| Helsinki
ruhu hələ də sağdır
|
 |
| Eldar Zeynalov |
1975-ci ilədək Avropa iki müxtəlif siyasi sistemə
daxil olan dövlətlərdən ibarət qeyri-sabit bir konqlomeratı özündə
əks etdirirdi və bu sistemlər bir-birindən təkcə, dünyanın bölüşdürülməsinin
özünəməxsus rəmzi sayılan Berlin divarları ilə deyil, həm də min
kilometrlərlə uzanıb gedən tanınmamış sərhədlərlə ayrılmışdı. Avropanın
iqtisadi, hərbi, mədəni və digər sahələrdə inteqrasiyası bir-biri
ilə kəsişmədən paralel şəkildə gedir, ziddiyyətləri daha dərinləşdirirdi:
Şimali Atlantika Müqaviləsi (NATO) - Varşava Müqaviləsi, Avropa
Birliyi – Qarşılıqlı İqtisadi Yardım Şurası və s. qızğın silahlanma
davam edirdi və bu Avropanı hər an partlaya biləcək barıt çəlləyinə
çevirmişdi.
1973-cü il Helsinki və 1973-1975-ci il Cenevrə görüşlərindən
sonra Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında
Şərqlə Qərb arasında mövqelərin razılaşdırılması prosesinə başlandı
və bu proses 1975-ci il avqustun 1-də elə həmin Helsinkidə Yekun
Aktı ilə başa çatdı. Sovet mətbuatında tam şəkildə dərc edilən bu
aktı sonralar Helsinki Aktı adlandırırdılar. Hər iki tərəf, öz arqumentləri
baxımından həmin sənədi öz nailiyyəti hesab edirdi. Lakin tarixi
perspektivdən yanaşıldıqda Helsinki Aktını hər halda kommunist sisteminin
məğbuliyyəti saymaq olar.
Sülh, əməkdaşlıq və insanların bərabərliyi ideyalarına
sadiq olduqlarını təbliğat məqsədilə bəyan edən kommunistlər bu
problematikaya həsr olunan dialoqdan imtina edə bilməzdilər. Sovet
İttifaqı rəhbərliyinin beynəlxalq institutlara, Leninin ifadəsi
ilə desək, «ümumdünya naqqalxanası» kimi ənəvi münasibəti, öz üzərinə
götürdüyü öhdəliklərə etinasız yanaşması bu məsələdə də özünü göstərmişdi.
Kommunistlərin düşüncəsinə görə bu içi zir-zibillə dolu «humanitar
zənbil» sövdələşməsində SSRİ və onun müttəfiqləri özləri üçün xeyli
qazanc əldə etmişdilər. Belə ki, yekun aktını imzalamaqla Qərbi
Almaniyanın ikiyə bölünməsi, Baltikyani ölkələrin öz suverenliklərini
itirməsi faktını, habelə Ribbentrop – Molotov paktı və anti-Hitler
koalisiyasının Yalta sazişləri nəticəsində yenidən biçilən, müharibədən
sonrakı sərhədləri rəsmən tanımışdı.
Lakin Qərb tərəfindən bu dialoqu İnsan Hüquqları və
Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının iyirmi beş illik
mövcudluğun, insan hüquqlarına böyük əhəmiyyət verən Avropa Məhkəməsi
praktikasını yaşamış olan Avropa cəmiyyəti aparmışdı. Bu humanitar
və elmi əlaqələrin, səfərləri, informasiya mübadiləsinin genişlənməsi,
sanki həmişə DTK-nın etibarlı «nəzarəti» altında olan Qərb jurnalistlərinin
daha rahat fəaliyyət göstərə bilmələri son nəticədə kommunist rejiminin
ciddi erroziyaya uğramasına səbəb oldu. «Dəmir pərdə» bir qədər
aralandı və Sovet cəmiyyəti ölümə məhkum olan antoqonist kapitalizm
cəmiyyəti çürüməsinin əvəzinə tərəqqi, hansısa ümumi problemlər,
sadə insanların militarizmin güclənməsindən narahatlığını gördülər.
Çox güman ki, kommunistlər də Qərbdən gələn müsafirləri
zəhmətkeşlərin sosial müdafiəsi sahəsində əldə edilən nailiyyətlərlə,
«qırmızı həmkarlar ittifaqları»nın inkişafı, xırda xalqların müdafiəsi
ilə heyrətə salmaq istəyirdilər. Ümumdünya sülh müdafiə komitələri
hərəkatı, indi terrorçu hesab edilən «qardaş» solçu hərəkatları
kimi DTK-nın dünyanın hər yerində törətdiyi əməlləri xatırlayaq.
Məhz buna görə də başqa cür düşünənlərin (dissidentlərin) bir çoxu
belə hesab edir ki, kommunistlər Helsinki prosesindən öz xeyirlərinə
faydalana biləcəklər. Elə Qərbin özündə də bir çoxları Helsinkiyə
ikinci Münhen, təcavüzkarı cilovlamaq naminə şər iş kimi baxırdılar.
