| Vətəndaş
cəmiyyətinin şərtləri
Kölə təkcə yarınmağa çalışan yox, həm də bu yarınmanı
qəbul edəndir
|
Nəşrə başlayan gündən vətəndaş cəmiyyəti ideyasını
ağırlıq mərkəzi seçən jurnalımız bu sahə ilə bağlı nəzəri materiallara
üstünlük verir. Rusiya saytlarının birindən götürülmüş bu yazı da
həmin sıradandır. Daha çox ali məktəb tələbələri üçün nəzərdə tutulub,
lap dəqiq desək, referatdır. Biz onu elə “Referat” rubrikasında
da veririk. Zənnimizcə, hamı üçün maraqlıdır: bilməyənlər öyrənə,
bilənlər təkrarlaya bilər.
«Vətəndaş cəmiyyəti»” müasir politologiyanın başlıca
anlayşılarından biridir. Bu anlayışın nəzəri və praktik aspektlərinin
aktuallığı sıravi vətəndaşların və onların könüllü birliklərinin
rolunun bəşər cəmiyyətinin bütün sferalarında – iqtisadi, siyasi,
sosial, mənəvi həyatda açıq-aşkar artması ilə şərtlənib. Xoş məramlı
insanların yaratdığı ictimai təşkilat və hərəkatların beynəlxalq
gərginliyin yumşaldılmasında, təbii fəlakət və müsibətlərə, sosial
bədbəxtliklərə düçar olmuş xalqlara yardım göstərilməsində qazandığı
uğurlar yaxşı məlumdur. Bu uğurların əsasında vətəndaş cəmiyyətlərinin
inkişafı, vətəndaşların və onların könüllü birliklərinin yüksək
fəallığı durur.
Anlayışın genezisi
«Vətəndaş cəmiyyəti»” anlayışının siyasət elminin
özü qədər qədim olduğu deyilir: «apolitik»” vətəndaş cəmiyyətləri
ilə onların yaratdığı cəmiyyətin siyasi təşkili, o cümlədən dövlətlə
cəmiyyət arasındakı dialektik baxımdan ziddiyyətli vəhdəti parçalamaq
və ayrıca öyrənmək mümkün deyil. İki min ildən çoxdur ki, alimlər
vətəndaş cəmiyyətini nəzərdən keçirir, təhlil-təsvir edirlər. Buna
uyğun olaraq da «vətəndaş cəmiyyəti»” müxtəlif ümumbəşəri dəyərləri
özündə əks etdirərək getdikcə daha böyük məna çoxvariantlılığı qazanır.
Dövlətlə vətəndaş cəmiyyətini «ayırmaq» cəhdləri
Vətəndaş cəmiyyətini ayrıca müstəqil substansiya kimi
«qeyd» edən” ilk düşünürlər arasında adətən qədim yunan filosofu
Platonun (e. ə. 427- 347-ci illər) adını çəkirlər. Onun
insanlara anadangəlmə xas təbii sosial ehtiyaclar haqda, başlıca
nəcib keyfiyyətlər – müdriklik, kişilik və işıqlı emosional vəziyyət
barədə, ideal insan cəmiyyəti ilə bağlı mühakimələri, dövlət hakimiyyətini,
ardıcıl olmasa da, kəskin tənqid etməsi belə bir nəticəyə gəlməyə
imkan verir ki, cəmiyyətin mütəşəkkil dövlət şəbəkəsindən başqa
özgə həyati fəaliyyət formaları da mövcuddur. «Vətəndaş cəmiyyəti»”
anlayışı öz kökü etibarı ilə həm də Aristotelin polis ideyasına
(koinoia politike), Siseronun societas civilis və təbii hüquq ideyalarına
gedib çıxır. Politike üzvü olmaq vətəndaş – dövlətin üzvü, yəni
bununla da onun qanunlarına uyğun şəkildə və başqa vətəndaşlara
ziyan vurmadan yaşamağa və fəaliyyət göstərməyə borclu olmaq demək
idi.
 |
Aristotelə ( e.ə. 384-322-ci illər) görə, insan ictimai-siyasi
varlıq, dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur.
