SON NÖMRƏ
 
İÇİNDƏKİLƏR
 
REDAKTORDAN
 
MÜƏLLIFLƏR
 
RUBRIKALAR
 
LİNKLƏR
 
ARXİV
 
ƏLAQƏ

 

FOR
ENGLISH-SPEAKING READERS
 
FROM EDITOR
 
CONTENTS
 
AUTHORS
 
RUBRICATOR
 
ARCHIVE
 
CONTACTS

 

FƏXRİ ŞURA:

Mustafa Cəmiloğlu
(Ukrayna)

İrfan Çiftçi
(Turkey)

Eric Chenoweth
(USA)

Miljenko Dereta
(Serbia)

Ivlian Haindrava
(Georgia)

Irena Lasota
(USA)

Stojan Obradovic
(Croatia)

Ramiz Rövşən
(Azərbaycan)

Tadeusz Swietochowski
(USA)

Petruska Sustrova
(Czech Republic)

Jersy Targalsky
(Poland)

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
Vahid Qazi

YARADICI HƏYƏT:
İlahə Rafaelqızı
Hikmət Sabiroğlu
Tehran İmranoğlu
Rovşən Ramizoğlu

DIZAYNER:
Fuad Əliyev

VEB DİZAYNER:
Emil Xəlilov

 

Ünvan:

AZ1001 Bakı,
Mehdi Hüseyn küç. 79\35
(B.Sərdarov küç. 11\35),
Tel.\ Faks:
(994 12) 492 03 56
E-mail: merkez@inamcfp.org

İSBN 9952-8017-0-X

№9 (17) ---- 2005
DEMOKRATIYA TARIXI

«Solidarnost”»
Anti-kommunizm dəryasına atılmış polyak daşı

Avqustun sonlarında dünya ictimaiyyəti Polşanın “Solidarnost” hərəkatının 25 illik yubileyini qeyd etdi. Paytaxt Varşavada və “Solidarnost”un vətəni Qdanskda keçirilən yubiley tədbirlərinə onlarca ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər qatılmışdı. Azərbaycan da bu mötəbər demokratiya zirvəsindən kənarda qalmamışdı: yubileyə qatılanlar arasında siyasətçilər, QHT nümayəndələri, o cümlədən “III Sektor” jurnalının baş redaktoru Vahid Qazi vardı.

“Solidarnost” nədir, haradan qaynaqlanıb və o, Avropanın yaxın tarixində hansı rolu oynayıb? Məxsusən 25 illik yubiley üçün buraxılmış sənədli materialların içindən seçdiyimiz kiçik bir tarixi oçerkdə bundan danışılır.

Yalta polyaklar üçün xəyanət deməkdir. Polyakların əksəriyyəti İkinci dünya müharibəsinin sonunu yağışdan çıxıb yağmura düşmək - alman işğalından qurtulub sovet əsarətinə keçmək sayırdı.

Onlar Şərqi Avropanın başqa xalqlarından fərqlənirdilər. Milyonlarla vətəndaşı həm almanların, həm də sovetlərin əlində qırılan Polşa öz xalqının homo sovieticus-a çevrilməsinə müqavimət göstərirdi.

Rejimin güllələri, işgəncə və həbsləri müqavimət ruhunu qıra bilmirdi. Kəndlilər kolxozlaşmaya imkan vermədilər, fəhlələr vaxtaşırı qiyam qaldırırdılar, kilsə və onun nəşrləri isə məhdudlaşdırılmış müstəqillik oazisinə çevrilmişdi. Ziyalı və tələbələr söz azadlığı, vətəndaş haqları uğrunda mübarizədə işdən qovulur, mətbuata çıxa bilmir, bir çox hallarda isə həbsxanaya atılırdılar. Kommunist dövrünün xarakterik cəhəti uyğunlaşma ilə qiyamın qovuşmasıydı – o bəzilərini passiv müqavimətə, başqalarını isə açıq qiyama sürükləyirdi. Poznan fəhlə nümayişləri qanla boğulandan və 1956-cı il destalinizasiyasının firavanlığa ümidləri puça çıxandan sonra yaranmış nisbi ictimai sabitlik uzun çəkmədi.