Amma Helsinki aktının qəbul edilməsindən bir neçə
il, xüsusilə də Əfqanıstan müharibəsi başlayandan sonra dünya uzun
növbələr, boş piştaxtalar, dissidentlərin təqibini görüb sarsıldı.
Dünyanın sovet gerçəkliyinin içi üzünü açıq-aydın görə bilməsində
sayca çox olmayan dissident qruplarının xidməti böyük idi.
Onlardan bəziləri Yekun aktının məzmununa bir qədər
dərindən bələd olandan sonra başa düşdülər ki, dissidentlərin mövqelərini
möhkəmlətmək üçün həmin sənəddən istifadə etmək olar. Helsinki hərəkatının
ilk təşkilatçılarından biri olan Yuri Orlovun qeyd etdiyi kimi «bu
razılaşmalar insan hüquqları məsələsini fərman olaraq «xoş arzular»
və «bizim daxili işimiz» sferasından çıxarıb konkret beynəlxalq
siyasət sferasına keçirmişdi; hərçənd əslində sovet rejimi bunu
qəbul, Qərb isə hələ ondan istifadə etmirdi». Çoxları Helsinki Aktına
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və SSRİ-nin ratifikasiya etdiyi
digər konvensiyalardan geriyə atılmış bir addım kimi baxırdı.
Bu hərəkatı SSRİ-nin öz daxilində həyata keçirmək
çox cəsarətli bir qərar idi. Lakin, çox güman ki, qərbli həmkarlar
Helsinki müqaviləsinin açdığı yeni imkanları layiqincə qiymətləndirmirdilər.
İlk vaxtlar on bir nəfərdən ibarət olan yeni qrupu, bir qədər də
ironik şəkildə «SSRİ-də Helsinki müqaviləsinin yerinə yetirilməsinə
ictimai yardım qrupu» (qısaldılmış şəkildə Moskva Helsinki qrupu)
adlandırdılar.
 |
1976-cı ilin mayın 12-də qrupun yaradılmasının təşəbbüskarları
Qərb mətbuatı üçün bəyanat verdilər. Qərb radio səsləri vasitəsilə
qrupun mövcudluğu haqda xəbər SSRİ-nin hər yerinə yayıldı. Onun
iştirakçılarına müraciət etməyə, informasiya verməyə başladılar.
İki həftədən bir qrupun informasiya bülleteni buraxılırdı və orada
Helsinki müqaviləsinin pozulmasıı ilə bağlı məlumatlar dərc olunurdu.
Həmin bülleten müqavilə iştirakçısı olan 35 ölkənin səfirliyinə,
həmçinin SSRİ hökumətinə göndərilirdi. 1977-ci il oktyabrın 4-də
ABTŞ-nın Belqrada keçirilən müşavirəsində SSRİ hökumətinə Helsinki
Aktının pozulması ilə bağlı ittihamlar irəli sürüldü; bu ittihamlar
Helsinki qruplarının təqdim etdikləri sənədlərə əsaslanırdı.
1976-77-ci illərdə payızın sonu və qışda Ukraynada,
Litvada, Gürcüstanda, Ermənistanda Moskva Helsinki qrupuna bənzər
Helsinki qrupları yaradıldı. Elə həmin qışda həbslər başladı. Birinin
üstünə dollar, digərinə pornoqrafiya, üçüncüsünə isə vintovka atmışdılar.
Mətbuatda yazırdılar ki, dissidentlər adamları satın alır, onları
yalan informasiyalar verməyə şirnikləndirirlər. Hətta 1977-ci il
yanvarın 8-də Moskva metrosunda baş vermiş partlayışı belə moskvalı
dissidentlərə bağlamaq istəyirdilər; xarici müxbirlərə belə informasiya
verir, müəssisələrdəki yığıncaqlarda bu cür məlumatlar yayırdılar.
Həmin vaxt MHQ bir yerə yığışıb terrorizmi açıq şəkildə pislədi.
Elə həmin vaxtlarda xaricdə də oxşar təşkilatlar meydana
çıxmağa başladı. Məsələn, Çexoslavakiyada «Xartiya 77», Polşada
«Fəhlələri Müdafiəsi Komitəsi (KOP)», ABŞ-da, Avropada təhlükəsizlik
və əməkdaşlıq üzrə parlament-hökumət komissiyası yaradılmışdı. Bütün
bunlara paralel olaraq, Qərb ölkələrində də Helsinki komitələrinin
yaradılmasına başlanılmışdı; icrası üçün mükəmməl olmasa da, müəyyən
nəzarət mexanizminə malik Helsinki müqaviləsinin təkcə SSRİ üçün
deyil, Avropanın qalan hissəsi üçün də əhəmiyyətli olduğunu nəhayət
ki, burada da anlamışdılar.
