logo
Center for Pluralism "INAM"
 
 
English
Azeri Fonts
Ana Səhifə
   
"İNAM" PM
Haqqında
   
PM Şəbəkə
   
Tərcümələr
   
Nəşrlər
   
Seminarlar
   
Foto
Albom
   
e-mail

“İnam” Plüralizm Mərkəzi

AZƏRBAYCANDA DEMOKRATİYANIN
MÖVCUD DURUMUNA DAİR

HESABAT

Bakı, Azərbaycan
Fevral 2009

I. İNSAN HÜQUQLARI

1. İnsan hüquqlarının təmin olunmasının konstitusion əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 48 maddəsi (24-71 maddələr) əsas insan və vətəndaş hüquqları və azadlıqlarına aiddir. Bu maddələrdə əks olunan hüquqların 15-i şəxsi (mülki), 4-ü siyasi hüquqlar, 6-sı azadlıqlar, 12-si sosial-iqtisadi hüquqlar və 3-ü mədəni hüquqlara dairdir.

1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiya aktı qəbul edilənədək Azərbaycan Respublikası artıq bir sıra beynəlxalq normalara, o cümlədən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt və Uşaq Hüquqları Konvensiyasına tərəfdar çıxmışdır. Konstitusiya İnsan Hüquqlarının Ümumi Bəyənnaməsi və hər iki Paktda əks olunan hüquq və azadlıqları özündə əks etdirmişdir. Konstitusiyanın 12-ci maddəsində “insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi” elan edilib.

Konstitusiyanın qəbulundan sonra ölkənin insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara tərəfdar çıxma prosesi davam olunub. Nəticədə Azərbaycan Respublikası BMT-nin nəzarət mexanizmləri olan 7 dövlətlərarası razılaşmasının (Paktlara, onlara əlavə olunan fakultativ protokollara və konvensiyalara) hamısına tərəfdar çıxıb, Beynəlxalq Əmək Təşkilatının 50-dən artıq Konvensiyasını, o cümlədən 8 əsas konvensiyanın hamısını ratifikasiya edib. 2009-cu ilin əvvəlində Azərbaycan parlamenti daha bir mühüm sənədi – BMT-nin İşgəncələr Əleyhinə Konvensiyasının qeyri-məcburi protokolunu ratifikasiya etmişdir.
Azərbaycan 2001-ci ildə  Avropa Şurasına  üzv qəbul olunmaqla ölkənin insan hüquq və azadlıqlarının təmin edilməsi üçün daha ciddi və konkret mexanizmlərə malik olan beynəlxalq normalara tərəfdar çıxmasını nümayiş etdirdi. Ölkə İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasına və ona əlavə olunan protokollara, Avropa Sosial Xartiyasının 30 maddəsindən 18-nə, həmçinin İşgəncələrin Qarşısının Alınmasına dair Avropa Konvensiyasına və digər Avropa Normalarına tərəfdar çıxdı.
Avropa Konvensiyasında əks olunmuş hüquq və azadlıqların effektiv tətbiqi məqsədi ilə Azərbaycan parlamenti 2002-ci ilin dekabrında “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”nu qəbul etmişdir.

2. İnsan hüquqlarının ümumi vəziyyəti
İnsan hüquq və azadlıqlarına qlobal təzyiqlərin davam etməsi, Rusiyada insan hüquq və azadlıqlarının ardıcıl və sistematik şəkildə məhdudlaşdırılması Azərbaycana da mənfi təsirini göstərmişdir. Bu cür nümunələrin burada da tam, yaxud qismən tətbiqi müşahidə olunmaqdadır. Siyasi partiyalarda, ictimai birliklərdə və həmkarlar ittifaqlarında birləşmə hüququna ciddi maneələr olmasa da belə təşkilatların hüquqi şəxs statusu almaq və dövlət reyestrində qeydiyyatdan keçmələri ənənəvi əngəllərlə üzləşmişdir. Baxmayaraq ki, son illərdə qeydiyyat rejimi həm praktikada, həm də qanunvericilikdə xeyli sadələşdirilmişdir.

Toplaşma azadlığının təmin olunması üçün mühüm addım atılmış, beynəlxalq təsisatlarla əməkdaşlıq şəraitində “Sərbəst toplaşma azadlığı haqqında” qanun ciddi şəkildə müsbət istiqamətdə dəyişdirilmiş və yenilənmişdir.  Bununla belə praktikada toplaşma azadlığına olan ənənəvi maneələr daha da sərtləşmişdir. 2008-ci il ərzində siyasi qüvvələr və ictimai birliklər tərəfindən hökumətlə  razılaşdırılmış etiraz aksiyalarının keçirilməsi qeydə alınmamışdır.

