|
17 dekabr 2005-ci il bələdiyyə seçkiləri
«İnam» Plüralizm Mərkəzi «III Sektor» demokratiya jurnalı ilə birlikdə Avrasiya Fondu və ABŞ səfirliyinin maliyyə dəstəyilə «Regionlarda gənclərin bələdiyyə seçkilərinə səfərbər edilməsi və gənc namizədlərin dəstəklənməsi» adlı layihə həyata keçirib.
19 may 2004 - 4 fevral 2005-ci il tarixi ərzində həyata keçirilən layihə çərçivəsində Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Tərtər və Goranboy rayonlarında bələdiyyə üzvlüyünə namizədlər, onların vəkilləri və müşahidəçilər üçün (432 nəfər) 18 treninq keçirib. Namizədlər, onların vəkilləri və müşahidəçiləri üçün treninqlər seçki qanunvericiliyindən tutmuş seçki komandasının formalaşdırılması və fəaliyyət platformasının hazırlanmasınacan ən müxtəlif məsələləri əhatə edib.
Layihədə iştirak edən 152 namizədin seçki kampaniyasına dəstək verilib: «Bələdiyyələrin formalaşması və fəaliyyəti: yerli qanunvericilik» və «Yerli hakimiyyət və özünüidarəetmə orqanları. Beynəlxalq təcrübə» adlı broşurlar buraxılıb, «Gənclərin yerli və regional həyatda iştirakı haqqında yenidən işlənmiş Avropa Xartiyası» tərcümə və çap olunub, «III Sektor» Demokratiya Jurnalının bələdiyyə problemlərinə həsr olunan 7-ci sayı nəşr olunub, ayrı-ayrı təşviqat materialları - plakat, təqvim və bukletlər nəşr edilib (ümumi tiraj 35.600 ÿäÿä).
17 dekabr bələdiyyə seçkilərində 152 namizəd iştirak edib və onların 71 nəfəri qalib gəlib. 4 fevral 2005-ci ildə Bərdə şəhərində seçkilərdə qalib gələn layihə iştirakçılarının regional forumuu keçirilib. Forumda seçkilərdə qalib gələn bələdiyyə üzvülərinə sertifikatlar verilib. Tədbirdə layihəyə yekun vurularaq, onun nəticələri müzakirə olunub. Sonda layihənin yekunu kimi sırf bələdiyyə problemləriylə məşğul olacaq «Bələdiyyə Problemlərinin Tədqiqi Mərkəzi» adlı qeyri-hökumət təşkilatının təsis edilib.

Belarus parlament seçkilərinin müşahidəsi
«İnam» Plüralizm Mərkəzinin nümayəndələri 17 oktyabr 2004- cü ildə Belarusda keçirilən parlament seçkisi və konstitusiyaya dair referendumun müşahidəsində iştirak edib. ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun missiyası ilə keçirilən beynəlxalq müşahidə oktyabrın 9-dan 21-dək davam edib.
18 nəfərlik beynəlxalq missiyanın adından yayılan yekun
kommünikedə seçki və referendumun böyük qanun pozuntuları ilə
müşahidə olunduğu açıqlanır.
Kommünikedə qeyd olunur ki, Belarusda 110 nəfərlik parlamentə majoritar sistem üzrə seçkilər və Belarus
Konstitusiyasının bir adamın iki dəfədən artıq müddətə prezident seçilməsini yasaqlayan 81-ci maddəsinin dəyişdirilməsi üzrə referendum beynəlxalq standartlara uyğun gəlmir və həm ümumbəşəri normaların, həm də onsuz da mükəmməl olmayan Belarus qanunlarının kobud tapdanması şəraitində keçirilib.
Müşahidəçilər Belarus Respublikasının Seçki Məcəlləsini demokratik standartlardan uzaq olduğunu bildirərək, onun ayrı-ayrı antidemokratik müddəaları üzərində dayanıblar.