Bununla belə, Aristotel vətəndaşların həyatını cəmiyyətin, istehsal
qüvvələri və münasibətlərinin müəyyən inkişaf səviyyəsinə qədər
dövlət müdaxiləsi tələb olunmayan digər həyati fəaliyyət sferalarında
da – iqtisadi, nikah-ailə, mənəvi, əxlaqi, elmi, dini sahələrində
də təhlil edib. Buna görə də Aristotelin əsərlərində dövlət və vətəndaş
cəmiyyətinin müəyyən mənada bir-birindən ayrıldığını qeyd etmək
doğru olardı.
 |
Nikkolo Makiavelli (1469-1527) öz dövründən
çıxış edərək dövləti insan iradəsinin ən ali təzahürü, ona qulluq
etməyi isə həyatın mənası və xöşbəxtliyi hesab edirdi. Eyni zamanda
o belə güman edirdi ki, qorxu və zorakılığın köməyi ilə öz təbəələrini
idarə etmək imkanına və hüququna malik hökmdar onları qıcıqlandırmamaq
üçün bundan sui-istifadə etməyəcək, onların mülkiyyət və şəxsi hüquqlarını
pozmayacaq. Göründüyü kimi, burada söhbət insanın təbəəlik funksiyalarından
fərqli olan bir sferadan, mahiyyət etibarı ilə vətəndaş cəmiyyətinin
əlamətlərindən gedir. «Tita Liviyanın birinci dekadası» haqqında
düşüncələr” adlı əsərində Makiavelli dövlətin özünü ucaltmaq naminə
cəmiyyətin hər cür fəaliyyətini gücdən salmağa və heçə endirməyə
can atması barədə yazır. Burada dövlətin və vətəndaş cəmiyyətinin,
siyasi sfera ilə vətəndaş sferasının bir-birindən fərqləndirildiyi
artıq aydın görünür.
Makiavelli siyasətlə mənəviyyat arasındakı nisbət
barədəki fikirlərində dövlət və vətəndaş cəmiyyətini daha aydın
şəkildə bir-birindən ayırır. Ona görə, siyasi hakimiyyət və siyasi
fəaliyyət mənəviyyatsızdır, zira siyasi münasibətlərin təbiətinin
özü mənəviyyatsızdır.
Onun əmək, ailə, məhəbbət, insanların həyatına kobudcasına
müdaxilə tələb etməyən şəxsi tələbatların ödənilməsi kimi insan
cəmiyyətinin qeyri-dövlət və qeyri-siyasi həyati fəaliyyət sferaları
haqqında da fikirləri az deyil. Burada da mahiyyət etibarı ilə söhbət
vətəndaş cəmiyyətindən gedir.
Beləliklə, Platon, Aristotel, Makiavelli dövlət baxımından
mütəşəkkil cəmiyyətdə iqtisadi, siyasi, sosial və mənəvi münasibətlərin
mürəkkəb qovuşuğunda vətəndaş cəmiyyətinin mövcudluğunu sanki sezə
biliblər. Onlar, heç də həmişə dərk edilmiş şəkildə olmasa da, dövlətlə
vətəndaş cəmiyyətini bir-birindən kifayət qədər uğurla «ayırmağa»”
cəhd göstərmiş, öz müasirlərinə dövlətdən başqa nəsə müstəqil, öz
qanunları ilə yaşayan və heç də hər şeydə dövlətə tabe olmayan bir
şeyin, yəni vətəndaş cəmiyyətinin mövcud olduğunu çatdırmışlar.
Hobbs «dövlət» və «vətəndaş cəmiyyəti»” anlayışlarını
ayırırdı
Tomas Hobbs (1588-1679) «vətəndaş cəmiyyəti»”
anlayışından artıq birbaşa öz mənasında istifadə edir; hərçənd o
da bu məsələdə ardıcıl deyil: bəzi hallarda vətəndaş cəmiyyətini
sanki dövlətlə eyniləşdirir, bəzi hallarda isə onları bir-birindən
ayırır.
Hobbs bir tərəfdən deyir ki, dövlətin vətəndaş qanunları
və hüquqa bağlılığı yoxdur. O sanki vətəndaş cəmiyyətindən ayrı
bir şeydir. «Dövlətdən kənarda ehtiraslar, müharibə, qorxu, səfalət,
əclaflıq, yalqızlıq, barbarlıq, vəhşilik, cəhalət... hökmranlıq
edir»” – Hobbs «Vətəndaş haqqında”» adlı əsərində belə yazır. Digər
tərəfdən, o belə hesab edir ki, dövlət «vətəndaş cəmiyyəti”» anlayışı
vasitəsilə, İncildəki əjdaha Levifan kimi, hər şeyi özünə tabe edir.