2008-ci il həmçinin mühüm siyasi hadisə olan Prezident seçkiləri ili olmuşdur. Beynəlxalq və yerli müşahidəçilər ötən il keçirilən seçkilərin əvvəlkilərə nisbətən daha ədalətli və azad olması barədə qənaətlər irəli sürsələr də qeyd olunmuşdur ki, siyasi müxalifətə qarşı davamlı təzyiq nəticəsində ölkədə qüvvələr nisbəti hakimiyyətin xeyrinə köklü surətdə dəyişmiş və siyasi qüvvələr arasında ciddi disproporsiya yaranmışdır. Zəif müxalifət rəqabət qabiliyyətini itirmiş və seçkiləri boykot etməklə siyasi simalarını qorumaq məcburiyyətində qalmışlar. Bu baxımdan seçkilər əsas namizədlə digər namizədlər arasında kəskin səs fərqləri əmələ gətirmişdir.

II. İFADƏ AZADLIĞI

1. İfadə azadlığının hüquqi təminatları
Milli hüquq baxımından ifadə azadlığı ilk dəfə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur.  Konstitusiyanın 47-ci maddəsində ifadə azadlığı “Fikir və söz azadlığı” kimi təqdim edilmişdir. Maddəyə görə Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”. Maddənin ifadə tərzi bir az qeyri-müəyyən olsa da, mahiyyət etibarı ilə hər kəsin ifadə azadlığının olduğu kimi anlaşıla bilir. Maddənin 3-cü hissəsində ifadə azadlığının sərhəddi göstərilmişdir: “İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Beləliklə,  irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat, yaxud təbliğat ifadə azadlığı kimi təqdim edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 3-cü bəndinə əsasən “Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Konstitusiyada insan hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmur.

2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının genişləndirilməsini nəzərdə tutan Konstitusiya Qanunu ilə bu hüquqların məhdudlaşdırılmasının əlavə “səbəbləri” ortaya çıxarılmış və Konstitusiyanın özündə nəzərdə tutulmayan yeni nüanslar sayılmışdır. Həmin Konstitusiya Qanununun  3.6-cı maddəsində  “Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ... 47-ci maddəsində göstərilən söz azadlığı, həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın ... 47-ci maddəsində göstərilən söz azadlığı ... həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; ...Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün;... məhdudlaşdırıla bilər”. Bununla da, konstitusiyada nəzərdə tutulmayan yeni hüquqi səbəblərlə də ifadə azadlığının məhdudlaşdırıla biləcəyi qanuni əsas olub.

2. İfadə azadlığının praktiki vəziyyəti
Praktikada ifadə azadlığının vəziyyəti media azadlığının vəziyyəti ilə sıx şəkildə əlaqəlidir. Çünki, fikirlərini ifadə etməyin yolu, istənilən bir vasitədən istifadə etməklə mümkün olur. Bu isə əsasən kütləvi informasiyalar vasitəsi ilə reallaşır. Azərbaycanda son illər kütləvi informasiya vasitələri ilə bağlı vəziyyət ciddi narahatçılıq yaradır. Media azadlığına qarşı dözümsüzlük gedərək artmaqdadır. Təkcə 2007-ci ildə mediaya və jurnalistlərə qarşı 104 məhkəmə işi qaldırılmış, bu işlərin üçdə birində jurnalistlərin həbsi tələb edilmişdir. Həmin il ərzində 9 jurnalist müxtəlif müddətlərə azadlıqdan mərhum edilmişdir. KİV-lərə və jurnalistlərə qarşı qaldırılan maddi və mənəvi təzminatın həcmi isə bir milyon manatdan çoxdur. 2008-ci ildə həbsdə saxlanılan jurnalistlərin sayı 4 nəfərə düşsə də, mediaya və jurnalistlərə qarşı qaldırılan iddiaların sayı və həcmi azalmamışdır. Bu onu göstərir ki, insanların özünü ifadə etməsinə toplumda bir dözümsüzlük var. Lakin bu dözümsüzlük sadəcə toplumda deyil, xüsusilə hökumətdə təmsil olunanlarda daha çoxdur. Belə ki, mediaya və jurnalistlərə qarşı qaldırılan iddiaların böyük əksəriyyəti məhz müxtəlif tənqidi fikirlərə hədəf olan məmurlar, siyasətçilər tərəfindən irəli sürülmüşdür.