Minsk, Bobryusk, Brest, Mogilyov, Molodeçno, Borisov və Novopolotskda müşahidə aparan missiya nümayəndələri seçki günü olan qanun pozuntularını da xüsusi qeyd ediblər. Onlar seçki məntəqələrində hakimiyyət namizədlərini təbliğ edən və referenduma çıxarılan suala «hə» cavabı əks olunan plakatlarla ratslaşıblar. Bəzi məntəqələrdə seçki qutularının komissiya masalarının üstündə qoyulduğu, gizli səsvermə üçün kabinələrin olmadığı diqqətdən yayınmayıb. Demək olar ki, heç bir komissiyanın tərkibində müxalifət müşahidəçiləri olmayıb.

Ukraynada prezident seçkilərinin müşahidəsi
«İnam» Plüralizm Mərkəzinin nümayəndələri Vahid Qazi və Kəmalə Məmmədova Ukraynada keçirilən təkrar səsverməni izləmək məqsədi ilə həmin ölkədə olub. Vahid Qazi Ukraynadakı seçkiləri həm noyabrın 21-də keçirilən ikinci turunu, həm də dekabrın 26-da keçirilən ikinci turun təkrar səs verməsi prosesini izləyib. ENEMO beynəlxalq qurumunun missiyasının tərkibində iştirak edən V.Qazi ilk dəfə Donetskdə, ikinci dəfə isə Kiyevdə seçkilərin gedişini izləyib.
Noyabrın 21-dəki təkrar səsvermədə total saxtalaşdırmalar müşahidə olunub. Seçkilər zamanı 22 növ seçki saxtakarlığı aşkarlanıb. Ümumi qanun pozuntusu isə 100-dən artıq olub. Seçkidən əvvəl namizədlər üçün təşviqat-təbliğat kampaniyasının aparılmasına da eyni şərait yaradılmayıb.
Bundan fərqli olaraq, dekabrın 26-da keçirilən ikinci turun təkrar səsvermə prosesində cüzi texniki çatışmamazlıqlar istisna olmaqla, başqa ciddi qanun pozuntusu qeydə alınmayıb. Bundan başqa, ikinci turun təkrar səsverməsində əhalinin iştirak faizi də xeyli çoxalıb.

Qırğızıstanda parlament və prezident seçkiləri
İNAM Plüralizm Mərkəzinin direktoru Vahid Qazi fevralın 27-də Qırğızıstan Respublikasında keçirilən parlament seçkisinin gedişini izləmək üçün Bişkekdə olub. Müşahidə missiyası Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin xətti ilə həyata keçirilib.
Əksər postsovet ölkələrində olduğu kimi, Qırğızstanda da seçkinin bütün mərhələlərində saxtakarlıqlar müşahidə olunub.
Seçkiöncəsi saxtakarlıqlar daha qabarıq xarakter alıb. Seçki qanunları hakimiyyətin maraqlarına uyğunlaşdırılan, seçici siyahıları ətrafında müxtəlif fırıldaqlıqlar edilib. Kampaniya dövründə də kifayət qədər qanunsuzluqlar baş verib. Müxalifətdən olan namizədlərə təbliğat- təşviqat zamanı lazımi şərait yaradılmayıb, seçkiyə qatılmış bir çox nüfuzlu müstəqil namizədlər və müxalif nümayəndələrin namizədliyi ləğv edilib. Əvəzində ölkə prezidntinin namizədliyini irəli sürmüş övladları, ən yaxın qohum və silahdaşlarına maksimum imkan yaradılıb. Seçki günü isə hakimiyyət «karusel» üsulundan geniş yararlanıb.
Seçkiqabağı ölkədə müstəqil informasiya yayımı da çətinləşib. Ölkənin yeganə obyektiv informasiya mənbəyi olan «Azadlıq» radiosunun yerli bürosu bağlanıb, «Freedom House» təşkilatının dəstəyi ilə qurulmuş və müxalifət mətbuatının çap olunduğu mətbəənin işığı söndürülüb.
Bütün bunlara baxmayaraq, seçici fəallığının yüksək olması və vətəndaşların aktivliyi hakimiyyəti seçkiləri total saxtalaşdırmadan çəkindirib. Belə ki, birinci turda 75 yerə cəmi 31 nəfər seçilib. Prezidentin qızı Bermet Akayeva və bəzi yaxınları ilk turda qələbə qazana bilməyiblər.
Seçkidən sonra müşahidə missiyası seçkinin ümumi nəticələri ilə bağlı yekun rəylərini əks etdirən məlumat hazırlayıb və yayıb.