Hobbsun bir sıra dövlət idarələrinin mükəmməl olmaması
və bəzi təlimlərin yanlışlığı barədə qeydləri də onun «dövlət»”
və «vətəndaş cəmiyyəti”» anlayşlarını bir-birindən ayırdığına dəlalət
edir.
Lokkun dövlətə münasibətdə vətəndaş cəmiyyəti primatı
Con Lokk (1632-1704) «vətəndaş cəmiyyəti»”
anlayışından aktiv istifadə edərək müəyyən mənada dövlətə münasibətdə
vətəndaş cəmiyyəti primatını elan edir. O, mülkiyyəti cəmiyyətin,
o cümlədən vətəndaş cəmiyyətinin əsası sayır.
Lokk siyasi hakimiyyəti mülkiyyəti nizamlamaq və qoruyub
saxlamaq üçün insanların qanun yaratmaq hüququ kimi şərh edir. Vətəndaşların
bir dövlətdə birləşməsinin başlıca məqsədi mülkiyyəti qoruyub saxlamaqdır.
Buna görə də dövlət heç də cəmiyyətin əbədi atributu deyil və vətəndaş
cəmiyyətinin müəyyən inkişaf mərhələsində, cəmiyyət üzvlərinin buna
ehtiyacı yarananda meydana çıxır.
Onun belə bir fikri bu gün də aktualdır ki, vətəndaş
cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından
istisna edilə bilməz. Bunu Lokk üç yüz il bundan əvvəl «Dövlət idarəçiliyi
haqqında» iki traktat” adlı əsərində yazıb.
İnsanların bir-birilə düşmənçilik cəmiyyəti
Şarl Lui Monteskyö (1689-1755) vətəndaş cəmiyyəti
haqqında çoxlu yeni fikirlər söyləyir. «Qanunların ruhu haqqında»”
adlı əsərində o, vətəndaş cəmiyyətini tarixi inkişafın nəticəsi,
ailənin, qəhrəmanlıq dövrünün təbii şəkildə yaranmasından sonrakı
tarixi pillə kimi nəzərdən keçirir.
Monteskyöyə görə, vətəndaş cəmiyyəti insanların bir-birilə
düşmənçilik cəmiyyətidir və o bu düşmənçiliyi aradan qaldırmaq və
neytrallaşdırmaq üçün dövlət şəklinə keçir. Dövlətçilik vətəndaş
cəmiyyətinə daxilən xas olsa da, onunla eyni şey deyil.
Monteskyö vətəndaş və dövlət qanunlarını, siyasi qanunları
bir-birindən fərqləndirir. Vətəndaş qanunları vətəndaş cəmiyyətinə
xas münasubətləri – mülkiyyət, vətəndaşların könüllü birlikləri
və s. münasibətləri reqlamentləşdirir. Dövlət qanunları isə başlıca
olaraq siyasi hüquqları və elə həmin vətəndaşların azadlıqlarını
nizamlayır.
Monteskyö vətəndaş cəmiyyəti və dövlət qanunlarının
dialektik vəhdətdə və ziddiyyətdə olduğunu göstərir və belə güman
edir ki, bu vəhdətin bir tərəfinin yoxa çıxması hökmən böyük ictimai
sarsıntılara gətirib çıxaracaq. O qeyd edir ki, vətəndaş cəmiyyəti
cəmiyyətin özbaşınalıqlardan və diktaturadan qorunmasının ən mühüm
qarantıdır.
Russonun ictimai müqaviləsi. Anlayışın formulə
edilməsi
Jan Jak Russo da (1712-1778) vətəndaş cəmiyyətini
dövlətə çevrilmiş cəmiyyət kimi göstərir və bunu ictimai müqavilənin
köməyilə dəqiqləşdirir. «İctimai müqavilə və yaxud siyasi hüquq
Prinsipləri”» adlı əsərində Russo xalq suverenliyini bəyan edir,
xalqın absolyutizmi devirmək hüququnu və demokratik şəkildə seçilmiş
hökumətin hakimiyyətdən uzaqlaşdırılmasını əsaslandırır. Bu əsərində
o, praktik olaraq vətəndaş cəmiyyəti anlayışını formulə edir və
eyni zamanda göstərir ki, siyasi orqanizmin mahiyyəti tabeliyin
və azadlığın razılaşdırılmasından ibarətdir.