İfadə azadlığı sərbəst toplaşmaq hüququ ilə də sıx əlaqəlidir. İnsanlar sərbəst toplaşaraq özlərini ifadə edə bilərlər. Lakin, bu sahədə də praktik vəziyyət yaxşı deyil. Ölkədə məhkəmə çəkişmələrinin vəziyyətinə nəzər saldıqda, Avropa İnsan hüquqları məhkəməsinin Azərbaycan Respublikası hökuməti əleyhinə verdiyi qərarların mahiyyətinə baxdıqda sərbəst toplaşmaq və birləşmək hüququnun çox tez-tez pozulduğu və insanlara bu hüquqlarından istifadə etmək üçün şərait yaradılmadığı bəlli olur. Demək olar ki, 2005-cü ildən etibarən açıq kütləvi tədbirlərin keçirilməsinə ölkədə yol verilmir. İnsanların özlərini ifadə etməsi üçün ən uyğun olan şəhər meydanları rəsmi orqanlar tərəfindən kütləvi tədbirlərə bağlanmışdır.

İnsanların özlərini ifadə etdikləri digər platforma – ölkə qanunvericiliyində kütləvi informasiya vasitəsi hesab edilən internetlə fikirlərini ifadə etmək məsələsidir. Bu sahədə də təəssüf ki, vəziyyət yaxşı deyil. Hazırda həbsxanada cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnoe Azerbaidjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı verilən həbs cəzasının biri məhz onun internet forumundakı fikirləri olmuşdur. Bundan əlavə, internetdə bəzi siyasi proseslərə etiraz əlaməti olaraq qurulan “susmayaq.biz”, “tinsohbeti.com” internet saytlarına giriş inzibati yollarla məhdudlaşdırılmışdır.  

Bəzi hallarda şikayət verməyə görə adamlar təqib olunur. Naxçıvan Muxtar Respublikasında yerli hakimiyyət orqanlarından verilən şikyətlərə görə təqiblər, hətta psixiatrik müəssisəyə zorla yerləşdirmə halları mövcuddur.

III. SEÇKİ HÜQUQU

1. Seçki hüququnun qanuni təminatı
BMT tərəfindən qəbul edilən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 25-ci maddəsində deyilir: “Hər bir vətəndaşın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə və seçicilərin iradəsinin sərbəst ifadəsini təmin edən həqiqi, müntəzəm seçkilərdə səs vermək və seçilmək hüququ və imkanı vardır”. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində seçki huququ təminat altına alınmışdır. Maddəyə görə: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”.

Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Vətəndaşların seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun iradəsini azad ifadə etməsinə mane ola bilməz.

1.1. Seçki hüququnun məhdudlaşdırıldığı hallar
Seçki hüququnun məhdudlaşdırıldığı hallar Konstitusiyamızın 56-cı, 85-ci, 100-cü maddələrində, Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuşdur. Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar. Bu hal istisna olmaqla vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz.
Vətəndaşların seçilmək hüququnun (passiv seçki hüququ) məhdudlaşdırılmasının isə müxtəlif səbəbləri ola bilər. Məsələn, yerinə yetirdiyi vəzifələrin uzlaşmaması və s.
Aşağıdakı şəxslər seçilmək hüququna malik deyil:

  1. məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər;
  2. məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər;
  3. Məcəllə ilə müəyyən edilən digər şəxslər.

Aşağıdakı şəxslər tutduqları vəzifə ilə uzlaşmaması üzündən Milli Məclisin üzvü, Prezident, bələdiyyə üzvü, referendumun təşviqat qrupunun üzvü ola bilməz:

  1. hərbi qulluqda olduqları müddətdə hərbi qulluqçular;
  2. hakim olduqları müddətdə hakimlər;
  3. dövlət qulluğunda olduqları müddətdə dövlət qulluqçuları;
  4. peşəkar din fəaliyyəti ilə məşğul olduqları müddətdə din xadimləri;
  5. ikili vətəndaşlığı qalanadək ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları;
  6. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları bu öhdəliyə xitam verilənədək.

