məşğuldur.
Amma Belçikanın yalnız bir konstitusiyası var və həmin əsas qanuna
görə, hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin
səlahiyyətləri isə Belçikanın bütün ərazisini əhatə edir.
Belçika modeli bir ölkə daxilində iki və ya üç etnosun
birgə yaşayışını nəzərdə tutur. Bu modelin əsas gücü ondadarır ki,
problem lokal səviyyədə, ümumi sosial-iqtisadi sistem çərçivəsində
həll olunur. Problem aşağıdan yuxarı həll olunduğu üçün Belçika
daxilində heç bir etnik ziddiyyət yaranmır. Sözügedən icma hökumətləri
isə getdikcə daha da simvolikləşir və vətəndaş millətçiliyinin,
vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir. Hər şeydən görünür
ki, bu model Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid edilə
bilməz.
Digər bir model kimi Honkonqu göstərmək olar. Politoloqlar
bu ölkədəki sistemi «bir ölkə-iki sistem» adlandırıblar. Bu sistemə
əsasən, Honkonq iqtisadi məsələləri özü həll edir, xarici ölkələrlə
iqtisadi əlaqələr qurmaq səlahiyyətinə malikdir. Amma Honkonq xarici
ölkələrdə səfirlik aça bilməz, çünki o, Çinin xüsusi inzibati muxtar
rayonudur. Honkonqun ordusu, silahlı qüvvələri də yoxdur. Zənnimizcə,
Qarabağla bağlı danışıqların Honkonq modelindən kənarda getdiyini
isbat etməyə ehtiyac da qalmır.
Daha bir model Böyük Britaniyadır. Böyük Britaniya
ilə Şimali İrlandiya arasında gedən uzunmüddətli çəkişmələr, etnik
gərginliklər gətirib ona çıxarıb ki, bu münaqişə də sülh yolu ilə
həll edilib. 1997-ci ildə baş nazir Toni Blerin apardığı danışıqlardan
sonra Şimali İrlandiya Böyük Britaniyanın tərkib hissəsi kimi qalır.
Əvəzində isə Şimali İrlandiyada müəyyən özünüidarəetmə hüquqları
olan Assambleya yaradılır. Assambleya Şimali İrlandiyada iqtisadi,
daxili siyasət və s. məsələləri həll edir. Dağlıq Qarabağla bağlı
bu modeli də yada salan yoxdur.
Nəhayət, üzərində geniş dayanmaq istədiyimiz və haqqında
çox danışılan Aland adaları modelinə toxunmaq istərdik. Aland adaları
Baltik dənizində 8 min adadan ibarət arxipelaqdır. 1808-ci ilədək
İsveç Krallığının tərkibində olub. 1808-1809-cu illərdə müharibədə
məğlubiyyətə uğrayan İsveç Krallığı Finlandiyanı və Aland adalarını
Rusiyaya güzəştə gedir. Rusiya isə 1856-ci ilin Krım müharibəsində
uğursuzluğa düçar olur və Aland adalarını demilitarizasiyalaşmış
zona elan etmək zorunda qalır.
 |
XX əsrin əvvələrində ümumxalq referendumu nəticəsində
Norveç İsveçdən sülhlə ayrılaraq müstəqil dövlət yaradır. 1917-ci
ildə isə Finlandiya da müstəqillik qazanır. Aland adaları Finlandiyanın
tərkibində qalır. Həmin vaxt Aland adalarının isveçli vətəndaşları
İsveçlə birləşmək üçün müraciət qəbul edirlər. Məsələni tənzimləmək
üçün Millətlər Liqası 1921-ci ildə tarixi qərar çıxarır. Həmin qərara
əsasən, Aland adaları Finlandiyanın ərazisi elan olunur və Finlandiyadan
həmin adalarda isveç dilini, mədəniyyətini, adət-ənənələrini qorumaq
tələb edilir. Aland adalarına İsveçlə maneəsiz əlaqələr qurmaq imkan
verilir. 1922-ci ildə qəbul edilmiş yerli idarəetmə haqqında qanuna
əsasən, Aland adalarında yerli parlament (Laqtinq) yaradılır və
arxipelaqdakı daxili işləri o tənzimləyir. Laqtinq hökuməti təyin
edir, büdcəni maliyyələşdirir, səhiyyə, mədəniyyət, nəqliyyat, polis
və rabitə məsələlərinə baxır. Xarici siyasət, hüquq və məhkəmə,
mülki məcəllə, gömrük, cinayət hüququ, pul dövriyyəsi və s. məsələlər
isə Finlandiyanın səlahiyyətindədir.
Alandlıların hüquqlarını müdafiə etmək üçün Finlandiya
parlamentinə arxipelaqdan bir nümayəndə seçilir. Finlandiya prezidenti
Laqntinqin razılığı ilə adanın qubernatorunu təyin edir. Finlandiya
bütün ölkədə olduğu kimi, Aland arxipelaqında da vergi yığır, gömrük
rüsumu tutur və s. Laqtinqin qəbul etdiyi qanunlarsa imzalanmaq
üçün Finlandiya prezidentinə göndərilir. Finlandiya prezidentinin
bu qanunlara veto qoymaq hüququ var.