Kantın üç prinsipi
Vətəndaş cəmiyyəti haqqında təsəvvürü Emmanuil
Kant (1724-1804) daha da dərinləşdirib. Onun vətəndaş cəmiyyətinin
mahiyyətilə bağlı şərhi daha dialektikdir. İnsan naturasının qılıqsızlıq,
təşəxxüs, birləşmə istəyi və eyni zamanda razılığa gəlmə cəhdi kimi
ziddiyyətli keyfiyyətlərini nəzərdən keçirərkən Kant bu nəticəyə
gəlir ki, hər bir insanın azadlığının digərlərinin azadlığı ilə
uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyətinin formalaşdırılmasıdır.
Kanta görə, vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə
əsaslanır: 1) cəmiyyət üzvünün bir insan kimi azadlığı; 2) bir təbəə
kimi onun digərlərilə bərabərliyi; 3) cəmiyyət üzvünün bir vətəndaş
kimi müstəqilliyi.
Vətəndaş cəmiyyəti və dövlət müstəqil institutlar
kimi
Georq Vilhelm Fridrix Hegel (1770-1831) vətəndaş
cəmiyyəti probleminin nəzərdən keçirilməsini prinsipial olaraq yeni
müddəalarla zənginləşdirir. Hegel bu nəticəyə gəlib ki, vətəndaş
cəmiyyəti öz-özlüyündə orta əsrlərdən yeni dövrə uzünmüddətli və
mürəkkəb tarixi keçid prosesində ailədən dövlətə doğru dialektik
irəliləyişin xüsusi bir stadiyasını əks etdirir.
Ona görə, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək
vasitəsilə başqalarının tələbalarına uyğunlaşdıran individiumlar
sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət,
maraqların birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal
umumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir.
Öz sələflərindən fərqli olaraq Hegel vətəndaş cəmiyyətini
və dövləti müstəqil institutlar kimi nəzərdən keçirir. Hegelə görə,
vətəndaş cəmiyyəti dövlətin daxilində deyil, onunla yanaşı mövcuddur.
Hegel belə hesab edir ki, vətəndaşların ümumi iradəsi
dövlətdə təmsil olunub. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı individlərin
xüsusi, özəl maraqlarının reallaşdırılması sferasıdır. O, dövlət
sferasına hökumət hakimiyyətini, administrasiyanı, vətəndaş cəmiyyəti
sferasına isə polis və xidmət hakimiyyətini aid edib. Əgər dövlət
qanunçuluğu qoruyub saxlamaq naminə, məsələn, polis funksiyalarını
öz silahlı qüvvələrinə tapşırmaqla və yaxud məhkəmə orqanlarının
işinə qarışmaqla vətəndaş cəmiyyəti hüdudlarına müdaxilə edirsə,
onda o sanki bu cəmiyyətə qarşı çıxmış olur”.
Hegelin belə bir bir mühakiməsi də aktualdır ki, həm
vətəndaş cəmiyyəti, həm dövlət öz ziddiyətli vəhdətində yalnız zümrələrin
çoxluğu, yəni cəmiyyətin inkişaf etmiş sosial strukturu əsasında
mövcud ola bilər. Həyat təsdiq edir ki, yoxsulluq, sosial strukturun
inkişafdan qalması və cəmiyyətdəki sosial təbəqələrin bir-birinə
qarışmasının sürətlənməsi diktator rejimlərin meydana gəlməsi üçün
qida mənbəyi olub.
Marksizm və vətəndaş cəmiyyəti
Karl Marks (1818-1883) da vətəndaş cəmiyyətinə
insanların maddi, iqtisadi həyat sferası, fərdlərin maddi münasibətlərinin
məcmusu kimi baxır, amma daha irəli gedir. Ümumdünya ruhunu, absolyut
ideyanı bütün inkişafın əsası, vətəndaş cəmiyyətini isə ruh-ideyanın
başqa bir varlıq forması hesab edən Hegeldən fərqli olaraq Marks
iddia edir ki, tarixi prosesin ilkin əsası və onun başlıca hərəkətverici
qüvvəsi məhz cəmiyyətin həyati fəaliyyətidir.