2. Seçki hüququnun praktiki vəziyyəti
Azərbaycan Respublikası ərazisində müstəqillik qazanıldıqdan sonra günümüzə qədər 3 dəfə parlament, 5 dəfə prezident, 2 dəfə bələdiyyə seçkisi və 3 dəfə referendum keçirilmişdir. Bu 13 seçki hadisəsinin biri – 1992-ci il Prezident seçkisi istisna olmaqla bütün digər seçki və referendumlarda siyasi tərəflər seçkinin gedişində ciddi qanun pozuntusu olduğunu ortaya qoymuş və beynəlxalq və yerli müşahidəçilər də səsvermələrin və seçki prosesinin beynəlxalq standartlardan uzaq olduğunu söyləmişdirlər.  Həqiqətən də hakimiyyətdə olan qüvvələr onların nəzarətində olan inzibati resursları cəlb etməklə seçkilərin nəticələrinə ciddi şəkildə təsir etmiş, insanların sərbəst şəkildə siyasi iradə nümayiş etdirmələrinə imkan verməmişdirlər. 2003-cü ildə Azərbaycanın Avropa Şurasına üzv olmasından sonra üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, seçki qanunvericiliyi yenilənmiş, lakin yenə də əsas saxtakarlıqların olduğu yer – Seçki Komissiyalarının formalaşması prosesində Venesiya Komissiyasının rəyi qulaqardına vurulmuş, istər MSK, istər DSK, istərsə də MnSK-ların formalaşmasında hakimiyyətin nəzarəti təmin edilmişdir. Bununla da, bütün seçkilərin və referendumların nəticələri “öncədən müəyyən olunmuş qaydada” yekunlaşmışdır.
2008-ci ilin iyun ayında seçki məcəlləsinə yenidən dəyişikliklər edilərək, seçki müddəti 120 gündən 75 günə qədər azaldılmış, təşviqat müddəti isə daha da azaldılaraq 60 gündən 27 günə endirilmişdir. 2003-cü ildə nəzərdə tutulan dövlət büdcəsindən maliyyələşən, yaxud təsis olunan media vasitələrində pulsuz təşviqat aparılması imkanları da 2008-ci ildə olan dəyişikliklə aradan qaldırılmış, yalnız İctimai yayımda bu imkan saxlanmışdır. Beləliklə, ölkəyə ən geniş yayıla bilən AzTV-də və Azərbaycan radiosunda tərəflərin təşviqat imkanları əllərindən alınmışdır. Hər iki dəyişikliklə geniş siyasi müzakirələr aparılması imkanları məhdudlaşdırılmışdır.

Seçkilər\referendumlar üç mərhələdə həyata keçirilir: birinci mərhələ imzaların toplanması və qeydə alınması, ikinci mərhələ təşviqatın aparılması və son mərhələ-səsvermənin keçirilməsi və protokolların tərtib edilməsi. Bu mərhələlərinin hər birində hakimiyyəti dəstəkləməyən siyasi qüvvələr müntəzəm olaraq icra və hüquq mühafizə orqanlarının haqsız müdaxilələri ilə qarşılaşır, eyni zamanda seçki komissiyalarının və məhkəmələrin problemləri ört-basdır etməsi kimi hüquqa zidd əməllərlə qarşı-qarşıya qalırlar. Təsadüfi deyil ki, 2005-ci il parlament seçkilərində hüquqları pozulan yüzlərlə insan daxili məhkəmələrdə ədaləti tapa bilmədikləri üçün, Avropa İnsan Hüquqları Məhkəmələrinə müraciət etmiş, indiyə qədər 40-dan çox seçki işi icraata götürülmüşdür. 2005-ci il seçkilərində kütləvi hüquqların pozulması ilə qarşılaşan müxalif güclər, 2008-ci ildə qanunvericilikdə fundamental dəyişikliklər aparılmadığı, Venesiya Komissiyasının rəyinin nəzərə alınmadığı, ölkədə azad seçki mühitinin olmadığını əsas gətirərək seçkiləri boykot etmişdir.
2009-cu il 18 mart tarixinə təyin olunan Referendum öncəsi də vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Xüsusilə, imza toplama aksiyaları zamanı müxalif güclərin təmsilçiləri həbs edilmiş, şərlənmiş və onlara müxtəlif təzyiqlər göstərilmişdir. Lakin nə MSK, nə də məhkəmələr bu hadisələrə hüquqi reaksiya verməmişdir. 
 

IV. MEDİA AZADLIĞI

1. Media azadlığının hüquqi təminatı
Azərbaycanda media azadlığının təminatı Azərbaycan Respublikası Konstitusiyasıdır. 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən bu sənədin 50-ci maddəsi məlumat azadlığını və media azadlığını təminat altına almışdır. Maddənin 1-ci hissəsində “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı” olduğu vurğulanır, 2-ci hissəsində isə “Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır” –deyilir. Beləliklə, medianın funksiyasının önəmli yerini tutan informasiyaları axtarmaq, əldə etmək, ötürmək azadlığı və informasiya hazırlamaq və yaymaq azadlığı Konstitusiya ilə təmin olunmuşdur. Bununla yanaşı, “mətbuatda dövlət senzurası qadağandır” – deyilməklə, hər hansı istisna olmadan senzuranın yolverilməzliyi qeyd edilmişdir.

