| ENDRYU
KARNEGİ
Biznesin müqəddəsi sərvətinin 90 faizini xeyriyyəçiliyə
qoymuşdu
|
Artıq 103 ildir ki, dünyada Karnegi İnstitutu fəaliyyət
göstərir. Yaradıcısının adı dünya biznes və xeyriyyəçilik tarixində
ən əhəmiyyətli yerlərdən birini tutan institutun əsası 1902-ci il
yanvarın 28-də Vaşinqtonda qoyulub. Endryu Karnegi yalnız iri sənayeçi
və məşhur filantrop deyil, həm də maliyyə uğuru qazanmış insanların
sosial məsuliyyəti barədə konsepsiyanın yaradıcısı idi.
Onun arzusu meritokratiyanın - baş rolu öz istedad
və enerjisinin sayəsində böyük uğurlar qazana bilmiş ləyaqətli fərdlərin
oynayacağı cəmiyyətin qurulması idi. Çünki özü ali cəmiyyətdə kimsənin
köməyi olmadan, fərdi qabiliyyəti hesabına yer tuta bilmişdi.
Şotlandiyadan ABŞ-a mühacirət etmiş fəhlə ailəsində
dünyaya göz açan Karneginin biznesin zirvələrinə yolu 1848-ci ildə
həftədə 1 dollar 25 sent qazancla başlamışdı. 13 yaşlı oğlan Pitsburqdakı
pambıq fabrikində məhz bu qədər məvacib alırdı. 14 yaşında Endryu
teleqrafçı, daha 3 il sonra isə Pensilvaniya dəmiryol idarəsinin
rəisi Tomas Skottun şəxsi katibi olur. 1859-cu ildə 24 yaşlı Endryu
artıq Tomas Skottun yerini tutur və sərmayəçilik planlarını reallaşdırmağa
başlayır.
Dəmiryol vaqonları kompaniyasına onun qoyduğu ilk
sərmayə Karnegiyə 5 min dollar qazanc gətirir. Daha bir neçə sərmayədən
sonra isə o vaxtlar üçün çox nəhəng pul - ildə 42 min dollar qazanır.
Karneginin bioqrafiyasında növbəti şərəfli səhifə
poladtökmə zavodları ilə bağlıdır. Dünya iqtisadiyyatının polada
olan ehtiyacı ildən ilə durmadan artacağını proqnozlaşdıran 35 yaşlı
Karnegi 1873-cü ildə özünün poladəritmə biznesini – «Edqar Tomson
Vorks» şirkətini yaradır.
Karnegi çox qabiliyyətli idarəçi idi. O, kömür və
filiz mədənləri, habelə poladı daşımaq üçün dəmir yolu və dəniz
kompaniyalarını alaraq ilk dəfə «istehsalın şaquli inteqrasiyası»
prinsipini reallaşdırdı. Müəssisələrində polad istehsalının ən yeni
üsulları tətbiq olunurdu, elə Marten sobaları da ilk dəfə onun zavodlarında
tətbiq edilməyə başlamışdı.
1889-cu ildə Karnegi holdinqini ABŞ-ın polad istehsalı
bazarında ən böyük kompaniya olan «Karnegi stil»də birləşdirdi.
XX əsrin başlanğıcında «Karnegi stil»in təmiz illik gəliri 40 milyon
dollara bərabərdi. Bu gəlirdə Karneginin şəxsi payı isə ildə 25
milyon dollar idi.
Bu qədər sərvəti olanlar özlərinə heç bir əziyyət
vermədən illik gəlir, yaxud renta hesabına sakitcə dolanırdılar.
Karnegi də bu cür etsəydi, başqaları kimi onun da adı gəlib bu günə
çatmazdı. 33 yaşı olanda öz həyatının məqsədini bu cür xarakterizə
edir - normal yaşamaq üçün bəs edəcək pulu xərcləmək, yerdə qalan
hamısını isə xeyriyyəçiliyə sərf etmək. Filantropluq deyəndə isə
o, pulu, sadəcə, yoxsullara paylamağı yox, inkişaf üçün şəraiti
olmayan istedadlı şəxslərin inkişafına imkan yaratmağı nəzərdə tuturdu.
Bu fikirlərini o, işgüzar dairələrdə çox soyuq, hətta düşmənçiliklə
qarşılanan «Rifahın İncili» əsərində təsvir etmişdi.
1901-ci ildə hamını təəccübləndirərək Karnegi öz imperiyasının ən
gəlirli hissəsini – «Karnegi stil»i 450 milyon dollara satdı və
dünyanın ən zəngin adamına çevrildi. Pulları isə xeyriyyəçiliyə
sərf etməyə başladı.
Endryu Karneginin yaratdığı bütün xeyriyyə fondları,
muzey və qalereyaların adlarını sayıb-qurtarmaq çətindir. O bu işlərə
sərvətinin düz 90 faizini sərf etdi. Maarifçiliyə qoyduğu pul da
çox böyükdür. ABŞ, Böyük Britaniya və Avstraliyada Karneginin vəsaiti
ilə 2509 kütləvi kitabxana yaradıldı. Hazırda amerikalıların 40
faizi biliklərini Karneginin kitabxanalarında zənginləşdirirlər,
onun özü isə «kitabxanaların müqəddəs qəyyumu» titulu daşıyır.
Məmməd Süleymanov
|