Marksın əsərlərində vətəndaş cəmiyyəti bilavasitə
istehsal və dövriyyədən inkişaf edərək yaranan ictimai təşkilat
kimi, istehsal qüvvələrinə uyğun gələn və dövlətin əsasını təşkil
edən iqtisadi, istehsal münasibətlərinin məcmusu kimi üzə çıxır.
Vətəndaş cəmiyyətinin dövlət orqanlarında təmsil olunmasının
«cəmiyyət – dövlət»” ziddiyyətini aradan qaldırdığını söyləyən Hegeldən
fərqli olaraq Marks iddia edir ki, bu təmsilçilik vətəndaş cəmiyyəti
ilə dövlət arasında açıq ziddiyyət deməkdir, çünki vətəndaş cəmiyyəti
özünə siyasi funksiyalar qazandırmaqla əslində özünü inkar edir,
özünüinkara keçir.
Marks həmçinin belə hesab edirdi ki, inqilabi dəyişikliklər,
xüsusən də hakim siniflərin əsas istehsal vasitələri üzərindəki
şəxsi mülkiyyətlərin aradan qaldırılması məhz vətəndaş cəmiyyətində
baş verir. Qeyri-antoqonist siniflər faktiki olaraq əsas istehsal
vasitələrinin sahiblərinə və həmsahiblərinə çevrilirlər və perspektivdə
bir sinfin digəri üzərində hökmranlığını qoruyub saxlamalı olan
dövlətin mövcudluğuna ehtiyac aradan qalxır.
Peynin radikal konsepsiyası
Ən radikal vətəndaş cəmiyyəti konsepsiyasını Amerika
inqilabının aparıcı ideoloqlarından biri, məşhur «İnsan hüquqları”»
pamfletinin həmmüəllifi Tomas Peyn irəli sürüb. Onun konsepsiyasının
mərkəzi mövzusunu dövlətə qarşı olan vətəndaş cəmiyyəti təşkil edir.
Peyn dövləti zəruri şər qüvvə hesab edir: o nə qədər az olarsa,
cəmiyyət üçün də o qədər yaxşıdır. Buna görə də dövlətin hakmiyyəti
vətəndaş cəmiyyətinin xeyrinə məhdudlaşdırılmalıdır, çünki hər bir
fərdə daxilən cəmiyyətə yaxınlıq xasdır. Vətəndaş cəmiyyəti nə qədər
mükəmməl olarsa, o öz işlərini o qədər çox dərəcədə nizamlaya bilir
və o qədər az dərəcədə hökumətə ehtiyac duyur.
Peyn buna əmin idi ki, dövlət hakimiyyətinin minimuma
qədər ixtisar edilməsi milli baxımdan müstəqil və dinc qarşılıqlı
fəaliyyətdə olan vətəndaş cəmiyyətlərinin beynəlxalq konfederasiyasının
yaradılmasını mümkün edər. Bu halda milli suveren dövlət sanki ümumdünya
sülhündən, sivilizasiyasından və ticarətindən”, vətəndaş cəmiyyətindən
ibarət olardı.
Vətəndaş cəmiyyəti haqda müasir təsəvvürlər
Vətəndaş cəmiyyəti anlayışının genezisi barədə nəzərdən
keçirilənlərdən çıxış edərək və müasir sosial-siyasi reallıqları
nəzərə alaraq bu mürəkkəb çoxplanlı hadisənin tərifini verməyə çalışaq.
Vətəndaş cəmiyyəti, əvvələn, əmək vasitəsilə öz fərdlərinin
tələbatlarını təmin edən və müəyyən inkişaf mərhələsində olan insan
birliyi formasıdır. İkincisi, vətəndaş cəmiyyəti individlərin könüllü
formalaşmış ilkin birlikləri (dövlət və siyasi strukturlardan başqa
ailə, kooperasiyalar, peşə, yaradıcılıq, idman, etnik, konfessional,
dini və s. birlikləri) kompleksidir.
Üçüncüsü, o, cəmiyyətdə qeyri-dövlət münasibətlərinin
məcmusudur (iqtisadi, sosial, ailə, milli, mənəvi, əxlaqi dini və
s. insanların istehsal və özəl həyatı, onların adətləri, ənənələri,
xasiyyətləridir).