Konstitusiyanın bu norması kifayət qədər liberal normadır və media azadlığını qoruyan mahiyyətdədir. Bu ali sənəddə media azadlığının məhdudlaşdırılmasını nəzərdə tutan məhdudlaşdırıcı heç bir norma, heç bir maddə yoxdur.

Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən normada bütün hakimiyyət qollarının Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq borcu olduğu aydın şəkildə qeyd edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs tərəfindən məhdudlaşdırılmayacağı bildirilmişdir. Bütün hüquq və azadlıqlar üçün isə, məhdudlaşdırıcı norma tək bir halda nəzərdə tutulmuşdur. Bu hal, "müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər" – deyilən 71-ci maddənin III bəndindəki haldır. Media azadlığının bu şəkildə tənzimlənməsi "İnsan hüquqları və əsas azadlıqları haqqında" Avropa Konvensiyasının 10-cu maddəsindəki tənzimləmələrdən daha liberaldır.

Təəssüf ki, 24 dekabr 2002-ci ildə Milli Məclis tərəfindən Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, bu qanunla Konstitusiyada təsbit edilən hüquq və azadlıqlar xeyli məhdudlaşdırılmışdır.

Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik aktlarının sırası genişdir. KİV-in fəaliyyətini tənzimləyən qanunların başında 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu gəlir. Lakin KİV-in önəmli bir hissəsi olan televiziya və radioların fəaliyyətinin tənzimlənməsi 2001-ci ildə bu Qanundan ayrılaraq 2002-ci ildə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu ilə həyata keçirilməyə başlanıb. 2004-cü ildə İctimai tele-radionun yaradılaraq, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilərək, bu istiqamət ayrıca özünəməxsus tənzimləməyə tabe olmuşdur. Medianın fəaliyyətinin başlıca istiqaməti informasiyaları toplamaq, hazırlamaq və yaymaq olduğundan, informasiyaların axtarılması, toplanması, əldə edilməsi başlı-başına bir tənzimləmə tələb etdiyindən, 1998-ci ildə “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və Konstitusiyanın 50-ci maddəsinin tələbi reallaşdırılmaq istənmişdir. Lakin bu qanun funksional olmadığından informasiyanın əldə edilməsi istiqamətində yeni qanunun qəbulu ehtiyacı yaranmış və 2005-ci ildə bu boşluq da doldurularaq “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. İnformasiya sahəsində başqa bir tənzimlənmə “İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun daha çox informasiya ehtiyatlarının formalaşması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi və digər bu kimi məsələləri tənzimləyir.

Kütləvi informasiya vasitələrinin fəaliyyətini birbaşa tənzimləməsə də, jurnalistlərin və medianın gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlərin həllində əlaqəli qanunlar da var. Bunlar “Dövlət sirri haqqında”, “Müəlliflik haqqında və əlaqəli hüquqlar haqqında”, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu,  Seçki Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarıdır.

2. Media azadlığının praktik vəziyyəti
Ölkədə media azadlığının vəziyyəti müstəqilliyin ilk illərində inkişaf etməyə başlasa da, 1998-ci ilə qədər siyasi senzura mövcud olmuşdur. 1998-ci ildən sonra qismən liberallaşma müşahidə edilməyə başlamış, 2001-ci ildə mətbu orqanların təsis edilməsi üçün rəsmi qeydiyyat şərti ləğv edilərək, qəzet və jurnalların təsisi asanlaşdırılmışdır. Bunun nəticəsi olaraq rəsmi statistikaya görə qeydiyyatdan keçən qəzet və jurnalların sayı 3500 rəqəmini keçmişdir. Lakin reallıqda gündəlik və həftəlik nəşr edilən qəzetlərin sayı 30-u keçmir. Qəzetlərin əksəriyyəti hakimiyyətin nəzarətində olsa da, müstəqil, yaxud müxalifyönümlü qəzetlər də fəaliyyət göstərir. Doğrudur, müxalifyönümlü qəzetlərə reklam verilməsi qeyri-rəsmi olaraq məhdudlaşdırılsa da onlar satışdan və digər “mənbələrdən” maliyyələşərək, fəaliyyətlərini davam etdirir.
Televiziya və radioların təsisi və fəaliyyəti isə ciddi siyasi nəzarət altındadır. Milli tezlik resurslarının məhdudluğu bəhanə edilərək ölkə üzrə yayımlanan cəmi 5 özəl televiziya kanalı fəaliyyət göstərir. Bu yayımçılar əsasən yayım prinsipləri olan balanslı, obyektiv, tərəfsiz yayım həyata keçirilməsini tələb edən hüquq normalarını müntəzəm pozaraq, birtərəfli yayımlara üstünlük verirlər. Bununla da televiziya sahəsində süni inhisar yaradılaraq, təxminən ildə 200 milyon manatlıq reklam gəlirlərinin bu yayımçılara axmasına şərait yaradılır. Yayımçı olmaq istəyən müstəqil şəxslərə bu imkan verilmir. Azərbaycanda plüralizmin təmin olunmasında önəmli yeri olan xarici radiolar (Azadlıq, BBC Azərbaycan xidməti və Amerikanın səsi) 2008-ci il dekabrına qədər fəaliyyət göstərsələr də, 2009-cu il yanvar ayından etibarən bunların fəaliyyəti FM tezliyində dayandırıldı və təəssüf ki, bu qərar 2002-ci ildən qüvvədə olan Qanunun tələbi kimi təqdim edildi. Hansı ki, həmin qanunun 14-cü maddəsi Azərbaycanda xarici yayımçının olmasını mümkün sayır.

