|
Birliklər və çəkişmələr
Və birlikdə çəkişmələr
|
 |
| Ənnağı Hacıbəyli
Azərbaycan Hüquqçular Assosiasiyası |
Qeyri-hökumət təşkilatları ən yeni tariximizin realıqlarındandır.
Ancaq onları cəmiyyətin geniş təbəqələri indi-indi tanımağa başlayıb.
Üçüncü sektorun gücünü bilən mütəxəssislər və siyasətçilər son illərin
siyasi mübarizə arenasına bu qüvvələri də dartmağa çalışdıqlarından
(onların bir çoxunun dəvətnaməyə ehtiyacı yoxdur) QHT-lərin həm
parçalanması və pərakəndəliyi, həm də birləşdirilməsi istiqamətində
səylər getdikcə güclənir. Hər bir halda səmimi məqsədlər defisiti
göz qabağındadır.
«QHT-lər müstəqil fəaliyyət göstərməlidirlər, güclü
fəaliyyət birgə fəaliyyətdir, böyük problemlərin həlli ancaq koordinasiya
şəraitində mümkündür və s.» birləşmələr və ayrılmaların motivlərinin
kiçik bir hissəsidir. Məsələnin kökü isə daha dərindədir.
Kolxoza doğru?
İnkişaf etmiş və etməmiş ölkələrin hamısında QHT-lər
birləşirlər. Beynəlxalq Qeyri-Kommersiya Hüquq Mərkəzinin hazırladığı
və çeşidli ölkələrin təcrübəsini əks etdirən təlimatda göstərilir:
«Çətir» təşkilatları – qeyri-kommersiya təşkilatları qrupunu fəaliyyət
istiqamətləri və ya coğrafiyası, bölmələr, problemlər (məsələn,
vəsait toplanması) üzrə birləşdirən, üzvlüyə əsaslanan qeyri-kommersiya
təşkilatlarıdır.
Deməli, birləşmə üçün ya ümumi fəaliyyət istiqaməti,
ya müəyyən ərazidə birgə fəaliyyət zərurəti, ya da ümumi problemin
birgə həlli gərək olmalıdır.
Azərbaycan qanunvericiliyində QHT-lərin birləşməsi
qaydaları, formaları, məqsədləri və s. barədə normalar yox dərəcəsindədir.
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında»
Qanunda bu barədə heç nə deyilmir. Mülki Məcəllənin 117-ci maddəsində
nəzərdə tutulan normalar da bu problemlərin həlli deyil və yeni
problemlər yaradır. 117.2-ci maddədə göstərilir ki, «qeyri-kommersiya
təşkilatları özlərinin fəaliyyətlərinin əlaqələndirilməsi, habelə
ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar
yarada bilərlər». Bu maddənin yaratdığı anlaşılmazlıqları kənara
qoyub onun cızdığı qəliblərə Azərbaycanda fəaliyyət göstərən QHT
birliklərini yerləşdirmək istəsək, heç nəyə nail ola bilməyəcəyik.
Çünki ittifaqların xüsusiyyətləri – təsisçilərin ittifaqa verdiyi
əmlak və onun üzərində mülkiyyət hüququnun özəllikləri, ittifaq
və iştirakçıların məsuliyyəti, ittifaqın idarəçilik qaydası, məqsəd
ümumiliyi, birgə fəaliyyət istiqamətləri və s. bu birliklərin real
görüntüləri ilə, yumşaq desəm, üst-üstə düşmür. MM-in 117.6-cı maddəsində
göstərilən qaydaya – «ittifaqın adında onun iştirakçılarının fəaliyyətinin
əsas predmeti göstərilməlidir» qaydasına, tutaq ki, yüzlərlə üzvü
olan və təxminən bir bu qədər də fəaliyyət predmeti olan QHT Forumu
və ya onun mini əks-variantı olmuş QHT Konqresi (bu ittifaqdan çoxdandır
səs çıxmır) necə əməl edəcək?
Hansısa bölgə QHT-lərinin koordinasiya şurasını, pulsuz
hüquq xidməti göstərən QHT-lərin, yaxud ədalətli seçkilər uğrunda
koalisiyaların və s. yaradılması normal hal sayıla bilər. Ancaq
300-500 ən müxtəlif təşkilatları birləşdirən QHT-lərin – Forum,
Konqres və s. yaradılması heç bir normal məntiqə sığmır. Hamını
bir yorğanın altına yığmaq cəhdlərinin dünya təcrübəsində ancaq
bir analoqu var – elliklə kollektivləşdirmə. Onun isə axırı bəllidir.
