|
2003-cü ilin 4-6 aprel tarixində Bakıda Şərqi Avropa Demokratiya İnstitutu (İDEE) və İnam Plüralizm Mərkəzinin təşkilatçılığı ilə Plüralizm Mərkəzləri Şəbəkəsinin 18-ci Görüşü keçirildi. (İnam 1997-ci ildə Şəbəkənin 9-cu Görüşünü də Bakıda təşkil etmişdi.) Şəbəkənin 10-cu ildönümünə təsadüf edən tədbirdə ABŞ, Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Balkan və Qafqazın 25 ölkəsindən 60-dan çox ictimai xadim, siyasi lider, curnalist, hüquq müdafiəçisi və QHT nümayəndəsi iştirak edirdi.
Tədbiri giriş sözü ilə İnam Plüralizm Mərkəzinin direktoru Vahid Qazi açıb. O, qonaqları salamladıqdan sonra Şəbəkənin 18-ci konfransının Bakıda keçirilməsinin səbəbləri haqqında danışıb: "Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, etnik baxımdan türk xalqlarının, geosiyasi baxımdan demokratik Avropa ilə avtoritar Asiya arasında yerləşən yarımdemokratik ölkədir. Bu tədbirin Azərbaycanda, özu də seçki ərəfəsində, keçirilməsi bir çox baxımdan önəmlidir".
Sonra konfransın digər təşkilatçısı, Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota çıxış edərək Şəbəkənin 10 illik fəaliyyəti barədə məlumat verib. "Şəbəkəni təsis edərkən onun belə geniş məkanı əhatə edəcəyini təsəvvürümə gətirməzdim" deyən xanım Lasota plüralizm mərkəzlərinin birgə proqramlar gerçəkləşdirmək, təşkilatlararası informasiya və təcrübə mübadiləsi aparmaq, regionda demokratiya və sivil dəyərlərin inkişaf etdirilməsinə şərait yaratmaq məqsədi daşıdığını bildirib.
Konfransın "Orta Asiya və Qafqazda demokratiya ola bilərmi?" adlı ilk sessiyasında çıxış edən Gürcüstan Respublikaçılar Partiyasının sədri David Berdzenişvili, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Qırğızıstan Korrupsiya Əleyhinə Vətəndaş Assosasiyasının direktoru Tolekan İsmayılovanın məruzələri geniş müzakirələrə səbəb olub. "Demokratiyanın köhnə və yeni təhlükələri" adlı ikinci sessiyada isə Serbiya Vətəndaş Təşəbbüsləri Mərkəzinin rəhbəri Milenko Dereta, Rumıniya Apador-Helsinki Komitəsinin sədri Gabriel Andreecu, Rusiyanın "Prima" Xəbərlər Agentliyinin direktoru Aleksandr Podrabinek mövzu ilə bağlı geniş məruzə ediblər. Mövzu ətrafında maraqlı diskussiya aparılıb.
Konfransın ikinci günü "Demokratiya necə müdafiə oluna bilər?" mövzusuna həsr olunmuş üçüncü sessiya ilə başlayıb. Rumıniyanın "Liqa Pro Europa" təşkilatının rəhbəri Smaranda Enaçenin və Ukrayna Krım Tatarları Məclisinin Başqanı, Ukrayna Ali Radasının üzvü, məşhur dissident Mustafa Krımoğlu Cəmilov, Gürcüstanın Əməkdaşlıq və İnkişaf Mərkəzinin direktoru İvlian Haindrava və Vətəndaş Təşəbbüslərinin Kosovo Hərəkatının lideri Ylber Hysa bu mövzuda çıxış ediblər. Məruzələrdən sonra iştirakçılar sessiyanın davamı olaraq, qruplara bölünərək, "Bugünkü və gələcək nəslin təlimi", "Təşkilatlanma və icma quruculuğu", "Demokratiyaya uyğun leqal sistemin yaradılması", "Milli azadlıqların hüquqları və etnik konfliktlərin öhdəsindən necə gəlməli" mövzuları ətrafında müzakirələr aparıblar.
Növbəti sessiyada Polşa Seyminin üzvü, senator Zbiqnev Romaşevski "Müxalifətin siyasəti, koalisiyalar və qələbə" mövzusunda məruzə edib. Bundan sonra iştirakçılar bir daha qruplara bölünərək "QHT və seçkilər", "Monitorinq və seçkilər", "Mətbuat və seçkilər" və "Legal əngəllər" mövzusunda problemləri müzakirə ediblər. Həmin gün "Dünya hadisələri və onların regiona təsiri" adlı xüsusi sessiya ilə başa çatıb.
Konfransın son sessiyası "Plüralizm Mərkəzlərinin Gələcəyi" adlanırdı. Bu sessiyada Şəbəkənin 10 illik tarixi həmin dövrdə postkommunist məkanda baş verən yeniliklər kontekstində müzakirə olunub. Plüralistlər, həmçinin "Missiya başa çatdımı?", "Gələcək lazımdırmı?" və "Növbəti 3,5,10 ilin prioritetləri nədən ibarət olmalıdır?" sualları ətrafında Şəbəkənin gələcək fəaliyyət proqramını müzakirə ediblər.
Konfrans günlərində və sonra qonaqlar ölkənin bir sıra ictimai-siyasi təşkilatlarında görüşlər keçirmiş, Şəhidlər Xiyabanında və Bakının başqa görməli yerlərində olmuşlar. |