Rəsmi dövlət tənzimləməsini həyata keçirən Milli Televiziya və Radio Şurasının lisenziyalaşdırma siyasəti yoxdur, qeyri-müəyyəndir.

İnternet sahəsində qismən azadlıq olsa da, bu sektorda da əsas provayderin dövlət nəzarətində olması süni qiymət şişirdilməsinə şərait yaradır. Beləliklə, bir azərbaycanlı Internetdən istifadə edərkən, bir rusiyalıdan, bir türkiyəlidən, bir avropalıdan 10-20 dəfə çox pul ödəməli olur. Bu isə, insanların internet kimi müasir kommunikasiya vasitəsindən istifadəsinə süni maneələr yaradir.
Peşəkar jurnalistikanın vəziyyətinə gəldikdə, jurnalist fəaliyyəti kifayət qədər riskli peşələrdən sayıla bilər. Belə ki, yaxın illərdə jurnalist fəaliyyətinə görə Elmar Hüseynov öldürülmüş, onlarla jurnalist döyülmüş, oğurlanmış, fiziki və mənəvi təzyiqlərə məruz qalmış, həbs edilmişdir. Yüzlərlə media qurumu və jurnalistləri isə məhkəmə çəkişmələrinə cəlb olunmuş, onlardan milyon manatlarla kompensasiya tələb edilmiş, haqqlarında məhkəmə qərarları çıxarılmışdır.

Maraqlıdır ki, ölkədə ümumi cinayətkarlıqla mübarizədə rəsmi statistikanın rəqəmləri olduqca yüksəkdir və təxminən 95-96% cinayətlər dərhal və ya müəyyən vaxtdan sonra açılmışdır. Lakin, nədənsə, jurnalistlərə qarşı baş verən cinayət hallarının araşdırılması və açılması zamanı bu rəqəm 10-15%-i keçmir. Bu isə öz növbəsində jurnalistlərə qarşı baş verən zorakılıq hallarının arxasında siyasi hakimiyyəti nəzarətdə saxlayan güclərin olması ehtimallarını ortaya çıxarır.

Ölkədə 2007-2008-ci illər ərzində media azadlığının vəziyyəti gedərək aşağıya istiqamət götürübdür. 2007 və 2008-ci illərdə İREX-in Avropanın 21 ölkəsində apardığı MEDİA Sustainablity İNDEX araşdırmasında media azadlığının vəziyyətinin Azərbaycanda pisləşməyə doğru istiqamətləndiyi görülür.   

V. DİGƏR FUNDAMENTAL İNSAN HÜQUQ VƏ AZADLIQLARI

1. Birləşmə azadlığı
Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinə görə hər kəsin istənilən birlik, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ var.
Ölkədə siyasi partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları haqqında müvafiq qanunvericilik, həmçinin bu təşkilatların hüquqi fəaliyyətini təmin etmək məqsədi ilə qəbul olunmuş digər normativ hüquqi aktlar mövcuddur. Lakin praktikada  siyasi qüvvələrə, ictimai birliklərə və həmkarlar ittifaqlarına münasibət qanunvericilkdə nəzərdə tutulduğundan xeyli fərqlidir. Bu fərqlər əvvəllər də mövcud olmuşdur, lakin son illərdə, o cümlədən 2008-ci ildə bu  fərqlər daha da dərinləşmişdir.