QHT kolxoz və sovxozlarının da bu kontekstdə perspektivini proqnozlaşdırmaq
yəqin ki, çətin deyil.
Kollektivləşmə nədən doğmuşdu?
Birincisi, QHT-ləri nəzarətdə saxlamaq və yeri gələndə
onlardan siyasi məqsədlər üçün istifadə etmək istəyindən. Bu yöndə
cəhdlər həm dövlət, həm də müxalifət tərəfdən var, olub və olacaq.
Çünki bu qüvvələrin özünün inkişaf etməyə və mədəniləşməyə ciddi
ehtiyacı var. QHT-lərin mahiyyətini və faydasını dərk etmək o qədər
də sadə iş deyil. Üstəlik, buna siyasi iradə ilə yanaşı, həm də
açıq cəmiyyət dəyərlərini mənimsəmək və onların səviyyəsində dayanmaq
gərəkdir.
İkincisi, inkişaf və yaşayış uğrunda mübarizədən.
Yeni yaranmış QHT-lərin təcrübə toplamaq, xüsusilə fondreyzinq problemlərini
həll etmək istəklərinin cənnət vədləri verən işbazlar və boşboğazların
arzuları ilə üst-üstə düşməsi konsolidasiyanı sürətləndirən amillərdəndir.
Nəticədə əksəriyyətinin heç bir ümumi məqsədi və fəaliyyət istiqamətləri
olmayan təşkilatlar birləşərək QHT hərəkatına önəmli heç nə verə
bilməmiş nəhəng kolxozlar yaradırlar. Belə «sağlam» ideallarla birləşənlərin
bir çoxu artıq separatizm, boşanma, daxili didişmə və başqa xəstəliklərə
düçar olublar.
Üçüncüsü, gələcək uğurlu karyera üçün tramplin yaratmaq
və ya ondan yararlanmaq arzusundan. Hər halda demək olar ki, heç
kimin əbədi müxalifətdə və ya periferiyada küllənmək fikri yoxdur.
Xidmət mükafatlandırma tələb edir.
Dördüncüsü, qeydiyyat probleminin həlli yollarının
axtarışından. Bir çox QHT-lər kollektivləşməyə razılıq verərkən
gizlətmirdilər ki, onlar bu yolla Ədliyyə Nazirliyinə lağım ata
biləcəklər. Ancaq bu illüziya da dağıldı.
Donor problemi, donorun problemi
Bu çoxşaxəli münasibətlərin tematik kontekstdə ancaq
bir cəhəti maraqlıdır: donorlarla QHT-lər arasında ilişgilər konsolidasiyaya,
yoxsa konfrontasiyaya meyllənir? İkinci meyl, təbii ki, arzuolunmazdır,
ancaq onun olmadığını iddia etmək də mümkünsüzdür.
Azərbaycanda fəaliyyət göstərən azsaylı donor təşkilatların
fəaliyyəti şəffaf deyil, onların düşünülmüş, cəmiyyət qarşısında
duran problemlərin çözümünə yönəldilmiş, bu problemlərin optimal
həllini nəzərdə tutan, uzlaşdırılmış fəaliyyət proqramları yoxdur
və ya bu proqramlar formal xarakter daşıyır. Bir sözlə, donorların
özünün koordinasiya problemi yetərincə kəskindir.
İkincisi, doğma büdcənin QHT-lər üçün qapalı olması
yad pul paylayanlara möhtaclığı daha da gücləndirir və QHT-lər kor-koranə
bu donorlar ətrafında «birləşirlər». Qrant ala bilənlər birləşir,
ala bilməyənlər isə ya ümidlə yaşayır, ya yarımcanlıya çevrilir,
ya da «korrupsiyaçı qrant paylayanlara» qarşı konsolidasiya yolları
arayırlar. Bu isə artıq daha bir konfrontasiyanın başlanması deməkdir.
Belə şəraitdə QHT-lərə müttəfiq kimi deyil, rəqib, hətta düşmən
kimi baxan yarımdemokratik, yarımavtoritar dövlətin zəif üçüncü
sektor arzuları gerçəkləşir. Açıq cəmiyyət ideyası dövlət üçün kabusa,
cəmiyyət üçün arzuya çevrilir.