İyulun 10-da keçirilən prezident seçkilərində isə V.Qazi Oş vilayətinin Uzgen rayonunda seçkiləri müşahidə edib.

15 oktyabr 2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilib. İnam Plüralizm Mərkəzi seçki ilə bağlı bir neçə birgə layihə həyata keçirib.
BEYNƏLXALQ MÜŞAHİDƏNİN TƏŞKİLİ
15 oktyabr 2003-cü il prezident seçkilərində beynəlxalq müşahidəni etmək məqsədilə Şərqi Avropada Demokratiya İnstitutu (IDEE) və onun Azərbaycan üzrə partnyoru İnam Plüralizm Mərkəzinin təşkilatçılığı ilə ATƏT-in Monitorinq Missiyası seçki ərəfəsində və seçki günü Azərbaycanda olub.
Öz miqyasına görə bu, Mərkəzi və Şərqi Avropadan, o cümlədən keçmiş Sovet İttifaqının bəzi ölkələrindən olan seçki monitorinqi üzrə böyük təcrübəyə malik müşahidəçilərdən təşkil olunmuş ilk və müstəqil Monitorinq Missiyası idi. Missiyanın tərkibinə Belorus, Estoniya, Ukrayna, Gürcüstan, Kosovo, Çernoqoriya, Polşa, Çexiya Respublikası, Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Xorvatiya, Türkiyə, Sloveniya, Makedoniya və ABŞ-dan gələn 188 müşahidəçi daxil idi. Onların arasında indiki və keçmiş dövlət rəsmiləri, seçki komissiyalarının üzvləri, seçki monitorinqi təşkilatlarının rəhbərləri, seçki hüququ üzrə mütəxəssislər, keçmiş parlament üzvləri və demokratiya fəalları vardı.
 |
"İnam" PM/İDEE çox qısa müddət ərzində ABŞ-ın Bakıdakı səfirliyinin hazırladığı 206 nəfərin adı salınmış siyahı əsasında bütün müşahidəçilərin sənədlərini hazırlamış və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirmək üçün ATƏT-in Bakı ofisinə təqdim etmişdir. Eyni zamanda "İnam" bütün imkanlarını səfərbər edərək, cəmi 4 gün müddətinə beynəlxalq müşahidəçilər üçün 154 nəfər rus, ingilis, çex, polyak və serb dili tərcüməçilərini yoxlamadan keçirərək, onların sənədlərini toplamış və MSK-da qeydiyyatdan keçmək üçün ATƏT-in Bakı ofisinə vermişdir.
Beynəlxalq müşahidəçilərin ölkə üzrə 124 seçki dairəsində təmsil olunması üçün İnam PM 14 regional əlaqələndirici qrupu yaratmışdı. Bu qruplar beynəlxalq müşahidəçilərin bütün seçki dairələri üzrə fəaliyyətinə yardım etmişlər (müşahidəçi və tərcüməçilərin bölgələrə aparılması, yerləşdirilməsi, məntəqə və dairələrə çatdırılması və s. ). Həmin günlərdə "İnam"ın 45 nəfərlik işçi heyətinin 19-u Bakı şəhərində, 12 nəfəri "İnam"ın qərargahında, 14 nəfəri isə ölkənin regionlarında işləyirdi.
Müşahidəçilər oktyabrın 14-də ATƏT-in 5-6 saatlıq qısa təlimatları ilə tanış olduqdan dərhal sonra regionlara yola düşdülər. Beləliklə seçki günü ölkə üzrə 124 seçki dairəsinin hamısında müşahidəçilərin iştirakı təmin olunmuşdu. 188 müşahidəçi təxminən 1000-dək seçki məntəqəsində müşahidə aparmağa müvəffəq olmuşdur, bu isə bütövlükdə ölkə üzrə yaradılmış 5.200 seçki məntəqəsinin beşdə bir hissəsidir.