1.2 Siyasi partiyalarda birləşmə
Dövlət orqanlarında, dövlət büdcəsi hesabına maliyələşən təşkilatlarda və dövlətə tabe olan təsərrüfat subyektlərində hakim partiyaya üzv olmaq təşviq, bəzən isə tələb olunur. Əksinə müxalifət partiyasının üzvü olanlar təqib edilir, daha fəallar isə işdən uzaqlaşdırılır. Siyasi partiyaların fəaliyyəti üçün şərait fərqlidir. Hakim partiya və onun ətrafında olan satillit partiyalar mərkəzi və regional qərərgahlara malikdir. Lakin müxalifət partiyalarının qərərgahları alınıb və ya şəhərin kənarında yerləşən qərərgahlarla əvəzlənib. Müxalifət partiyasının üzvlərinə seçki kampaniyaları dövründə fəal siyasi mübarizə aparmağa əngəllər yaradılır. Son illərdə müxalifət partiyaları ciddi şəkildə zəifləyərək siyasi arenada itmək təhlükəsi qarşısındadırlar. Nəticədə bütün səviyyələrdə keçirilən seçkilərdə qeyri-bərəbər imkanlar və qeyri-bərabər resurslar mövcud olur.

1.2 Həmkarlar ittifaqlarında birləşmək
Ölkədə yalnız ənənəvi həmkarlar ittifaqları fəaliyyət göstərir. Bu həmkarlar ittifaqları əmək sferasında çalışan işçilərin təqribən 20-25 faizini əhatə edir. Dövlət sektoru istisna olmaqla özəl sektorda həmkarlar ittifaqları yox dərəcəsindədir. Xarici neft şirkətlərində həmkarlar ittifaqları yaradılmasına hər hansı cəhdlər ciddi təqiblərlə üzləşir.

1.3 Qeyri-hökumət təşkilatları
Hakimiyyətin Qeyri-hökumət təşkilatlarına münasibəti son illərdə ciddi dəyişib. Əvvəlki düşmən münasibəti, sonradan əməkdaşlıq, daha sonra isə partnyorluq səviyyəsinə qalxıb. Qeyri-hökumət təşkilatlarını dəstəkləmək məqsədi ilə Prezident yanında ixtisaslaşmış dövlət qurumu yaradılıb. Kollegial orqan olan bu qurumun əksər üzvü vətəndaş cəmiyyəti nümayəndələridir. Son iki ildə dövlət büdcəsinə QHT-lərə maliyyə yardımlarını nəzərdə tutan ayrıca maddə daxil edilir. Siyasi partiyalardan fərqli olaraq QHT-lərə neytral münasibət göstərilir. Lakin insan hüquqları və xüsusilə seçkilər sahəsində müstəqil mövqe tutan bəzi QHT-lərə münasibətdə istisnalar var. Seçkilərin Monitorinqi Mərkəzinin dövlət qeydiyyatının məhz prezident seçkisi ərəfəsində ləğv edilməsi buna nümunə ola bilər. Hakimiyyət nümayəndələri bu cür ictimai təşkilatları siyasiləşməkdə ittiham edirlər.

2. Toplaşma azadlığı
Sərbəst toplaşama azadlığı haqqında 1998-ci il qanunu əslində  bu fundamental hüququn həyata keçirilməsinə əngəl yaradan mexanizm rolunu oynayırdı. Ölkə daxili və beynəlxalq təşkilatların, o cümlədən Avropa Şursasının Venesiya Komissiyasının, ATƏT-in və milli QHT-lərin çoxillik səylərinin nəticəsi olaraq  “Sərbəst toplaşma azadlığı” Haqqında Qanuna edilən dəyişikliklər 30 may 2008-ci il tarixindən qüvvəyə minib. Dəyişikliklər hüquqi müdafiə vasitələrindən effektiv istifadə hüququnu  təmin edir. Toplantı keçirməklə bağlı hüququn həyata keçirilməsinə qadağa qoyulduqda və ya hər hansı şəkildə məhdudlaşdırıldıqda məhkəmə orqanları toplantının təyin olunduğu vaxta qədər şikayətə baxıb qərar qəbul etməlidir. Lakin qanunvericilikdə edilən  müsbət dəyişikliklərin praktikada tətbiqi öz əksini tapmadı.
Qanuna əsasən yenə də toplantıların keçirilmə yerlərini yerli icra hakimiyyəti orqanları müəyyən edir. Onlar isə üzərlərinə vəzifə olaraq qoyulmuş bu müddəadan (toplantı keçirmək üçün münasib yerlərin müəyyən olunması) hüquqi vasitə kimi sui-istifadə edirlər. Əvvəllər olduğu kimi əlavə və dəyişikliklərdən sonra da onların müəyyən etdikləri yerlər toplantı keçirmək üçün əlverişli hesab olunmur.