1976-cı ilə qədər müxtəlif sosial qruplar ayrı-ayrılıqda qiyam qaldırırdı. Fəhlələr istismara qarşı mübarizəyə qalxanda ziyalılar onları açıq müdafiə etmirdi. 1968-ci ildə ziyalı və tələbələr söz azadlığı uğrunda mübarizəyə başlayanda isə fəhlələr passiv idi. Ancaq 1976-cı ildə hökumət növbəti dəfə ərzaq məhsullarının qiymətini qaldıranda buna etiraz əlaməti olaraq 100-ə qədər fabrikin fəhlələri tətilə başladı. Bu vaxt ziyalılar döyülən və həbs olunanlara hüquqi və maddi yardım göstərməyə tələsdilər. Çünki bu onlara 1970-ci ildəki şəxsi talelərini xatırladırdı. O zaman ərzaq məhsullarının qiymətinin qalxması elan olunanda ümidsiz fəhlələr Şetsin və Qdanskda zavod və fabriklərdən çıxmış, kommunist partiyası bürolarını, yerli administrasiya və polis binalarnı yandırmışdılar. Hökumət qiyamçıların üstünə ordu göndərmiş, 45 nəfər həlak olmuş, 1100-dən artıq adam yaralanmışdı. 1976-cı ildə isə hökumət fəhlələri sakitləşdirmək üçün polis göndərdi. 2500-dək adam döyüldü və həbsxanaya salındı, 1500 nəfər işdən qovuldu, onlarca qiyamçıya çoxillik həbs kəsildi.

Həmin vaxt tanınmış müxalifət xadimi Yatsek Kuron belə bir devizlə çıxış etdi: «Komitələri yandırmayın, özünüzünkünü yaradın!». Beləcə, məşhur yazıçılar, hüquqşünaslar və 1968-ci ilin tələbə qiyamı iştirakçılarından ibarət Fəhlə Müdafiə Komitəsi (FMK) yarandı. FMK qeyri-leqal qurum olsa da, açıq fəaliyyət göstərirdi. Onun üzvlərinin soyadı və ünvanları bilinirdi, rəhbərləri və çoxsaylı əməkdaşları fəhlələrə həvəslə kömək edirdi. Qdanskda Lex Valensa müstəqil həmkarlar ittifaqına qoşuldu. Qeyri-leqal qəzetlər, fəhlələrə müraciətlər görünməyə başladı. Senzuranın yasaqladığı kitabları buraxan gizli nəşriyyatlar peyda oldu. FMK-nın ardınca dəyişiklik istəyən başqa təşkilatlar da yarandı.

Fəhlə və ziyalıların, kəndli və qulluqçuların, ateist və dindarların kommunizmə qarşı birləşməsinə bir möcüzə xüsusi yardım etdi: 1978-ci ilin oktyabrında Krakov kardinalı Karol Voytıla – II İohann Pavel Roma papası seçildi. Kommunizmə müqavimət göstərən və daim müxalifətə xeyir-dua verən kardinalın papa kürsüsünə ucalması polyaklarda misilsiz ümidlər doğurdu. Bir il sonra II İohann Pavelin Polşanı ziyarət etməsi polyakların psixoloji durumunu dəyişdi. Papanın messasına toplaşmış milyonlar kommunist rejimindən boğazacan doymuş insanların kəmiyyət göstəricisi idi.

1980-ci ilin iyununda hökumət qiymətləri qaldıranda Polşanı növbəti tətil dalğası bürüdü. Müxalif mövqeli ziyalılar tətilçilərə yardım etmək və onların tələblərini bütün Polşaya və dünyaya çatdırmaq üçün Qdanskdakı Lenin adına Gəmiqayırma Zavoduna gəldilər. Lex Valensanın rəhbərliyi ilə gəmiqayıranlar 21 postulat elan etdilər. Onların əsas tələbləri müstəqil həmkarlar ittifaqları yaratmağa razılıq verilməsi, tətil hüququnun tanınması, siyasi məhbusların azadlığa buraxılması, söz azadlığı, əmək haqlarının qaldırılması idi. Bütün Polşada öz hərəkət və istəklərində qərarlı görünən və eyni zamanda dinc mübarizəyə üstünlük verən fəhlələr hökuməti onlarla müqavilə imzalamağa məcbur etdi. Kommunist blokunda ilk dəfə olaraq hökumət müstəqil həmkarlar ittifaqının yaranmasına razılıq verdi. Beləcə, “Solidarnost” yarandı.

Hər fabrikdə, hər təhsil müəssisəsində və idarədə adamlar təşkilatlanmağa başladı. Az bir zamanda bu ittifaqa on milyon adam qoşuldu. Hərəkatın «Solidarnost» adlı həftəliyi 500 min tirajla çıxırdı. «Solidarnost»un egidası altında kütləvi sayda yerli qəzet və jurnallar nəşr olundu. Kommunistlər müstəqil həmkarlar ittifaqları yaranmasına razılıq verməklə “Solidarnost”un rəhbərliyini parçalamağa və cəmiyyəti qorxutmağa ümid edirdilər. Bu ümid özünü doğrultmadı. Əsəblər tarıma çəkildi. Hakimiyyətin imza atdığı müqaviləyə əməl etməməsi “Solidarnost” üzvlərini radikallaşdırırdı. Sanki bütün cəmiyyət kommunistlərə itaətsizlik göstərirdi. Moskva isə hökuməti repressiyalara başlamaq tələbiylə sıxırdı.