Nəhayət, vətəndaş cəmiyyəti, dövlət hakmiyyəti tərəfdən
fəaliyyətlərinə birbaşa müdaxiləyə və bu fəaliyyətlərin özbaşına
reqlamentləşdirilməsinə qanunla yol verilməyən azad individlərin
və onların birliklərinin özünütəzahür sferasıdır. Vətəndaş cəmiyyətinin
bütün bu elementləri bir-birinə sıx inteqrasiya olunub, bir-birindən
asılı vəziyyətdədir və bir-birilə şərtlənmişdir.
Vətəndaş cəmiyyəti dövlətlə dialektik vəhdətdə mövcuddur
və dialektik vəhdətdə fəaliyyət göstərir. Demokratik rejimlərdə
o, dövlətə çox yaxındır və onunla qarşılıqlı fəaliyyətdədir, avtoritar
və totalitar rejimlərdə isə rejimə qarşı passiv və ya aktiv müxalifətdə
olur. Dövlət vətəndaş cəmiyyətinin həyati fəaliyyətini xeyli məhdudlaşdıra
bilər, amma onu tamamilə dağıda, «ləğv» edə” bilməz, çünki o, dövlətə
münasibətdə ilkindir, onun bünövrəsini təşkil edir. Öz növbəsində
vətəndaş cəmiyyəti də dövlətin funksiyalarını əhəmiyyətli dərəcədə
məhdudlaşdıra bilər, amma onu əvəzləməyə, xüsusilə də cəmiyyətin
indiki inkişaf mərhələsində onu ləğv etməyə qabil deyil.
Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf
edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən
əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə
fəaliyyət göstərir və inkişaf edir.
Belə bir şəraiti, dövlət vasitəsilə və ya onun əksinə
olaraq xeyli dərəcədə cəmiyyətin özü yaradır. Dövlət vasitəsilə
dedikdə lazımi qanunların yaradılması, demokratik strukturların
formalaşdırılması, dövlətin hamılıqla qəbul olunmuş norma və prosedurlara
ciddi riayət etməsi nəzərdə tutulur. Dövlətin əksinə dedikdə isə
müstəqil ictimai təşkilatlar, kütləvi demokratik ictimai hərəkatlar,
kütləvi informasiya vasitələri timsalında konstitusiya çərçivəsində
dövlətə qarşı balanslaşdırıcı güc mərkəzinin yaradılması nəzərdə
tutulur.
Vətəndaş cəmiyyətinin həyati fəaliyyətinin başlıca
şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə bir mülkiyyətə
yiyələnməkdə iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə
bilmək və onun barəsində sərəncam vermək hüququna malik olmasıdır.
Mülkiyyət sahibi olmaq vətəndaş cəmiyyətində şəxsiyyət azadlığının
əsas, təməl şərtidir.
Vətəndaş cəmiyyətinin uğurlu fəaliyyətinin daha bir
mühüm şərti cəmiyyətdə müxtəlif qrupların və təbəqələrin mənafelərini
bütün zənginliyi və çoxcəhətliliyilə əks etdirən inkişaf etmiş,
çoxcəhətli sosial strukturun mövcud olmasıdır. Sosial strukturun
dağınıqlığı şəraitində individ dövlətdən birbaşa asılı olur ki,
bu da onun öz şəxsi hüquq və azadlıqlarını reallaşdırmaq imkanını
xeyli məhdudlaşdırır.
Vətəndaş cəmiyyətinin fəaliyyətinin növbəti
şərti şəxsiyyətin sosial, intellektual və psixoloji inkişafının,
daxili azadlığının və bu və ya digər vətəndaş cəmiyyəti institutuna
qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır.
Bu şərt cəmiyyətin uzun müddətli tədrici və inqilabi inkişafı nəticəsində
ödənilir və reallaşır. Yaxşı imkişaf etmiş cəmiyyət strukturunu
qısa müddət ərzində yaratmaq olmaz, bu obyektiv bir prosesdir. Qısamüddətli
bir kampaniya vasitəsilə hər kəsin canındakı kölə psixologiyasını
kökündən bir anda qoparıb atmaq mümkün iş deyil – kölə təkcə yarınmağa
çalışan yox, həm də bu yarınmanı qəbul edəndir.
|