Əksər müşahidəçilər telefon vasitəsilə seçki günü seçkilərin gedişi barəsində İDEE/İNAM-ıın qərargahını məlutmatlandırmaq imkanında idilər. Artıq günün ortalarına doğru müşahidəçilərin seçki məntəqələrində baş verən kütləvi saxtalaşdırmalar barədə məlumtaları alınmağa başlandı. Məlumatlarda seçki məntəqələrinin daxilində və ətrafında polis və hərbiçilərin yerləşdirilməsi, müxalifətdən olan müşahidəçilərin və yerli seçki komissiyaları nümayəndələrinin hədələnməsi, seçiciləri seçki qutularına qədər qanunsuz muşayiət edən video operatorlardan, seçicilərin siyahıda adlarının olmaması və s. kimi hüquq pozuntularından xəbər verilirdi. Məlumatlarda bildirilirdi ki, səslərin hesablanması və səsvermə protokollarıının hazırlanması zamanı ciddi qanun pozuntularına yol verilmiş, müxalifətdən olan namizədlərin xeyrinə olan bülletenlərin çoxu sayılmamış, saxta protokollardan istifadə edilmişdi. Qanunsuz protokolları imzalamaqdan imtina edən seski komissiyasının üzvləri qorxudularaq protokollara imza atmağa məcbur edilmişlər.
Seçkidən sonra regionlardan qayıdan müşahidəçilər yığışaraq, nəticələri müzakirə etmişlər. Monitorinq missiyası seçkiyə münasibətini Xüsusi Rəylə bildirib.
"ELEKTORATIN PREZİDENT SEÇKİLƏRİNƏ CƏLB EDİLMƏSİ"
Bu kampaniya "İnam" və daha 5 yerli QHT-nin təsis etdiyi "SOS 03" Seçki Liqası tərəfindən aparılıb. Kampaniya proqramına bölgələrdə seçici klublarının yaradılması, regional forumların və avtorallilərin keçirilməsi və seçkilərin müşahidəsinə dair beynəlxalq konfransın təşkili daxil idi.
İyun ayında "Prezident seçkisində yerli və beynəlxalq müşahidənin effektli təşkili" mövzusunda beynəlxalq konfrans keçirildi. Mütəxəsislər bu konfransı yerli QHT-lərin seçki ilə bağlı ən uğurlu tədbirlərindən biri hesab edirlər. Tədbir seçkilərin təşkili və keçirilməsi prosesində iştirak edən tərəflər: hökumət təmsilçiləri, beynəlxalq təşkilat, diplomatik korpus və müxalifət partiyaları nümayəndələrinin ciddi diskussiyası şəraitində keçdi. Xarici ölkələrdən gəlmiş seçki texnoloqları, yerli siyasi və ictimai təşkilatların nümayəndələrinin çıxışlarında postkommunist, xüsusilə də Qafqaz ölkələrində keçirilən seçkilərdə beynəlxalq müşahidənin təşkili ciddi tənqid olundu. Müzakirələrdə demokratiya sahəsində problemi olan ölkələrdə keçirilən seçkilərdə yerli və beynəlxalq müşahidənin istənilən effekt verməməsi ciddi problem kimi qoyuldu. Həmçinin seçki monitorinqinin təşkili ilə bağlı siyasi partiyalar, yerli QHT-lər və beynəlxalq təşkilatların fəaliyyətlərini koordinasiya edə bilməsi yolları araşdırıldı, bu istiqamətdə rəylər, təkliflər dinlənildi. Sonda konfransın aparıcısı Vahid Qazi iştirakçıları konfransın memorandumu ilə tanış etdi. Müzakirələrdən sonra Memorandum qəbul olundu.
 |
Sonrakı aylarda bölgələrdə "Seçicilərin mobilizasiyası və ərazi seçki klubları" mövzusunda forumlar keçirildi. İmişli, Zaqatala, Xaçmaz, Masallı, Naxçıvan, Gəncə, Qazax, Yevlax bölgələrində keçirilən regional forumlarda qeyri-hökumət təşkilatları, siyasi partiyaların nümayəndələri və yerli fəallar iştirak edirdi. Forumlarda seçkilərdə mobilizasiya problemi, Seçki Məcəlləsindəki məhdudiyyətlərdən və seçki ilə bağlı digər problemlərdən söhbət açıldı, onların həlli yolları göstərildi. Bu forumlarda ölkənin 40-dan artıq rayonunun təmsilçiləri iştirak edirdi. Bütün forumlar bölgələr üzrə Seçici Klublarının yaradılması ilə başa çatıb. Seçici Klubları bölgələrdə elektoratın seçkilərə səfərbər edilməsini, bu məqsədlə hazırlanan təşviqat materiallarının yayılmasını, seçicilərin mobilizasiyası, seçki hüquqlarının müdafiəsi üçün “Qaynar xətt”in təşkili işini həyata keçirdi.