1982-ci ildə bir neçə Helsinki Komitəsi Citizens Helsinki
Vatch adlı beynəlxalq konfrans keçirdi. Həmin konfrans Beynəlxalq
Helsinki Federasiyasının əsasının qoyulmasına gətirib çıxardı; bu
təşkilatın köməyi ilə müstəqil Helsinki komitələri bir-birilə əlaqə
yarada, hüquq müdafiə hərəkatını möhkəmləndirə və beləliklə də bu
işi beynəlxalq səviyyədə qura bilərdilər. BHF-nin mənzil-qərargahı
Vyanada yerləşdi və bugünə qədər də oradadı. İlk əvvəl BHF-nın tərkibinə
Avstriya, Belçika, Kanada, Fransa, Hollandiya, Norveç, İsveç və
ABŞ Helsinki komitələri daxil idi.
Ən qəribəsi də bu idi ki, yuxarıda adı çəkilən konfransın
keçirilməsindən bir müddət əvvəl cəmi ikicə üzvü azadlıqda olan
MHQ özünun buraxıldığını elan etdi. Yalnız bir neçə ildən sonra,
yenidənqurma dövründə 1989-cu il iyulun 28-də bir sıra hüquq müdafiəçiləri
MHQ-ni bərpa etdilər.
1990-93-cü illərdə MHQ SSRİ-nin müxtəlif regionlarından
olan hüquq müdafiəçiləri üçün altı seminar keçirdi. Bu seminarlar
hüquq müdafiə hərəkatının iştirakçılarını onun tarixi, fəlsəfəsi,
problemləri və nailiyyətləri ilə tanış edərək bu hərəkatın irsiliyini
təmin etdi. Həmin seminarların və MHQ-nini digər konfranslarının
iştirakçılarından biri də 1993-cü ilin aprelində Azərbaycan Hüquq
Müdafiə Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edən bu sətirlərin
müəllifi olmuşdu. Qeyd etmək lazımdır ki, Azərbaycanda «Helsinki»
təşkilatı yaradılmasına bir neçə dəfə cəhd göstərilmişdi. Məsələn,
1990-cı ildə Azərbaycanın Helsinki Müqaviləsini Yerinə Yetirilməsinə
Yardım Qrupu yaradılmış və qeydiyyatdan keçmişdi. Ancaq qrupun sədri
«kommunist» parlamentində İnsan Hüquqları komissiyasına rəhbərlik
edirdi, bunun özü hər şeyi açıq göstərirdi. Praktikada isə qrup
hakimiyyət orqanlarını tənqid etməkdən çəkinirdi və bütün səylərini
Mütəllibov dövründə populyar olan H.Əliyevə qarşı cinayət işi açlıması
tələbinin təbliğinə yönəldirdi. H.Əliyev hakimiyyətə qayıtdıqdan
sonra həmin qrup, onun sədri haqqında uzun müddət heç nə eşidilmədi
və sonda Ədliyyə Nazirliyi bu qrupu «fəaliyyət göstərmədiyinə görə»
(hüquq müdafiəçilərinə qarşı ən ağır ittiham!) qeydiyyatdan mərhum
etdi. Bir qədər sonra Azərbaycan Helsinki Komitəsi yaradıldı və
2000-ci ilədək müəyyən fəallıq göstərdi.
Bizim AHMM BHM ilə 1990-cı ilin ortalarından əməkdaşlıq
edir, 2000-ci ildə məşvərətçi status almış, 2003-cü ilin noyabrından
isə bu Federasiyanın tam hüquqlu üzvü olmuşdur. BHF-nin illik hesabatlarının
hazırlanmasında, onun Baş Assambleyasının işində iştirak edirik.
Helsinki Hərəkatının başqa bir istiqamətini Beynəlxalq
Helsinki Vətəndaş Assambleyası təşkil edir. Qeyri-hökumət təşkilatlarının,
siyasi partiyaların və ayrı-ayrı fərdlərin bu koalisiyası həm Helsinki
prosesi, həm də Çexoslavakiyada baş verən «məxməri inqilab»ın təsiri
altında yaradılmışdır. Lakin BHF-nin 1992-ci iln yayından Azərbaycanda
Milli komitəsi olan BHVA ilə heç bir əlaqəsi yoxdur.
Azərbaycanın Avropa Şurasına daxil olması və Avropa
konvensiyalarını ratifikasiya etməsi baxımından Helsinki müqaviləsi
nəsə köhnə, arxaik bir şey görünməsinə baxmayaraq, o, hələ də siyasi
həyatın mühüm faktoru olaraq qalır. Məsələn, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı (ATƏT) Qarabağda sülhə riayət olunmasına
göz qoyur, münaqişə tərəfləri arasında danışıqlar təşkil edir, ədalətli
seçkilər keçirilməsi sahəsində hakimiyyətə tövsiyyələr verir və
s. BHF-nin ABŞ Milli komitəsi olan «Human Rights Watch»un nüfuzu
hamı tərəfindən qəbul edilmişdir.
Helsinki Yekun Aktının hərfləri, əlbəttə ki, artıq
solmuşdur, amma onu ruhu həm də sağdır, yaşayır!
|