|
SALAM DƏYƏRLI OXUCU!
Cəmi onca yaşı olan müstəqil Azərbaycan dövləti min
ilin əli əsalı qocasıtək qırıq addımlarla, heç bir yerə tələsmirmiş
kimi yavaş-yavaş bir siyasi-iqtisadi sistemdən digərinə keçid etməkdədir.
Xalqımız yüz il əwəlki tək, yenə özünün tam və dönməz müstəqilliyi,
ərazi bütövlüyü, qüdrətli dövlət, azad və ədalətli cəmiyyət həvəsi
ilə yaşamaqdadır. İnsanlarımız hamının bərabər hüquqla yaşadığı,
qanunun hər şeydən və hər kəsdən yüksək tutulduğu, sərbəst hərəkət
edildiyi, fikrin azad söylənildiyi, özlərinin və dövlətin taleyini
özlərinin seçdikləri adamların formalaşdırdığı hakimiyyətə etibar
etdikləri, xoşbəxt rifaha çatmalarına heç bir maneə və təhlükə olmayan
bir cəmiyyətdə yaşamaq istəyirlər. Bu istək və arzu heç də xəyal
deyil. Bu prinsip və vərdişlər artıq çoxdan bir çox xalqların adi
yaşayış tərzinə çevrilib. Biz də dünyanın bu gözəl «yerində» yaşamaq
istəyirik. Bizim buna haqqımız var. Layiq olduğumuzu sübut etmək
isə özümüzdən asılıdır.
Demokratik cəmiyyət azad vətəndaşların sərbəst yaratdıqları
çoxsaylı birliklər və rəngarəng təşkilatlar sayəsində mümkündür.
Vətəndaş cəmiyyəti insanların öz təşəbbüslərini sərbəst və maneəsiz
reallaşdıra bildiyi ictimai-siyasi məkandır.
Bu gün Azərbaycanda demokratik dövlət, vətəndaş cəmiyyəti
və bu kimi söz və terminlərin tərifini çoxları bilir. Biz son illər
sivil cəmiyyətlərin bəşəriyyətə bəxş etdiyi çox sayda azadlıq nümunələri,
humanist prinsiplərlə tanış olmuşuq. İndi bizim bu prinsiplərə vərdiş
etməmiz, onu həyat tərzimizə çevirməmiz gərəkdir. Biz inanırıq ki,
insanlarımız hamı tərəfindən qəbul edilən bu bəşəri prinsipləri
milli ənənələr süzgəcindən keçirərək öz həyat normasına çevirmək
iqtidarındadırlar.
Dəyərli və diqqətli oxucu!
«Üçüncü sektor»u indiyədək «İnam» Plüralizm Mərkəzinin
nəşr etdiyi «Qeyri-Hökumət Təşkilatları» informasiya bülleteninin
varisi də hesab etmək olar. 1998-ci ildən 8 sayı nəşr olunan bülleten
artıq öz yerini yeni ad, forma və məzmunla nəşr olunan müstəqil
«Üçüncü sektor» jurnalına verib.
Biz bu jurnalı azadlığı və hüquq bərabərliyini təkcə
özünə deyil, həm də başqalarına rəva bilən insanlar üçün dərc edirik.
| |
Sayğılarla, |
| |
Vahid Qazi,
Baş redaktor |
|