ABŞ səfirliyinin kiçik qrantlar proqramından (buraya
ölkədə fəaliyyət göstərən istənilən donor təşkilatını əlavə etmək
olar-red.) Azərbaycan QHT-lərinə verilən cındırı çıxmış cavabları
biz özümüz üçün təhqir saya bilərik, ancaq gərək ABŞ səfirliyi ilə
yanaşı Azərbaycan dövləti də bunun təhqiramiz olduğunu başa düşsün
və bundan nəticə çıxarsın. Özünü saymayanın sayılması mümkün olan
iş deyil.
Üçüncüsü, donorların müəyyən məqsədlərlə (heç kim
milyardları məqsədsiz xərcləmir) koalisiyaları dəstəkləməsi belə
dəstəkdən məhrum olan başqa qrup QHT-lərin konsolidasiyasını və
ya koordinasiyasını, əslində, istisna edir. Nəticədə açıq cəmiyyət
ideyasının özü ziyan çəkir, ona inam azalır, əks meyllər meydana
çıxır. Donorlar açıq cəmiyyət institutlarının maliyyələşdirilməsinə
kimlərəsə pul paylamaq kimi yox, sözün əsl mənasında qrant siyasəti
(imkan daxilində siyasətsiz!), gerçəkdən faydalı fəaliyyətin dəstəklənməsi
kimi baxmalıdırlar.
Pərakəndəlik və uzlaşdırılmamış fəaliyyətin faydalı
iş əmsalı yüksək ola bilməz. Bu, bir həqiqətdir. Ancaq birləşmə
daxildən gəlməli, zəruri tələbatın nəticəsi olmalı, fəaliyyətin
diqtəsindən yaranmalıdır. Donorların bu prosesə dəstəyi vacibdir,
lakin bu dəstək süni proseslər yaradılması və ya ona kənardan məcburi
müdaxilə kimi gerçəkləşməməlidir. Təbii cazibədən kənarda birlik
yoxdur, o qondarmadır, hansısa müvəqqəti istəkdən və ya məcburiyyətdən
yaranır və tez də dağılıb gedir. Təbii proseslərin sezilməsi, dəstəklənməsi
və şirnikləndirilməsi gərəkdir. Bu isə donorlardan daha səviyyəli
münasibət və keyfiyyətli iş tələb edir.
Donorların işində axsayan cəhətlərdən biri məhz maliyyələşdirilmiş
layihələrin icrasının monitorinqinə barmaqarası münasibətdir. Səviyyəli,
hərtərəfli, professional monitorinqin aparılmaması gələcəkdə resipiyentlərin
seçilməsi imkanlarını məhdudlaşdırır, yaxşı ilə pisə qiymət qoyulmasını
çətinləşdirir, vəsaitlərin səmərəli istifadəsinə imkan vermir.
Donorların mühasibatlıqları bilərəkdən və ya bilməyərəkdən
ciddi nəzarətdən kənarda qalır. Bundan istifadə edən «maliyyəçilər»
pul köçürülməsini gözləyən QHT-ləri iki sorta – «hörmətcil» və «xəsis»
təşkilatlara bölür, birincilərin köçürmələrinə növbəsiz yaşıl işıq
yandırırlar. Rəhbərliyin belə nəzarətsizliyi şübhələr və şaiyələrin
baş alıb getməsinə rəvac verir.
Dövlət nəyi anlamalıdır
QHT-lərin yaradılması, qeydiyyatı və fəaliyyəti qaydalarını
nizamlayan qanunvericilik bazasının təkmilləşdirilməsinə ciddi ehtiyac
var. Dövlət anlamalıdır ki, üçüncü sektorun inkişafının qarşısını
almaq mümkünsüzdür və onunla ən ağıllı rəftar əlverişli QHT mühitinin
yaradılmasıdır. Qeydiyyatçı orqana qarşı toplanmış qəzəb partlayışından
təkcə Ədliyyə Nazirliyi zərər çəkməyəcək. QHT-ləri maddi çətinliklər
içərisində boğmaqdansa, onların və cəmiyyətin problemlərinin həllinin
dövlət proqramını hazırlamaq və həyata keçirmək lazımdır. Bu hamının,
ilk növbədə dövlətin xeyirinədir. Zorla rəqib yaratmaqdansa dostların
sayını artırmaq daha ağıllı variant deyilmi?
Hökumət bir iş görmək istəsə, bu barədə daha geniş
danışmaq olar. Hələlik bundan artıq nəsə deməyə söz yoxdur.
|