Beləliklə, haqqında çox danışılan Aland modeli də
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsas kimi götürülməyib
və götürülə də bilməz. Əvvəla ona görə ki, Aland adaları ilə bağlı
yaranmış gərgin vəziyyət tənzimlənərkən qan tökülməyib, müharibə
olmayıb, qaçqın və məcburi köçkün düşən yoxdur. İkinci faktor isə
odur ki, Aland adaları əhalisinin mədəniyyəti, arxipelaqın siyasi-çoğrafi
mövqeyi, iqtisadi vəziyyət və digər faktorlar onu Qarabağla eyniləşdirməyə
imkan vermir. Qarabağ münaqişəsində işğal faktı var. Üstəlik, ermənilərin
məsələnin Aland modeli üzrə çözülməsinə razılıq verəcəyi ağlabatan
deyil, çünki bu model də ərazi bütövlüyü prinsipini önə çəkir.
Bununla belə, mərhələli həll planı təklif olunur və
7 rayon əvəzində infrastrukrturnn bərpası, yoların açılması təklif
olunur. Bu isə daha çox prosesin Kosovo ssenarisi üzrə getdiyini
deməyə əsas verir. Söhbət ondan gedir ki, BMT Kosovo ilə bağlı xüsusi
qətnamə qəbul edib. Həmin qətnamədə Kosovonun statusu qeyri-müəyyən
qalıb və bölgədə BMT-nin Missiyası (UNMIK) yaradılıb. BMT-nin qətnaməsində
Serbiyanın Kosovo üzərindəki protektoratı tanınır və de-yure bu
ərazilər Serbiyanın tərkib hissəsi sayılır, amma vilayətin statusu
qeyri-müəyyən dövrədək uzadılıb. BMT keçid dövrü üçün Serbiya ilə
Kosovo arasında «çərçivə sazişi» də imzalatdırıb. Kosovoda yığılan
vergilər Belqrada deyil, UNMIK-in hesabına köçürülür. Bölgənin öz
ordusu yoxdur, təhlükəsizlik məsələlərinə UNMIK-in polisi və KFOR
(Kosovodakı beynəlxalq sülhməramlı qüvvələr) baxır.
Kosovo münaqişəsinin müasir vəziyyətinə baxsaq, görərik
ki, o, yarımmmüstəqil respublikadır. Prezident İbrahim Ruqovanı
rəsmən heç kim tanımasa da, onunla hesablaşırlar, qondarma ölkədə
seçkilər keçirilir, parlament formalaşdırılır. Kosovonun öz simvolikası
var. Münaqişənin tənzimlənməsi istiqamətində real addımlar atılmasa
da, Kosovo artıq Albaniya, Makedoniya kimi həmsərhəd ölkələrlə əlaqələr
yaradır. Priştinadakı aeroport təkcə sülhməramlıları deyil, ayrı-ayrı
ölkələrdən gələn sərnişinləri də qəbul edir. Münaqişənin tənzimlənməsi
üçün beynəlxalq institutların iqtisadiyyata qoyduğu bütün vəsaitlərsə
əsasən Kosovoya yatırılıb. Beynəlxalq investisiyaların hesabına
bölgədə müəyyən iş yerləri açmaq, kənd təsərrüfatını bərpa etmək
mümkün olub. Kosovo ilə sərhəddə yerləşən Serbiya ərazisinin iqtisadiyyatı
isə serb hökumətinin gücü hesabına qaldırılır. Bir sözlə, Kosovonun
ordusu və öz polisi olmasa da, bu ölkə de-fakto müstəqil bir qurumdur.
7 rayon qaytarıldıqdan sonra Dağlıq Qarabağ ətrafında
sülhməramlı qüvvlərin yerləşdirilməsi, Qarabağın Ermənistan və ətraf
aləmlə nəqliyyat əlaqəsinin bərpası və s. faktorlar proseslərin
Kosovo ətrafında olduğu kimi cərəyan etdiyini göstərir. Qarabağ
ətrafında da sülhməramlı qüvvələr yerləşdirildikdən sonra erməni
hərbi biləşmələri ləğv ediləcək, amma Azərbaycanın müharibə yolu
ilə torpaqlarını qaytarmaq şansı ömürlük yoxa çıxacaq. Digər bir
tərəfdən, Azərbaycanla Dağlıq Qarabağ arasında birbaşa inteqrasiya
təmin olunmayacaq. Münaqişənin tənzimlənməsi adı altında bölgəyə
qoyulacaq bütün vəsaitlərsə Dağlıq Qarabağda ermənilərin həyat səviyyəsinin
yüksəldilməsi, iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək.
Azərbaycanla Qarabağ arasında açıq əlaqələr yaradılsa, Azərbaycan
öz iqtisadi poltensialı, sərmayesi və s. faktorlar hesabına 5-10
ilə Dağlıq Qarabağı tam «azərbaycanlaşdıra» bilər. Amma məsələ də
məhz burasındadır ki, 7 rayonun qaytarılması hesabına Qarabağ və
Ermənistan izolyasiyadan çıxacaq. Dağlıq Qarabağa azərbaycanlı icmasının
qayıtmasına imkan veriləcəyi isə ağlabatan deyil və 10-15 ildən
sonra keçiriləcək referendumun ermənilərin xeyrinə olacağı şübhəsizdir.
İndiki mərhələdə 7 rayonun geri qaytarılması çox perspektivli və
cəlbedici görünür və taktiki baxımdan çox uduşlu hesab edilər bilər.
Amma məsələyə strateji prizmadan yanaşdıqda bu modelin «Qarabağla
vidalaşma» modeli olduğunu görməmək çətin deyil.
Beləliklə, gündəmdə bir model qalır: Azərbaycan
müharibəyə hazırlaşmalıdır.
|