Liqa tərəfindən 60.000-dən artıq tirajla hazırlanmış təşviqat materialları, informasiya bülletenləri, 30.000 abonenti əhatə edən e-mail mesajları əhalinin seçki aktivliyinin artırılmasında ciddi rol oynayıb.
"ÖZÜN SƏS VER, ÖZÜN SEÇ" KAMPANİYASI
"İnam" Plüralizm Mərkəzi avqust-oktyabr aylarında "Qarabağ Evi" təşkilatı ilə birgə qaçqın düşərgələrində "Özün səs ver, özün seç" adlı seçki kampaniyası həyata keçirib. Kampaniya 5 qaçqın düşərgəsini əhatə edib.
Kampaniyanın məqsədi seçki fəallığının zəif olduğu qaçqın düşərgələrində əhalini seçkilərdə iştiraka həvəsləndirmək idi. İlk olaraq hər qaçqın düşərgəsində yerli sakinlər arasından seçilmiş 30 fəal üçün seminar/məşğələ keçirilib. Bu məşğələlərdə iştirakçılar özlərini təşviqatçı kimi sınayıblar. Tədbirin sonunda təşviqatçı qruplar yaradılıb. Qrup üzvləri seçki kampaniyası dövründə qaçqınlar arasında təşviqat işi aparmaq, onlara təqdim olunan təşviqat və təblğat materiallarını ev-ev yaymaq, plakatları yapışdırmaq, bannerləri quraşdırmaq, layihə üzrə nəzərdə tutulan konsert proqramını təşkil etmək üçün təlimatlandırılıblar.
 |
Bütün kampaniya dövründə üzərinə "Özün səs ver, özün seç" sözləri yazılmış köynəklər geyən təşviqatçılar düşərgələrin mərkəzi yerlərində kampaniyanın devizi yazılmış böyük bannerləri quraşdırmış, plakatları yapışdırmış, təqvimləri və digər təşviqat materiallarını evlərə paylamış, "İnam"ın, həmçinin başqa yerli və beynəlxalq QHT-lərin çap məhsullarını yaymışlar, əhalini seçkilərə səfərbər etmək üçün düşərgə ərazisində yerləşən məktəblərdə, çayxanalarda, əhalinin daha çox cəmləşdiyi yerlərdə görüşlər keçirmiş, söhbətlər aparmışlar.
Oktyabrın əvvəllərində qaçqın düşərgələrində açıq havada "Özün səs ver, özün seç" devizi altında konsert proqramı keçirilib. Düşərgə sakinlərinin əksəriyyətinin iştirak etdiyi şou/konsert proqramlarında vətəndaşlar bir daha seçkilərdə iştiraka çağırılmış və təşviqat materialları paylanmışdır.
 |
 |
Aparılan uğurlu kampaniya qaçqın düşərgələrində seçki mühiti yaratmağa şərait yaradıb. Adamların hər gün seçkilərə səsləyən tərəfsiz şüarlar yazılmış plakatlarla qarşılaşması, təşviqat işinin kənar adamlar deyil, düşərgənin öz sakinləri tərəfindən aparılması, istər çap materiallarında, istərsə də şifahi danışıqlar və konsert proqramlarında prezidentliyə namizədlərdən hansısa birinə səs verməyə çağırışların olmaması kampaniyanın obyektivliyinə tam əminlik yaradıb ki, bu da yerli sakinlərin kampaniyanın işində iştirakına stimul verib. Yerli radio qovşaqları vasitəsilə əhalinin seçkilərlə bağlı tədbirlərə dəvət olunması kampaniyanın kütləviliyini daha da artırıb. Yerli koordinatorlar, yerli müşahidəçilər, məntəqə və dairə üzvləri bu duşərgələrdə qaçqınların seçki fəallığının başqa oxşar yerlərlə müqayisədə xeyli yüksək olduğunu qeyd ediblər.
"Özün səs ver, özün seç" kampaniyası ümumilikdə 5 mindən artıq vətəndaşı əhatə edib.
|