Belə bir şəraitdə, 1981-ci il dekabrın 13-də general Voytsax Yaruzelski hərbi vəziyyət elan etdi. Lex Valensa və “Solidarnost” rəhbərliyi də daxil olmaqla 10 mindən çox adam həbsə atıldı. Həmkarlar ittifaqları və digər təşkilatlar qanundankənar elan edildi. Silah işlətmək tapşırığı almış ordu və polis etiraz tətillərini dağıtdı.

Ölən və yaralananlar küçələrə səpələnmişdi. Polyaklar məğlub olmuşdular, sanki bir daha ayağa qalxa bilməyəcəkdilər.

Dünyanın Polşada hərbi vəziyyət tətbiqinə münasibəti xeyli sərt oldu. Qərbi Avropanın, demək olar ki, bütün paytaxtlarında “Solidarnost”a dəstək yürüşləri keçirildi. ABŞ hökuməti iqtisadi sanksiya tətbiq etdi. Qərb ölkələrinin adi vətəndaşları polyaklar üçün ərzaq və geyim göndərməyə başladılar.

Kommunist hökuməti hərbi vəziyyət tətbiq etməklə məqsədinə çata bilmədi. Öz nəşriyyatı, mətbu orqanı və müstəqil rəhbərliyi olan gizli “Solidarnost” yarandı. Qərbin həmkarlar ittifaqları və cəmiyyətləri gizli müqavimətçilərə maddi yardım etdilər. Katolik kilsələri liderlərə gizlənməyə, gizli görüşlər keçirməyə və mədəni yönlü fəaliyyət göstərməyə şərait yaratdı. L.Valensanın 1983-cü ildə Nobel sülh mükafatına layiq görülməsi isə müqavimət ruhunu xeyli qaldırdı. Roma papasının hərbi vəziyyət dövründə iki dəfə bu ölkəni ziyarət etməsi və xüsusilə onun 1986-cı ildə Qdanskda dediyi «Solidarnost”un böyük irsi öz aktuallığını saxlayır» sözləri böyük əhəmiyyət kəsb etdi.

Hakimiyyət zəifləyirdi: gizli “Solidarnost”la mübarizə uzandıqca iqtisadi vəziyyət pisləşirdi. Eyni zamanda Sovet İttifaqı Əfqanıstan müharibəsi və sürətlə silahlanma nəticəsində gücünü itirirdi. Özü iflas olduğu halda o, başqa müflisi saxlamaq gücündə deyildi. Qorbaçovun yenidənqurma siyasəti də SSRİ-ni dərin böhrandan çıxara bilmədi.

1988-ci ilin yaz və yayında yenidən tətillər qızışdı. Fəhlələr “Solidarnost”un leqallaşmasını tələb etdilər. Hakimiyyət artıq başa düşürdü ki, siyasi dəyişiklik olmadan tətillərin dayandırılması mümkün deyil. Və “Solidarnost”un leqallaşması şərtini irəli sürməklə müxalifətlə ilkin danışıqlara başladı. 1989-cu ilin fevralında kommunistlər və müqavimətçilər dəyirmi masa ətrafında toplaşdılar. Polşa və bütün dünya nəfəs çəkmədən danışıqları izləyirdi – tarixdə ilk dəfə kommunistlər güllə yerinə söz yarışına qol qoymuşdular. Razılaşma əldə olundu.

1989-cu ilin 4 iyununda “Solidarnost” Seym və Senata seçkilərdə mütləq qələbə qazandı. Avqustda müxalifətçi Tadeuş Mazovetski 40-cı illərdən bəri ilk qeyri-kommunist baş nazir oldu. Polyaklar sevinc içərisində idilər. Ancaq adamlar Moskvanın reaksiyasından ehtiyatlanırdılar. Polşada hələ də 1956-cı il Budapeşt qiyamının yatırılmasını və 1968-ci ilin qanlı Praqa baharını xatırlayırdılar. Ölkə bazar iqtisadiyyatı və demokratik sistem tətbiq edən qeyri-kommunist hökuməti ilə təklikdə qalmışdı.

Ancaq anti-kommunizm dəryasına atılmış polyak daşı tezliklə ətrafda geniş dairə yaratdı. Oktyabrda Macarıstan özünün «dəyirmi masa»sından sonra çoxpartiyalı sistemə keçdi; noyabrda Berlin divarları çökdü; dekabrda qanlı hadisələrdən sonra Çauşesku hakimiyyəti süquta uğradı, Çexoslovakiyada Vatslav Pavel prezident seçildi. 90-cı ilin yanvarında bolqar “dəyirmi masası”nın iclasları başladı. Oktyabrda isə 45 ildən sonra Almaniya birləşdi.

Yalta müqaviləsi beləcə yoxa çıxdı. Avropa yenidən bir oldu.

… Və 2003-cü ildə YUNESKO Qdansk fəhlələrinin 21 postulatı yazılmış orijinal lövhəni dünyanın tarixi obyektlərinin reyestrinə yazdı.