Qanunvericilikdəki nisbətən müsbət dəyişikliklər praktikada mövcud olan əvvəlki qüsurları aradan qaldırmayıb. Qanuna edilən əlavə və dəyişiklikdən sonra 1 avqust 2008-ci il tarixinə qədər ölkə ərazisində hər hansı sanksiyalaşdırılmış toplantı keçirilməmişdir, baxmayaraq ki, belə toplantıların keçirilməsi üçün müraciətlər və xəbərdarlıqlar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilmişdir. Məsələn, Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında 11 iyul 2008-ci il tarixində piket keçirməklə bağlı təqdim etdiyi xəbərdarlıq məktubuna icra hakimiyyəti cavab verərək bildirmişdir ki, piket keçirilməsi qadağan olunur. Əsas isə piketin keçirilməsinin qanuna zidd olması göstərilir. Piketin keçirilməsinin konkret olaraq qanunun hansı maddəsinə zidd olması göstərilmir. Sərbəst toplaşma azadlığı haqqında qanunun  9-cu maddəsinin VIII bəndinə əsasən piketin keçirilməsi üçün müəyyən olunan tələb aşağıdakıdır: “Piket düzəldənlər 50 nəfərdən çox  olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket olunan obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğudan istifadə etməməlidirlər”

Piket keçirmək üçün qoyulan tələb onu göstərir ki, bu şərtlərə əməl etməklə istənilən dövlət orqanının qarşısında piket düzəltmək olar. Lakin həm qanuna dəyişiklik edilənə qədər, həm də sonra hakimiyyət orqanları toplantı keçirmək hüququnu qanuna zidd şəkildə məhdudlaşdırırlar.
Göründüyü kimi qanunvericiliyə edilən dəyişikliklər praktikada hər hansı müsbət dəyişikliyə gətirib çıxarmamışdır. Müvafiq yerli icra hakimiyyəti orqanları əvvəlki vaxtlarda olduğu kimi toplantıların keçirilməsinə qadağa qoyur və bu zaman mövcud qanunvericiliyi deyil öz subyektiv və qanuna zidd mülahizələrini əsas götürürlər.

3. Siyasi hüquqlar
Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsi hər kəsin cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququnu təmin edir. Konstitusiyanın 55-ci maddəsi dövlətin idarə edilməsində iştirak etmək, 56-cı maddəsi seçki hüququnu və 57-cı maddəsi müraciət hüququnu təmin edən müddəalardır.
Siyasi hüquqların təmin edilməsinə yönələn bu maddələr beynəlxalq standartlara uyğundur. Bununla belə ölkə vətəndaşlarının siyasi hüquqlarını sərbəst surətdə həyata keçirmələrinə ciddi əngəllər qalmaqdadır. Seçkilər zamanı siyasi müxalifət namizədlərinin passiv seçki hüququ, üzvlərinin isə aktiv seçki hüquqlarının pozulması halları mövcuddur. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 18 mart 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan referendumla bağlı yaradılan təşəbbüs qruplarının fəaliyyəti üçün bərabər şərait yoxdur. Əlavə və dəyişiklikləri təşviq edəcək qrupların imza toplaması üçün hər cür şərait və inzibati resurslar təmin olunsa da əks təbliğat aparmaq istəyən təşəbbüs qruplarının nümayəndələri təqib edilir.

Hesabat Marşal fondu tərəfindən maliyyələşdirilən
“Azərbaycanın demokratiya sahəsində Avropaya inteqrasiya problemləri
ictimai müzakirələr aynasında” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin koordinatoru və hesabatın tərtibçisi Vahid Qazidir.
Hesabatı hüquq müdafiəçisi Sahib Məmmədov və
hüquqşünas Ələsgər Məmmədli hazırlayıb.

SEÇKİ 2003

15 oktyabr 2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilib. İnam Plüralizm Mərkəzi seçki ilə bağlı bir neçə birgə layihə həyata keçirib.
 

"III SEKTOR"

DEMOKRATIYA JURNALI
 
ÜNVAN
"İNAM" PLÜRALİZM MƏRKƏZİ
Mehdi Hüseyn 79/35
370001, Bakı, AZƏRBAYCAN
Tel/Faks: (994 12) 920356
E-mail: merkez@inam.baku.az
Website: http://www.inamcfp.org

Ana Səhifə / "İNAM" PM Haqqında / PM Şəbəkə / Kitab Tərcüməsi /
Nəşrlər / Seminarlar / Foto Albom / e-mail
webmaster